Vətənpərvərliyin tərbiyyəsi
kompleks fəaliyyətin nəticəsidir
Hər bir ölkənin
gələcəyi onun gənclərinin düşüncə
tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və
digər amillərdən asılıdır. Azərbaycan gəncliyi
bütün dövrlərdə ölkənin taleyüklü
məsələlərinə münasibətdə, həlledici
məqamlarda öz sözünü deyib.
Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Nəzərə alsaq ki, hələ Azərbaycanın işğal altında olan torpaqları azad edilməyib, deməli gənclərin vətənpərvərlik ruhunun artırılmasına etiyac var. Bəs, bu proses necə həyata keçirilməlidir? Sosioloq Elşad Əliyevin sözlərinə görə, müşahidələr göstərir ki, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı münasibətlərinə, əxlaqi və mənəvi dəyərlərinin formalaşmasına yönəldiyini deyirlər. Vətəndaşlıq mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə, ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət artırılmasını tələb edir: “Bu gün hamımız övladlarımızın taleyi üçün məsuliyyət daşıyırıq. Ona görə məsuliyyət daşıyırıq ki, bu gün qayğısız böyüyən övladlarımız sabah vətənin, dövlətin müqəddəratı üçün laqeyd olmasınlar. Hər birimiz bilməliyik ki, vətən məhz onlara əmanətdir. Əlimizdən gələni etməliyik ki, övladlarımız babalarımızdan yadigar qalan torpağın, vətəndaşı olduqları ölkənin mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar. Bir sözlə, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hamımızdan asılıdır. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir”. Ekspert hesab edir ki, gənclərin vətənpərvər ruhda tərbiyyə olunması istənilən dövlət üçün vacib məsələdir: “Gənclər bizim gələcəyimizdir. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu deviz - şüar həmişə aktual olub. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib”. Onu da qeyd edək ki, vətənpərvərlik tərbiyəsi vətəni sevməkdən qaynaqlanır. Vətəni sevmək üçünsə onu yaxşı tanımaq, yeraltı və yerüstü sərvətlərinə, tarixdən boy alıb gələn maddi-mədəniyyət abidələrinə, adət və ənənələrimizə dərindən bələd olmaq lazımdır. Məhz gənclərin bu sahədə də maariflndirilməsi vətənpərvərlik ruhunun artırılmasına səbəb ola bilər. Keçmiş hərbçi Murad Ağazadə deyir ki, gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması üçün onlara aşılanmalıdır ki, canımızdan əziz olan vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Həmin gənclər indiki və gələcək nəsil üçün bir örnək, bir nümunədir. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir: “Həmçinin gənclər anlamalıdır ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Çünki dövlətin gələcəyi onun gəncliyinin çiyni üzərində qurulur. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də vətən övladları - gənclərdir”. Psixoloq Rasim Quliyevin sözlərinə görə, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan cöxsaylı məsələlərdən biri də onların milli şüura bağlı olması üçün görülən işlərdir. Bu istiqamətdə təbliğat işləri hər gün davam etməlidir ki, vətənpərvər gənclər yetişdirmək mümkün olsun: “Etiraf edək ki, gənclərin Vətənə, torpağa bağlı bir şəxsiyyət kimi yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin yeri əvəzsizdir. Əminliklə demək olar ki, Azərbaycan gənclərinin vətənpərvərlik aşılayan mahnılara, sənət əsərlərinə böyük ehtiyacı var. Əslində bu sahədə bir sıra boşluqlar mövcuddur ki, həmin boşluqları da yad elementləri təbliğ edən mahnılar doldurur. Sirr deyil ki, televiziyalarda vətənpərvərlik mahnılarına, demək olar ki, çox az yer verilir. Efirə təqdim edilən mahnıların isə əksər hallarda ancaq adında vətənpərvərlik ifadəsi əksini tapır. Ancaq şərtdir ki, vətənpərvərlik əsərləri günü-gündən daha çox təbliğ olunmalı, onların arasından keyfiyyətli olanları telekanallarda, radiolarda hər gün təqdim edilməlidir. Bəllidir ki, müharibə şəraitində yaşayan bir ölkənin gənclərinin vətənpərvərlik mahnılarında ağrı-acı daha çox hiss olunur. Bəzən vətənpərvərlik adı ilə mahnılar təqdim edilir, təəssüf ki, bütövlükdə o mahnılar dinləyiciyə, xüsusən də gənc nəslə elə də təsir göstərmək gücündə olmur. Qarabağ müharibəsinin gedişində və atəşkəsin ilk illərində telekanallarda vətənpərvərlik mahnıları, gəncləri torpaqlarımızın müdafiəsinə çağıran, onları mənəvi-psixoloji cəhətdən savaşa hazırlayan mahnılara geniş yer ayrılırdı. Bu gün isə kiçik istisnaları nəzərə almasaq deyərdik ki, bu sahədə xeyli susqunluq var. Gün ərzində televiziya və radiolarda yüzlərlə əcnəbi ifa, mahnı, klip təqdim edilsə də, heç onların 2-3 faizini vətənpərvərlik nümunələri təşkil etmir”.
Sirr deyil ki, vətənpərvər gənclərin yetişməsi ölkənin bütün sahələrdə inkişafını təmin edir, dövlətin müstəqilliyinin təminatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Mütəxəssislərin rəyinə görə, yeni nəslin vətənpərvər ruhunun inkişafının əsas vasitələrindən biri də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Etiraf edək ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Qeyd edək ki, dövlətin gənclər siyasəti var ki, bu siyasət gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün münbit şərait yaradılıb. Bu amillər isə vətənpərvərliyin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası
Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 9-11 yanvar.- S.15.