Şəhid ailələrinin sosial problemlərinin həlli

 

Hərbçilərin ruh yüksəkliyini artırır

 

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Xüsusən də, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı həmin şəxslərin yeni mənzillərlə təminatında mühüm addımların atılmasına imkan yaradıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib. İndiyədək ƏƏSMN tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir. Eyni zamanda, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişlərə imkan verib. Bunun əməli təsdiqi kimi, 2014-2015-ci illərdə ƏƏSMN tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs "Naz-LİFAN" markalı avtomobillə təmin olunub ki, bu da indiyədək nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir. Beləliklə, 2014-cü ilədək növbədə olanların avtomobillə tam təminatı həyata keçirilməklə, hətta 2014-cü il ərzində növbəyə dayananların bir qisminə də avtomobil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günlərdə yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 11 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Mənzillərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Z.Babayev bu tədbirlər sırasında həmin insanların yeni mənzillərlə təminatının mühüm yer tutduğunu, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının bu istiqamətdə işlərin xeyli güclənməsinə şərait yaratdığını vurğulayıb: "Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir". Z.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, habelə pensiya və sosial müavinətlərlə də təmin edildiklərini, ötən dövrdə bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını vurğulayıb. O, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası, eləcə də xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm işlərin görüldüyünü bildirib. Tədbirdə iştirak edən əlil ictimai birliklərinin nümayəndələri sosial cəhətdən həssas qruplara aid şəxslərin təminatlarının gücləndirilməsinə yönələn dövlət siyasətindən razılıqla söz açıblar. Onlar Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial problemlərinin həlli, xüsusən yeni mənzillərlə təmin edilməsi işlərinin ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar. Qarabağ müharibəsi və şəhid ailələri onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmaları, sosial təminatlarının gücləndirilməsi məqsədilə görülən işlərə, yeni və rahat mənzillərlə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra yeni mənzillərdə yaradılmış şəraitə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. İstifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2 ədədi şəhid ailələrinə təqdim edilib.Yeri gəlmişkən xatırladaq ki, Qarabağ müharibəsi və şəhid ailələrinin sosial-məişət problemlərinin həlli prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təsadüfi deyil ki, dəvlət başçısı bəyan edib ki, bu siyasət Azərbaycanda uzun illərdir ki, aparılır. Qarabağ əlilləri, şəhid ailələri üçün həm Bakıda, həm müxtəlif bölgələrdə binalar tikilir. Bu proses çox geniş vüsət almışdır və ümid edirəm ki, növbəti bir neçə il ərzində bütün problemlər öz həllini tapacaqdır: "İndi biz templəri də artırmışıq, dövlət vəsaitinin həcmi də artıbdır və təsadüfi deyil ki, il ərzində ölkəmizin müxtəlif şəhərlərində belə gözəl binalar tikilir. Bu binalar həm rahatdır, genişdir, mənzillər də çox rahatdır, burada bütün infrastruktur qoşulubdur, su, qaz xətləri, elektrik enerjisi, eyni zamanda, bu binaların xarici görünüşü də gözəldir. Həm şəhər arxitekturasına uyğundur, həm də müasir üslubda tikilib. Bütövlükdə, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də böyük işlər görülür. Biz bu işləri ardıcıl şəkildə aparırıq. Bildiyiniz kimi, biz ilk növbədə müharibədən ən çox əziyyət çəkmiş insanların problemlərini həll etməyə başlamışdıq. 2007-ci ilin sonuna qədər demək olar ki, bütün çadır şəhərcikləri ləğv edilmişdir. Vaxtilə çadırlarda yaşamış insanları biz yaxşı fərdi evlərlə, mənzillərlə təmin edə bilmişik. İndiki mərhələdə yataqxanalarda, hərbi hissələrdə, məktəblərdə məskunlaşmış qaçqın bacı-qardaşlarımızın problemlərini də həll edirik. Bu proses davam edir və əminəm ki, bu məsələni də biz maksimum dərəcədə həll edəcəyik. Qeyd etdiyim kimi, Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün də ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində, yenə də deyirəm, növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək, eyni zamanda, minik maşınları da verilir. Əvvəlki dövrdə biz bu maşınları xaricdən gətirirdik. İndi bizim öz istehsalımız başlamışdır. Özü də bizim maşınlar xaricdə istehsal olunan maşınlardan geri qalmır. Naxçıvan avtomobil zavodunun məhsulları indi böyük şöhrətə malikdir, müxtəlif növ maşınlar istehsal olunur. Əlbəttə, biz istəyirik ki, yerli istehsaldan daha çox istifadə edək. Nəzərə alsaq ki, bu maşınların keyfiyyəti də o biri maşınlardan üstündür". Dövlət başçısı əlavə edib ki, sosial siyasətə gəldikdə, bütün sosial məsələlər öz həllini tapmalıdır. Əməkhaqları, pensiyalar artırılır, bu il də artırılmışdır. Doqquz yüz minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Yenə də artacaqdır. Minimum əməkhaqqı da, bütün sosial ödəmələr də artacaqdır. Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk: "Siz erməni işğalından əziyyət çəkmiş insanlarsınız, öz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Ona görə Azərbaycan dövləti sizə daim diqqət göstərməlidir, yardım etməlidir. Bax, bu bina Azərbaycan dövlətinin sizə verdiyi bir hədiyyədir, bu istiqamətdə atılan bir addımdır. Bu addımların sayı çoxdur, onlardan biri də bax, bu binada özünü göstərir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 8 sentyabr.- S.15.