Qəhrəmanlarımız
vətənpərvərlik nümunəsidir
Azərbaycan
Silahlı Qüvvələrinə göstərilən diqqət
və qayğı, müntəzəm olaraq əsgər və
zabitlərlə keçirilən görüş gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılmasına müsbət təkan
verir. Bu mənada Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin qeyd edilən istiqamətdə keçirdiyi
görüşlər, tədbirlər xüsusi qedy edilməlidir.
Artıq bir müddətdir ki, Silahlı Qüvvələrin
birlik, birləşmə, hərbi hissələrində, eləcə
də xüsusi təyinatlı təhsil müəssisələrində
şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji
hazırlığının daha da yüksəldilməsi məqsədilə
silsilə tədbirlər həyata keçirilir.
Vətən müdafiəçiləri keşiyində durduqları bölgənin tarixini, mədəniyyətini, coğrafiyasını, adət-ənənələrini, yetirdiyi böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini dərindən öyrənir, ordu ilə xalqın qarşılıqlı əlaqələri genişlənir. Əsgər və zabitlərimiz yaxşı bilirlər ki, keşiyində durduqları diyarın tarixini dərindən öyrənmədən, onu tanımadan sevməyə, sevmədən isə qorumağa dəyməz. Tovuz rayonunda, düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə Vətən, xalq, dövlət qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən hərbi qulluqçularımız yeni bir tədbirin iştirakçısı olublar. "Sazları kökləyin "Misri" üstündə, cənnət Qarabağa səfərimiz var!" devizi altında keçirilən tədbirdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani Tovuz rayonunun arxeoloji və memarlıq abidələrindən, folklor və etnoqrafiyasından, ümumiyyətlə, Azərbaycan tarixində tutduğu yerdən geniş söhbət açaraq döyüşçüləri maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, Tovuz rayonu qədim insan məskənlərindəndir. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan süxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu ehtimal edilən Torpaqqala, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri bu ərazilərin qədim tarixindən xəbər verir. Bir çox tədqiqatçıların gəldiyi nəticələrə görə Tovuz sözünün etimologiyası qədim türkcədə "dağ tayfalarıyıq" və yaxud "dağ üstə yerləşən qala" mənasını verir. Həqiqətən də Tovuz rayonu müdafiə tikililəri, qalalar, qalacıqlar, bürclər, müdafiə və müşahidə qüllələri ilə zəngindir. Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Adil Həsənov şəxsi heyəti rayon ictimaiyyəti adından salamlayaraq onlara müqəddəs xidmətlərinə görə minnətdarlığını bildirib. Ön səngərdə Tovuz aşıqları Muğdəd Yusifovun, Lətif Tağıyevin, Aşıq Əkbərin yadigarı Cahandar Cəfərovun ifa etdikləri "Döşəmə Koroğlu", "Qəhrəmanı", "Koroğlu bozuğu", "Göyçəgülü", "Yanıq Kərəmi", "Ruhani" əsgərlərdə xoş ovqat yaradıb. Balaca aşıq Amal Tovuzlu "Misri" havasını bir özgə şövqlə ifa edib. "Dəlilərim, bu gün dava günüdür, müxənnət ölkəsi talansın gərək!" misraları zirvələrdə əks-səda verib. Əsgərlər aşığın səsinə səs verərək Qarabağ uğrunda döyüşlərə hər an hazır olduqlarını bildiriblər. Tovuz rayon ziyalıları adından çıxış edən təqaüdçü müəllim Firdovsi Əliyev Azərbaycan əsgəri ilə fəxr etdiklərini, aprel döyüşlərində qazanılan qələbədən, ordu quruculuğundakı son uğurlardan qürur duyduqlarını nəzərə çatdırıb. Hərbi hissənin zabiti polkovnik-leytenant Murad Muradov şəxsi heyətin döyüş ruhunun və mənəvi psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivinə hərbi hissə komandanlığı adından fəxri fərman təqdim edib. Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Ruhumuzun qələbəsi naminə" və "Ordu xalqın, xalq ordunun dayağı" kitab-albomları hədiyyə edilib. Şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.
Gəncə şəhərində isə Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasına start verilib. Layihənin ideya müəllifi polkovnik Abdulla Qurbani bildirib ki, Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində görkəmli sərkərdələrin, Vətənin igid oğullarının qəhrəmanlıq ənənələrinin təbliği və öyrənilməsinin müstəsna əhəmiyyəti vardır. Müdafiə Nazirliyinin rəhbərliyi ideoloji və mədəni-maarif işində şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasına və formalaşmasına xüsusi önəm verir. İlin sonunadək davam edəcək aksiya çərçivəsində birlik, birləşmə və hərbi hissələrin, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti görkəmli sərkərdələrin, xalq qəhrəmanlarının, Böyük Vətən müharibəsi illərində xalqımızın hərbi şöhrət tarixinə parlaq səhifələr yazmış Sovet İttifaqı Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş igid döyüşçülərimizin adları ilə bağlı ünvanları ziyarət edəcək, yerli icra orqanları və ictimai təşkilatlarla birlikdə təşkil olunacaq tədbirlərdə iştirak edəcək, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşəcək, sərgilərə tamaşa edəcək, kitab və filmlərin müzakirəsinə qoşulacaqlar. Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə - ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirə mərasimində iştirak edən hərbi qulluqçular əvvəlcə Xan bağında olub, qəhrəmanın buradakı məzarını ziyarət edib, qəbirüstü abidəsi qarşısına qərənfillər düzərək igid döyüşçünün xatirəsini hörmət və ehtiramla yad ediblər. Gəncə şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yusif Məmmədov gəncəlilərin bu gün də İsrafil Məmmədovun adını əziz tutduqlarını qeyd edərək bildirib ki, 22 yaşında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ən yüksək fəxri ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən igid həmyerlimiz Vətəndən uzaqlarda - Şimal-Qərb cəbhəsində böyük qəhrəmanlıqlar göstərərək Azərbaycan gəncliyinin vətənpərvərliyini, hərbi peşəkarlığını bütün dünyaya nümayiş etdirmişdir. Bu gün də Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə
İsrafil Məmmədov kimi qəhrəmanlarımız vardır və onlar aprel döyüşləri zamanı düşmənə tutarlı zərbələr vuraraq ərazilərimizin xeyli hissəsini düşmən tapdağından azad ediblər. Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzundur və həyatda qəhrəmanlığa həmişə yer var. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyinin əməkdaşları hərbi qulluqçuları səmimiyyətlə qarşılayıblar. Muzeyin direktoru Eldəniz Babayev ekspozisiya haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu muzey 31 il öncə yaradılıb. Burada qəhrəmanın qısa, lakin mənalı ömür yolunu əks etdirən xeyli foto, sənəd, kitab, xatirə əşyaları qorunub saxlanılır. Hər il muzeyin yüzlərlə qonağı olur. Aksiya iştirakçıları qarşısında çıxış edən Füzuli Huseynov dayısı haqqında xatirələrini söyləyib, onun xatirəsini həmişə əziz tutduqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə qəhrəmanın ailəsi adından minnətdarlığını bildirib, əmək veteranı Hümbət Əliyev İsrafil Məmmədov küçəsində yaşamağından qürurla söhbət açıb və "Millət artar, torpaq artmaz!" deyərək Azərbaycan əsgərlərini işğal edilmiş torpaqlarımızın azad olunması naminə hər an Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hazır olmağa və igid İsrafillərin qəhrəmanlıqlarını təkrar etməyə səsləyib. Gənc zabit Toğrul Osmanov hərbi qulluqçular adından muzeyin əməkdaşlarına və veteranlara minnətdarlıq edib, İsrafil Məmmədovun ev muzeyinə Müdafiə Nazirliyinin adından hədiyyələr bağışlanıb.
Qazax rayonunda isə ilk Azərbaycanlı hərbi pilot, Birinci Dünya Müharibəsinin iştirakçısı, Poruçik Fərrux ağa Qayıbovun rayonun girişindəki "Obelisk"in yanında xatirəsinə ucaldılmış təyyarə abidəsinin açılışı olub. Tədbirdə Qazax rayonu İcra Hakimiyyəti başçısının Aparatı, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə, təşkilat rəhbərləri, əmək və müharibə veteranları, Qarabağ Müharibəsi əlilləri və iştirakçıları, ziyalılar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Fərrux ağa Qayıbovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, Fərrux Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Bornaya hücum edir. Almanların mövqelərini darmadağın edərək hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir, F.Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhərisi gün almanlar Fərrux Qayıbovun onlar tərəfdə şərəflə, göstədiyi igidliyə layiq şəkildə dəfn edildiyini bildirirlər. Sonra çıxışlar olub. Respublikanın əməkdar müəllimi Mustafa Mirzəyev, professor İsmayıl Umudlu, BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, əməkdar incəsənət xadimi, AYB Qazax zona filialının sədri, şair Barat Vüsal, şair Həvəskar, təqüddə olan müəllim Murad Süleymanov, təqaüdçü ağsaqqal Həvva İsmayılova, rayon Ağsaqqallar Şurasının sədri Sabir Məhərrəmov, N saylı hərbi hissənin komandiri, polkovnik İdris Məhərrəmov, şair Cavanşir Rüstəmov, ağsaqqal Abdulla Mustafayev və Fərrux ağa Qayıbovun qohumu Saleh Qayıbov çıxış etmişlər. Saleh Qayıbov çıxışında rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova Fərrux ağa Qayıbovun qohumları və doğmaları adından təşəkkür edib və dərin minnətdarlığını bildirib. Digər çıxış edənlər Fərrux ağa Qayıbovun göstərdiyi qəhrəmanlıqlardan danışıblar, hərbi vətənpərvərlik mövzusunda yazılmış şeirlərini oxuyublar. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə rayonun ən gözəl yerində ucaldılmış təyyarə abidəsinə, abidənin ətrafında salınmış yaşıllıqlara, abadlığa və yeni qurulmuş işıq sisteminə və ümumiyyətlə, bütün bu böyük, xeyirxah, vətənpərvər və nəcib işə görə ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Haklimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda rayonun Yuxarı Salahlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya göstərilib və hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Artıq abidə Qazaxda yaşayan və qonşu rayonlardan gələn gənclərin ən çox sevdiyi məkanlardan birinə çevrilib. Yeni ailə quranlar həmin abidəni ziyarət edirlər və xatirə şəkilləri çəkdirirlər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 27 sentyabr.- S.15.