Gənclər arasında vətənpərvərlik
ruhunun aşılanması...
Bu məsələdə QHT-lər
öndə gedir
Gənclər
arasında vətənpərvərlik hissinin
yüksəldilməsi vətəndaş cəmiyyətlərinin
də bir saylı vəzifəsinə çevrilib. Artıq xeyli
sayda Qeyri-Hökumət Təşkilatı
gənclərin hərbi döyüş ruhunun artırılması, onlar
arasında vətənpərvərlik hissinin
aşılanması ilə bağlı layihələr həyata
keçirirlər. Elə bu məqsədlə
Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatı
tərəfindən "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını
tanıyaq və tanıdaq!" layihəsi çərçivəsində
seminar-müşavirə keçirilib.
Şəki şəhərindəki M.F. Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəki və Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon veteran təşkilatlarının sədrləri, fəal gənclər, veteranlar, müvafiq dövlət orqanları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Seminar-müşavirəni Respublika Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov açıb, layihə barədə məlumat verib: "Respublika Veteranlar Təşkilatı veteran hərəkatında, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu layihə Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli qəhrəmanları adına layiq görülən, eyni zamanda, 2016-cı ilin aprelində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" layihəsi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda vətənpərvərlik, xalqına, dövlətinə sədaqət, tarixinə hörmət ruhunun gücləndirilməsi məqsədi daşıyır". Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsində məqsəd ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında geniş bilgilər vermək, onları ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi barədə məlumatlandırmaqdan ibarətdir. Mərasimdə "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir", "Qəhrəmanlar unudulmur!", "Xalqı qəhrəmanlar ucaldır", "Şəki qəhrəmanlar diyarıdır" mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan film nümayiş etdirilib. QHT-lər tərəfindən gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində tədbirlər regionlarda da davam etdirilir. Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlər, layihələr həyata keçirib. Bu günlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. "Şəhidimi unutmadım, unutmaram" adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir. İlk olaraq ASGA rəhbərliyi və üzvləri Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu hörmətlə yad ediblər. Daha sonra Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Şəhid Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət ediblər. Bu barədə ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib: "Hesab edirəm ki, hər bir vətəndaş dövləti, xalqı, milləti, şəhidi qarşısında olan borcunu dərk eləməlidir. ASGA İdarə Heyətinin fəxri üzvü Samir Əhmədovun və ASGA ATM-in rəhbəri Azər Verdiyevin bilavasitə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində biz şəhid övladlarının ən zəruri ehtiyaclarının ödənilməsi üçün proqramlar həyata keçirəcəyik". ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev artıq ilk şəhid ailəsi ilə görüşdüklərini, məktəb üçün zəruri olan hər bir ləvazimatla onları təmin etdiklərini deyib: "İlk olaraq biz əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət etdik. 3 övladı olan şəhidimizin ailəsi bizi böyük sevgi ilə qarşıladılar. Əslində onların mənəvi dayağa nə qədər ehtiyacı olduqlarını gördük. Biz hər zaman prezidentimizdən, icra başçılarından şəhidlərə qayğı tələb etməməliyik. Bu qayğı onsuzda var və olacaq. Biz vətəndaş olaraq öz börcumuzu yerinə yetirməyi bacarmalıyıq".
QHT-lər paralel olaraq əhaliyə maddi və psixoloji yardım göstərilməsini də vacib məısələlərdən hesab edirlər. Bu məqsədlə "Regional Gender Mərkəzi" İctimai Birliyi "Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımların göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Belə ki, İctimai Birlik Ağdam rayonunun Quzanlı qəsəbəsində təmas xəttinə yaxın ərazilərdən olan əhali üçün təlim keçirib. Təlimin məqsədi iştirakçılara layihə və nəzərdə tutulan tədbirlərlə bağlı məlumat verməkdən ibarət olub. Layihə rəhbəri Ş. Dadaşova təşkilatın fəaliyyəti və layihə haqqında ətraflı məlumat verib: "Layihə son zamanlar atəşkəsin ermənilər tərəfindən pozulduğu yerlərdə əhaliyə maddi, mənəvi, psixoloji və digər bu kimi yardımların göstərilməsindən bəhs edir. Bu ərazilərdə yaşayan əhaliyə bu yardımların göstərilməsi ən vacib məsələlərdən biridir. Ümidvarıq ki, dövlətin və vətəndaş cəmiyyətinin dəstəyi təmas xəttində yaşayan əhalinin böyük qələbəyə inamını artıracaq, insanlarda vətəpərvərlik ruhunu daha da yüksəldəcək". Layihənin psixoloqu Səadət Məmmədova xanımlara psixoloji dəstəkdən söhbət açıb, məsləhətlər verib. Daha sonra müzakirələr keçirilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.Tədbirin yekununda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və "Regional Gender Mərkəzi" İctimai Birliyinə təşəkkür bildirilib.
Qeyd edək ki, layihə 4 ay müddətində Ağdam və Tərtər rayonlarında həyata keçiriləcək.
Alim Hüseynli
Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyilə
ABUC-un həyata keçirdiyi
"Vətənpərvərlik hissinin
yüksəldilməsində QHT-lərin rolunun
artırılması" layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2016.- 7 sentyabr.- S.12.