“Azərbaycan hazırda regionda ən
böyük hərbi
potensialı olan ölkədir”
Azərbaycanda ordu quruculuğu davam
edir. Artıq ölkəmizin hərbi potensialı beynəlxaql
təşkilatların, eləcə də xarici dövlətlərin
diqqətini cəlb edib. Məhz bu səbəbdən Azərbaycanla hərbi əməkdaşlıq
sahəsində əməkdaşlığa üstünlük verilir.
Məlum
olduğu kimi hazırda Azərbaycanın istehsal etdiyi hərbi
təyinatlı məhsullar mötəbər beynəlxalq sərgilərdə
təqdim olunur. Bu dəfə isə beynəlxalq
müdafiə sərgisi ölkəmizdə təşkil olunub.
Belə ki, sentyabrın 27-də Bakı Ekspo Mərkəzində
"ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə
sərgisi açılıb. Mərasimdə dövlət və
hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunan
diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri,
bir neçə ölkənin müdafiə naziri və
müxtəlif ölkələrin nazirliklərinin təmsilçiləri
iştirak ediblər. Tədbirdə Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin
sərgi iştirakçılarına təbrik məktubunu
oxuyub. Dövlət başçısının müraciətində
deyilir: "Sizi "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq
müdafiə sərgisinin açılışı
münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində
səmimi-qəlbdən salamlayıram. Qloballaşma prosesinin
geniş vüsət aldığı daim dəyişən
dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik
çağırışları ilə üzləşirlər.
Bu istiqamətdə həyata keçirilən tədbirlər
sırasında hərbi-texniki əməkdaşlıq,
müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin
mübadiləsi məsələlərinin
aktuallığı durmadan artmaqdadır. Ölkəmizin ərazi
bütövlüyünə qarşı yönəlmiş
xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan
dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini
və dövlətlərarası əməkdaşlığın
inkişaf etdirilməsini daim diqqət mərkəzində
saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq
müstəvidə ümumbəşəri prinsip və
normaları rəhbər tutan Azərbaycanın həm
müdafiə potensialını, həm də dost və tərəfdaş
dövlətlərlə əlaqələrini gücləndirmişdir.
Azərbaycan hazırda regionda ən böyük hərbi
potensialı olan ölkədir. Bölgədə ilk mötəbər
beynəlxalq müdafiə sərgisi də məhz Bakı
şəhərində keçirilmişdir. İnanıram ki,
iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq
məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan
kimi müasir təhlükəsizlik
çağırışlarına cavab verən yeni
yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində
mühüm təşəbbüslərə yol açacaq və
yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə
gələcək işlərinizdə uğurlar, ölkələrinizə
sülh və əmin-amanlıq arzulayıram". Sərgidə
həmçinin Müdafiə sənayesi naziri Yavər Camalov
çıxış edərək ölkəmizdə və
regionda ikinci dəfə keçirilən Azərbaycan beynəlxalq
müdafiə sərgisi - "ADEX 2016"nın
açılması münasibətilə nümayəndə
heyətlərini, şirkətlərin təmsilçilərini
və ziyarətçiləri təbrik edib. Artıq ölkəmizdə
müasir texnologiyalara əsaslanan müdafiə sənayesi
müəssisələrinin fəaliyyətə
başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın
hərbi qüdrəti durmadan artır. Ölkəmizin
müdafiə sənayesinin uğurla inkişaf etdiyini
xüsusi vurğulayan nazir diqqətə çatdırıb
ki, son illərdə müdafiə sənayesi müəssisələri
tərəfindən buraxılan hərbi təyinatlı məhsulların
çeşidi artıb. Nazir deyib ki, Azərbaycan Müdafiə
Sənayesi Nazirliyi bir çox sərgilərin
iştirakçısı olub. Nazirlik bu sərgilərlə və
bazara çıxardığı məhsullarla
özünü təsdiqləyib. Nazirliyin müəssisələrində
istehsal olunan və sayı artan məhsullar xaricdə
keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində
də nümayiş etdirilir. Naziri Yavər Camalov deyib Azərbaycan
Müdafiə Sənayesi Nazirliyi 45 ölkənin hərbi sənaye
kompleksi ilə əməkdaşlıq edir. Bunun nəticəsidir
ki, ölkəmizdəki müəssisələr yenidən
qurulur və dünyanın aparıcı şirkətlərinin
texnologiyası Azərbaycana gətirilir. Həmin texnologiyalar əsasında
ölkəmizdə müdafiə təyinatlı məhsullar
istehsal olunur. Yavər Camalov bildirib ki, Müdafiə Sənayesi
Nazirliyi ölkəmizin müdafiə qüdrətinin
artırılması istiqamətində qarşıya qoyulan
yeni vəzifələrin icrası məqsədilə
elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində
işləri davam etdirir. 2009-cu ildə nazirlik Türkiyədə
iştirak etdiyi ilk beynəlxalq sərgidə 27 adda, 2014-cü
ildə Bakıda keçirilən "ADEX 2014" sərgisində
168 adda məhsul nümayiş etdirirdisə, bu sərgiyə
isə 260 addan çox müdafiə təyinatlı məmulat
çıxarılıb. Artıq 2018-ci ildə keçiriləcək
sərgiyə hazırlıq gedir, 125 məmulatın üzərində
təcrübi-konstruktor işləri aparılır. Prioritet layihələrə
hava-yer, hava-hava, yer-yer raketləri daxildir. Eyni zamanda,
dünyanın bir neçə aparıcı şirkəti ilə
280 kilometr məsafəlik ballistik raketlərin
texnologiyasının Azərbaycana gətirilməsi ilə
bağlı danışıqlar davam edir. Nazir qeyd edib ki,
ölkəmizdə istehsal olunan "Zərbə" pilotsuz
uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna
çevrilən silahdır. Hazırda Müdafiə Nazirliyi ilə
danışıqlar gedir. Yüzlərlə pilotsuz
uçuş aparatları sifariş verilib. Bununla bağlı
müqavilə imzalanacaq. Ermənistan ordusunun paradında
"İsgəndər" raket kompleksinin nümayiş
etdirilməsinə də toxunan Yavər Camalov bildirib ki, Ermənistan
müstəqil dövlət olmadığı
üçün onun keçirdiyi paradın heç bir mənası
yoxdur. Ermənistana verilmiş "İsgəndər E" istismar
müddətini başa vurmuş ballistik raketlərdir. Qeyd
edilib ki, bu sərgi ikinci dəfə keçirilsə də,
artıq regionun ən genişmiqyaslı sərgisinə
çevrilib. "ADEX-2016"da 34 ölkədən 216
şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə
heyəti iştirak edir. Pavilyonlarda müasir silah və
texnikalar nümayiş olunur."ADEX 2016" sərgisi
iştirakçılar arasında yeni əməkdaşlıq
sahələrini müəyyən edəcək. Sonra tədbir
iştirakçıları sərgi ilə tanış
olublar. Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya,
Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları
öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər.
Şirkətlərin sayına görə ən böyük
pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə
(14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
"ADEX 2016" sərgisində Azərbaycanın Müdafiə
Sənayesi Nazirliyinin müəssisələrində
yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar
da nümayiş etdirilir. Nazirlik "ADEX-2016" sərgisinə
260 addan çox müdafiə təyinatlı məmulat
çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin müəssisələri müdafiə və
xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat
vasitələri və texnika, eləcə də silah-sursat
nümunələrini nümayiş etdirir. Sərgi çərçivəsində
Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının
təqdimatı nəzərdə tutulur. Sentyabrın 30-dək
davam edəcək sərgi çərçivəsində
seminar, təqdimat, ikitərəfli görüşlər də
keçiriləcək.
Qeyd edək ki, Azərbaycan hökuməti təkcə ordu quruculuğuna deyil, eləcə də əsgər və zabitlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qax rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. Məlumata görə, evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir ölkə vətəndaşının, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, bu təbəqələrdən olan insanların maddi təminatlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqla yanaşı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, yeni mənzillərlə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, cari ildə 30-a yaxın rayonda 119 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası və Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edilib. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ötən dövründə 152 nəfəri Qarabağ müharibəsi əlili, 85-i isə şəhid ailəsi olmaqla, ümumilikdə 237 nəfərin yeni mənzillərlə təminatı həyata keçirilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Hazırda Qax rayonunda 3 fərdi yaşayış evi istifadəyə verilməklə yanaşı, bu rayonda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün daha 2 fərdi yaşayış evinin tikintisi də planlaşdırılır. Tədbirdə çıxış edənlər ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə aparılan uğurlu islahatların eyni zamanda sosial müdafiə tədbirlərinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların doğmaları ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması üçün görülən işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Daha sonra yeni istifadəyə verilən evlərə baxış olub. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 28 sentyabr.- S.15.