«Sözün
işığında gördüklərim»
Onun şeirlərində kəndistan ruhu at oynadır, duyğu və düşüncələr təbiətin
özü kimi bəzək-düzəksiz
sadəliyi, səmimiliyi ilə diqqəti cəlb edir. Hətta ciddi məsələlərə
üz tutan, aktual problemlərə toxunan
şeirlərində də (Məsələn,
«Doğmamızı atmayaq», «Ələzim»,
«Şouya bax», «Yaxan düymələ-düymələ», «Muğam oxu», «Əvəzsizsən»,
«Yalan», «Apar, xəyal»,
«Novruzum», «Baş
imkanı» adlı əsərlərdə olduğu
kimi) kəndistanın
düzünəqulu, əzəli məntiqi, təbiət
saflığı, yurd əxlaqı
hökm-fərmadır.
Şeirlərin bədii dil-üslub, leksik-semantik, bütğv estetik-kulturoloji mənzərəsində, heca, əruz qəliblərinin sanki çay daşı ilə çəkilən, doldurulan misra, bənd «hasarlarında» da bunu hiss edirsən; hiss edirsən ki, özü boyda həqiqət olan real bir kənd, qədim yurd dünyasındasan; bəzən hansısa sözün, ifadənin hansısa çaylaq daşı kimi yerində olmadığını da görürsən, amma şeirlərin saf havası, səmimi ovqatı, əzəli təbiət əxlaqından mayalanan özəlliyi və gözəlliyi çəkib aparır səni. Və gedib bədii söz həqiqətinin hüzurunda dayanır, düşünürsən; şeirlər səninlə DANIŞIR, ÜRƏK DOSTU, DƏRD SİRDAŞI olur…
Şair dostum Nəcməddin Mürvətovun «Səsim, ünüm, harayım» yeni kitabında toplanan şeirləri oxuduqca, əksər əsərlərlə ürək söhbəti etdikcə belə düşünürdüm. Otuz altıncı səhifədəki «Şeirim-düşüncəm» adlı poeziya nümunəsinə çatanda və həmin əsəri dönə-dönə oxuyanda düşüncələrimdə yanılmadığıma, müəlliflə fikirlərimin qismən üst-üstə düşdüyünə sevindim:
Bir az kəndçisayaq
yazıram, deyən,
Yoxdur sözlərimin ənlik-kirşanı.
Minnət etmirəm
ki, oxu, bax, bəyən,
Sonra tax
döşümə «əla» nişanı.
Güclüyəm,
ya zəif şairliyimdə,
Bilmirəm
yaxşıdır, ya pis
qismətim.
Tək buna əminəm, hər niyyətimdə
Şəksiz, şübhəsizdir səmimiyyətim.
Səmimiyyət ədəbiyyatın, xüsusilə, poeziyanın məhək daşıdır. Sözü sənət sirriylə sehrləyən, ədəbiyyat, poeziya ucalığına qaldıran və qəlblərin göy üzünə, ruhların sultanına çevirən ilk növbədə səmimiyyətdir. 60 yaşına vida deyib 70-ə doğru üz tutan, sadəliyi, səmimiliyi, saf əqidəli vətənpərvərliyi, fəal ziyalı-vətəndaş mövqeyi ilə seçilən şair-pedaqoq Nəcməddin Mürvətovun yeni, on beşinci kitabında da səmimiyyətə xəyanət etmədiyini görüb xeyli sevindim. Ona sevindim və inandım ki, səmimiyyət N.Mürvətov ədəbi təsərrüfatının tale məsələsi, tanrı qismətidir.
O, gördüklərindən, bildiklərindən, inandıqlarından, ümid və arzu etdiklərindən yazır və əsası da odur ki, dəbə, hay-küyə, kosmetik bər-bəzəyə getmədən, modda olan «modernizm, postmodernizm», nə bilim başqa nəizmlərin çaşdırıcı, aldadıcı parıltısına, əsil mahiyyətindən uzaq yalançı «orijinallığına» uymadan, məhz ÖZÜ KİMİ YAZIR.
Modernizm, postmodernizm, avanqardizm, abstraksionizm, ekspressionizm, ekzistensializm, supermatizm və başqa çoxsaylı sənət cərəyanları tarix boyu ciddi estetik-fəlsəfi ehtiyaclardan yaranıb, bəşəriyyətin bədii fikir, mədəni irs xəzinəsini dahiyanə əsərlərlə zənginləşdirib. Söhbət müasir milli ədəbi prosesimizdə bu möhtəşəm sənət cərəyanlarının lazımsızlığından yox, çox halda məhz düzgün başa düşülməməsindən, süni surətdə «tətbiq» edilməsindən, ədəbi xaltura vasitəsinə çevrilməsindən gedir. Məcbur olduğum bu kiçik haşiyədən sonra yenə mətləb üstünə qayıdıram…
Nəcməddin Mürvətov poeziyasında yalançı izimlər pərdəsi, «müasir», «dünyəvi», «səviyyəli» görünmək xəstəliyi yoxdur. Əvəzində həqiqət var:
Fikirlər
boş-bayağı, mənasız söhbət,
danışıq,
Bilinmir kim nə deyir, beyni dəlir küy qarışıq.
Var salan dava-dalaş,
elan edən sülh, barışıq,
Ortada yambız atır
kişisi, həm də qadını,
Hay-haray,
hır-hırının şou
qoyublar adını.
Tanınmış bəstəkara lağ
eyləyir zurnaçalan,
Alimə dinlə deyir, yeddi il
sinifdə qalan.
Tərbiyə dərsi keçir
adi sözdən dava salan,
Girəvə düşsə kimə,
reklam edir övladını,
Hay-haray,
hır-hırının şou
qoyublar adını.
Yox ədəb gözləyəni,
saya salan bircə kəsi,
Sanıram ki, dəlidir, bir cürə sarsaq hərəsi.
Yaraşmır adımıza ekran-efir məzhəkəsi.
Diləyək kimdən axı
bu mərəzin imdadını,
Hay-haray,
hır-hırının şou
qoyublar adını.
(«Şouya
bax» şeirindən)
Onun şeirlərindən
qışqıran pafosun,
patetikanın yox, düzün, doğrunun, həqiqətin səsi gəlir. Şair
realist bir təhkiyə
və təmkinlə öz sənətkar mövqeyini, sənət platformasını belə
bəyan edir:
Bər-bəzək vurmuram heç
bir şeirimə,
Yaraşır, yaraşmır seçmirəm sözü.
Qananlar düşürlər şəksiz sehrimə,
Görüb həqiqəti, ən
böyük düzü.
İstəsən heç şeir
demə adına,
Dərkim, düşüncəmin
ifadəsi san.
Özümə bənzəyir, bax
inadına,
Coşub-daşmağıyla edəndə üsyan.
(«Şeirim» əsərindən)
Bu, Bakının qaynar
ədəbi mühitindən
nisbətən uzaqda, bölgədə yaşayıb
yaradan ciddi sənət adamının
qəbul və əməl etdiyi ədəbi yol, bədii bəyannamədir.
Ümumiyyətlə, bölgələrimizdə yaşayıb
yaradan Novruz Nəcəfoğlu, Aydın
Tağıyev (Şabran),
Ramiz Qusarçaylı,
Zakir Məmmədov, Güləli Bağban (Quba), Barat Vüsal (Qazax), İltifat Saleh (Lənkəran), Xəzangül, Rübail (Gəncə) və başqa istedadlı yazıçı, tənqidçi
və şairlər bu gün Azərbaycan
ədəbiyyatına, ədəbi
prosesinə, bütövlükdə
ümummilli ƏDƏBİ ŞÜUR
HƏRƏKƏTİNƏ ardıcıl,
sanballı uğurlarıyla
daha böyük töhfələr verirlər. Və bu sıradan
Xızıda anadan olan, hazırda Siyəzəndə yaşayıb
yaradan Nəcməddin
Mürvətovun son illərdə
diqqəti cəlb edən silsilə kitab-uğurlarını məmnuniyyətlə
vurğulamağı özümə
borc bilirəm.
O, doğulduğu, yaşadığı
bölgənin qədim
yurd yaddaşını,
etnoqrafiyasını, zəngin
dialekt-folklor ab-havasını,
bütöv ovqat-obrazını
ədəbiyyata, poeziyaya
gətirir və həssas, istedadlı oxucu bunu görür,
duyur, qədirşünaslıqla
qiymətləndirir. Şair kəndin, qədim yurd yerlərinin yaddaşında yaranan faciəli çatlardan, milli-mənəvi dəyərlər
ekologiyasının iblisanə
uçqunlarından, təhlükəli
erroziyasından, unbanik
«tərəqqinin» gətirdiyi
başabəla, eybəcər
yeniliklərdən yazır,
qan-gen yaddaşındakı
unutqanlıq xəstəliyindən,
manqurtlaşma meyllərindən
danışır, nigaran
bir sənətkar həyəcanıyla zamanın
suallarını verir. Mən bu məqamda bütöv bir şeiri misal gətirməkdən özümü
saxlaya bilmirəm:
İstədim yol alam yenə də kəndə,
Soram o yerlərin hal-əhvalını.
Biləm, yerindəmi o qoca
dəndə,
Sərib ətrafına kölgə şalını?
Zirinc kollarının bar-bəhəri
var,
Məzluq, yemişandan olacaq payım?
Göndərin mənə cır
qərbidən nübar,
Özümü Ələzli hiss edim,
sayım.
Dəryaz biçə-biçə otu, əncəri,
Moruq, çiyələyi
çıxarır üzə?
Çəkirmi uzaqdan diqqət-nəzəri,
Qatırquyruğular dəyirmi gözə?
Bomboz qayalardan şor
yemlikləri,
Sallanıb yenə də kötüyü üzdə?
Yığıb toplamağa istər
hünəri,
Əl çatmır, yox adi cığır
da, riz də.
Yekə Daş altına
çələnbir dərə
Gedirmi dəstəylə
yenə qız-gəlin?
Var girən turşəngçün
cəngəlliklərə,
Kol-kos qanatsa da yanağın, əlin?
Soğanaq, əvəlik yamacda,
yalda,
Bitirmi dad verə fətir,
umaca?
Lilpar, boymadərən çətin
ədva da
Dönə dərdlilərə
dəva əlaca?
Cincilim, şomudan nənələr
qutab
Bişirib yağlayır nehrə yağıyla?
Yığıb məgəllikdən göbələk, kabab
Edən var həzz duya ağız dadıyla?
Toplayıb dəstəylə uşaqlar
odda
Sütül sünbülləri ütür,
qovurur?
Toppuş dənələri əvəzsiz
dadda,
Ovucdan-ovuca tökub sovurur?
Kövşən kənarında qanqal,
atır qot,
Soyub qabığını
çəkən var dişə?
Yayılıb səfalı saysız
çiçək, ot,
Düzlərə ağqulaq, bəng,
bələgüşə?
«Nə var, nə yox» adlanan
bu şeirdə kəndin milli-mənəvi
dəyərlər ekologiyasında
baş verən yadlaşmaya, unutqanlığa
qarşı ədəbiyyatın
etiraz səslərinə,
DAYAN nidasına şahid
oluruq. Şairin fəal vətəndaşlıq mövqeyi,
sənətkarlıq səlahiyyəti
oxucuya misra-misra, bənd-bənd diqtə və təlqin edir ki, doğma
YURD-YADDAŞDAN ayrı düşmək
insanı həm cismən, həm mənən kasıblaşdırır;
min illərin milli-mənəvi
dəyərləri əriyib
itdikcə sosial sürü instinktləri baş qaldırır,
İNSANLIQ MƏĞLUB OLUR. Sənətin və sənətkarın bu məşum məğlubiyyət
addımları qarşısında
müqavimət, dirəniş
göstərməsi, oxucu
qəlbində yaddaş
şamları, ümid
ocaqları yandırması,
həyəcan təbili
çalması haqlı
razılıq hissləri
doğurur…
Nəcməddin Mürvətovun «Səsim, ünüm, harayım» kitabı adını tam mənasında doğruldur; bu, həqiqətən şairin çağdaş cəmiyyətimizə, müasir milli-mənəvi mühitimizə ünvanlanan SƏSİ, ÜNÜ, HARAYIDIR. İnanıram ki, istedadlı şair-pedaqoq Nəcməddin Mürvətovun bu səsi, ünü, harayı eşidiləcək, necə deyərlər, sənətkar niyyəti mənzil başına çatacaq. Sənətkar üçün səsinin eşidilməsindən, harayına hay verilməsindən böyük xoşbəxtlik yoxdur. Ədəbiyyat həmişə sözün səmasına boylanıb, insanı kütlə dərə-dərinliyindən xalq ucalığına, millət zirvələrinə qaldıran SƏSİN ardınca gedib, harayının, həsrətinin xilaskar hücrəsində yaşayıb; bu, sözün işığında günəşi görən və zülmət qaranlıqlara günəşi gətirən ədəbiyyatın qalib ruhlu əbədiyyət taleyidir. Ədəbiyyat həmişə inanıb, diqtə və təlqin edib ki, «Günəş olun, onda hamı sizi görəcək». (F. Dostoyevski)
Sadıq Elcanlı
Olaylar.- 2016.- 8 yanvar.- S.9.