“İşığa gedən yol”: Həsən bəy Zərdabi
yoluna nur salan dəyərli
əsər
Sona Vəliyevanın
kitabının imza günü keçirilib
Sentyabrın
23- də Milli Kitabxanada
filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona
Vəliyevanın milli mətbuatımızın
banisi, görkəmli ziyalı, maarifçi və publisist
Həsən bəy Zərdabinin ömür
yoluna həsr olunmuş
"İşığa gedən yol"
romanının imza və təqdimat mərasimi
keçirilib.
Milli
Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri,
yazıçı və şairlər, eləcə də
kütləvi informasiya vasitələri rəhbərlərinin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov roman
haqqında qısa məlumat verib. O qeyd edib ki, Sona xanım Həsən
bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə
gətirməklə, sanki Həsən bəy Zərdabiyə
bir heykəl qoyur. K.Tahirov deyib ki, romanda Həsən bəy Zərdabinin
ömür yolu zərgər dəqiqliyi ilə təsvir
edilir: "Sona xanımın qələmə
aldığı bu roman dəyərli bir əsərdir. Bu
kitab təkcə Həsən bəy Zərdabinin həyatını,
onun yaradıcılığını oxuculara təqdim etmir.
Eyni zamanda bu kitab milli ideologiyaya xidmət edən dəyərli
bir əsərdir. Hesab edirəm ki, Sona xanımın müəllifi
olduğu "İşığa gedən yol" romanı bu
baxımdan bir nümunədir. Kitab həm geniş oxucular
üçün nəzərdə tutulub, həm də Zərdabişünaslar,
mütəxəssislər üçün dəyərli nəşrdir.
Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri
çox rahatlıqla başa düşür. Hesab edirəm
ki, tarixi şəxsiyyətlərimiz haqqında belə
böyük romanların yazılması təşəbbüsü
bundan sonra da davam etməlidir".
Kərim
Tahirov qeyd edib ki, müəllif kitabda o dövrün hadisələrini,
Həsən bəy Zərdabinin fikir və düşüncələrini
oxuculara daha dolğun şəkildə çatdıra bilib. Mədəniyyət
və turizm nazirinin müaini Vaqif Əliyev Həsən bəy
Zərdabinin milli mətbuatımızın yaranmasındakı
xidmətlərindən danışıb. Bildirib ki, dahi
mütəfəkkir "Əkinçi" qəzetini nəşr
etməklə bizə böyük bir miras qoyub gedib. Daha sonra
nazir müavini "İşığa gedən yol" kitabı barədə fikirlərini
bölüşüb. O, əsərin bədii cəhətdən
mükəmməl, oxunaqlı, xüsusilə gənclər
üçün ibrətamiz olduğunu deyib. Vaqif Əliyev
deyib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə
bir əsər yaratmaq çox vacib hadisədir: "Həsən
bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik,
ancaq onun haqqında belə ətraflı, onun
ömrünü tam əks etdirən əsərə rast gəlməmişik.
Milli mətbuatımızın banisinin ömür yolunun bu
cür geniş şəkildə təsvir edilməsi təbii
ki, çox sevindirici haldır". Vaqif Əliyev bildirib ki,
kitabın dili o qədər sadə və rəvandır ki,
oxucular çox rahatlıqla hadisələri başa
düşür: "Bu çox dəyərli əsərdir.
Bu hamı üçün Həsən bəy Zərdabinin həyatını,
tarixini öyrənmək istəyənlər
üçün gözəl bir mənbədir". Nazir
müavini əlavə edib ki, tarixi şəxsiyyətlərimiz
haqqında belə böyük romanların yazılması təşəbbüsü
bundan sonra da davam etməlidir. Kitabda müəllifin Həsən
bəy Zərdabinin nitqindən öz fikir və
düşüncələrini xalq
çatdırdığını deyən Vaqif Əliyev qeyd
edib ki, müəllif bu məqamlara ustalıqla yanaşıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, professor Cahangir Məmmədli kitabın əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Sona xanım tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub: "Bu kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir". Cahangir Məmmədli qeyd edib ki, bu kitazba daha çox jurnalistlər sahib çıxmalıdır: "Sona xanım qələmə aldığı bu kitabla Həsən bəy Zərdabinin bütün ömrünü ortaya qoyub. Digər bir müsbət məqam ondan ibarətdir Sona xanımda klassikaya böyük maraq var. O, obyektlərə böyük sevgi ilə yanaşır".
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: "Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir. Çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir". Əflatun Amaşov əlavə edib ki, "İşığa gedən yol" kitabı Mətbuat Şurası tərəfindən Ali media mükafatına layiq görülüb: "Hər bir xalqın inkişafında ayrı-ayrı şəxsiyyətlər mühüm rol oynayır. Həsən bəy Zərdabi də məhz bu cür tarixi şəxsiyyətlərdəndir. Sona xanım dahi mütəfəkkir Həsən bəy Zərdabi barədə belə bir dəyərli əsər ortaya qoymaqla dahi şəxsiyyəti Azərbaycan xalqına bir daha geniş anlamda tanıtmaqla yanaşı, həm də jurnalistikaya töhfə vermiş oldu. Həmçinin bu əsər Azərbaycan ədəbiyyatına da bir töhfədir.
Millət vəkili Nizami Cəfərov da çıxışında kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında belə bir gözəl əsərin yaradılması çox sevindirici haldır: "Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır". Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu kitab hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan E.Axundova bu kitabın rus, ingilis və digər dillərdə də çap edilməsinin vacibliyini vurğulayıb: "Ümumiyyətlə kitab XIX-XX-XXI əsr Azərbaycanı haqqındadır. Kitabın ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, bir çoxlarının tanımadığı dahi şəxsiyyətlər barədə məhz Sona xanımın kitabında geniş məlumat verilir, həmin insanlar xalqa tanıtdırılır. Sona xanım Həsən bəy Zərdabinin dili ilə öz fikir və düşüncələrini belə çatdırır ki, bizim insanlar var-dövlətlərini, mal və mülklərini iftar süfrələrinə, məscid, mədrəsə tikməyə sərf edir. Ancaq bir nəfər məktəb açmağa, təhsil verməyə maraqlı görünmür". Tədbirdə çıxış edən "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı da kitab haqqında fikir və düşüncələrini bölüşüb, onu dəyərli bir əsər kimi səciyyələndirib. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, kitabda bir çox məziyyətlər ortaya qoyulub. Yazıçı deyib ki, əsəri oxuyarkən onları aydın görmək olur: "Birincisi, Rusiya Azərbaycanı işğal edəndən, Türkmənçay müqaviləsindən sonra Azərbaycan bölgələrinin sosial, təhsil vəziyyəti, həmçinin insanların bir-birinə münasibətləri aydın görünür. İkincisi Azərbaycanda cahil olmaq istəyənlərlə yenilik tərəfdarlarının mübarizəsi çatdırılır. İnsanların qadına olan münasibəti, bir-birinə olan rəftarı əksini tapıb. Kitabda bir axıcılıq var və məzmunu da çox gözəldir. Kitab axarlıdır və insanı yormur". Yunus Oğuz qeyd edib ki, Həsən bəy Zərdabinin mentaliteti, millətçiliyi də aydın ortaya qoyulub: "Yəni, ya milləti üçün işləməli, ya da ruspərəst kimi olmalıdır. Ona görə də o Solovyovun qızı ilə evlənmir və Qafqaza gəlib qaraçaylı bir türk qızı alır". Yunus Oğuz deyib ki, Həsən bəy Zərdabi Moskvada qalsaydı bəlkə də Mirzə Kazım bəy kimi daha böyük məzhəb sahibi olardı: "Ancaq o Moskvada qalmadı və mentaliteti və millətini yetişdirmək naminə Azərbaycana qayıtdı. Nəticə etibarilə onun başçılığı, ziyalılığı ilə insanlarımız yetişdi. Nəticə etibarilə Azərbaycan Demokratik Cümhuriyyəti quruldu. Əgər ziyalımız, alimimiz olmasaydı həmin Demokratik Cümhuriyyətimiz bu gün davam edə bilməzdi".
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və digər iştirakçılar da kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, sözügedən əsər Həsən bəy Zərdabi barədə film çəkilməsi üçün də dəyərli töhfədir.
Təqdimat mərasiminin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi əhəmiyyəti var: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi. Kitab haqqında çoxlu rəylər yazılıb. Hər kəsə təşəkkür edirəm, dəyərli fikirlər səsləndi. Bu fikirləri eşitmək mənim üçün xoş idi". Sona Vəliyeva qeyd edib ki, Həsən bəy Zərdabinin milli düşüncənin oyanması, Milli Azadlıq Hərəkatının yaranması, istərsə də ondan sonrakı dövrdə cərəyan edən proseslərdə böyük rolu olub: "Həsən bəy Zərdabi nəinki bizim Milli Mətbuatımızın banisidir, eyni zamanda xeyriyyə cəmiyyəti, ilk teatr yaradıcılığının banisidir. Bununla yanaşı bu gün bizlərin yaxşı tanıdığı qeyri-hökumət təşkilıatının da əsasını qoyub. Bütün bu proseslər içərisində Həsən bəy böyük tarixçi, ictimai xadim olmaqla bərabər dövrümüz, tariximiz və gələcək nəsillər üçün millət sevgisi qoyub gedib. Millətini təmənnasız olaraq sevmək hər bir şəxsə nəsib olan bir ürək deyil. Ona görə Həsən bəyi bu yola vadar edən onu millətini təmənnasız olaraq sevməsi idi". Sona Vəliyeva bildirib ki, tarixdə müstəsna xidmətləri olan Həsən bəy Zərdabi barədə minlərlə belə əsər yazılsa da, azdır.
Süleyman İsmayılbəyli
Olaylar.- 2016.- 24-26 sentyabr.- S.9.