Gənclərin vətənpərvərlik ruhunda

tərbiyəsi təlim-tərbiyə işinin ən

mühüm istiqamətlərindəndir

 

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov,  İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir.

Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında   həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq  hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət – insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən,  insan yetişdirmək deməkdir. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə genosid planının və türklərə qarşı siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.  Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.

Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan  şagirdlərə  və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik səbəblər üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Hazırda isə bu istiqamətdə vəziyyət müsbətə doğru dəyişir. Gənclərin vətənpərvər ruhda tərbiyə alması, böyüməsi məqsədilə bütün mümkün vasitə və üsullardan istifadə olunur.

Bu bir danılmaz faktdır ki, insan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərək olan fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.  Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi,  mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər.  Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.

Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik eyni zamanda hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər biri uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Məhz bütün bunları nəzərə alaraq ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir vermək istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı bu istiqamətdə müntəzəm iş aparmaq lazımdır.

Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Bu məqsədlə istər dərslərdə, ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirilən dərsdənkənar tədbirlərdə Vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat vermək lazımdır. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq  üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mübarizə haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir.

Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər. Ümummilli lider, müstəqil Azərbaycanımızın memarı və qurucusu  Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".

Onu da qeyd etməık lazımdır ki, ölkəmiz, onun təbiəti, təsərrüfatı, təbii sərvətləri haqqında tədris olunan biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hissini daha da gücləndirir. Ölkəmizdə qeyd olunan milli və dövlət bayramları, tarixi günlər də əvəzsiz vətənpərvərlik tərbiyəsi vasitəsidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 6 yanvar.- S.15.