QHT-lər gənclər arasında

vətənpərvərlik hissini aşılayır

 

Məlahət Xəlilova: "Əsgərlərimizə mənəvi dəstək verməli, onların ailələrinin qayğısına qalmalıyıq"

 

Sirr deyil ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin vətənpərvərlik hissinin artırılması, onların milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsil fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir.

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da hər zaman xüsusi diqqət yetirir, bu istiqamətdə müntəzəm olaraq layihələr reallaşdırır, tədbirlər təşkil edirlər. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən istiqamətlərə xüsusi diqqət yetirən QHT-lərin sayı ildən-ilə artır. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində uğurlu fəaliyyət göstərən QHT-lərdən biri də Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzidir. Sözügedən İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində ilk tədbirini keçirib.Tədbirdə QHT rəhbərləri, politoloq, media nümayəndələri və ictimai fəllar iştirak edib.Tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev layihə barədə qısa məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir. Ekspert, AMEA-nın Folklor İnstitutunun elmi əməkdaşı Elçin İmaməliyev isə çıxışında vurğulayıb ki, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur. Politoloq Mirsamir Məmmədov, NəzərMedia xəbər portalının rəhbəri Nəzərbəy Hacıağayev, Radio6-nın redaktoru Almaz Bədəlova, fəlsəfə doktoru, ilahiyyatçı Rəşad Məmmədov, İlhaiyyat üzre Fəlsəfə dokroru Əli Rzazadə, Bakı Dövlət Universitetinin elmi işçisi İradə Əlili, Avrasiya.net-in müxbiri Vüsalə Rüfət, Qlobal Dünya və Müasir Azərbaycan İctimai Birliyinin təsisçisi Səbinə Babalı, akademik Qüdrət İsaqov və başqaları mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Onlar ADİİM tərəfindən həyata keçirilən bu layihəni dəstəklədiklərini və daima diqqətdə saxlanılmasının vacibliyini qeyd ediblər. Mərkəzin sədri Cavid Şahverdiyev əlavə edib ki, gənclərin vətənpərvər ruhda tərbiyyəsi daim aktual olub və dövlət daim bu məsələyə xüsusi diqqət yetirib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ildə iki dəfə maliyyələşdirdiyi layihələr sırasında bu məsələyə xüsusi önəm verilir. Bütün zamanlarda gənclərimizin milli-mənəvi şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, tərbiyə alması vacibdir və bu məsələdə III sektor da hökumətə imkanları daxilində dəstək olmalıdır: "Bu il bizim təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maarifləndirmə kampaniyasını həyata keçirəcək. Layihənin əsas məqsədi həm də ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir. Bu dövlətin bizə yaratdığı şərait, imkanlardan biridir. Bundan lazımı səviyyədə, özü də şəffaf şəkildə yararlanmaq lazımdır".

Gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində layihə həyata keçirən qeyri-hökumət təşkilatlarından biri də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətdir. Qeyd edək ki, bu günlərdə Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət edib. Layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək". M.Xəlilova əlavə edib ki, təmsil etdiyi ictimai birlik şəhid ailələrinin problemlərini, ehtiyac və arzularını araşdıraraq müvafiq orqanlar qarşısında qaldıracaq. Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqlar media vasitəsilə ictimailəşdiriləcək: "Aprel müharibəsi Qarabağ reallığına yeni impuls gətirdi. 5 günlük döyüşlərdə ciddi itkilər verən və Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilməyən Ermənistan ordusu artıq ruhdan düşüb. Aprel döyüşlərindən sonra ölkə gəncləri arasında vətənpərvərlik hisləri xeyli yüksəlib. Belə bir zamanda şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar onlar üçün əsil örnək ola bilər. Uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan Azərbaycan əsgərinin aprel döyüşlərindəki zəfərinin əsas amillərindən biri də şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasıdır. Bu isə Silahlı Qüvvələrdə tərbiyə işində milli-mənəvi dəyərlərə geniş yer verilməsinin nəticəsidir. İndi QHT-lər öz fəaliyyətləri ilə hərbçilər də daxil olmaqla bütün gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmalıdırlar. Bu işdə Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır". Azərbaycan ordusunun döyüş ruhunun yüksək olduğunu qeyd edən layihə rəhbəri əsgərlərimizin hər zaman torpaqlarımızı işğaldan azad etməhə hazır olduğunu söyləyib: "Bu işdə biz vətəndaş cəmiyyətləri də əlimizdən gələni etməliyik. Ən azından əsgərlərimizə mənəvi dəstək verməli, onların ailələrinin qayğısına qalmalıyıq. Əsgər arxayın olmalıdır ki, onun ailəsinə dövlət və vətəndaş cəmiyyətləri tərəfindən lazımi qayğı göstərilir. Məhz bu amal əsgərlərimizi şanlı qələbəyə apara bilər". Onun sözlərinə görə, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Vətəndaş cəmiyyətlərinin bu istiqamətdə fəaliyyəti də həmin siyasətin tərkib hissəsidir.

 

Alim

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

 

Olaylar.- 2016.- 10-14 sentyabr.- S.14.