Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı

gənclərin vətənpərvərlik hisslərini artırır

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet hesab edildiyindən dövlət və onun müvafiq qurumları müntəzəm olaraq qeyd edilən istiqamətdə silsilə tədbirlər, layihələr reallaşdırırlar. Keçirilən hər bir tədbir. layihə gənclərin vətənpərvər ruhda tərbiyəsinə müsbət təkan verir. Bu mənada Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirlər xüsusi qeyd edilməlidir.

 

Belə ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı il avqust ayının 5-dən sentyabr ayının 8-dək Lənkəran şəhərində və Quba rayonunda "Azərbaycan-doğma diyarımdır" adlı gənclər üçün vətənpərvərlik-istirahət düşərgələri təşkil edilib. Düşərgələrin təşkilinin əsas məqsədi 14-29 yaşlı gənclərin asudə vaxtını səmərəli təşkil edərək, onların yay istirahətini təmin etmək, eyni zamanda diyarşünaslığı inkişaf etdirməklə, azərbaycançılıq məfkurəsini təbliğ etməkdən ibarət olub. Düşərgələr bir ay ərzində 3 dəfə 10-günlük növbələr olmaqla, maraqlı proqram əsasında təşkil edilib. Proqrama uyğun olaraq, düşərgə iştirakçıları mənalı istirahətlə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmaq imkanı əldə edib, müxtəlif gəzintilərdə iştirak edib, idman və masaüstü oyunlar üzrə yarışlarda güclərini sınayıblar. Dövlətçilik, ideoloji prinsiplər və multikultural dəyərlərlə bağlı maraqlı mühazirələrdə iştirak edən gənclər intellektual oyunlarda da öz bacarıqlarını nümayiş etdiriblər. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə isə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramına həsr olunmuş şənlik təşkil olunub. İlk öncə sərhədlərimizin keşiyində duran bütün əsgər, çavuş, zabit və gizirlərə peşə bayramları münasibətilə təbriklər səsləndirilib. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan sərhədçilərinin yüksək peşəkarlığı bir daha qeyd edilib. Daha sonra sərhədçilərimizin də iştirakı ilə şən musiqilər səsləndirildi. Əsgərlərimizin rəqsləri ilə şənlik davam etdirilib. Sonda xatirə şəkli çəkdirildi və şənliyə yekun vurulub. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı ilin fəaliyyət planına əsasən, sentyabrın 20-də Daşkəsən Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev gənclərin milli ruhda tərbiyə edilməsində belə tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusu olduğunu və işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün hər an hazır olduğunu bildirib. Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində Daşkəsən rayonunun müxtəlif məktəblərinin şagidləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Bərdə rayonunda isə ordudan yeni tərxis olunmuş gənclərlə görüş keçirilib. Tədbirdən öncə Ordudan yeni tərxis olunmuş gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponatlarla tanış olublar. Tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə , təşkilatların rəhbərləri iştirak ediblər. Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Əfqan Mikayılov açaraq Milli Ordumuzun möhkəmlənməsindən danışıb. Sonra rayon İcra Hakimiyyəti başçısınıın müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş nitq söyləyərək ulu öndər Heydər Əliyev tərəfindən Milli Ordumuzun qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu işlərdən, torpaqlarımızın azad edilməsi uğrunda Milli Ordumuzun qazandığı nailiyyətlər dandanışdı. Bildirdiki, bugün Milli Ordumuz düşmən işğalı altında qalmış torpaqlarımızı azad etmək gücünə malikdir. Tədbirdə diqqətə çatdırılıb ki, həqiqi hərbi xidmətdən qayıtmış gənclərin sonrakı taleyi, onların işlə təminatı bu günün ən aktual məsələlərindən biridir. Tədbirdə rayon Məşgulluq İdarəsinin müdiri Bilman Şadlinski rayonun idarə və müəssisələrində boş iş yerlərinin öyrənilməsi və gənclərin işlə təminatının qaydaya salınması ilə bağlı çıxış edib. Qarabağ Azadlıq Təşkilatı rayon şöbəsinin sədri, müharibə veteranı Gəray Əsədov, Ordu sıralarından qayıdan, Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər və onların valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və xüsusi vurğuladılar ki,lazım gələrsə yenidən Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar. Tədbirdə həqiqi hərbi xidmətdən yenicə tərxis olunmuş gənclər hərbi bilet və qiymətli hədiyyələrlə təqdim olunmuşdur. Sonda şəhər 2 saylı tam orta məktəbin şagirdləri musiqili kompozisiya təqdim ediblər. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Ağcabədi rayonu ərazisindəki "N" hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən hərbi hissənin komandiri polkovnik leytenant Səxavət Əmirov şəxsi heyəti və valideynləri milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq və cansağlığı arzulayıblar. Çıxışlarda ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Ordumuzun qarşısında duran ən vacib vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyün bərpa olunmasıdır. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir. Valideynlər çıxış edərək, günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə atılmağa hazır olmağı tövsiyə ediblər. Onlar hərbi hissədə texnika və silahlarla, qida rasionuna daxil olan ərzaq nümunələri, əsgər geyimləri ilə yaxından tanış olub, şəxsi heyətin xidmət və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerlərinə, tibb məntəqəsinə və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb. Ağcabədi rayon Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi məktəbinin müəllim və şagird kollektivinin ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra əsgərlər və valideynlər birgə nahar ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 21 sentyabr.- S.15.