Əsgərlərimizin döyüş
ruhu yüksək səviyyədədir
Ölkənin hərbi
qüdrətinin gücləndirilməsi, ordunun
maddi təchizatının təmin edilməsi
məqsədilə ciddi addımlar
atılmaqdadır. Bu istiqamətdə
Müdafiə Nazirliyinin atdığı
addımlar tədqirəlayiq hesab
olunmalıdır. Nazirlikdə hesab edilir ki, sözügedən
məqsədlə görülən tədbirlər hərbçilərin
döyüş ruhunun
artırılması, ümumilikdə isə gənclərin vətənpərbərlik
hissinin formalaşmasına xidmət edir.
Belə ki, Silahlı Qüvvələrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevirilib. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il ərəfəsində keçirilən “Açıq qapı” günü də xalqla ordunun birliyinin təzahürü oldu. Gəncə şəhərində yerləşən hərbi hissədə keçirilən “Açıq qapı” günüdə ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideyinləri, deputatlar, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri iştirak ediblər. Əlamətdar gün münasibəti ilə hərbi hissəyə gələn Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar. Sonra Müdafiə naziri əsgər valideyinləri, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri ilə görüşüb. O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində silahlı qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şıxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb: “Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan vətən torpaqlarını azad edək”. Əsgər valideyinləri ilə səmimi söhbət edən Müdafiə Naziri onları maraqlandıran sualları cavablandırıb. Nazir qeyd edib ki, əsgər valideyinləri, ictimayyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa bizə istədikləri vaxt müraciət edə bilərlər. Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə, ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. “Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyin kimi də məni qürurlandırır. Qürur hissi keçirdirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, deyə N.Tağıyev deyib. Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir: “Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik”. 95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzulayıblar. Gəncə şəhər icra hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideyinlərini bayram günləri münasibəti ilə təbrik etdi və onlara qələbələr arzulayıb.
Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib. Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideyinlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə, 31 dekabrda bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunub. "Açıq qapı" gününün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm edən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, bu həmrəyliyə öz töhfəsini verir. "Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər. Belə gündə hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunur, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib. Gənc zabitlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri buraxılış münasibətilə məzunları təbrik edərək Ali Baş Komandanın tapşırığına əsasən ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan fəaliyyətlərdən, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək gənclərimizin hərb işinə marağının artırılmasına diqqət çəkən nazir Silahlı Qüvvələr sıralarına daxil olan zabitlərin Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfə verəcəklərini xüsusi vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi qayğı nəticəsində ordumuzun daha da inkişaf etdiyini diqqətə çatdıran general-polkovnik Z.Həsənov bildirib: "Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir". Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür. "Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli sayda itki verib, ağr təlafata uğrayıb. Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı – düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir". Çıxışını zabitlərə müraciətlə davam edən Müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir: "Tabeliyinizdəki əsgərləri Vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar". Sonda Müdafiə naziri hərbi hissələrə yola düşməyə hazırlaşan gənc zabitlərə Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.
Paralel olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub. Yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkə başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib. Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib. Həmin gün Müdafiə naziri hərbi hissə yaxınlğında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişatını yoxlayıb, lazımi göstəriş və tövsiyələrini verib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərilən diqqət və qayğı nəticəsində ordumuzun inkişafı 2015-ci ildə də yüksələn templə davam edib. Maddi-texniki təchizat güclənib, bir çox sosial-məişət məsələləri həllini tapıb, ən yeni silah və texnikaların alınması, peşəkar kadrların hazırlanması işi davam etdirilib. İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün, bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb. Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbiçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub. Ìüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib. Göstərilən diqqət və qayğıya, eyni zamanda bu bayram günlərindən bəxş edilən sevincli anlara görə tədbir iştirakçıları ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Etiraf edilməlidir ki, bu kimi tədbirlər gənclərin orduya marağının artırmaqla yanaşı, vətənpərbərlik hissinin də yüksəlməsinə səbəb olur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 7 yanvar.- S.15.