Gənclərin vətənpərvər
ruhda
tərbiyəsinə diqqət
artırılır
Aprel
döyüşləri və Silahlı Qüvvələrimizin
nümayiş etdirdiyi yüksək döyüş
hazırlığı, eləcə də uzun illər
işğal altında olan bir neçə yüksəkliyin
azad edilməsi bir daha sübut etdi ki, Azərbaycan gəncləri
vətənpərvər ruhda tərbiyə olunur. Ancaq
hazırda ölkəmiz müharibə şəraitində
yaşadığı üçün gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə daha çox diqqət
ayrılması vacib hesab edilir. Elə bu zərurəti nəzərə
alan müvafiq dövlət qurumları gənclərin vətənpərvər
ruhda tərbiyəsinə yönəlik müxtəlif tədbirlər,
layihələr həyata keçirirlər.
Belə ki, Müdafiə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP-ın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd ediblər ki, Azərbaycan gənclərinin tarixi-mədəni irsə, milli mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev bu məsələlərə xüsusi diqqət yetirirdi. Ulu öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi təsis edib, hərbi kadrların, Azərbaycanın hərbi potensialının yaradılması üçün böyük işlər görüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər üçün böyük imkanlar yaradılır. Çıxış edənlər xatırladıblar ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycana rəhbərlik edən qüvvələr milli ordunu yarada bilməyərək məsuliyyətsizliyə yol veriblər. Nəticədə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edə bilib, bir milyondan çox azərbaycanlı zor gücünə öz doğma torpaqlarından qovulub, on minlərlə insan həlak olub. Yalnız xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən və Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusunun bölgənin ən qüdrətli ordusu olması, işğal altındakı torpaqları istənilən vaxt düşməndən təmizləməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu qeyd edilib. Vurğulanıb ki, aprel hadisələri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi.
Bundan başqa müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə cavabı ilə əlaqədar "dəyirmi masa" keçirilib. Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbiri giriş sözü ilə açaraq birlik, birləşmə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən siyasi məlumatlandırma saatlarında, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin Ali Baş Komandanımızın bu cavabını Ermənistan hərbi-siyasi xuntasına vurulan növbəti zərbə kimi dəyərləndirdiyini qeyd edib. "Dəyirmi masa" iştirakçıları bildiriblər ki, Bişkek şəhərində keçirilən iclasda Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin aprel ayında guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu iddia edən qərəzli və təxribat xarakterli çıxışına Azərbaycan Respublikası Prezidentinin tutarlı və sərt cavabı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Qeyd edilib ki, erməni tərəfinin bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirməsinə baxmayaraq, Qarabağ məsələsində beynəlxalq qanunlar Azərbaycanın xeyirinə işləyir, regionda hərbi qüvvələr balansı ölkəmizin tərəfindədir və Silahlı Qüvvələrin şəxsi heyəti bundan sonra da Ali Baş Komandanımızın əmrlərinə hər an hazırdır. Müzakirələrdə Müdafiə Nazirliyinin əməkdaşları, qoşun növləri və qisimlərinin, Bakı Qarnizonu hərbi hissələri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində "Dini radikalizmlə mübarizə yolları" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Multikulturalizm ili" çərçivəsində görülən işlərdən danışıb.
Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Gündüz İsmayılov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib. DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında aprel döyüşlərinə toxunaraq Azərbaycan əsgərinin fonunda Azərbaycan gəncinin mərdliyindən və qəhrəmanlığından bəhs edib. O, ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
2011-ci ildən başlayaraq isə Gənclər və İdman Nazirliyi tərəfindən azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi işi növbəti dəfə Abşeron rayonunda davam etdirilib. Belə ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib. Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ilə bağlı müzakirələrə başlanıldı. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev məruzə ilə çıxış edərək, gənclərə öz tövsiyyələrini çatdırıblar, azərbaycançılıq məfkurəsinin mahiyyətini, onun fəlsəfi anlamını və ideoloji prinsiplərini ətraflı və konkret faktlarla açıqlayıblar. Qeyd olunub ki, dilimizin, milli-mədəni irsimizin qorunub saxlanılması, əsrlər boyu malik olduğumuz multikultural dəyərlərin, milli, dini tolerantlığın bundan sonra da inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərə daim hörmətlə yanaşılması, azərbaycanlılara xas olan qonaqpərvərlik, sülhsevərlik, humanizm kimi nəcib əxlaqi və insani keyfiyyətləri özündə ehtiva edən azərbaycançılıq məfkurəsi milli ideologiyamızın əsası kimi cəmiyyətimizin həyat tərzidir. Çıxış edən gənclər - Zərifə Cəbiyeva, İlqar Rəhimov, Təranə İsmayılova, İsmayıl Cəfərov və digərləri ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ayrı-ayrı istiqamətlər üzrə əsas ideoloji aspektlərini nəzəri və praktik cəhətdən təhlil edərək, cəmiyyətimizin gələcək inkişafı, dövlətçiliyimizin strateji hədəfləri baxımından əhəmiyyətini konfrans içtirakçılarının diqqətinə çatdırdılar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı il avqust ayının 5-dən sentyabr ayının 8-dək" Lənkəran şəhərində və Quba rayonunda "Azərbaycan-doğma diyarımdır" adlı gənclər üçün vətənpərvərlik-istirahət düşərgələri təşkil olunub. Düşərgələrin təşkilinin əsas məqsədi 14-29 yaşlı gənclərin asudə vaxtını səmərəli təşkil edərək, onların yay istirahətini təmin etmək, eyni zamanda diyarşünaslığı inkişaf etdirməklə, azərbaycançılıq məfkurəsini təbliğ etməkdən ibarət olub. Düşərgələr bir ay ərzində 3 dəfə 10-günlük növbələr olmaqla, maraqlı proqram əsasında təşkil edilib. Proqrama uyğun olaraq, düşərgə iştirakçıları mənalı istirahətlə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmaq imkanı əldə edib, müxtəlif gəzintilərdə iştirak etmiş, idman və masaüstü oyunlar üzrə yarışlarda güclərini sınayiblar. Dövlətçilik, ideoloji prinsiplər və multikultural dəyərlərlə bağlı maraqlı mühazirələrdə iştirak edən gənclər intellektual oyunlarda da öz bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 23 sentyabr.- S.15.