Aprel qəhrəmanları
gənclər üçün örnəkdir
Gənclərin Vətənə
məhəbbət, înun ərazi bütövlüyünə
hörmət ruhundà tərbiyə olunması vacib amillərdən
hesab olunur. Elə bu səbədən Müdafiə Nazirliyi və
Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə uzunömürlülər diyarı Lerikdə aprel
döyüşlərinin iştirakçıları olan bir
qrup hərbi qulluqçu ilə rayon ictimaiyyətinin
görüşü olub. Gəncə Qarnizonu Zabitlər Evinin
"Vətən uğrunda" səyyar təşviqat
maşını vasitəsilə səsləndirilən hərbi-vətənpərvərlik
mahnı və marşlarının sədaları altında
Heydər Əliyev Meydanına daxil olan qalib
döyüşçüləri rayon rəhbərliyi hərarətlə
qarşılayıb, milli geyimli qızlar və oğlanlar
onlara qəhrəmanlıq rəmzi olan dəfnə
yarpaqlarından hörülmüş çələnglər,
gül-çiçəklər təqdim ediblər. Od-alovdan
çıxmış barıt qoxulu igidlər
xalqımızın ümummilli lideri Heydər Əliyevə
bir daha hörmət və ehtiramlarını bildirərək
Ulu Öndərin abidəsini ziyarət edib,
qarşısına gül dəstələri qoyublar.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani hərbi
qulluqçuları tədbir iştirakçılarına təqdim
edib, onların aprel döyüşlərində göstərdikləri
şəxsi rəşadət və şücaətlərdən
söhbət açıb.
Böyük qələbəlik Vətən əsgərlərini hərarətlə alqışlayıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqları salamlayaraq, hər bir leriklinin bu görüşdən qürur duyduğunu bildirib. O deyib ki, aprel döyüşlərində Azərbaycan əsgərinin qələbəsi bütün xalqımız kimi, leriklilərin də böyük sevincinə səbəb olub. Cəbhədən gələn hər qələbə sorağı onları da ruhlandırıb. Həmin günlər bütün rayon əhalisi ayaq üstə idi və Ali Baş Komandanın əmrini gözləyirdi. İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel döyüşləri barədə dediyi fikirləri xatırladaraq vurğulayıb ki, həqiqətən həmin döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.Qeyd olunub ki, Qarabağ məsafə etibarı ilə Lerikdən çox uzaqdadır. Lakin, Qarabağda atılan hər güllənin səsi hər bir leriklinin də evində, qəlbində eşidilir. Çünki Heydər Əliyev ideyalarına, Vətəninə, xalqına, dövlətinə, öz Prezidentinə həmişə sadiq olan uzunömürlülər diyarının sakinləri də müstəqil dövlətimizin qayğıları ilə yaşayır və Qarabağ probleminin tezliklə həllini səbirsizliklə gözləyirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda təkcə Lerik rayonu 140-a yaxın şəhid verib. Onlardan Valeh Müslümov, Fərhad Ağayev, Fəxrəddin Şahbazov, Əsgər Əliyev və Rövşən Abdullayev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Diqqətə çatdırılıb ki, aprel döyüşlərinin igidləri sıralarında bu diyardan pərvazlanan oğullar da yetərincədir. Hazırda Silahlı Qüvvələrdə yüzlərlə lerikli gənc Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir. Polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin şəhid ailələrinə, müharibə əlil və iştirakçılarına daim diqqət, qayğı göstərdiyini və bu işin bu gün də prioritet olduğunu bildirib. Aprel döyüşləri iştirakçılarından polkovnik-leytenantlar Elşən Qarayev, Eldəniz Sadıqov, Vüqar Mirzəliyev, kapitan Hikmət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından Rövşən Rəhimov, Vüqar Abbasov, Emin Qasımlı və başqaları cəbhə xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər. Sonra qazilərin övladları şeirlər söyləyib, ailə üzvləri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər. Tədbir iştirakçıları adından çıxış edən Bəhruz İbrahimov bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında, hərbi peşələrə həvəsləndirilməsində və döyüşən oğullarımızın qəhrəmanlıq nümunələri əsasında yetişməsində mühüm önəm daşıdığını qeyd edib. Mərasimdə Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib, aprel döyüşü qəhrəmanlarına hədiyyələr verilib, səyyar laboratoriyada təcili çap olunan fotolar tədbir iştirakçılarında maraq oyadıb.Tədbirin sonunda Lerikin istirahət mərkəzlərindən birində aprel döyüşlərinin iştirakçıları və onların ailə üzvlərinə ziyafət verilib.
Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyəsi, onların milli-mənəvi şüurunun inkişafı ölkə cəmiyyətinin diqqət mərkəzindədir. Müvafiq dövlət və qeyri-dövlət qurumları bu istiqamətdə mütəmadi olaraq fəaliyyətlərini davam etdirirlər. Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı - Multikulturalizm ili üçün birgə tədbirlər planına əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi baş tutub. Tədbirlərdə Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak ediblər. Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir ki, ölkəmiz artıq dünyada tolerantlığı dəstəkləyən dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib. Möhtərəm Prezidentimizin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunması barədə sərəncamı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Həqiqətən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanınır. Silahlı Qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxışında nəzərə çatdırıb ki, bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Dövlət başçımızın da dəfərlərlə qeyd etdiyi kimi tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Müxtəlif tarixi dövrlərdə, elə indinin özündə də ölkəmizin ərazisində məskunlaşmış dini, etnik qruplar burada heç vaxt özlərini yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri yaradıblar. Azərbaycanda yaşayan bütün xalqların sevinci də, kədəri də birdir. Ötən əsrin əvvəllərindən başlayaraq vətənimizdə yaşayan türklər, ləzgilər, tatlar, yəhudilər, talışlar, kürdlər, ruslar və digər xalqların nümayəndləri erməni daşnaklarına qarşı mübarizədə azərbaycanlılarla bir səngərdə vuruşublar. Quba rayonundakı Qanlı dərə bu dostluğun, bu qardaşlığın bariz nümunəsidir. Daşnak qulduru Amazaspın qoşunlarına qarşı bu dərədə gedən qanlı vuruşlarda neçə-neçə xalqın qanı bir-birinə qarışıb. Onların törəmələri bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də bir bayraq altında, bir amal uğrunda birləşiblər. Çünki müstəqil Azərbaycan bu torpaqda yaşayan bütün xalqların Vətənidir və bu torpağı qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Polkovnik-leytenant Rasim Manafov şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən yəhudi Albert Aqarunovun, rus İqor Makeyevin, ahısqa türkü İsgəndər Aznaurovun, belarus Anatoli Davidoviçin, ləzgi Fəxrəddin Musayevin və bir çox xalqların nümayəndələrinin Qarabağ döyüşlərində göstərdikləri rəşadət və şücaət nümunələrindən danışaraq vurğulayıb ki, bu gün Silahlı Qüvvələrimizdə onların yüzlərlə, minlərlə davamçıları vardır. Məhz bu dostluq, bu qardaşlıq, bu birlik aprel döyüşlərində də bir daha öz təsdiqini tapıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan şəhərləri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov bu tədbirlərin xüsusilə ordu gənclərinin həyatında müstəsna rol oynayacağını qeyd edərək bildiriblər ki, bu kimi tədbirlər şəxsi heyətin həm döyüş ruhunun, həm vətənpərvərlik hissinin, həm də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir. Bakı şəhərindəki Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı, daha peşəkar olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib. Hacı Şahinin bəzi gənclərin aldadılaraq guya müsəlman qardaşlara kömək etmək adı ilə cihadı, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etirazı və "Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!" deməsi şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb. Bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri", "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu", "Müstəqil Azərbaycan Respublikası mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlığın ünvanıdır", "İslamda şəhidlik anlayışı", "İntihar insanın Yaradana qarşı üsyanıdır", "Din və Vətən müdafiəçilərinin əxlaq kodeksi" və s. mövzularda seminar, dəyirmi masa, disputlar, din xadimləri ilə görüşlər, söhbətlər təşkil olunub. Hərbi qullquçulardan rus Yuri Kurşinov, avar Oktay Hacıyev, ləzgi Sənan Allahverdiyev, tat Natiq Heybətov, talış Hamlet Nizamzadə və yəhudi Emin Razilov çıxış edərək Azərbaycanın vətəndaşı olduqlarından və bu diyarın müdafiəsində dayandıqlarından fəxrlə danışıblar. Onlar qonaqları əmin ediblər ki, bundan sonra da mehriban dostluq, qardaşlıq şəraitində vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən hazırlanmış "İşğal altındakı tarixi-dini abidələrimiz", "Azərbaycanda tolerantlıq ənənələri", "Tolerantlıq - bildiklərimiz və bilmədiklərimiz", "İslamda vətən və dövlət sevgisi", "Şəhid - şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır" adlı kitabların təqdimatı şəxsi heyətin böyük marağına səbəb olub və Dövlət Komitəsi tərəfindən əsgər kitabxanalarına kitab dəstləri hədiyyə edilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 6 sentyabr.- S.15.