V Bakı Beynəlxalq
Humanitar Forumu
başlandı
İlham Əliyev: "Bu tədbirlər
həm Azərbaycana, həm də dünyaya
lazımdır"
Sentyabrın 29-da Heydər
Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar
Forumu keçirilib. İki gün
davam edəcək Forumun rəsmi açılış mərasimində
Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Forumun açılış mərasimində
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, V
Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən
400 nəfər iştirak edir. Dövlət
başçısı forumun beynəlxalq aləmdə
böyük hörmət qazandığını diqqətə
çatdırıb. Prezident bildirib ki, Azərbaycan beynəlxalq
humanitar əməkdaşlığa hər zaman böyük
önəm verir:
"Humanitar əməkdaşlıq ölkələr
arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda
2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu
keçirilir. Bir neçə il əvvəl
Bakıda dünya dinlərinin liderlərinin
görüşü və digər beynəlxalq tədbirlər
keçirilib. Azərbaycan həm də mötəbər
idman yarışlarına evsahibliyi edir. Bu il
Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il
isə ilk Avropa Oyunları keçirilib. İlk
Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda
baş tutub. Bu, dinlərarası dialoqa
töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik
Oyunları keçiriləcək. Azərbaycan
bu yolla gedir". Prezident İlham Əliyev deyib ki, bu tədbirlər
həm Azərbaycana, həm də dünyaya lazımdır:
"Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir.
Bu gün dünyanın müxtəlif nöqtələrində
qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq
bunun qarşısının alınmasında mühüm rol
oynaya bilər". Dövlət başçısı
Azərbaycanın bundan sonra da mədəniyyətlər və
dinlərarası dialoqa öz töhfəsini verməyə
çalışacağını söyləyib: "Azərbaycan
bütün dövrlərdə multikulturalizm, sülh məkanı
olub. Bu gün də multikulturalizmə öz
töhfəmizi veririk. Azərbaycan dövləti
məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd
edilir. Biz tariximizlə, mədəniyyətimizlə
fəxr edirik". Prezident İlham Əliyev deyib ki,
multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir:
"Bu siyasət ölkə daxilində böyük rəğbət
qazanır. Dövlət siyasəti o zaman
uğur qazanır ki, cəmiyyət buna dəstək verir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanda
"Multikulturalizm ili" elan edilib. Dövlət
Bayrağı Meydanı yaxınlığında
multikulturalizmə abidə ucaldılıb. Bu gün dünyanın bir neçə yerində
multikulturalizmlə bağlı bədbin fikirlər səslənir".
Azərbaycan Prezidenti hazırda dünyada təhlükəli
proseslərin baş verdiyini də diqqətə
çatdırıb. Dövlət
başçısı deyib ki, bəzi ölkələr
tamamilə dağıdılıb, on milyonlarla insan
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Prezident vurğulayıb ki,
miqrantların üz tutduğu Avropada onlara qarşı
alçaldıcı hərəkətlərə yol verilir:
"Avropada seçkilərə nəzər salsaq, görərik
ki, radikal qüvvələr daha çox dəstək alır.
Bu da Avropada radikallaşmaya yol açır.
Bu, çox təhlükəli tendensiyadır.
Biz sivilizasiyalararası dialoqdan
danışır, ancaq sivilizasiyaların
toqquşmasının ilk tendensiyalarını görürük.
Bizi narahat edən məsələlər barədə
açıq danışmalıyıq". Prezident
İlham Əliyev islamofobiyanın təhlükəli
olduğunu söyləyib: "Bəzi siyasətçilər,
media orqanları islamı terrorla eyniləşdirirlər.
Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi
Avropa ölkələri deyirlər ki, miqrantları qəbul
etməyə hazırıq, ancaq müsəlmanları yox.
Bu nədir? Avropada faşizm
baş qaldırır? Radikal qüvvələrin
daha çox dəstək qazanması narahatlıq doğurur.
Biz bu məsələləri açıq şəkildə
müzakirə etməliyik". Dövlət
başçısı forumda çıxışı
zamanı Dağlıq Qarabağ problemi və Ermənistanın
təcavüzü barədə də məlumat verib və
qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü,
beynəlxalq hüquq təmin edilməlidir.
Azərbaycan Prezidentinin çıxışından
sonra Rusiya Federasiyasının dövlət
başçısı Vladimir Putin və BMT baş katibi Pan Gi
Munun tədbir iştirakçılarına müraciəti
oxunub. Daha
sonra çıxış edən Rusiya baş nazirinin
müavini Olqa Qolodets, İSESCO-nun baş direktoru Əbdüləziz
Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini
Qetaçyu Enqida çıxış edərək forumun əhəmiyyətindən,
Azərbaycanın beynəlxalq sülh üçün irəli
sürdüyü səmərəli təşəbbüslərdən
danışıblar.
Rəsmi açılış mərasimindən sonra
forum öz işini plenar iclaslarla davam etdirib. Plenar iclasa sədrlik
edən xarici işlər naziri Elmar Məmmədyarov foruma olan
maraq və onun əhəmiyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq
Humanitar Forumunun əhəmiyyətindən danışarkən
deyib ki, forumda gələcəyimizi müzakirə edirik.
O, qeyd edib ki, yeni dünya nizamı yaratmaq üçün bir
araya gəliblər: "O, dünya ki, insan ləyaqəti
qorunmalıdır. Biz siyasi riyakarlıq, ikili
standartların mövcud olduğu dünyada
yaşamamalıyıq. Hesab edirəm ki,
bütün dünya liderləri buna maraqlı
olmalıdır". Medianın bu sahədə
rolundan da danışan vitse-prezident deyib ki, media
qarşılıqlı fikir mübadiləsi, əlaqələrin
qurulmasında mühüm rol oynayır.
***
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadə isə
çıxışında diqqəti Azərbaycanda mövcud
olan tolerantlıq mühiti, multikulturalizm ənənələrinə
yönəldib. QMİ sədri Ermənistanın təcavüzü
nəticəsində işğal altında olan ərazilərimizdə
dini ibadət yerlərinin
dağıdıldığını da forum
iştirakçılarının diqqətinə
çatdırıb.
Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç isə
dünyada nifrətin artdığını vurğulayıb. Onun sözlərinə
görə, belə şəraitdə dinlərarası
dialoqdan danışmaq çətindir. Sabiq prezident deyib
ki, dinlərarası və mədəniyyətlərarası
dialoqun təşviqində jurnalistikanın rolu
böyükdür: "Mən prezident olduğum dövrdə
qondarma jurnalistlərin dinlərarası və mədəniyyətlərarası
dialoqa nə qədər ziyan vurduğunu görürdüm. Mən indi əsl jurnalistikadan danışmaq istəyirəm.
Bu gün sosial şəbəkələrdə
bəzi reklamçılar, hətta bəzi siyasətçilər
özlərini bir məhsul kimi cəmiyyətə satmaq istəyirlər.
Əsl jurnalistika isə insanları bir-birinə
yaxınlaşdırmalıdır. Mən
prezident olduğum dövrdə əcnəbilərin daha
çox Xorvatiyaya gəlməsini, xorvatların xarici ölkələrə
getməsini təşviq edirdim. Çünki
insanlar ölkələrə getdikcə həqiqətləri
özləri görürlər". S. Mesiçin
fikrincə, Qərbdə elə bir jurnalistika yaradılıb
ki, onlar yalnız sözdə müstəqildir. Onun
sözlırinə görə, qarşılıqlı
anlaşma və dialoq təmin edilməlidir.
Moskva Patriarxlığının xarici kilsə əlaqələri
şöbəsinin sədri, Volokolam mitropoliti İlarion deyib
ki, mədəniyyətlər və dinlərarası dialoq zamanı
bütün dinlər üçün bərabər şəkildə
ədalət formalaşdırılmalıdır. O, xüsusilə gənclər
arasında maarifləndirmə işlərinin
aparılmasını, onları radikallığa meyillənməkdən
uzaqlaşdırmağı vacib sayıb.
Tacikistan Ali Məclisi Nümayəndələr
Palatasının sədri Şukurcon Zuxurov isə
çıxışında daha çox ölkəsində
olan vəziyyət, tolerantlıq mühitindən
danışıb. Bildirib ki, Bakı forumu
qarşılıqlı fikir mübadiləsi aparmaq, dünyaya
sülh və sabitliyi təlqin etmək baxımından əhəmiyyətlidir.
Hindistanın
din xadimi və mütəfəkkiri Şri
Şri Ravi deyib ki, planetdə sülhün bərqərar
olması üçün yeganə yol təhsildir: "Hər
bir uşaq əsas dinlər barədə məlumatlı
olmalıdır. Bu zaman onda digər dinlərə
ehtiram hissi yarana bilər. Bir araya gəlməklə,
biz Tanrını tanıya bilərik. Biz cəhənnəmi
yer üzərində yaratmağa
çalışırıq, halbuki bir-birimizə hörmət
və məhəbbət hissləri bəsləməliyik.
Bütün dünya böyük ailədir.
Əsl zamanıdır ki, sülhə imkan verək".
O, Kolumbiyada uzun illər davam edən vətəndaş
müharibəsinin sona çatması və tərəflər
arasında razılıq əldə olunmasında təmsil
etdiyi dini təşkilatın liderinin də böyük rolu
olduğunu diqqətə çatdırıb.
Uruqvay parlamentinin Nümayəndələr
Palatasının sədri Xerardo Amaria da belə forumların mədəniyyətlərarası
və dinlərarası dialoqun inkişaf etdirilməsindəki
rolundan danışıb. Daha sonra ölkəsində
mövcud olan dözümlülük barədə
danışan Xerardo Amaria Uruqvayın heç vaxt irqçiliyə
yol vermədiyini söyləyib.
ABŞ-daki
Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin
Abraham Kuper deyib ki, bu gün Allahsız Sovet rejimi və soyuq
müharibə olmasa da, lakin terrorizm və
ekstremizm geniş yayılıb: "Ona görə də biz
tolerantlı və dözümlülüyü təşviq
etməliyik. Bu gün Azərbaycanda çox
gözəl tolerant cəmiyyət var. Azərbaycan çoxmillətli
modeli dünyaya təşviq etdiyi üçün ona minnətdaram".
Daha sonra isə Argentina Milli Konqresi Deputatlar Palatasının
itse-spikeri Patrisia Ximenezin, Çin Buddistlər
Assosiasiyasının sədri Syue Çenqin,
Qazaxıstanın dövlət katibi Gulşara Abdixalikova,
Fransa İmamları Konfransının sədri Hassen
Şalquminin, Afrika İttifaqının siyasi məsələlər
üzrə komissarı Aişə Abdullahi, İslam Əməkdaşlıq
Təşkilatının baş katibinin köməkçisi
Heşam Yussif və YUNESCO-nun İcra Şurasının sədri
Maykl Vorbs çıxış edərək Bakı forumunun əhəmiyyətindən,
onun dinlərarası dialoqa verəcəyi töhfələrdən
danışıblar.
Qeyd edək ki, forum işini sentyabrın 30-da davam etdirəcək. Forum çərçivəsində
"Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən
humanist təcrübəyə doğru";
"İnsanların kütləvi yerdəyişməsi şəraitində
insan kapitalının qorunmasının önəmi davamlı
inkişafın əsası kimi", "Jurnalistikanın
informasiya dövrünə transformasiyası və onun
sivilizasiyalararası dialoqun təmin edilməsində rolu",
"Davamlı inkişaf və ekoloji sivilizasiya",
"Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb
sahəsində kadrlar hazırlığı məsələləri:
innovativ və etik problemlər", "Texnologiyaların
konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin
əsas çağırışları"
mövzularında dəyirmi masalar keçiriləcək.
Məlumat üçün bildirək ki, 2010-cu ildən
keçirilən Forumun təşəbbüsçüləri
Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın sabiq
prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri
Medvedev olub.
Məlumat
üçün bildirək ki, 2010-cu ildən keçirilən
Forumun təşəbbüsçüləri Azərbaycan
prezidenti İlham əliyev və Rusiyanın sabiq prezidenti,
hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedev olub
Günün
ikinci yarısında V Bakı Beynəlxalq Humanitar Forumu
çərçivəsində Mikayıl Cabbarovun
moderatorluğu ilə keçirilən panel müzakirəsi
zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün
(İDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva “Davamlı
inkişaf və ekoloji sivilizasiya” mövzusunda
çıxış edib
Süleyman İsmayılbəyli
Olaylar.- 2016.- 30
sentyabr.- S.9.