Gənclərin vətənpərvərlik ruhunda

tərbiyəsi diqqət mərkəzindədir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.  Elə bu səbəbdəndir ki, istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində müntəzəm olaraq qeyd edilən istiqamətdə silsilə tədbirlər həyata keçirilir.  Bütün bu ədbirlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir. Belə tədbirlərdən biri bu günlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi  və Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Belə ki,  Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə kompleksin önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəsəbə orta məktəbinin direktoru Cəbrayıl Cəfərquliyev tədbir iştirakçılarını qobulular adından salamlayıb və bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Nəzərə çatdırılıb ki, qobulular tarixin bütün mərhələlərində Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirmiş, Vətən uğrunda canlarını və qanlarını belə əsirgəməmişlər. 1918-ci ildə Bakının daşnak - bolşeviklərdən təmizlənməsində qəhrəmanlıqlar göstərmiş Məşədi Hilal Hacı İsmayıl oğlu Qobunun ilk şəhidlərindəndir. 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qobu kəndindən 400 nəfərdən çox döyüşçü iştirak etmiş və onların yarıdan çoxu geri qayıtmamışdır.Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan əsgərlərin və 20 yanvar şəhidlərinin sıralarında da Qobu qəsəbəsindən olan igidlər vardır.

Qarabağ uğrunda döyüşlərin başlandığı ilk günlərdən qobulular da könüllü cəbhəyə yollanmış, onlardan 21 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bugündə qəsəbənin hər bir sakini Əli Heydərov kimi oğullarımızın intiqamını almağa hazırdır.

Abşeron rayon icra hakimiyyətinin başçısın İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini yada salıb, bu işin bugündə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet olduğunu vurğulayıb.Aprel döyüşləri zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqların ordu tariximizə qalibiyyət dastanı kimi yazıldığını qeyd edən icra başçısı bütün xalqımız kimi abşeronluların da qətiyyətli və müdrik Ali Baş Komandanımıza inandıqlarını, Azərbaycan əsgərinə güvəndiklərini, ordu quruculuğundakı son nailiyyətlərin rayon əhalisinin də döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.

Şəhid Əli Heydərovun valideynlərinə bir daha dərin hüznlə başsağlığı verən icra başçısı onların övladlarının Talış yüksəkliyi uğrundakı döyüşlərdə göstərdiyi igidlikdən həmin döyüşlərin getdiyi vaxtlarda xəbər tutduğunu, ata qardaşının döyüşlərə könüllü getmək üçün müraciət etdiklərini xatırlayıb.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhid əsgərin qısa, lakin mənalı ömür yolundan danışıb. Diqqətə çatdırıb ki, Əli İntiqam oğlu Heydərov 1997-ci il mayın 10-da Qobuda dünyaya gəlib. Qəsəbə orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərin atıcı-qumbara atan köməkçisi kimi iştirak edib. Əsgəri olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında o da fərqlənib, fəxri fərmanla təltif olunub. Lakin aprel döyüşlərindən sağ çıxsada, ad gününə iki gün qalmış döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Sonra polkovnik A.Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Əli Heydərovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib.Şəhid atası İntiqam Heydərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata iki oğlu ilə birlikdə günü bu gün döyüşə atılmağa hazır olduğunu bəyan edib. Qəsəbə ağsaqqalları adından çıxış edən Kərəm Şahlıyevin dediyi "Mən 80 yaşımı çoxdan haqlamışam. Ancaq bu yaşda da mən İlham Əliyev kimi bir sərkərdənin komandanlıq etdiyi ordunun əsgərləri ilə bir yerdə döyüşlərə atılmağa hazıram!", - sözləri tədbir iştirakçılarının alqışlarına səbəb olub. Hərbi qulluqçular adından çıxış edən polkovnik Elşad Əbilov tədbir iştirakçılarını əmin edib ki gündən-günə daha da qüdrətlənən, güclənən Silahlı Qüvvələrimiz qarşıya qoyulan döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə hər an hazır və qadirdir. Xatirə mərasiminin sonunda Müdafiə Nazirliyinin nəşri olan "Ruhumuzun qələbəsi naminə" adlı kitab-albom Abşeron rayon icra hakimiyyətinə təqdim edilib, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompleksə daxil olan muzey və şəhidin el qəbirstanlığındakı məzarı ziyarət olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun rəhbər işçiləri, Qarabağ Seyid Ocaqları Birliyinin sədri, ilahiyatçı-alim Seyid Camal Əzimbəyli və "Yeni Üfiq" ictimai birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə N saylı hərbi hissədə olub, onlara bayram sovqatı aparıblar. Hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən Milli orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açıb, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından öz minnətdarlığını bildirib. Sonra Qarabağ Seyid Ocaqları Birliyinin sədri Camal Əzimbəyli, "Yeni Üfiq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, rayonun hərbi prokuroru Fuad Məmmədov, N saylı hərbi hissənin komandiri Qiyas Abbasov rayon prokuroru Azər Hətəmov, polis rəisi Rauf Məcidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, gənclərə öz tövsiyələrini veriblər. Qonaqlar hərbçilərlə bayram süfrəsi arxasında əyləşib, sonra Azərbaycan Müdafiə Nazirliyinin hərbi Orkestirinin iştirakı ilə bayram konserti olub. Polkovnik Abdulla Qurbaninin təqdimatı ilə olan konsert proqramı hərbçilərdə vətənpərvərlik hisslərini gücləndirmiş, onların çıxışları böyük coşqu ilə qarşılanıb.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib. Gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər. Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Qurban bayramı ərəfəsində Tərtər rayonu ərazisində yerləşən hərbi hissələrdə "Açıq qapı" günü keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar."Açıq qapı" günündə əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Qurban bayramı münasibətilə təbrik edib. Bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaqdır.Sonra Müstəqim Məmmədov aprel döyüşləri zamanı ordumuzun göstərdiyi qəhramanlıqdan, Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən, regionlarda aparılan tikinti-quruculuq işlərinə, ordu quruculuğuna, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan, rayonumuzda torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.Rayon rəhbəri əsgərlərin görüşə gələn valideynləri ilə səmimi söhbət apardı, onların qayğıları ilə maraqlanıb.Qurban bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissələrə qurban payı verilib.Sonda rayon rəhbəri və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə bayram süfrəsi arxasında əyləşiblər. Tədbirdə Tərtər rayonunun mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 15 sentyabr.- S.15.