“Vətənparvərlik hissinin
nə dərəcədə məhsuliyyətli
bir anlam olduğunu
düzgün aşılamaq lazımdır”
Adil Kəimov: “Bu iş davamlı
şəkildə aparılmalıdır”
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması tarixin bütün dövrlərində
qarşıda duran mühüm vəzifələrdən olub. Düzdür,
müəyyən zaman kəsimində bu işə bir qədər
az və ya çox diqqət ayrılsa da, ancaq ümumilikdə
vətənpərvərlik hissi hər zaman azərbaycanlılarda
yüksək səviyyədə olub, gənclərə hər
zaman bu hisslər aşılanıb.
Qeyd
edilən istiqamətlərdə ən ciddi işlər isə
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə
etdikdən sonra daha sürətli xarakter aldı. Xüsusilə,
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra gənclərlə iş,
onların problemlərinin həlli, gənc nəslin milli mənəvi
ruhda tərbiyəsi, onlara vətənpərvərlik hisslərinin
aşılanması məsələlərinə daha çox
diqqət ayrıldı. Qısa zamanda bu məqsədlə bir
neçə dövlət proqramları hazırlandı,
müvafiq sənədlər imzalandı. Heydər Əliyevin
müvafiq sərəncamı ilə yaradılan Gənclər
və İdman Nazirliyi isə bütün bu işlərin bir
mərkəzdən, kordinasiya edilmiş şəkildə
icrası üçün əlverişli şərait
yaratdı. Ümummilli lider gənclərlə keçirdiyi
bütün görüşlərdə onlara vətənə
məhəbbət hissində böyüməyi, vətənpərvər
olmağı tövsiyyə edirdi. Xüsusilə ordu
quruculuğu məsələsinə diqqət çəkən
Heydər Əliyev deyirdi: “Məlumdur ki, ordu gənclərdən
ibarətdir. İndi ordunun 90 faizini gənclər təşkil
edir. Gənclər təşkilatının, gənclərin ən
əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan
övladını orduya xidmətə hazırlamaqdan ibarət
olmalıdır. Ordu mövzusu, ordunun yaranması,
formalaşması bizim bütün həyatımızda əsas
mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət
etmək üçün tərbiyələndirilməsi bizim əsas
vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri
biz ardıcıl surətdə həyata keçirməliyik.
Ona görə də mən bunu gənclər təşkilatlarının
əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə
isə gənclik vaxtına qədər özünü orduda
xidmət etmək üçün hazırlamağı
tövsiyə edirəm”.
Hazırda
da gənclərin milli mənlik şüurunun inkişaf
etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin
artırılması məqsədilə istər dövlət,
istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində
uğurlu işlər görülür, müvafiq addımlar
atılır. Azərbaycan Respublikası Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu, eləcə
də Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi
layihələr sırasında vətənpərvərlik
mövzularına həsr edilmiş laihələr daha çox
üstünlük təşkil edir. Heç şübhəsiz
ki, istər gənclər və qeyri-hökumət təşkilatları,
istərsə də kütləvi informasiya vasitələrinin
həyata keçirdiyi həmin layihələr gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılmasına müsbət təkan
verir.
Sevindirici
hal ondan ibarətdir ki, həyata keçirilən bu və ya
digər layihələr sırasında tarixi sərkərdələrimiz,
milli qəhrəmanlarımız, qazilərimizin
tanıdılması, onların təbliğ edilməsinə
xüsusi önəm verilir. Çünki bu bir danılmaz
faktdır ki, öz tarixi qəhrəmanlarını, sərkərdələrini
tanımayan, onların nümayiş etdirdikləri qəhrəmanlıqlar
barədə ətraflı məlumata malik olmayan gənc
heç bir halda vətənpərvər ruhda böyüyə
bilməz. Xüsusilə nəzərə alsaq ki, bu gün
müharibə vəziyyətində yaşayırıq və
torpaqlarımızın 20 faizə yaxını ermənilər
tərəfindən işğala məruz qalıb, o halda biz
daha çox vətənpərvər olmağa məcburuq. Bəs
görəsən hazırda bu istiqamətdə daha hansı
addımların atılmasına, işlərin görülməsinə
ehtiyac var? Bu və ya digər məsələlərlə
bağlı Qarabağ qazisi Adil Kərimovla söhbətləşdik.
-Adil müəllim, bu gün Azərbaycan
gənci nə dərəcədə vətənpərvərdi?
-Vətənpərvərlik bir anlayış kimi bu gün çox səslənir və ona çox müraciət olunur. Bunun da əsas səbəbi ölkəmizin hələ də müharibə şəraitində olmasıdır. Bununla yanaşı unutmamalıyıq ki, hər birimiz hər zaman bir vətəndaş kimi vətən qarşısında məhsuliyyət daşıyırıq və bu tək torpaqların azad olunması istəyi ilə məhdudlaşmamalıdır. İlk növbədə hər birimiz öz gündəlik icra etdiyimiz işdə, bir-birimizə olan münasibətdə məhsuliyyətli olmalıyıq və çətin anlarda bir vətəndaş cəmiyyəti kimi həmrəylik göstərməliyik. Və gənclərə də məhz bunu doğru-dürüst çatdırmaq lazımdır. Başqa sözlə, vətənpərvərlik vətən uğrunda ölmək deyil, öncə vətən naminə yaşamaq deməkdir. Fikrimcə, bu istiqamətdə maarifləndirici tədbirlər daim görülməlidir. Gənclərimiz keyfiyyətli təhsil almalı, hərtərəfli savad və biliklər qazanmalıdır ki, dünya baxışları geniş və dolğun olsun. Bir sözlə, gənclərimizin kifayət qədər vətənpərvər ruhda böyüməsinə şübhəm yoxdur. Amma vətənparvərlik hissinin nə dərəcədə məhsuliyyətli bir anlam olduğunu düzgün aşılamaq lazımdır və bu iş davamlı şəkildə aparılmalıdır.
-Sizcə gənclərin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik ruhunun
artırılması üçün daha hansı tədbirlərin görülməsinə
ehtiyac var?
-İlk növbədə keyfiyyətli təhsil çox əhəmiyyətlidir. Əgər biz bir müasir müstəqil cəmiyyət kimi formalaşmaq istəyiriksə, gənclərin düşüncə və şüurunu erkən yaşlardan formalaşdırmalıyıq və buna da yalnız orta məktəbdən və hətta məktəbəqədər müəssisələrdə təhsil və maarifləndirmə yolu ilə nail olmaq olar. Sonra isə artıq düzgün aparılan təbliğat xarakterli tədbirlərin görülməsi ilə bu şüuru istiqamətləndirmək lazımdır. Bunlara misal kimi, bizim ədiblərimizin, drammaturqlarımızın əsərləri əsasında və yaxud yeni tariximizə həsr olunmuş müasir filmlərin çəkilməsini göstərmək olardı. Və çox vacibdir ki, bu təbliğat vasitəsilə tək məğlubiyyətlərimizlər və faciəli tarixi hadisələr qabardılmamalıdır, kiçik də olsa uğur və qələbələrə həsr olunmuş əsərlər olmalıdır.
-Ölkədə
fəaliyyət göstərən QHT-lər və gənclər
təşkilatları vətənpərvərlik mövzusuna kifayət qədər diqqət
ayırırlarmı?
-Mövcud olan bütün QHT-lərin və gənclər təşkilatlarının birmənalı şəkildə fəaliyyətini qiymətləndirmək zənnimcə düzgün olmazdı. Hər halda bu mövzunu diqqət mərkəzində saxlamaq lazımdır. Müxtəlif maraq dairələrindən olan gənclərlə ölkəmizin hər hansısa bir əlamətdar gününə və ya ictimai xadimin həyat və yaradıcılığına həsr olunmuş görüşlər keçirmək və bu görüşlərdə səmimi söhbətlər vasitəsilə gənclərimizə vətənə, ölkəyə sevginin və layiqli xidmətin nə olduğunu nümayiş etdirmək lazımdır. Lakin bununla yanaşı, əvvəlcə gənclərin problemləri ilə maraqlanıb, onlara həmin təşkilatların imkanları dairəsində çalışıb yardım göstərmək və onların rəğbətini qazanmaq çox vacibdir. Onu da qeyd edim ki, bu tək QHT-lərin öhdəsinə düşməməlidir. Sözsüz ki, ilk növbədə bu qayğı diqqət dövlət səviyyəsində göstərilməlidir və bir çox layihələr vasitəsilə bu iş həyata keçirilir. Gənc yaşlı insanların həyata olan münasibətləri çox həssas olur. Onlar hər hansısa bir çətinlik və ya həyat sınağı qarşısında aciz qalıb məyusluq hissi keçirə bilər və bunun da nəticəsi olaraq aqressiya, üsyançılıq kimi qeyri adekvat cavablar da verə bilərlər. Yaxud müxtəlif destruktiv elementlərin təsiri altına düşərək öz həyatlarını məhv edə bilərlər. Belə halların yaşanmasına yol verməmək üçün fəal sürətdə həm dövlət, həm QHT səviyyələrində gənclərlə sıx əlaqə saxlamaq, onların problemləri ilə məşğul olmaq lazımdır. Başqa sözlə gənclərin nəbzini duymaq lazımdır. Əgər onlar bu qayğını daim hiss etsələr, müzakirə etdiyimiz vətənpərvərlik mövzusunda da aparılan söhbətlər öz nəticəsini mütləq verəcəkdir və əminəm ki, verir.
-Bəs TV və radiolar, KİV-lər
bu məsələyə nə dərəcədə
həssas yanaşır?
-Açıq etiraf etməliyəm ki, bir iki veriliş istisna olmaqla televiziya və radio verilişlərimiz öz fəaliyyətlərini, yəni tərtib etdikləri verilişlər proqramlarını diqqətlə nəzərdən keçirib bir çox düzəlişlər etməlidirlər. Sözsüz ki, yaşadığımız bazar iqtisadiyyatı dövründə fəaliyyəti kommersiya xarakteri daşıyan özəl bir şirkətdən bunu tələb etmək çətin bir məsələdi. Lakin yenə də fikrimi bildirməyi özümə borc bilirəm. Məlumdur ki, TV və radio vasitələri müasir dövrümüzdə insanların şüur və düşüncələrinə ən güclü təsir edən amillərdən biridir və təəssüflər olsun ki, bizim TV kanallarımız nə müasir dünyanın inkişafı ilə ayaqlaşa bilir, nə də müvafiq olaraq gənclərimizin tələblərinə cavab verə bilirlər. Yenə də qayıdıram təhsil və maarifləndirmə işlərinin əhəmiyyətinə. Arzu edərdim ki, bizim televiziya və radio verilişləri bayağı əyləncə xarakterli yox, yenilik daşıyan məlumat xarakterli olsun. Yalnız bu şəraitdə vətənpərvərlik ruhunda da hazırlanmış verilişlər münbit yerə düşüb öz bəhrəsini verə biləcək.
-Ali Baş Komandanın müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi gənclərin vətənpərvər ruhda tərbiyəsinə hansı müsbət təsiri göstərir?
-Sərhəd bölgələrində yaşayan soydaşlarımızın bu qayğı və diqqətə daha çox ehtiyacı var. Buna görə də Ali Baş Komandanın bu bölgələrə səfəri ilk növbədə gənclərə müsbət təsir edir. Onların dövlətə və dövlət başçısına rəğbət və inam hisslərinin daha da güclənməsinə imkan yaradır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 8 yanvar.- S.15.