Gənclərə vətənpərvərlik
hissləri aşılanır
Gənclərin
milli mənlıik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin
artırılmasında ayrı-ayrı dövlət
qurumlarının təşkil etdikləri mədəni-kütləvi
tədbirlər də mühüm əhəmiyyət
kəsb edir. Bu mənada
Müdafiə Nazirliyinin müntəzəm
olaraq keçirdiyi bu kimi tədbirləri xüsusi qeyd etmək
lazımdır. Bu günlərdə nazirliyin təşkilatçılığı
ilə növbəti belə tədbir keçirilib.
Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə 22 il öncə cəbhəyə yola salınan, Murovdağdakı "N" saylı hərbi hissənin bir qrup döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısı dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində müqəddəs dövlətçilik rəmzlərimizdən olan Azərbaycan Respublikası Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın xatirəsini yad ediblər. Əvvəlcə bu böyük şəxsiyyətlərin Şəmkir şəhərinin İstiqlal parkında ucaldılmış abidələri ziyarət olunaraq qarşılarına əlvan qərənfillər düzülüb, xatirələri hörmət və ehtiramla yad edilib. Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani məlumat verərək bildirib ki, oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. Bütün xalqımız kimi bu yubileyi Silahlı Qüvvələrimizin şəxsi heyəti də qazandığı uğur və nailiyyətlərlə qarşılayır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bütün birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yubileylə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Murovdağdan gələn döyüşçülər də məhz bu gün müqəddəs dövlət atributlarından olan Dövlət himnimizin müəlliflərinin abidələrini ziyarət etməklə, Vətənə, xalqa, dövlətə, ölkə rəhbərliyinə öz sədaqətlərini, Ali Baş Komandanın isə əmrlərinə hər an hazır olduqlarını bir daha bəyan etmək üçün buradadırlar.
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Murovdağ döyüşçülərini salamlayaraq onlara səmimi arzularını çatdırıb. "Müstəqilliyini yenidən bərpa etmiş respublikamız 25 il ərzində böyük inkişaf yolu keçərək iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində, həmçinin ordu quruculuğunda böyük uğurlar qazanıb", - deyən icra başçısı xüsusilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xilaskarlıq missiyası ilə Azərbaycan rəhbərliyinə qayıdışıyla ölkəmizin yeni bir tərəqqi mərhələsinə qədəm qoyduğunu, dövlətimizin gücləndiyini, xalqın rifahının yüksəldiyini və dövlət müstəqilliyimizin təhlükəsizliyinin qarantı olan mütəşəkkil milli ordumuzun yarandığını böyük fəxrlə tədbir iştirakçılarının nəzərinə çatdırıb. Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov Azərbaycan Respublikasının Dövlət himninin yaranma tarixi barədə ətraflı məlumat verib. O, xatırladıb ki, hələ Azərbaycan Xalq Cumhuriyyəti hökuməti dövründə digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar atılıb, qərarlaar qəbul edilib. Lakin Dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməyib. Yalnız 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib və həmin Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi qəbul edilmişdir. 1993-cü il 2 mart tarixində isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Dövlət himnimiz haqqında əsasnamə təsdiq edilmişdir. Murovdağ döyüşçüləri adından çıxış edən baş leytenant Vüsal Alızadə şair Əhməd Cavadı xalqımıza bəxş edən bir diyarda olmaqdan böyük qürur duyduqlarını bildirib və bu görüşü əsgərlik həyatının yaddaqalan anlarından biri kimi qiymətləndirib. O, tədbir iştirakçılarını əmin edib ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı xalqımıza uzun illərdən sonra qələbə sevinci yaşatdığı kimi biz də tezliklə xalqımıza cənnət Qarabağımızdan qələbə müjdələri gətirəcəyik. Hər bir Murovdağ döyüşçüsü Ali Baş Komandanın əmrlərinə hazırdır və işğal edilmiş torpaqları düşməndən azad etməyə qadirdir.
Xalq şairi Məmməd Arazın "Murovun qarını əsgər nəfəsi əridəcəkdir" sözlərini xatırladan gənc zabit böyük qürur hissi ilə "Bəli, əsgər nəfəsi Qarabağın da buzunu əridəcəkdir" deyib. Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə "Azərbaycan Respublikasının Dövlət himni"ni birlikdə ifa ediblər.
Tədbirin sonunda Şəmkir rayon icra hakimiyyəti başçısının adından Murovdağ döyüşçülərinə ziyafət verilib, hədiyyələr təqdim olunub. Murovdağ döyüşçüləri Dövlət himnimizin sözlərinin müəllifi olan Əhməd Cavadın sevimli şəhərindən bu himnin Xankəndi, Şuşa, Laçın, eləcə də işğal altındakı digər Vətən torpaqlarında tezliklə səslənəcəyinə əminliklə xidmət etdikləri hərbi hissəyə dönüblər.
Bir müddət əvvəl isə Şəmkir Rayon Heydər Əliyev Mərkəzində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ölümlərindən sonra təltif olunduqları orden və medallar onların ailə üzvlərinə təqdim edilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək işğalcı Ermənistan ordusu tərəfindən Azərbaycanın "Dağlıq Qarabağ" və ətraf rayonlarında atəşkəs daima pozulduğunu, Azərbaycan ordusunun mövqeylərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını qeyd ediblər. Bildirilib ki, aprel ayının 2-dən 5-dək məhfur qonşularımız tərəfindən təmas xəttində növbəti təxribatlar törədilib.Təxribat törədən düşmən layiqli cəzasın alıb. Azərbaycan Ordusu tərəfindən düşmənin bir sıra atəş nöqtələri sıradan çıxarılıb. Bir sıra yüksəkliklər ordumuz tərəfindən azad edilib. Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı Milli Ordumuza güvənir, xalqla ordu daima birlikdədir və Prezident İlham Əliyevin apardığı düzgün siyasət və qudrətli ordumuz tərəfindən tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, Azərbaycanın dövlət bayrağı Xankəndində, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq. Sonra aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısın alərkən şəhid olmuş polkovnik Yüsifov Vüqar Nurəddin oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni, çavuş Əsgərov Təbriz Hamlet oğlunun, əsgər Əliyev Vüsal İlham oğlunun, əsgər Qasımov Nurlan Cəmil oğlunun və əsgər Dəmirli Altun Fərman oğlunun ölümündən sonra Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Naziri Zakir Həsənov tərəfindən təltif olunduqları 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları onların ailə üzvlərinə təqdim olunub. Şəhid zabitin və əsgərlərin valideyinləri övladlarının göstərdiyi qəhramanlıqdan qürur duyduqlarını bildiriblər. Qeyd ediblər ki, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün lazım gəlsə belə yağı düşmənlə döyüşməyə hazırdırlar.
Həmçinin rayonda növbəti həqiqi hərbi xidmətə çağırışla bağlı tədbir də keçirilib. Şəmkir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan gənc çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli ordu olduğunu bildirilib. Daha sonra tədbirdə Şəmkir rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Şaiq Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri ictimai birliyinin sədri Müsahib Zeynalov, valideynlər və gənc çağırışçılar çıxış etmişlər. Çıxışların ardından gənc əsgərlər təntənəli surətdə bayrağa təzim etmiş və böyük ruh yüksəkliyi ilə, marş sədaları altında hərbi xidmətə yola salınıblar.
Əhməd Cavad adına Şəmkir şəhər tam orta məktəbində isə "Şahin" Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilib. Yarışda zona yarışları üzrə qalib gəlmiş 6 məktəbin komandası iştirak edib. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Cənab Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Məleykə xanım Əlizadə, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi polkovnik-leytenant Şaiq Məmmədov, FHN-nin Şəmkir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Sahil Rzayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əsgər Ələsgərov iştirak ediblər. Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədov yarış iştirakçılarını salamlayıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsi məqsədi ilə bu cür tədbirlərin xüsusi önəmli olduğunu qeyd edib. Bildirib ki, torpaqlarımızın işğal altından azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin yürütdüyü uğurlu Dövlət Siyasəti ətrafında sıx birlməşmək ən vacib məsələdir . Rayon birinciliyi üzrə keçirilən yarışda I yerə Məhəmməd Füzuli adına təbiət təmayüllü liseyin komandası, II yerə Rüstəm Əliyev adına tam orta məktəbin komandası, III yerə Abbaslı 1 saylı tam orta məktəbin komandası layiq görülüb. Qalib olmuş komandalar qiymətli hədiyyələr, diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 29 sentyabr.- S.15.