Gənclərimiz vətənpərvər

ruhda tərbiyə olunur

 

Azərbaycan silahlı qüvvələrinin müasir söyüş sursatı ilə təçhizatı, bununla paralel olaraq rəsmi qurumlar tərəfindən əsgər və zabitlər arasında aparılan vətənpərvərlik tədbirləri ordunun döyüş ruhunu daha da yüksəldib. Orduya dövlət düdcəsindən ayrılan vəsaitin ildən-ilə artıtılması, hərbçilərin sosial problemlərinin həlli gənclər arasında vətənpərvərlik hissinin daha da artmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsi layihəsinə əsasən gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsindəki xərcləri açıqlanıb.

Nazirlər Kaninetindən verilən məlumata görə, 2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub. Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın iclasında mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib. Komissiyanın digər qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov iclasda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sahəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi uğurla davam etdirilir. Həmçinin Azərbaycanın hərbi-sənaye kompleksi milli ordunun silahla təmin edilməsilə bağlı qarşıya qoyulan vəzifələri yerinə yetirir və bir sıra silah növlərini ixrac etməyə hazırdır. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, bu ilin aprelində olan döyüşlərdə yerli istehsal silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından istifadə edilib. Eyni zamanda, qarşı tərəfin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Hazırda 7 müəssisədə: 40x46 mm.-lik "Revolver" tipli qumbaraatanın istehsalı; 40x46 mm.-lik lüləaltı və "Revolver" tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı; RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı; M-6 və M-12 tipli mina partladıcılarının istehsalı; 23, 30 və 40 mm.-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların istehsalı; 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm.-lik artilleriya və 125 mm.-lik tank topları üçün mərmilərin və onların gilizlərinin istehsalı; 5,45 mm.-dən 30 mm. də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaqdadır. Nazir bildirib ki, 2016-cı ilin birinci yarısında 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası həyata keçirilib. Xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, "İstiqlal-1T" snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılıb və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması üzrə işlər davam etdirilir. "Tufan" milli zirehli nəqliyyat vasitəsinin - 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. "İldırım" və "Qasırğa" zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçirilən ADEX-2016 sərgisində nümayiş etdirilib və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaq. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli "Mizrak" tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcək. Nazirin sözlərinə görə, müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Nazirlik Amerikanın, Avropanın, Asiyanın və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq edir. Bağlanılan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir. "Zərbə" pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib və yaxın vaxtlarda milli ordunun sərəncamına göndəriləcək. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır.

Bütün görülən işlərlə yanaşı, orduda vətənpərvərliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Hazırda Müdafiə Nazirliyinin yeni layihəsi - "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası davam edir. Aksiya çərçivəsində növbəti tədbir Şəmkir rayonundakı "N" saylı hərbi hissədə keçirilib. Əsgər klubuna toplaşan hərbi qulluqçular, müharibə veteranları, el ağsaqqalları, şəhid ailələrinin üzvləri və məktəblilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanları hörmət və ehtiramla yad etdikdən sonra aksiyanın layihə müəllifi polkovnik Abdulla Qurbani növbəti tədbirin "Topçu İsgəndər" kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant İsgəndər Aznaurovun xatirəsinə həsr olunduğunu və anım mərasimində qəhrəmanın ailə üvlərinin də iştirak etdiklərini bildirib. Qeyd olunub ki, İsgəndər Söhrab oğlu 60 il öncə Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunda məskunlaşıblar.

1992-ci ildən Azərbaycan ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutudərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.

1993-cü ilin baharında şəhid olan türk oğluna layiq olduğu fəxri ad yalnız iki il sonra ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə verilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunub. Dövlətimiz şəhid İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün "İsgəndər qalası" adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar. General-mayor Gəray Bağırov qonaqları hərbi hissənin komandanlığı adından salamlayaraq onlara səmimi arzularını bildirib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən avqust ayında Milli Qəhrəmanımızın 60 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Xidmət etdiyi hərbi hissədə görkəmli elm xadimlərinin, millət vəkillərinin, döyüşçü dostlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə büstünün təntənəli açılışı olub. İsgəndər qalasında yubiley tədbiri keçirilib. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçılarından bir qrupu yeni təsis olunmuş İsgəndər Aznaurov adına mükafatlarla təltif edilib. Bu gün Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə İsgəndər kimi qəhrəman oğullar vardır və onlar aprel döyüşləri zamanı düşmənin layiqli dərsini verərək xalqımıza qələbə sevinci bəxş ediblər. İsgəndər Aznaurovun qanı çilənmiş zirvələr bu gün etibarla qorunur. Gəncə Qarnizonu Zabitlər Evi yaradıcılıq studiyasının istehsalı olan "Qəhrəmanın yubileyi" sənədli filmi tamaşaçılarda böyük maraq oyadıb. Şəmkir rayonunda ahısqa türklərinin məskunlaşdıqları İsgəndərli (qəhrəman türk oğlunun şərəfinə adlandırılıb) qəsəbəsinin ağsaqqalı 86 yaşlı Binəli dədə Azərbaycan əsgərinə məsləhətlər verib, öyüd-nəsihətlərini çatdırıb. Tədbir iştirakçıları Binəli babanın Dədə Qorqudsayağı çıxışını ayaqüstə alqışlarla qarşılayıblar. Şair Mikayıl Əliyev (o da ahısqa türküdür) qəhrəman İsgəndərə həsr etdiyi elegiyanı göz yaşları ilə oxuyaraq tədbir iştirakçılarına da duyğulu anlar yaşadıb. Milli Qəhrəmanın döyüşçü dostlarından Adil Məmmədov, Sənan Quliyev və başqaları İsgəndər Söhrab oğlu haqqında unudulmaz xatirələrini danışıblar.

İsgəndərli qəsəbəsinin və Kür qəsəbə İsgəndər Aznaurov adına orta məktəbinin şagirdləri türk oğlu, Azərbaycan qəhrəmanı haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər. "Türk oğlu - Azərbaycan qəhrəmanı" adlı video-çarx nümayiş etdirilib. Gülxanım Aznaurova həyat yoldaşının xatirəsinin əziz tutulduğuna, adının əbədiləşdirildiyinə, ailəsinə həmişə diqqət və qayğı göstərildiyinə görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Tədbirdə iştirak etmək üçün Türkiyədən Şəmkirə gəlmiş qəhrəmanın qızı Zuina Aznaurova "Belə bir xalq, belə bir millət, belə bir Vətən uğrunda biz üç bacı da canımızdan keçməyə hazırıq. Kim çətin zamanlarda ona qucaq açmış bir məmləkətin düşmənlərinə qarşı vuruşmaz? Kim bu Vətənin, bu torpağın uğrunda canından keçməz? Babamız haqq yolunda, ədalət yolunda şəhid oldu. Biz fəxr edirik ki, babamız Bakıda Şəhidlər Xiyabanında uyuyur. Bu torpaqlara babamızın qanı hopub. Bu torpaq bizim də Vətənimizdir!", - deyərək kövrəlib və uzaqlarda olsa da Azərbaycan əsgərinin hər qələbə sorağından qürurlandığını bildirib. "İsgəndər qalası"nın müdafiəçiləri adından çıxış edən əsgər Pərviz Lətifov qonaqları və bütün tədbir iştirakçılarını əmin edib ki, qəhrəman İsgəndərlərin davamçıları öz mövqelərində sərvaxtdırlar və qarşılarına qoyulmuş hər hansı bir döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə həmişə hazır və qadirdirlər.

Qəhrəmanın ailə üzvlərinə xatirə hədiyyələri təqdim edilib. Tədbir başa çatdıqdan sonra qəhrəmanın ailə üzvləri və bir qrup iştirakçı "İsgəndər qalası"nın igid müdafiəçiləri ilə görüşmək üçün bir zamanlar onun xidmət etdiyi hərbi hissəyə yollanıblar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 30 sentyabr.- S.15.