“Ana, mən əsgər gedirəm”

 

Hərbi xidmətə çağırış başlandı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam ımzalayıb. Sərəncama əsasən 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

Məlumat üçün qeyd edək ki, artıq gənclərin hərbi xidmətə çağrılması istiqamətində iş aparılır. Paralel olaraq gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyi və Abşeron rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə kompleksin önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəsəbə orta məktəbinin direktoru Cəbrayıl Cəfərquliyev tədbir iştirakçılarını qobulular adından salamlayıb və bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Nəzərə çatdırılıb ki, qobulular tarixin bütün mərhələlərində Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirmiş, Vətən uğrunda canlarını və qanlarını belə əsirgəməmişlər. 1918-ci ildə Bakının daşnak - bolşeviklərdən təmizlənməsində qəhrəmanlıqlar göstərmiş Məşədi Hilal Hacı İsmayıl oğlu Qobunun ilk şəhidlərindəndir.

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qobu kəndindən 400 nəfərdən çox döyüşçü iştirak etmiş və onların yarıdan çoxu geri qayıtmamışdır. Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan əsgərlərin və 20 yanvar şəhidlərinin sıralarında da Qobu qəsəbəsindən olan igidlər vardır. Qarabağ uğrunda döyüşlərin başlandığı ilk günlərdən qobulular da könüllü cəbhəyə yollanmış, onlardan 21 nəfəri şəhidlik zirvəsinə ucalmışdır. Bu gün də qəsəbənin hər bir sakini Əli Heydərov kimi oğullarımızın intiqamını almağa hazırdır.

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini yada salıb, bu işin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet olduğunu vurğulayıb.

Aprel döyüşləri zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqların ordu tariximizə qalibiyyət dastanı kimi yazıldığını qeyd edən icra başçısı bütün xalqımız kimi abşeronluların da qətiyyətli və müdrik Ali Baş Komandanımıza inandıqlarını, Azərbaycan əsgərinə güvəndiklərini, ordu quruculuğundakı son nailiyyətlərin rayon əhalisinin də döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib. Şəhid Əli Heydərovun valideynlərinə bir daha dərin hüznlə başsağlığı verən icra başçısı onların övladlarının Talış yüksəkliyi uğrundakı döyüşlərdə göstərdiyi igidlikdən həmin döyüşlərin getdiyi vaxtlarda xəbər tutduğunu, ata və qardaşının döyüşlərə könüllü getmək üçün müraciət etdiklərini də xatırlayıb. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhid əsgərin qısa, lakin mənalı ömür yolundan danışıb. Diqqətə çatdırıb ki, Əli İntiqam oğlu Heydərov 1997-ci il mayın 10-da Qobuda dünyaya gəlib. Qəsəbə orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində atıcı-qumbaraatan köməkçisi kimi iştirak edib. Əsgəri olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında o da fərqlənib, fəxri fərmanla təltif olunub. Lakin aprel döyüşlərindən sağ çıxsa da, ad gününə iki gün qalmış döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sonra polkovnik A.Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Əli Heydərovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib. Şəhid atası İntiqam Heydərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata iki oğlu ilə birlikdə günü bu gün döyüşə atılmağa hazır olduğunu bəyan edib. Qəsəbə ağsaqqalları adından çıxış edən Kərəm Şahlıyevin dediyi "Mən 80 yaşımı çoxdan haqlamışam. Ancaq bu yaşda da mən İlham Əliyev kimi bir sərkərdənin komandanlıq etdiyi ordunun əsgərləri ilə bir yerdə döyüşlərə atılmağa hazıram!", -sözləri tədbir iştirakçılarının alqışlarına səbəb olub. Hərbi qulluqçular adından çıxış edən polkovnik Elşad Əbilov tədbir iştirakçılarını əmin edib ki gündən-günə daha da qüdrətlənən, güclənən Silahlı Qüvvələrimiz qarşıya qoyulan döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə hər an hazır və qadirdir. Xatirə mərasiminin sonunda Müdafiə Nazirliyinin nəşri olan "Ruhumuzun qələbəsi naminə" adlı kitab-albom Abşeron rayon icra hakimiyyətinə təqdim edilib, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompleksə daxil olan muzey və şəhidin el qəbirstanlığındakı məzarı ziyarət olunub.

Yeni tədris ilinin başlanması peşəkar hərbi kadrların hazırlanması məsələsinin gündəmə gətirib. Məhz bu məqsədlə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Müdafiə naziri müasir tədris avadanlıqları ilə təchiz edilmiş korpuslara, müxtəlif kafedralara və fənn kabinələrinə baxıb, yataqxana və digər inzibati binalarda olub. Sonra Müdafiə naziri məktəbin komandanlığı, müəllim-professor heyəti və kursantlarla görüşüb.Yeni tədris ilinin başlaması ilə əlaqədar şəxsi heyəti təbrik edən nazir ölkəmizdə təhsil sisteminin inkişafına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayaraq hərbi təhsilə ciddi diqqət yetirildiyini qeyd edib. Silahlı Qüvvələrdə və xüsusən də hərbi təhsil müəssisələrində qısa müddətdə görülən işlərin sürətlə davam etdirildiyini vurğulayan general-polkovnik Z.Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hərbi məktəbləri bitirən gənc zabitlərimizin hərbi bilikləri və bacarıqları döyüş zamanı istənilən tapşırığı uğurla yerinə yetirməyə cavab verməlidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən bütün hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində tikinti-quruculuq işlərinin davamı olaraq məktəb ərazisində inşa edilən müasir tipli yeməkxana kompleksinin açılış mərasimi də keçirilib. Zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxanaya baş çəkən Müdafiə nazirinə məruzə olunub ki, şəxsi heyətin milli xörəklərdən ibarət keyfiyyətli qida ilə təmin olunması üçün burada hər cür şərait yaradılıb. Kursantların ilboyu təzə və yüksək kalorili tərəvəzlə qidalanması məqsədilə yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi məktəbin anbarlarına çatdırılır. Yeməkxana binasında çörək və şirniyyat sexləri, ərzaq və əşya anbarları, qazanxana, digər xidməti otaqlar inşa edilib, işıqlandırma, havalandırma və istilik sistemi quraşdırılıb, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Görüşün sonunda Müdafiə naziri gələcək zabit kadrların hazırlıq səviyyəsinin artırılması, nizam-intizamın və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində məktəbin rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib. Xatırladaq ki, sözügedən hərbi məktəb ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayır. Məhz milli kadrların fəaliyyəti nəticəsində dövlətimizin müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir. Təsadüfi deyil ki, Azərbaycan əsgəri daim ölkə Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunu şərəf və vicdanla yerinə yetirir, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərini artırır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 16 sentyabr.- S.15.