Azərbaycan turizmində

yeni mərhələnin başlanğıcı

 

Ruslan Quliyev: "Bu gün Azərbaycan maraqlı turizm məkanına çevrilib"

 

"Ən böyük üstünlüklərimizdən biri odur ki, Azərbaycan sabit, stabil ölkə imicini, brendini qazanmış dövlət kimi tanınır"

 

Ötən ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün neft ixrac edən ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Bu mənfi tendensiya ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini qaçılmaz etdi.

Düzdür, buna qədər də Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayırdı. Lakin məlum hadisələr bu sahəyə olan diqqəti, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımları birə-beş artırdı. Məlumdur ki, qeyri-neft sektorunda mühüm istiqamətlərdən birini də turizm sənayesi tutur. Etiraf etmək lazımdır ki, son illərdə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda turizmin inkişafına öz müsbət təsirini göstərib. Eyni zamanda bu sahənin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial var ki, həmin potensialdan da istifadə etmək zərurəti yaranıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə imzalamış olduğu Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı mövcud imkanlardan səmərəli yararlanmaqla turizmi daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Elə turizm sahəsində çalışan mütəxəssislər, ekspertlər də bu qənaətdədirlər. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Milli Qeyri Hökumət Təşkilatları Forumunun Turizm İnkişaf Mərkəzinin direktoru Ruslan Quliyev də hesab edir ki, dövlət başçısının məlum sərəncamları turizm sektorunda yeni bir mərhələnin əsasını qoyacaq. Assosiasiya sədri "OLAYLAR"-a verdiyi müsahibədə sərəncamdan irəli gələrək görüləcək işlər, qarşıda duran vəzifələr barədə də danışıb.

-Ruslan müəllim, bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının imzalamış olduğu sərəncam ölkədə turizmin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcəkmi?

-Məlum olduğu kimi sentyabrın 1-də ölkə başçısı tərəfindən turizmin inkişafına xidmət edən bir neçə sərəncam imzalandı. Prezidentin imzalamış olduğu sərəncam turizm sənayesi işçiləri üçün xoş bir xəbər oldu. Həmin sərəncamlarda bir sıra məsələlər, eləcə də turizm işçilərinin peşə bayramının təsis edilməsi əksini tapırdı. Fürsətdən istifadə edərək ölkə başçısına bununla bağlı təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu öz-özlüyündə turizm sahəsində çalışanlara olan diqqətin bariz nümunəsidir. Məlumat üçün qeyd edim ki, 27 sentyabr tarixi Ümumdünya Turizm Günü kimi qeyd olunur. Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafına son illərdə xüsusi diqqət ayrılır. 2011-ci ildə "Turizm İli"nin elan olunması bunun bariz nümunəsi sayıla bilər. Bundan başqa ölkədə beynəlxalq əhəmiyyətli idman, musiqi yarışları, konfrans və forumlar keçirilib ki, bütün bunlar da Azərbaycanın turizm potensialının dünya çapında tanıdılmasına xidmət edib. Bu sahədə qəbul edilən sənədlər, imzalanan fərman və sərəncamlar, qanunvericlik bazasının təkmilləşdirilməsi də heç şübhəsiz ki, turizm sənayesinin inkişafına öz müsbət töhfəsini verir. Qarşıdakı müddətdə isə "Turizm haqqında" yeni qanunun qəbulu gözlənilir. Çünki 1999-cu ildə qəbul edilmiş qanun müasir tələblərə, şərtlərə cavab vermir və deklorativ xarakter daşıyır. Biz ümid edirik ki, yaxın müddətdə Milli Məclisdə sözügedən qanun qəbul olunacaq. Həmin qanunun hazırlanması prosesində turizm sənayesinin mütəxəssislərinin, ekspertlərin, turizmçilərin də mövqeləri, təklifləri nəzərə alınıb. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə də vətəndaş cəmiyyətinin nümayəndələri, turizmçilər, bu sahənin mütəxəssisləri, mehmanxana sahibləri və digər ekspertlərin rəyləri nəzərə alındı. Müxtəlif konfederasiyalar, assosiasiyalar, ekspertlər tərəfindən hökumətə təqdim edilən təkliflərin 60-70 faizi həmin sənəddə əksini tapdı.

-Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda Azərbaycanda qeyri-neft sektoru olaraq turizmin inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?

-Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, baş verən devalvasiya prosesi Azərbaycanı yeni bir turizm destinasiyası kimi cazibədar bir ölkə, bazar halına gətirib. Hesab edirəm ki, dövlət başçısının imzalamış olduğu son sərəncamlar isə Azərbaycanın turizmində yeni bir mərhələnin başlanğıcı olacaq. Məlumat üçün qeyd edim ki, bu gün Azərbaycanda mehmanxana və ona bərabər tutulan obyektlərin sayı 550-ə yə yaxındır. Həmçinin həmin obyektlərdəki yataq sayı 35 minə qədərdi. Təbii ki, bu kütləvi turizm və müxtəlif ölkələrdən çoxlu sayda turist cəlb etmək üçün çətindir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, son illərdə bu sahədə atılan addımlar ölkəyə gələn turistlərin sayında artıma səbəb olub. Məsələn, 2012-ci ildən etibarən mərhələli şəkildə viza sadələşdirilməsinin tətbiqi, hətta hava limanlarında müxtəlif ölkələr üçün bu prosesin sadələşdirilməsi qısa zamanda ölkəyə gələn turistlərin sayında artıma səbəb olub. Həmçinin aviadaşımalar sahəsində liberal, pozitiv addımların atılması bu gün Azərbaycanı maraqlı turizm məkanına çevirib. Ən böyük üstünlüklərimizdən biri odur ki, Azərbaycan sabit, stabil ölkə imicini, brendini qazanmış dövlət kimi tanınır. Hər kəsə bəllidir ki, mötəbər beynəlxalq tədbirlər, Avropa Oyunları, Formula-1 yarışları və s. bu kimi tədbirlər bir qayda olaraq siyasi cəhətdən sabit ölkələrdə keçirilir. İstər həmin tədbirlərdə iştirak edən, istərsə də onu televiziya kanallarından izləyən insanlarda da istər-istəməz Azərbaycan barədə maraq yaranır və onlar da ölkəmizə gələrək bizim turizm potensialımızla yaxından tanış olmağa çalışırlar.

-Prezidentin imzalamış olduğu sərəncamda Turizm Şurasının yaradılması da nəzərdə tutulur. Turizm Şurası əsasən hansı istiqamətlərdə fəaliyyət göstərəcək?

-Əlbəttə, ölkə başçısının imzaladığı sərəncamda Turizm Şurasının yaradılması da nəzərdə tutulur. Bu çox maraqlı və əhəmiyyətli bir addımdır. Turizmin inkişafında maraqlı olan bütün tərəflər burada birləşməlidir. Yəni dövlətin bütün müvafiq qurumlar birgə çalışmalıdır. Bu sırada müxtəlif şoppinq festivallarının keçirilməsi, vergi və gömrük rüsumlarının sadələşdirilməsi. reyestirin yaradılması və s. addımlar yer alır. Ümumiyyətlə, turizm sahəsi profissianalizm tələb edən bir sahədir və burada keyfiyyətli xidmət ön plandadır. Həmçinin burada kadr hazırlığı məsələsi də önəmlidir və əgər söhbət ölkənin tanıdılması, təbliğ olunmasından gedirsə, qətiyyən özfəaliyyətlə məşğul olmaq olmaz. Qarşıdakı müddətdə monitorinq aparmaq imkanları, düzgün və ya yalnış fəaliyyət göstərən şirkətlərin aşkarlanması, statistikanın aparılması imkanı yaranacaq ki, nəticə etibarilə Azərbaycanda daha keyfiyyətli xidməti ön plana çıxaraq. Bu baxımdan güman edirəm ki, bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul edilən qanunlar bir-biri ilə paralellik təşkil edir. Turizm sənayesində çalışan kadrların yetişdirilməsi də bu gün əsas vəzifələrdən biridir və bu istiqamətdə Azərbaycan Turizm və Menecment Universitetinin uğurlu fəaliyyəti göz önündədir. Ancaq onu da vurğulamaq lazımdır ki, turizm müəssisələrinin, mehmanxa və otellərin sayı artdıqca kadr sayı baxımından da kasadçılıq hiss edilir. Hesab edirəm ki, turizm zonasına daxil olan rayonlarda, bölgələrdə bu sahəyə aid olan kollec və ya peşə məktəblərinin açılması da kadr potensialının qarşılanmasına müsbət təsir göstərər.

-Turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı sərəncam xarici investorların Azərbaycanın turizm sənayesinə sərmayə yatırması üçün stimul yaradacaqmı?

-Turizmin unikallığı ondan ibarətdir ki, bu sahə sərhəd tanımayan bir fəaliyyət növüdür. Yəni, bu gün istər mədəni, istərsə də turizm əlaqələri baxımından müxtəlif ölkələrdən bir-birinə səfərlərin təşkil olunması ilə bağlı çox maraqlı layihələr həyata keçirilir. Məsələyə bu konteksdən baxanda görürük ki, iki ölkə arasında qarşılıqlı turizm səfərlərinin artması iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırma imkanlarını genişləndirir. Bu baxımdan xarici investorlar üçün bir sıra güzəştlərin tətbiq olunması vacib məsələdir. Hesab edirəm ki, xarici investorları da cəlb etməklə regionlarda minimum 200 yataqlı ekonom brend tipli mehmanxanaların açılması da qarşıdakı hədəflərdən biridir.

-Prezidentin imzalamış olduğu sərəncamda Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlanması da başlıca vəzifə kimi qarşıya qoyulur. Belə zonaların gələcəkdə digər turizm bölgələri üzrə də yaradılması nəzərdə tutulurmu?

-Bu uzun illər müzakirə edilən məsələ idi. Ekspert kimi hesab edirəm ki, Yalamadan üzü Xızı, Siyəzən istiqamətinə doğru olan ərazi Xəzər dənizinin ən bakirə sahillərindən biridir. Həm Bakıya yaxınlıq məsələsi, həm də qeyd edilən məqama əsasən Xızı-Xaçmaz, Quba və Qusar rekreasiya zonalarının yaradılması qərarlaşdırılıb. Bu mərhələli bir prosesdir. Ümid edirəm ki, növbəti sərəncamlarda da digər turizm və rekreasiya zonalarının yaradılması, inkişaf planının hazırlanması əksini tapacaq. Növbəti illərdə biz bunun şahidi olacağıq.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2016.- 7 sentyabr.- S.10.