Onun sənət dünyası
Sadıq
Elcanlı-60
Ömünü,
illərini, zəkasını vətəninə, xalqına həsr
edən çox az sənət adamı tapılar ki, öz
mövqeyinə axıra kimi sadiq qalsın. Özü,
sözü, məsləki, əqidəsi yalnız qəlbinin
diktəsi ilə döyünsün. Yaşadıqlarını, gördüklərini səmimi
duyğularının dili ilə kağıza köçürsün.
Sevilib seçilsə də, sənətdə yüksəklərə
ucalsa da yenə qəlbinə, ruhuna xəyanət etməsin. Yazıçı- publisist Sadıq Elcanlı kimi...
İstedad insana birdən-birə verilmir. Dünyaya gəldiyi
andan etibarən onun qanında, canında olur. Böyüdükcə üzə çıxır,
insanı ağlagəlməz fikirlər həyata keçirməyə
ilhamlandırır. Sadıq
Elcanlını ədəbiyyata ruhlandıran ən əvvəl
böyüyüb boya-başa çatdığı yurdunun
gözəl təbiəti olub. Hələ orta məktəbdə
oxuyanda, 9 yaşında ikən yazıçı qələminin
ilk məhsulu da məhz təbiətlə bağlıydı:
“Yaz elə həvəslə, həsrətlə gəlmişdi
ki, ağaclar əcəl yuxusundan oyanıb, heyrətlə
ağappaq gözlərini açmışdı.” Və belə bir cümlə ilə
yaradıcılığa gedən uzun, keşməkeşli
yolun təməli qoyuldu.
1956-cı ildə Dəvəçidə dünyaya gələn
Sadıq İbrahimov uşaq yaşlarından sözə, ədəbiyyata
meyilli olub. Müşahidə etdiklərini,
qarşılaşdığı hadisələri kiçik
yazılarında qeyd edib. Kimya-biologiya təmayüllü
məktəbi bitirdikdən sonra Bakı Dövlət
Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbəlik dövründə kiçik həcmli
hekayələr yazan Sadıq Elcanlı getdikcə
yaradıcılığının sərhədlərini
genişləndirib. İri həcmli əsərlər-
povestlər, romanlar qələmə alıb.
Azərbaycan ədəbiyyatında nadir müraciət
olunan mifoloji-fantastik nəsrin uğurlu, təkrarsız
nümunələrini yaradıb. Xalq şairi Nəbi Xəzri o vaxt
yazıçının “Sükutun sonu” kitabı ilə
bağlı fikirlərini belə ifadə edib: “Sükutun sonu”
Azərbaycan nəsrində təzə söz deyən
kitabdır. Dünya ədəbiyyatında
çox gözəl nümunələri olan elmi-fantastik nəsrin
milli ədəbiyyatımızda yükünü, ağırlığını
çəkmək şərəfi Sadıq Elcanlının bəxtinə
düşüb”.
Sadıq Elcanlının yaradıcılıq istiqaməti
olduqca genişdir. O, həm ciddi yazıçı, ədəbiyyatşünas,
tənqidçi, həm də jurnalist, publisist, redaksiya rəhbəri,
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin “Ədəbi-dram verilişləri” baş
redaksiyasının baş redaktorudur. Onlarca hekayə,
povest, roman, yüzlərcə publisistik, ədəbi-tənqidi
məqalə, esse, resenziya, silsilə ədəbi-bədii
verilişlərin, bədii və sənədli filmlərin
müəllifidir. Müasir oxucunun və
tamaşaçının nə istədiyini bilir,
çağdaş dövrün nəbzini tutur, aktual problemləri,
cəmiyyəti düşündürən problem məsələləri
ədəbiyyata gətirir, özünəməxsus ifadə
vasitələri ilə, istedadlı yazıçı məharətilə
qələmə alır. Onun əsərlərində
tənqid də var, məntiqi nəticə də. Oxucu yazıçının nə demək istədiyini,
nəyi təbliğ etdiyini duyur, mürəkkəb ədəbiyyat
aləmindən öz payına düşənləri
götürür.
Ədibin nəsr əsərlərindən
danışarkən hekayələrini xüsusilə qeyd etmək
lazımdır. Yaradıcılığının əsas
mövzularından biri olan insan və mənəviyyat problemləri
hekayələrində də başlıca yeri tutur. Yazıçı tez-tez şəhər və kənd
həyatını bir-biri ilə
qarşılaşdırır. Hər iki
mühitin insanlarını ən incə detallarına kimi təsvir
və təhlil edir. O, öz qəhrəmanlarını
mürəkkəb ziddiyətli xarakterə malik yaradır.
Ən mənfi personajlarında belə vicdanın zəif
cücərtiləri hiss olunur. Onun əsərlərinin
hamısı sanki insanpərvərliyə
çağırışdır. Yazıçı
oxucularını öz nöqsanlarını görməyə,
əməllərini təhlil etməyə dəvət edir.
Müsibətlərin səbəbini iradəsizlikdə,
nəfsinə qalib gələ bilməməkdə
görür. Ədibin hekayələrinin
dili də olduqca sadədir, xalq dilinə yaxındır. Bu da əsərlərinə xüsusi bir təravət
gətirir.
Sadıq Elcanlı əsərlərində işıqla
zülməti qarşılaşdırır. Həyatın
gah işıqdan zülmətə, gah da zülmətdən
aydınlığa doğru irəlilədiyini
vurğulayır, bu yolun əzəli-əbədi fəlsəfəsini
dərk etməyə çalışır. Onun əsərlərində insanın dünyaya gəlişi,
qaranlıqdan işıqlı aləmə qədəm
qoyması və öldükdən sonra da qara torpağa, dərin
qaranlıq yuxuya dalması mifik-fəlsəfi obrazda təqdim
edilir. Bunun ən bariz nümunəsini
yazıçının “Zülmət” romanında görə
bilərik. Əsər mifoloji fantastik
formada yazılsa da, real həyat faktlarına əsaslanıb.
Bütün hadisələr Butay Ələhmədov,
yaxud da Xasay Xaspoladov obrazının ətrafında cərəyan
edir. Yazıçı obrazın getdikcə
daxilən dəyişməsini, öz nəfsinə,
şeytani fikirlərə uymasını xırda detallarına
kimi bədii ustalıqla təsvir edir, gələcəyini
qurmağa hazırlaşan, qəlbi sevgiylə
çırpınan sadə kəndli oğlanın mərhələ-mərhələ
hansı məqamlardan keçdiyini, daxilən necə dəyişdiyini
və bunun məntiqi səbəblərini aşkara
çıxarır. Əvvəlcə onun
instituta qəbul olması haqqında kənddə yayılan
söz-söhbətlər, Butayın əla qiymətlər
alması barədə fikirlər, eləcə də şəhərdə
vəzifəli insanlarla oturub-durması haqqında şayələr
və sairə onu insanların gözündə çox
böyüdür. Butay ilk vaxtlar buna qarşı bir
yadlıq hiss etsə də, yalandan hardasa utansa da, get-gedə
buna öyrəşir və yeni yalanlar uydurmağa
başlayır. Şəhərdə olan vəziyyətdən,
beynəlxalq siyasətdən bir mütəxəssis kimi
danışır. Lakin bu çox da uzun
çəkmir, vəziyyət belə gətirir ki, Butayın
yalanları üzə çıxır. Ona
əvvəlki hörmət göstərilmir, həmişə
öyrəşdiyi münasibətlə qarşılaşa
bilmir. Nəticədə Butay məyusluğa
qapılır, real həqiqətlər onu daxilən
sındırır. Çıxış
yolunu isə cinayətdə görür. Yazıçı
Butayı birmənalı şəkildə qatil kimi təqdim
etmir. O, əslində nadan cəmiyyətin
yaratdığı bir cinayətkardı. Butay
Şükür, Xanı kimilərin əyri yollarla ad-san,
şərəf sahibi olduqlarını həzm edə bilmir.
Daxilində sanki özü ilə mübarizə
aparır, lakin sonda şeytani hisslərinə təslim olur.
Yazıçı-publisist Aydın Tağıyev əsərlə
bağlı “525-ci qəzet”də yazır: “Romanda
yazıçının mürəkkəb fəlsəfi
mühakimələri “Zülmət-işıq” müstəvisində
ayrı-ayrı obrazlar vasitəsi ilə öz əksini
tapır. Obrazların roman boyu hərəkətlərinin,
davranışlarının, qəbul etdikləri həqiqətlərin
öz ictimai səbəbləri var. Və Sadıq Elcanlı
da kamil bir yazıçı kimi bütün bunları öz
oxucusuna təqdim edir”.
Yazıçının yaradıcılığında
tarixi mövzuların ayrıca yeri var. Xalqına dərin məhəbbətlə
bağlı olan ədib ulu türklərin keçmişindən,
Qorqud yaddaşından, Nizami dühasından, ayrı-ayrı
tarixi məkanlarımızın cazibəsindən söz
açır.
Sadıq Elcanlının əsərlərinin
özünəxas üslubu var. Əbəs yerə onun yaradıcılığını
intellektual ədəbiyyata aid etmirlər. Həqiqətən
Sadıq müəllimin əsərlərini oxumaq və dərk
etmək hər adamın işi deyil. Bunun
üçün müəyyən
dünyagörüşünə malik olmaq lazımdır.
Sadıq Elcanlının elə bir bədii əsəri
yoxdur ki, orda ana təbiətin al əlvan boyaları, min bir
sehrli çalarları, əsararəngiz gözəlliyi öz
əksini tapmasın. Yazıçı başı qarlı
dağları, həmişəyaşıl sıx meşəlikləri,
baharın, qışın təravətini, barlı-bəhrəli
ağacların gözəlləyini bədii ustalıqla təsvir
edir. Xüsusilə də doğma yurdu Şabranın,
ana kəndi Surranın təbiətini... Yazıçı
etiraf edir ki: “Bəzi əsərlərim, ağaclardan,
onların sirri-xuda dediklərindən başlayıb. Məsələn,
25 il əvvəl “Azərbaycan” jurnalında çap olunan
“Yaddaş yarası” romanımın ilk cümləsini
Şabranda, dədə kəndim Surranın kəklikotu məskəni
olan Daşlı dərəsində tənha bir qərbi
ağacı pıçıldayıb mənə. “Susqun səsin
soyuğu” adlı hekayəm ömrünün yaz fəslində,
cavan çağında quruyan qəm qalası şabalıd
ağacının danışdıqlarıdı, kədər
kəməndi xatirələridi...”
Həyat əvvəli və sonu bilinməyən bir
yoldur. Bu yolun sonunda bizi nələrin gözlədiyini
bilmirik. İnsanın yaradılış fəlsəfəsi
belədir. Bilmədən, görmədən
inanmaq, sevmək, könül vermək, təmənnasız
xidmət etmək. Yaradıcılıq da
həmin prinsipə əsaslanır. Yazıçıdan
nəyi, niyə yazdığını soruşmaq qədər
sadə və çətin sual yoxdur. Həyatın
özü kimi, yaradılışın təməli kimi...
Sadıq Elcanlı yazır: “Mən nədən, necə, nə
üçün yazıram? Bu, mənim
üçün dünyanın ən çətin
sualdır. Həmişə kütləvi
düşüncə bazarından, kütlə bozluğundan
xalqa tərəf qaçmışam. Çünki
Ziqmund Freyd demişkən, “Kütlə üzüyola heyvan
sürüsünü, çobansız yaşaya bilməyən
sürünü xatırladır”. Mən
həmişə illüziyanın həqiqəti, irreal
şüurun real gerçəkliyi
sıxışdırdığı kütləyə
doğru yox, xalqa, xalqın xilaskar fitri-tarixi gücünə,
etnogenetik yaddaş enerjisinə, ümummilli ruhun, insanın və
xalqın qələbəsinə doğru getmişəm.
Məsələn, Sovet dövründə, adətən, insan,
xalq ədəbiyyatı yox, toplum, kütlə ədəbiyyatı
yaratmaq mexanizmi işləyirdi, partiya maşınının
“təkərciyi” və “vintciyi” hesab
olunan ədəbiyyat çox halda xalqın kütləyə,
işlək, sərfəli sosial sürüyə döndərilməsinə
xidmət edirdi. Və bu yerdə
düşünürəm ki, yazıçı qələmi
gizli nüvə enerjisi kimidir; o, insanın, xalqın,
bütövlükdə bəşəriyyətin xeyrinə də,
zərərinə də işləyə bilər. Məncə əsl ədəbiyyat insanda insan,
kütlədə xalq, xalqda millət oyatmalıdır”.
Sənətkarın ömür kitabını vərəqlədikcə,
onun həyat yoluna, yaradıcı dünyasına səfər
etdikcə qələmə aldığı hisslərinin, əsiri
olduğu duyğularının şahidinə çevrildik. 60 illik
ömrü şərəflə başa vurmaq, müdrikliyə
doğru yol almaq hər adama nəsib olmur. Sadıq
Elcanlı o şəxslərdəndir ki, ömür yolunu
xalqına, vətəninə faydalı işlərə sərf
edir. Ədəbiyyat tarixinin qorunmasında,
intellektual nəsrin zənginləşməsində
özünəməxsus xidmətlər göstərir. Əsərləri bu gün də oxunur, bundan uzun illər
keçəndən sonra da sevilə-sevilə oxunacaq.
Ən əsası səmimiyyətinə, insanların mənəvi
dünyasından, daxili yaşantılarından məharətlə
söz aça bildiyinə, xalqına dərin məhəbbətinə
görə...
Nazlı Familqızı
Olaylar.- 2016.- 9-11 yanvar.- S.11.