Azərbaycan dilində heca vurğusu
və ya ahəng
qanunu məsələlərinə yeni baxış
Azərbaycan dili fənninin mühüm mövzularından biri də vurğudur. Orta məktəb dərsliklərində və elmi əsərlərdə vurğunun əsas 3 növü göstərilir. 1) heca vurğusu, 2) məntiqi vurğu, 3) həyəcanlı vurğu. Biz bu yazıda heca vurğusu haqqında öz fikirlərimizi bildirmək istəyirik. Məlumdur ki, Azərbaycan dilinə dair bütün dərslik və elmi nəşrlərdə heca vurğusuna təxminən belə bir tərif verilir; "Sözdə hecaların birinin o birilərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir". ("Azərbaycan dili", TQDK-nın nəşri, Bakı - 2012, səh. 21). Daha sonra bütün Azərbaycan dili kitablarında göstərilir ki, dilimizdə heca vurğusu, əsasən, sözün son hecasının üzərinə düşür. Məsələn; ana, çiçək, məktəb, Azərbaycan, iməcilik, azadlıq, vətən, yeddi, səkkiz və s. Bizcə, bu fikir doğru deyildir. Belə ki Azərbaycan dilində vurğu heç vaxt sözün axırına düşmür. Bayaqkı sözləri bir də nəzərdən keçirək: ana, məktəb, yeddi, səkkiz və s. Məgər bu sözlərdə ikinci hecalar ("na", "təb", "di", "kiz") birinci hecalara nisbətən qüvvətli deyilir? Xeyir! Həmin sözlərdəki hecaların hər ikisi eyni intonasiya ilə, eyni ahənglə deyil, yəni adi, normal tonla deyilir. Biz "ton" terminini ona görə xüsusi olaraq qeyd edirik ki, "Müasir Azərbaycan dili" dərsliyində (I hissə, Ə.Dəmirçizadə, Bakı - 2007, Şərq-qərb nəşriyyatı) daha düzgün olaraq heca vurğusu məhz tonun artması hadisəsi ilə izah olunmuşdur. Həmin dərslikdə yazılıb: " Heca vurğusu . Tonun artması və ya gücünün çoxalması ilə sözdə heca düzəldən hissənin foneyik boyasıdakı dəyişiklik heca vurğusu adlanır" (səh. 124). Bizcə, bu tərif çox düzgündür. Lakin təəccüblü burasındadır ki, elə həmin dərsliyin özündə də göstərilir ki, Azərbaycan dilində heca vurğusunun əsas mövqeyi, yəni təhkim olunduğu məqam sözün sonuncu hecasıdır" (səh. 125). Və misal olaraq yenə də ata, oğul, yaşayış, tələbə və s. sözləri verilir. Çox qəribədir! Məgər həmin sözləri tələffüz edəndə "ton artır?"
Azərbaycan dilində vurğunun son hecaya düşməməsini və beləliklə, Azərbaycan dilinin əsasən vurğusuz dil olduğunu əsaslandırmaq üçün başqa faktlar və sübutlar da gətirə bilərəm. Vurğuya dair bütün yazılarda göstərilir ki, dilimizdə "keçici sabit vurğu" mövcuddur. Bizcə, "keçici" və "sabit" sözləri özləri bir yerdə işlənə bilməz! Çünki bunlar bir-birinə əks anlayışları ifadə etdirirlər! Azərbaycan dilində vurğunun "keçici sabit vurğu" olduğunu sübut etmək üçün aşağıdakı misallar gətirilir. Məs; kitab, kitablar, kitablarım; çiçək, çiçəklərim, çiçəklərdən və s.
Fikrimizcə, bu misallarda olmayan şeyi olmayan şeyin üzərinə keçirirlər! Çünki bunların hamısı eyni tonla deyilir və deməli, vurğu ümumiyyətlə yoxdur. Əgər həmin sözlərdə vurğu olsaydı onlar mexaniki olaraq sonrakı hecaların üzərinə keçə bilməzdi! Məs: traktor, traktorlar; mebel, mebellər və s. Azərbaycan dilində sözlərin, əsasən, vurğusuz olmasını şərtləndirən əsas cəhət, bizcə, ahəng qanunudur! Ahəng qanunu olan yerdə vurğu olmaz! Bu məsələni sübut etmək üçün, "ahəng qanunu" məsələsini diqqətlə nəzərdən keçirmək lazımdır. Məlumdur ki, iltisaqi dillərdə, o cümlədən Azərbaycan dilində ahəng qanunu var. Ahəng qanunu nəyə deyilir? Orta məktəb kitablarında və abutiriyent hazırlığı üçün tədris vəsaitlərində ahəng qanunun tərifi belə verilir: sözdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Yəni ahəng qanununa, əsasən, dilimizdəki sözlərdə qalın saitlərdən sonra qalın, incə saitlərdən sonra incə sait gəlir. Məs.: ana, ata, nənə, yeddi, səkkiz və s.
Göründüyü kimi, orta məktəb dərsliklərində ahəng qanunu yalnız saitlərin ahəngi kimi müəyyən olunur. Lakiın, məlumdur ki, dilçilik elimində ahəng qanunu yalnız saitlərin deyil, həm də samit səslərin həmcinsliyinə əsaslanan hadisə kimi qəbul olunur. "Müasir Azərbaycan dili" (Ə.Dəmirçizadə, I hissə, Bakı, 2007, Şərq-qərb nəşriyyatı) dərsliyində yazılıb: "Əslində isə türk dillərində başlanğıcdan, hətta söz köklərində səslərin uyuşması - həmcinsləşməsi hadisəsi təkcə saitlər deyil, samitlərin də bir çoxunda, eləcə də sait və samitlərin münasibətində müəyyən şəkildə təzahür etmişdir və bunların izi indi də türk dillərində, o cümlədən
Azərbaycan dilində qalmaqdadır " (səh. 104). Müəllif daha sonra Orxan Yenisey kitabələrinə və Mahmud Kaşğarlının fikirlərinə əsaslanaraq yazır: "Bütün bunları nəzərə aldıqda ahəng qanununu dar mənada, yəni təkcə saitlər ahəngi mənasında deyil, geniş mənada, həm sait, həm samitlər ahəngi, həm də saitlərlə samitlər ahəngi kimi başlıca üç növdə təzahür edən geniş dairəli bir qanun kimi başa düşmək lazımdır " (səh. 104). Bəli, ahəng qanunun geniş mənada götürülməsi tamamilə doğrudur. Bu isə ahəng qanunun həm də hecaların həmahəngliyinə əsaslanması deməkdir. Bəs heca nəyə deyilir? Sözün asanlıqla bölünən hissəsinə heca deyil. Sözün asanlıqla bölünən həmin hissəsində isə saitlərlə yanaşı samitlərdə mövcud olur. Məs: çi - çək, a - na, və - tən və s. Beləliklə, nəticə olaraq bildirmək istəyirik ki, ahəng qanuna geniş mənada bu cür tərif vermək daha düzgün olar: " Sözdə eynicinsli saitlərin və samitlərin bir-birini izləməsinə (uyuşmasına, uyğunlaşmasına) və eyni tonla ahənglə deyilməsinə ahəng qanunu deyilir". Göründüyü kimi, bu tərifə biz "eyni tonla, eyni ahənglə deyilməsi" ifadəsini əlavə etmişik. Fikrimizcə, bu, çox vacib və çox düzgündür! Axı, ahəng qanunu sözlərin məhz eyni ahənglə, eyni tonla və avazla deyilməsinə əsaslanmalıdır! " Ahəng " sözünün mənası məgər bu, deyilmi? Belə olan surətdə ahəng qanunu ilə vurğu bir yerdə ola bilməz! Çünki vurğuya görə, hecalardan biri o birinə nisbətən qüvvətli deyilməlidir! Ahəng qanununun əsl mahiyyəti isə bu hadisəni qəbul etmir. Yəni ahəng qanununa görə sözdəki hecalar eyni intonasiyaya malik olmalıdır. Məs: vətən, ürək, ana, ata, Azərbaycan və s. Yuxarıda göstərmişdim ki, bu sözlərdə vurğunun axıra düşməsi doğru deyil və bunlarda vurğu yoxdur! Çünki axırıncı hecalar əvvəlkilərə nisbətən qüvvətli deyilmir. İkincici və əsas səbəb budur ki, həmin sözlərdə ahəng qanunu var! Yəni həmin sözlərdə sait və samit səslərin bir-birini izləməsindən başqa, həm də eyni ahəng, eyni intonasiya hadisəsi var. Necə deyərlər, ahəng qanunu qoymur ki, vurğu hər hansı bir hecanın üzərinə düşsün.
Hətta şifer, mebel, obraz, Aytmatov kimi vurğusu əvvələ və ya ortaya düşən sözlərdə də tam ahəng qanunu yoxdur. Baxmayaraq ki, bu sözlərdə incə və ya qalın saitlər bir-birini izləmişdir. Axı, həmin sözlər eyni ahənglə deyilmir! Hecalardan biri normal, o biri isə qüvvətli deyilir. Bu sözlərdə ahəng qanunu yarımçıqdır, natamamdır. Ona görə də həmin sözlər ahəng qanunu olmayan sözlər kimi götürülsə, daha düzgün olar.
Ümumiyyətlə, Avropa dillərində vurğu ona görə aparıcıdır ki, həmin dillərdə ahəng qanunu yoxdur. Müəyyən istisnaları çıxmaqla türk dillərində isə ahəng qanunu ona görə aparıcıdır ki, vurğu yoxdur. (Müəyyən istisnaları çıxmaqla bu barədə axırda danışacağam). İndi isə ahəng qanunu ilə uzun saitin münasibətindən bəhs edək. Fikrimizcə, uzun saitli sözlərdə də ahəng qanunu tam ola bilməz. Məsələn: [qa: nun], [ şö: bə], [tə: til] və s. sözlərdə ahəng qanunun olmasını söyləmək düzgün deyil. Baxmayaraq ki, bu sözlərdə də qalın və ya incə saitlər izləyir və bunlar bütün dilçilik kitablarında ahəng qanununa misal olaraq göstərilir. Təəccüblüdür: əgər səslərin biri uzun, digəri isə (və ya digərləri isə) adi ahənglə deyilirsə, bu sözlərdə səslərin həmahəngliyindən danışmaq düzgündürmü?
İkinci bir tərəfdən məlum olduğu kimi, uzun saitli sözlər, əsasən ərəb-fars mənşəli sözlərdir. Ərəb-fars dilində ahəng qanunu yoxdur və onların sözlərinin çoxunda ahəng qanunu olmasını qəbul etmək düzgün elmi yanaşma üsulu deyil! Ərəb-fars sözlərində ahəng qanunun mövcudluğu istisna hal kimi, təsadüfi hal kimi götürülməlidir. Məsələn: namaz, molla, məscid və s. sözlərdə ahəng qanunu götürmək olur. Çünki bu sözlərdə sözlərin hissələri eyni ahənglə deyilir, yəni uzun sait yoxdur, həm də qalın və ya incə saitlər bir-birini izləyir. Axı uzun saitli sözlərin də ahəng qanunu olan sözlər qrupuna daxil edilməsi ahəng qanunu olan ərəb-fars sözlərinin sayını həddindən çox artırır və beləliklə, az qala ərəb-fars dilində də ahəng qanununun olması fikrini yaradır. Məncə, bu, məhz ahəng qanununun geniş mənada tam dəqiq götürülməməsinin nəticəsində mümkün olmuşdur. Yəni ahəng qanununda məhz 1-ci növbədə ahəng, ton eyni olmalıdır! Səslərin birinin və ya bir-ikisinin həddindən artıq uzun, digərlərinin isə adi tonla deyilməsi necə ahəng yarada bilər? Beləliklə, məncə, ərəb-fars sözlərində aparıcı cəhət, yəni dilin özünün spesifik cəhəti uzun sait, türk dillərində isə aparıcı cəhət ahəng qanunudur. Uzun sait hadisəsi ilə ahəng qanunu hadisəsi bir yerdə ola bilməz. Necə ki vurğu ilə ahəng qanununun bir yerdə olması mümkün deyil. Hər dilin özünün spesifik xüsusiyyəri var .( İstisna nəzərə alınmazsa ). Bütün bu izahatlardan bir daha aydın olur ki, Azərbaycan dilində vurğunun, asasən, sözün axırıncı hecasına düşməsi fikri düzgün deyil və deməli, dilimiz vurğusuz dildir. Lakin istisna hal kimi, dilimizdəki bəzi milli sözlərdə vurğu, həqqətən, özünü göstərir və belə sözlərdə vurğunun yeri konkret olarq, əsasən, sözün əvvəlidir.; bayaq, dünən, bildir, niyə, necə, ancaq və s. Göründüyü kimi, bu sözlərdə vurğu açıq-açığına özünü göstərir. Yəni 1-ci hecalar qüvvətli, 2-ci hecalar isə normal, adi deyilir. Laki yenə də müqayisə üçün deyirəm ki, "vətən", "ana", "ata", "Azərbaycan", və s. kimi sözlərdə həmin fonetik hadisə, yəni hecalardan birinin o birinə nisbətən qüvvətli deyilməsi hadisəsi baş vermir və deməli, vurğu da özünü göstərmir. Məlumdur ki, Azərbaycan dili kitablarında vurğu mövzusunda "vurğusu dəyişməklə mənası dəyişən qrupu" var. Buna misal olaraq aşağıdakı sözlər misal gətirilir: əkin (isim), əkin(feil), dimdik (isim), dimdik (sifət), madam (isim), madam (bağlayıcı), yaxşı (sifət), yaxşı ( modal söz ), güldür ( isim ), güldür (feil) və s. Məncə, bu sözlər belə təqdim olunmalıdr. "Əkin" sözü vurğusuz olanda isim, vurğulu olanda feil, "dimdik" sözü vurğusuz olanda isim, vurğulu olanda sifət olur və s. Azərbaycan dilində heca vurğusu ilə bağlı mühüm məsələlərdən biri də vurğu qəbul etməyən və vurğu qəbul edən şəkilçilərdir. Dərslikərdə təxminən 20-yə yaxın vurğu qəbul etməyən şəkilçi göstərilir. Məsələn; şəxs şəkilçiləri, zərf düzəldən -la2, ən, casına2 və s. şəkliçilər. Bu şəkilçilərin vurğu qəbul etmədiyini göstərmək üçün belə misallar gətirilir: məktəbdir, yazarıq, sürətlə, igidcəsinə və s. Yuxarıda göstərdiyim səbəblərə görə, "məktəb", "yazar" , "sürət", "igid" sözlərində, heç ümumiyyətlə, vurğu yoxdur. (Yəni vurğunun sözün axırına düşməsi fikri düzgün deyil). Çünki, həmin sözlərdə hecanın biri o birinə nisbətən qüvvətli deyilmir və sözlər bütövlükdə eyni ahənglə, eyni bir ritim və intonasiya ilə deyilir.
Lakin məktəbdir,
yazaraq, sürətlə, igidcəsinə və s. sözlərdə
həqiqətən vurğu var, çünki indi həqiqətən
də "təb", "ar", "ət",
"gid" hecaları digərlərinə nisbətən
qüvvətli deyilir. Beləliklə, mənim fikrimcə, Azərbaycan
dilində olan "vurğu qəbul etməyən şəkilçilər"
ifadəsi dəyişdirilərək bu cür verilməlidir:
"vurğu yaradan"(əmələ gətirən) şəkilçilər".
Vurğu qəbul edən şəkilçiləri isə,
"vurğu yaratmayan (əmələ gətirməyən)
şəkliçlər" adlandırmaq lazımdır. Məsələn:
"kitablar", "dəmirçi", "evə"
sözlərində "lar", "çı", və
"ə" şəkilçiləri "vurğu qəbul
edən yox", "vurğu yaratmayan (əmələ gətirməyən)
şəkilçilər" kimi təqdim olunmalıdır.
Beləliklə, həmin şəkliçilər vurğu
yaradıb-yaratmamasına, funksiyasına görə 2 yerə
ayrılmalıdır. 1) vurğu yaradan (əmələ gətirə)
şəkilçilər 2) vurğu yaratmayan (əmələ
gətirməyən) şəkilçilər. Azərbaycan
dilinin əsas fonetik qanunu olan ahəng qanunu haqqında
yuxarıda qeyd etdiyim mülahizəyə əsaslanaraq (yəni
ahəng qanunu geniş mənada götürsək), məncə,
ahəng qanunu fonetik təhlil zamanı sözün
yazılışı üzərində deyil, tələffüzü
üzərində aparılmalıdır. Çünki
"ahəng" anlayışı, yəni səslərin həmahəngliyi
tələffüzə aid məsələdir. Nəzərə
almaq alzımdır ki, türk dilləri yaranarkən əvvəl
şifahi şəkildə ahəng qanunu əsasında yaranıb.
Yazı isə sonrakı hadisədir. Yəni ahəng qanununun
mövcudluğu yazılı dildən əvvəl, şifahi
dildə qərarlaşıb.
Sərvər Şirinov
Dilçi-metodist
server.shirinov@mail.ru
Olaylar.- 2016.- 28 sentyabr.- S.10.