Hüquqi dövlət quruculuğunda yeni mərhələ
Hüquqi dövlət və
ictimai-siyasi münasibətlər sistemi təkmilləşdikcə
milli qanunvericiliyin həmin münasibətlərə
uyğunlaşdırılması zərurəti yaranır. Ölkədaxili,
regional və qlobal miqyasda baş verən transformasiyalar siyasi,
iqtisadi, sosial sferalarda yeni keyfiyyət dəyişmələrinə
və yeni baxışların, konstruktiv yanaşmaların
meydana gəlməsinə gətirib çıxarır. Belə
bir halda, dövlət və cəmiyyət üçün
vacib hesab olunan münasibətlərin yeni modeldə – daha
optimal hüquqi konfiqurasiya əsasında tənzimlənməsi
lazım gəlir. Tarix sübut etmişdir ki,
dövlət və cəmiyyət münasibətləri nə
qədər dinamikdirsə, bu münasibətləri tənzimləyən
hüquq qaydaları və normaları da inkişaf və təkamülə
meyllilik xüsusiyyətləri nümayiş etdirir. Bir
sözlə, hüquq normalarının dövlət və cəmiyyətlə
birgə, qarşılıqlı surətdə inkişafı
zərurətdən yaranan təbii qanunauyğunluq kimi önə
çıxır.
Konstitusiyamız öz fundamental mahiyyətinə görə, dövlət idarəetmə mexanizmləri ilə cəmiyyət arasındakı münasibətləri müəyyən edən başlıca hüquqi bazadır. Dövlətin dayağını təşkil edən hüquqi sistemlə sosial sistemin qarşılıqlı harmonik münasibətlərinin təmin edilməsi Konstitusiyanın və onun təsbit etdiyi qanunların işləkliyindən, daim təkmilləşən funksionallığından əhəmiyyətli dərəcədə asılıdır. Yeni inkişaf tendensiyası ilə ayaqlaşmayan qanunvericilik aktları çoxşaxəli münasibətləri səmərəli şəkildə qaydalandırmaq funksiyasını yerinə yetirə bilmir. Adekvat hüquqi tənzimləmənin mövcud olmadığı halda, əlbəttə ki, dinamik inkişafdan, davamlı sabitlikdən də söhbət gedə bilməz.
Ölkə başçısı cənab İlham Əliyevin məhz bu zərurətdən çıxış edərək irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş dövlətimizin yeni siyasi, iqtisadi, sosial, hüquqi gerçəkliklərlə tam uyğunlaşdırılması iradəsini nümayiş etdirir. Layihə Azərbaycanda dövlət quruculuğunun yeni mərhələsində ölkəmizin yeni inkişaf fəlsəfəsinin mahiyyətini özündə ehtiva edir.
İrəli sürülən Referendum Aktı layihəsinin əhəmiyyətli qismi vətəndaşların hüquq və azadlıqlarının effektiv təminatına yönəlmişdir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslinə nəzərdə tutulan dəyişikliklərə diqqət yetirdikdə, ölkəmizin ana qanununda insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizminin daha mükəmməl əsaslar üzərində qurulacağını söyləmək mümkündür. Belə ki, dəyişikliklərə əsasən, Konstitusiyanın sözügedən fəslində "insan ləyaqətinin qorunması və ona hörmət edilməsi” insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi müəyyən edilir. Bununla, insan ləyaqəti konstitusion müstəvidə yüksək hüquqi dəyər əldə edir.
Eyni zamanda, Konstitusiyanın qeyd olunan fəslinə təklif olunan dəyişikliyə müvafiq olaraq, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – fiziki və əqli qüsurları olan insanların da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etmək hüququ tanınır. Beləliklə, Azərbaycan xalqının insanpərvərlik keyfiyyətləri, heç bir ayrı-seçkiliyə yol verilmədən bütün şəxslərə bərabər imkanlar yaradılması ənənəsi Konstitusiyamızda birbaşa əksini taparaq insan hüquq və azadlıqlarının təminatına mənəvi dəyər qazandırır.
İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət təminatının gücləndirilməsini nəzərdə tutan digər təklif həmin hüquq və azadlıqların müdafiə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə təklif edilən dəyişikliyə müvafiq olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı ilə yanaşı, inzibati qaydada müdafiəsinə də hüquqi əsas formalaşdırılır. Eyni zamanda, hüquq və azadlıqları pozulmuş şəxslərin işlərinə qərəzsiz yanaşma, həmin işlərə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılma konstitusion norma kimi müəyyən edilir. Bununla, Konstitusiyada əks olunmuş hüquq və azadlıqların sadəcə deklarativ xarakter daşımadığı, bu hüquq və azadlıqların müdafiəsinə dövlət təminatının verildiyi açıq şəkildə ifadə olunur.
Dövlət qurumlarının vəzifəsinin bilavasitə vətəndaşlara xidmət etməli olması Konstitusiyanın 68-ci maddəsinə təklif edilən dəyişiklikdə öz əksini tapmışdır. "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” adlandırılması təklif olunan həmin maddəyə aşağıdakı məzmunda bəndlərin əlavə edilməsi təklif edilir: "Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır”; "Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə dövlət qurumlarının vətəndaşlara münasibətdə qanunun aliliyini rəhbər tutaraq fəaliyyət göstərməli olduğunu bildirmişdir. Referendum aktı layihəsində qeyd olunan dəyişikliklər ölkə başçısı tərəfindən dövlət qurumları qarşısında qoyulan vəzifələrin vətəndaşların maraqlarının maksimum şəkildə təmin olunması şərti ilə yerinə yetirilməsinə şərait yaradır. Bununla yanaşı, qeyd olunan dəyişikliklər dövlət qurumlarının insan hüquq və azadlıqlarının pozulmasına görə məsuliyyət daşıdığını birbaşa qeyd edir. Beləliklə, dövlət qurumlarının fəaliyyətində məsuliyyət yükünün artırılması ilə nümunəvi dövlət – nümunəvi vətəndaş modelinin formalaşdırılmasına münbit zəmin formalaşır.
Konstitusiyaya təklif olunan dəyişikliklər dövlət qurumlarının fəaliyyətində şəffaf və məsuliyyətli idarəetmə üçün hüquqi bazanı gücləndirməklə yanaşı, yerli özünüidarəetmə orqanlarının da səlahiyyətlərinin yerinə yetirilməsində yeni, demokratik norma müəyyən edir. Təklif olunan "Bələdiyyələrin məsuliyyəti” adlı maddəyə müvafiq olaraq, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıması qeyd olunur. Göründüyü kimi, Referendum Aktı layihəsində vətəndaşlara onların hüquq və azadlıqlarının qorunması və mümkün hüquq pozuntularının vaxtında qarşısının alınması şərti ilə xidmət göstərilməsinin hüquqi əhəmiyyəti özünün birbaşa təsdiqini tapır.
Bəzi dairələrin Konstitusiyaya təklif olunan dəyişiklikləri bilərəkdən təhrif etmələri dəyişikliklərə qərəzli münasibəti nümayiş etdirir. Məsələn, Konstitusiyanın 29-cu maddəsinə təklif olunan dəyişikliyə müvafiq olaraq, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi qeyd olunur. Həmin dəyişikliklər təklifinə əsassız şəkildə etiraz edən dairələr bu təklifin mahiyyətinə varmadan mülkiyyət hüququnun məhdudlaşdırılmasının anti-konstitusion olduğunu iddia edirlər. Halbuki, bu təklifə dövlətin sosial öhdəliklərin yerinə yetirilməsinə olan həssas münasibəti və mülkiyyətdən səmərəli istifadəçilik prizmasından yanaşdıqda, həmin dəyişikliyin konstruktivliyi, bu əsasda mülkiyyət sahiblərinin öz əmlaklarından daha səmərəli şəkildə istifadəyə təşviq olunduğu üzə çıxır. Eyni zamanda, mülkiyyət hüququ üzrə beynəlxalq hüquqi sənədlərə nəzər salarkən, mülkiyyətin ictimai-dövlət məqsədləri üçün məhdudlaşdırılması təcrübəsinin mövcudluğunu görmək mümkündür. Məsələn, Avropa İnsan Hüquqları Konvensiyasına əlavə edilmiş Protokolda mülkiyyət hüquqlarının ictimai məqsədlər naminə, eyni zamanda, qanunvericilik və beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər çərçivəsində məhdudlaşdırılmasının mümkünlüyü qeyd olunmuşdur. Bu baxımdan, sözügedən təklif bütün kontekstlərdə mülkiyyət hüququndan məhrumetmə və ya mülkiyyət hüququnun qanunsuz olaraq məhdudlaşdırılması kimi qəbul edilə bilməz.
Konstitusiyanın "Şəxsi toxunulmazlıq hüququ” maddəsinə təklif edilən dəyişiklik şəxsi və ailə həyatı sirrinin daha effektiv şəkildə qorunmasına, üçüncü şəxslər haqqında məlumatların əldə edilməsinin hüquqi əsaslarının müəyyənləşdirilməsinə imkan verir. Referendum Aktı layihəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq, eyni zamanda, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə qadağan edilir. İnformasiya ehtiyatlarına çıxışın asanlaşdığı, sosial şəbəkələr vasitəsilə şəxsi məlumatların yayılması imkanlarının artdığı bir zamanda bu dəyişikliyin ölkə Konstitusiyasında əks olunmasının xüsusi əhəmiyyəti var. Bununla, dövlət konstitusion vəzifə olaraq vətəndaşların şəxsi planda informasiya təhlükəsizliyinin təmin edilməsinə təminat verir. Bu dəyişiklik heç bir halda məlumatlara çıxış imkanlarının məhdudlaşdırılması, məlumat azadlığının pozulması kimi təfsir edilə bilməz. Çünki hüquq və azadlıqlardan istifadə digərlərinin hüquq və azadlıqlarına zərər yetirə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd edildiyi kimi: "hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir”.
Son illərdə Azərbaycanda azad sahibkarlığın inkişafı sahəsində, sahibkarlıq fəaliyyətində mükəmməl hüquqi bazanın formalaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl siyasət aparılmış və önəmli addımlar atılmışdır. Təsadüfi deyil ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ayrıca hüquq kimi Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın "Azad sahibkarlıq hüququ” maddəsinə təklif olunan dəyişiklik dövlətin sahibkarlıq sahəsində tənzimləmə aparmasının hüquqi çərçivəsinin təkmilləşdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Belə ki, Referendum Aktında Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir” adlı bəndin xüsusi hissə kimi salınması təklif edilir. Bu müddəa ölkəmizin ali hüquqi sənədi olan Konstitusiya səviyyəsində sahibkarlığın dövlət tənzimləməsində yeni hüquqi mexanizm formalaşdırmaqla yanaşı, həm də sahibkarlıq fəaliyyətinə əsassız, qeyri-qanuni müdaxilələri qəti surətdə istisna edir.
Konstitusiyaya prezidentlik institutunun gücləndirilməsi
ilə bağlı təklif olunan dəyişikliklər
ölkədə siyasi sistemin sabitliyinin təmin edilməsinə,
dövlət idarəetmə aparatında səmərəli
idarəçilik və çevik qərar qəbul etmə
mexanizminin formalaşdırılmasına xidmət edir. Prezidentlik müddətinin 7
il müəyyənləşdirilməsi təklifinə
birtərəfli münasibət sərgiləyənlər, əslində,
prezidentlik institutunun gücləndirilməsinin arxasında
dayanan fundamental amilləri tamamilə yanlış şərh
edirlər. İlk növbədə nəzərə
alınmalıdır ki, prezidentlik müddətinin
artırılması icra hakimiyyəti strukturuna münasibətdə
təklif olunan dəyişikliklərdən yalnız biridir.
Bu dəyişikliyin mahiyyətində sabit
seçki mühiti formalaşdırmaq, davamlı siyasi
sabitliyi daha da möhkəmləndirmək, mürəkkəb
geopolitik proseslər kontekstində dövlət hakimiyyətində
ardıcıl və səmərəli idarəetmə
mexanizmini gücləndirmək məqsədləri dayanır.
Prezidentlik institutunun gücləndirilməsi ilə
bağlı nəzərdə tutulan digər müddəa –
prezident seçilmək üçün yaş tələbinin
aradan qaldırılması təklifi seçki hüququnun təkmilləşdirilməsinə
xidmət edir və seçki hüququna yeni müstəvidə
baxışı ortaya qoyur. İrəli
sürülən təklifdə yaş senzi təkcə icra
hakimiyyətinə deyil, eyni zamanda hakimiyyətin digər
qollarına münasibətdə də aradan
qaldırılır. Bu baxımdan, yaş
senzinin ləğvinə dair dəyişikliklər təklifi
beynəlxalq hüquqi praktikada rast gəlinən fakt olmaqla, vətəndaşların
seçilmək hüququnu genişləndirən müsbət
və uğurlu dəyişiklik kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin
təsis edilməsinə dair Konstitusiyaya təklif edilən dəyişiklik
icra hakimiyyətinin çevikliyinin təmin edilməsi,
prezidentin fəaliyyətinə hərtərəfli dəstəyin
göstərilməsi, zərurət yarandığı halda
prezidentin səlahiyyətlərinin səmərəli şəkildə
yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət
kəsb edir. Təklif olunan həmin dəyişiklik Azərbaycanın
siyasi tarixində ilk dəfədir ki, dövlət idarəetmə
sistemində yeni institusional çərçivə
formalaşdırır. Bununla, ölkə
başçısı dövlət əhəmiyyəti kəsb
edən sahələr üzrə obyektiv məlumatlar əldə
edir, mövcud təhlükələrə qarşı önləyici
tədbirlərin həyata keçirilməsinə, müvafiq
qərarların vaxtında qəbul edilməsinə münbit
şərait yaranır. Siyasi, ictimai,
iqtisadi, humanitar sferalara dair geniş məlumat bazasına malik
olan prezident hakimiyyət iyerarxiyasında bürokratik maneələrin
qarşısı alınmış olur.
Etiraf etməliyik ki, Azərbaycanın bu günə qədər
əldə etdiyi uğurların, sürətli
inkişafın əsasında dayanıqlı, sabit siyasi
sistemin bərqərar edilməsinə ardıcıl səylər
dayanır. Bu siyasi sistemin uğurlu fəaliyyətində
geniş səlahiyyətlərə malik olan prezidentlik
institutunun rolu danılmazdır. Bu
baxımdan, müasir siyasi çağırışları və
Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri
formalaşdırdığı dövlət idarəetmə təcrübəsini
nəzərə alaraq, prezidentlik institutunun yeni formatda gücləndirilməsinin
ölkəmiz üçün yalnız fayda gətirəcəyini
söyləmək mümkündür.
Eyni zamanda, Azərbaycan müharibə şəraitində
yaşayan dövlət olduğundan, kövrək siyasi
mühitin ölkəmiz üçün hansı təhlükəli
nəticələrə gətirib çıxaracağı,
hansı anarxik presedentlər yaratmaq ehtimalı hamımız
üçün bəllidir. Belə bir şəraitdə,
zamanın sınağından çıxmış siyasi idarəetmənin
daha da möhkəmləndirilməsinə yönəlmiş
hüquqi çərçivənin
formalaşdırılması təqdirəlayiq hal hesab
olunmalıdır.
Referendum Aktı layihəsində məqsədli
interpretasiya təhrifinə məruz qalan müddəalardan biri
də Milli Məclisin buraxılmasına dair layihədə əks
olunmuş təklifdir. Bu norma heç bir halda hakimiyyətin
qanunverici qolunun fəaliyyətinin məhdudlaşdırılması
kimi qəbul edilə bilməz. Bu təklifin əsl
mahiyyəti dövlət qurumlarının normal fəaliyyət
rejiminin pozulmasının qarşısının
alınması, bununla da, vətəndaşlara yüksək
xidmət göstərilməsinin
davamlılığının təmin edilməsidir. Eyni zamanda, bu dəyişikliyin Konstitusiyada əks
olunması Milli Məclisin öz səlahiyyətlərini və
qanunvericilik təşəbbüsü hüququnu daha məsuliyyətli
şəkildə icra etməsinə şərait yaradır.
Beləliklə,
ölkə başçısı tərəfindən irəli
sürülən "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Referendum
Aktında əks olunan müddəalar ölkəmizdə ali
hüquqi bazanın ictimai-siyasi münasibətlərin ruhuna
uyğun olaraq təkmilləşdirilməsinə xidmət
göstərərək insan və vətəndaş hüquq
və azadlıqlarının ədalətli şəkildə
təmin edilməsinə, dövlət hakimiyyəti
qollarının vəzifə və səlahiyyətlərinin
aydın bölgüsünə, informasiya təhlükəsizliyinin
təmin edilməsinə, daxili və xarici siyasətin əlaqəli
şəkildə optimallaşdırılmasına şərait
yaradır. Eyni zamanda, layihədə əksini
tapan müddəaların beynəlxalq hüquqi təcrübəyə
və demokratik prinsiplərə əsaslanması qanunun
aliliyinin təmin olunduğu hüquqi dövlət kimi Azərbaycan
Respublikasının mövqelərinin güclənməsi
nöqteyi-nəzərindən xüsusi önəm kəsb
edir. Ölkəmizin ali qanunvericilik
bazasının gücləndirilməsinə xidmət edən
bu dəyişikliklər əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın
müasir tarixi mərhələdə özünəməxsus
siyasi-hüquqi transformasiyası və modernləşməsinə
öz töhfəsini verəcəkdir.
Seçki hüququna malik olan hər bir Azərbaycan vətəndaşı aydın şəkildə dərk edir ki, ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər davamlı siyasi sabitliyin bərqərar edilməsinə, fundamental hüquq və azadlıqların təmin edilməsinə, ölkəmizin demokratik quruluşuna təminatın daha da gücləndirilməsinə, dövlət təsisatlarının funksionallığının artırılmasına yönəlmişdir. Bu səbəbdən də, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş Referendum Aktı layihəsinin 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində vətəndaşlarımız tərəfindən yekdilliklə dəstəklənəcəyi şübhə doğurmur. Əminliklə söyləmək olar ki, zamanın tələbi və xalqın iradəsini əks etdirən siyasi hakimiyyətin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasının yeniləşməsi ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni inkişafında yeni səhifə açacaqdır. Milli yüksəliş, siyasi sabitlik və davamlı inkişaf naminə sözügedən referendumda iştirak etmək və təklif olunan əlavə və dəyişiklikləri dəstəkləmək isə hər birimizin vətəndaşlıq borcudur.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru
Olaylar.- 2016.- 21 sentyabr.- S.14.