Dağlıq Qarabağ münaqişəsi

beynəlxalq tribunalarda

 

Hər biq azərbaycanlı Vətən uğrunda mübarizəyə qoşulmalıdır

 

Azərbaycanın ümumilli problemləri, daha dəqiq Dağlıq Qarabağ məsələsi, eləcə də milli mənəvi dəyərlərin qorunmasi kimi məslələr mütəmadi olaraq beynəlxalq tribunalrdan səsləndirilməkdədir. Etiraf edilməlidir ki, bu işdə vətənpərvrlik hissinə malik hər bir azərbaycanlı üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışır. Daha dəqiq, sadə vətəndaşdan tutmuş parlament sədrinə qədər hər bir azərbaycanlı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına ciddi səy göstərir. Bu günlərdə Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv ölkələrin parlament sədrlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov "Parlamentlərin nifrətə və irqçiliyə qarşı birgə fəaliyyəti" mövzusuna həsr olunan sessiyada çıxış edib. Oqtay Əsədov insanlığın tarixi qədər qədim olan nifrətə və irqçiliyə qarşı mübarizə probleminin bu gün bəşəriyyəti ağır sınaqlara çəkdiyini, bəşər sivilizasiyasının əsrlər boyu ərsəyə gətirdiyi mənəvi dəyərlərin aşınmasının dünya nizamının dayaqlarını sarsıdan və qlobal böhranı dərinləşdirən bir amilə çevrildiyini bildirib. O, dünyanın müxtəlif bölgələrində cərəyan edən neqativ proseslərin ayrı-ayrı ölkələrdə radikalizmin, dini dözümsüzlüyün və ekstremizmin artmasına, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya kimi mənfi meyillərin güclənməsinə şərait yaratmasının dərin təəssüf doğurduğunu qeyd edib. Milli Məclisin sədri bildirib ki, bəşəriyyətin qarşısında dayanan qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində işbirliyindən çox şey asılıdır. Parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi dünyamızın yaşayış üçün daha təhlükəsiz yerə çevrilməsi naminə göstərilən kollektiv səylərə sanballı töhfə ola bilər. Bu gün dünya ölkələrinin parlamentlərinin qlobal çağırışların həllində iştirak etmək əzmində olduqlarını qətiyyətlə bəyan etmələri təqdirəlayiqdir. Diqqətə çatdırılıb ki, ayrılıqda hər bir ölkədə qarşılıqlı anlaşmanın və dözümlülüyün dəstəklənməsi son dərəcə vacib olsa da, yetərli deyil. Bu gün müxtəlif sivilizasiyalara mənsub cəmiyyətlər, xalqlar və millətlər arasında qarşılıqlı hörmətin, etimadın və hüquq bərabərliyinin təmin edilməsi həyati əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlər ahəngdar şəkildə bir-birini tamamlayıb və zənginləşdirib. Ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri həmişə dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamaq imkanına malik olublar. Azərbaycan xalqının milli sərvəti olan tolerantlıq və multikulturalizm ənənələri dövlət siyasəti səviyyəsinə qaldırılıb və həyat tərzinə çevrilib. Bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Azərbaycanın siyasəti, eləcə də cəmiyyətimizin durumu sübut edir ki, multikulturalizm dərin köklərə malikdir, yaşayır, möhkəmlənir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunub. İnsanlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə yönələn tədbirlər planlı şəkildə həyata keçirilir. Müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Əslində ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu bir yerə çevrilib.Vurğulanıb ki, Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, fərqli dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər müntəzəm və ardıcıl xarakter daşıyır. Ölkəmizdə məscidin də, kilsənin də, sinaqoqun da qapısı həmişə açıqdır və insanların dini ayinləri və ibadətləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. Azərbaycandakı dini icmaların rəhbərləri ölkənin taleyüklü məsələlərində həmişə eyni mövqedən çıxış edir. Oqtay Əsədov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsasa malik olmadığını diqqətə çatdırıb. Bildirib ki, 25 ilə yaxındır Azərbaycan ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb. Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb. Milli Məclisin sədri münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylərin Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədiyini təəssüflə qeyd edib. O, vəziyyətin bu cür qalmasının, münaqişənin nizama salınmamasının nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə törətdiyini vurğulayıb. Oqtay Əsədov aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələrin bunu bir daha sübut etdiyini xatırladıb. Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutduğunu, Azərbaycan Silahlı Qüvvələrinin dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olduğunu, genişmiqyaslı hərbi əməliyyatların çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxardığını diqqətə çatdırıb. Parlamentin sədri deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: "Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır". Milli Məclisin sədri vurğulayıb ki, son dövrlərdə dünya quruluşu sistemində beynəlxalq hüququn norma və prinsiplərinin çərçivəsi pozulur və təəssüf ki, onun yerini gücün hüququ tutur. Bu, çox təhlükəli bir tendensiyadır, ona görə də bu məsələ həmişə diqqətdə saxlamalıdır.

Aparılan təbliğat işlərinin nəticəsidir ki, artıq beynəlxalq aləmdə Azərbaycana qarşı münasibət dəyişir, xarivi media orqanları ölkəmiz haqqında həqiqətlərdən bəhs edən məqalə, telesujetlər hazırlayırlar. O da faktdır ki, hələkik xarici məıtbuat orqanlarının ölkəmiz barədə qərəzli anlamlarını qırmaq mümkün olmayıb. Bu günlərdə "Euronews" telekanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj hazırlayıb. Çəkiliş qrupu reportajı hazırlayarkən Bakı və Xankəndi şəhərlərində, eləcə də cəbhəyanı kəndlərdə olub. Lakin "Euronews" telekanalı reportajda münaqişənin Azərbaycan və qondarma "Dağlıq Qarabağ Respublikası" arasında olduğunu göstərməklə hadisələri təhrif edib, Ermənistanı kənarda saxlayıb. Reportajda bu ilin aprelində baş vermiş "dördgünlük müharibə"nin Azərbaycan Ordusu ilə "Dağlıq Qarabağ Respublikası" adlı qondarma rejimin silahlı qüvvələri arasında getdiyi göstərilib. Qeyd edilib ki, canlı qüvvə sarıdan itkilərə və yaşayış məntəqələrinin dağıntılarına məruz qalan tərəflər bir-birini təxribatda ittiham ediblər. Reportajda erməni əsgərlər "Euronews"un jurnalistini inandırma çalışırlar ki, Azərbaycan Ordusunun istənilən hücumuna hər an hazırdırlar. "İndi daha yaxşı hazırlanmışıq və bir şey baş verərsə, bizim müqavimət güclü olacaq", - deyə artilleriya qərargahının komandiri Sevak Sardaryan bildirib. Amma onun nikbinliyini cəbhə bölgəsində yaşayan erməni sakinlər paylaşmırlar. "Mənim bir oğlum döyüşdə həyatını itirdi, indi bircə oğlum və onun beş övladı var", - deyə Amalia Ohanyan adlı erməni qadın ağlayaraq, bildirib. Amalia Ohanyan daha sonra "biz indi necə yaşayaq? Nə evimiz var, nə də işimiz. Və biz burada qalmağa məcburuq!",- deyə əlavə edib. Onun oğlu Qarik isə "həmişə atəş səsləri gəlir. İndi biz bir şey istəyirik: bu münaqişə "sülh yolu ilə həll edilsin" deyib. Reportajda Azərbaycan Ordusunun polkovniki Valeh Rəcəbov "aprel döyüşləri"nə görə haqlı olaraq Ermənistan tərəfini ittiham edib, düşmən ölkəni təxribat törətməkdə suçlayıb. Reportajda Azərbaycanın cəbhə bölgəsində yerləşən Tapqaraqoyunlu kəndinin sakinləri də danışdırılıb. Onlar ermənilərin kompromisə getməsinin gərəkli olduğunu bildiriblər."Euronews" filmdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistan da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış qaldığını bildirib. "Euronews" reportajda Azərbaycan Milli Məclisinin deputatı, Qarabağın Azərbaycanlı İcmasının üzvü Rövşən Rzayevin də münaqişə ilə bağlı fikirlərnə yer ayırıb."Azərbaycan sülh danışıqları vasitəsilə qanunsuz işğal edilmiş ərazilərini qaytarmaqda maraqlıdır" deyən R.Rzayev Ermənistanın torpaqlarımızın 20%-ni işğal etdiyini xatırladıb.

"Müstəqil Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. Bizə işğal olunmuş rayonlarımızı geri qaytarmaq lazımdır",-deyə o bildirib. Filmin çəkiliş qrupu Ağdam rayonunun Quzanlı qəsəbəsində da olaraq, yerli sakinlərlə söhbətləşib.

Bu arada tanınmış yazıçı Raul Loueri Kontrerasın müəllifi olduğu "Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab ABŞ-da "Siyasət və cari işlər barədə ən yaxşı kitab" nominasiyasında "Latino Book Award" beynəlxalq mükafata layiq görülüb. Kitabın müəllifi qeyd edib ki, belə beynəlxalq mükafata layiq görülmək böyük şərəfdir: "Mən öz torpaqlarından qovulan bütün azərbaycanlıların ağrılarını anlayıram". "Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab Azərbaycan torpaqlarının işğalı məsələsinə ümumdünya diqqəti cəlb etməyə kömək etdi. İndiyə qədər ABŞ-ın əsas müttəfiqi olan Azərbaycana qarşı işğal və soyqırım davam edir, amma bütün dünya bunu sanki görmür. "Latino Book Awards" beynəlxalq mükafat 1997-ci ildən ABŞ-da ən böyük kitab mükafatlarından biridir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 22 sentyabr.- S.15.