Gənclərə vətənpərvərlik
hissləri aşılanır
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması günümüzdə
aktual məsələ olduğundan dövlətlə
yanaşı, qeyri-dövlət təşkilatları da qeyd
edilən istiqamətə üstünlük verir, bir qayda
olaraq tədbir və layihələrinin əksəriyyətini
gənclərin vətənpərvər ruhda tərbiyəsinə
həsr edir. Belə qeyri-hökumət təşkilatlarından
biri də Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzi İctimai Birliyidir
(ADİİM). Bu günlərdə İctimai Birlik Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli
azlıq və etnik qruplar arasında vətənpərvərlik
ruhunun aşılaması məqsədilə maariflənmə
kampaniyasının həyata keçirilməsi" layihəsi
çərçivəsində tədbir keçirib.
Siyəzən
rayon Gənclər və İdman İdarəsinin Gənclər
Mərkəzində təşkil olunan tədbirdə
İctimai Birliyin, Siyəzən Rayon İcra Hakimiyyətinin,
rayonda fəaliyyət göstərən idarə və təşkilatların
əməkdaşları ilə yanaşı, ictimai fəallar
da iştirak edib. Tədbiri giriş sözü ilə
açan rayon Gənclər və İdman idarəsinin rəisi
Nadir Məmmədov bildirib ki, belə tədbirlər gənc nəslin
həm fiziki, həm də mənəvi cəhətdən
sağlam böyüməsi, vətəndaşlıq və vətənpərvərlik
ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə
və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi
və inkişafına istiqamətlənməsi
baxımından mühüm əhəmiyyət
daşıyır. Sonra ADİİM sədri Cavid Şahverdiyev
layihə barədə məlumat verərək qeyd edib ki, tədbirin
təşkilində əsas məqsəd ölkəmizdə
yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların
vətənə, xalqa və dövlətə
bağlılıq, məhəbbət və sədaqət
ruhunda böyümələrinə, bu sahədə onların
maarifləndirilməsinə kömək etməkdir. Daha sonra
layihənin eksperti AMEA-nın Folklor İnstitutunun elmi
işçisi Elçin İmaməliyev
çıxış edib: "İndi gəncliyin
qayğılarından tez-tez danışılır. Bu,
bütövlükdə insanlığın problemidir. Xilas
adına bu gün dünyada çoxlu ideologiyalar var. Bəşərin
mənəvi durumu isə gündən-günə çətinləşir.
İntiharlar daha çox gəncliyin əhvalına təsir
edir, ömrünü yarıda kəsir. Yalnız ulusal (milli)
ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan
gəncliyi çağdaş dövrün qarışıq və
ziddiyyətli girdabından xilas ola bilər. Gənclik insan həyatının
ən məhsuldar, enerjili, arzulu, həm də sonsuz ümidli
bir çağıdır. SSRİ süqut edən zaman
başqa respublikalar kimi azadlığa çıxan Azərbaycan
da bu müddət ərzində gərgin həyat
yaşamalı oldu. Sabahkı gəncliyin təməli olacaq
çağdaş uşaqların tərbiyəsi problemə
çevrilib. Çünki informasiya əsrində uşaq
psixologiyasını nəzarətdə saxlamaq daha da çətinləşir.
İlk növbədə isə uşaqlara və gənclərə
milli-mənəvi dəyərləri aşılamaq lazımdır. Qloballaşma bəlasının
artdığı bir vaxtda millətin, dövlətin
inkişafı üçün yeni nəsillərin tərbiyəsinin
milli prinsiplərlə aparılması gərəklidir. Əgər
millətin milli dəyərləri insaniliyi ifadə edirsə,
o, həm də bəşəridir. Gedişat onu göstərir
ki, qarşıdakı illərdə valideynlər
uşaqlarının tərbiyəsilə bağlı daha
böyük problemlərlə rastlaşacaqlar. Artıq bu
qayğıların artması göz qabağıdadır. Gənc
nəsil əgər doğru-düzgün istiqamətləndirilmirsə,
o zaman onun başqalarına, yəni özgələrə
yaraması fəlakəti baş verir. Azərbaycan gəncliyi
sözün böyük mənasında xəlqi təmələ,
bəşəri sevgiyə malik olmalıdır. 70 illik əsarət
dövrünü yaşayan Azərbaycanda müstəqillikdən
sonrakı dövr sözün böyük mənasında
milli-mənəvi dəyərlərə qayıdış
üçün geniş imkanlar açdığı dərəcədə
bu, başqa, daha doğrusu yad, özgə təsəvvürlərin,
baxışların yurdumuza ayaq açması, cövlan etməsi
ilə müşahidə olundu. İstər-istəməz Qərb
dəyərlərinin soydaşlarımızın
ağlına, ruhuna işləməsi, gündən-günə
daxilləri çulğaması, qarışdırması
problemi daha da çıxılmazlığa salır. Başqa
tərəfdən də Şərq aləminin
qarışıqlığı, halsızlığı bu gərginliyi
artırır. Bir sözlə, Azərbaycan gəncliyi
özünü davamlı şəkildə qorumalı və
yaratmalıdır. Milli dəyər - millətin ruhundan
yaranır. Milli dəyərlərə yiyəlik eləmək
onu yaratmaq qədər çətindir. Milli dəyəri elə
ucalıqda yaşatmağımız gərəkdir ki, onunla fədakar
ömürlər yarada bilək. Yoxsa xəlqi dəyərlərimiz
ömürləşməyəcək. Gənclərimizin
dövlətçilik, təhsil, iqtisadiyyat və başqa
yönlərdə ardıcıl qayğılanmaları
çağımız üçün son dərəcə
qaçılmaz və gərəklidir. Dövlət amili ciddi
hadisədir. Soydaşlarımızın ağlında
davamlı şəkildə xalq, dövlət sevgisinin
yaradılması gərəkdir. Azərbaycana gələn yad
baxışlar ilk növbədə dövlət amilinə
hücumda özünü göstərir. Gənclik həm də
dil qoruyucusu deməkdir. Dilimiz - mühitdən, zamandan ötədir,
güclüdür. Bu, əslində milli ruhumuzun ölməməsi
deməkdir. Bu gün xalqların özünəməxsus ənənəsi
itməkdə, yoxa çıxmaqdadır. Bu ənənəni
təməl üzərində inkişaf etdirmək insani
hünər istəyir. Sözüm gənc yazarlaradır:
Milli dəyər ölçüsü olmayan, həmin dəyər
əsasında yaşamayan yaradıcının əsəri də
milliliyə qarşı çevrilir. Yazıçı
xalqının adından danışdığına,
yazdığına əmin olmalıdır. Ana dilinin
qorunması, inkişaf etdirilməsi dövlətin
varlığının davamlı təsdiqi demək olur. Bu
yerdə gənc yazarlarımıza ciddi özünəməxsusluq
diləyirəm. Qoy onlar bilsinlər ki, fərdilik -
özünə bənzəməkdir. Bu gün Azərbaycan gəncliyi
erməni vəhşiliyi ilə üz-üzə,
göz-gözədir. Dünya ermənilərə qucaq
açdığı dərəcədə xəyanətkarlığa,
bicliyə, insansızlığa meydan verir. Arxayınlıq -
məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə
fərdin örnəyində xalqın məqsədsizliyi, xalq
kimi var olmaq istəməməsi, bu haqda düşünməməsidir.
Məsuliyyət fərddən başlayır, xalqda təsdiqini tapır, bəşəriliyə
layiq olur. Azərbaycan gəncliyi ruhən güclü
olmağımız üçün daim
çalışmalıdır. Xalq olaraq dərdi dərindən
duymağımız, inamla, idrakla yaşamağımız gərəkdir.
Azərbaycan gəncliyinin davamlı var olmasında təhsilin
rolu danılmazdır. Düzgün, doğruçu təhsil
insanın mənəvi varlığının
yaradıcısı, təminatçısıdır. Məktəb
bilik verdiyi dərəcədə də insan yetişdirməyi
bacarmalıdır. İnsan ömründə, yaşamında
yaradıcı şəkildə gerçəkliyini tapmayan təhsil
- sadəcə, mexaniki bir proses olur. Demək, bilik insanı
daha çox zahirən dəyişdirir, onun insanı içəridən
tam dəyişdirməyə gücü çatmır.
İnsanı içəridən dəyişdirmək
üçün bilikdən artıq olan gərəkdir".
Daha sonra rayon Təhsil şöbəsinin nümayəndəsi
Gündüz Səmədli və Gənclər və İdman
İdarəsinin rəis müavini Vüsal Alışov
çıxış edərək mövzu ilə
bağlı fikirlərini səsləndiriblər.
Çıxışlarda bildirilib ki, bu gün milli dövlətçiliyimizin
formalaşması, milli mənlik şüurunun inkişaf
etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi
kimi qlobal proseslərdə gənclərin üzərinə
böyük məsuliyyət düşür. Bizim gənclərimizin
vətənpərvər ruhda yetişmələri xüsusilə
vacibdir. Tədbirin sonunda iştirakçıların fikir və
təklifləri dinlənilib, iştirakçılara
ADİİM tərəfindən çap edilən layihə ilə
bağlı maarifləndirmə məqsədi daşıyan
bukletlər paylanılıb.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə vətənpərvərlik mövzusunda növbəti tədbirini Siyəzən rayonundakı 2 saylı Uşaq Bağçasında keçirilib. Tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev layihə barədə qısa məlumat verib. O, bildirib ki, Vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Amma burada uşaqlara qəhrəmancasına ölümün nə olduğunu savadlı, şüurlu şəkildə başa salmaq lazımdır ki, "ucuz qəhrəmanlıqlar" etməsinlər. Biz uşaqlarımıza başa salmalıyıq ki, vətənə xidmət yalnız cəbhədə olmur. Savadlı bir həkim, mühəndis və ya siyasətçi olmaq və vətən uğrunda işlər görmək, arxa cəbhədə vətən üçün çalışmaq da vətənpərvərlikdir. Vətən olmadan bir millətin ayaqda dayanması mümkün deyil. Bir millətin var olması, həyatını davam etdirə bilməsi ancaq vətəninə sahib olmasıyla mümkündür. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Ona görə də tədbirlərimizin uşaq bağçaları və məktəblərdə həyata keçirməyi, onları vətənpərvərlik hissini aşılayan təbliğat xarakterli məlumatlarla təmin etməyi düşünürük. Layihənin eksperti AMEA-nın Folklor İnstitutunun elmi işçisi ekspert Elçin İmaməliyev isə çıxışında vurğulayıb ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 17-19 sentyabr.- S.15.