Zəlimxan Yaqubun
“Yanıq Kərəmi”si
Yardımlıda, Savalanla
üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin
ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada,
arandan başlayaraq, hər yerdə gədiklərlə,
dağların sırtıyla uzanıb Ərdəbilə
doğru aşan El Yoluyla Güneylə aramızı kəsən
sərhəddə doğru addımlayırdıq.
Yayın əvvəli olsa da burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən al-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı. Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan çəmənliklərin arasıyla qoşa təkər izi iki saz simi kimi ağarır və bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma olan bu El Yolunun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər sınədəftər olmasam də gənclik illərində bu yola sevgimin ifadəsi kimi yazdığım “Vəsiyyət” şerini deməkdən özümü saxlaya bilmirəm: “Məzarımı El yolunda qazdırarsınız, O yolda ki, indi onu sərhədlər kəsir, o yolda ki, yaz gələndə arandan dağa köç çatılır, ilxı qalxır, ellər tələsir”. Üçüncü yoldaşımız Məmməd Aslan gül-çiçək ümmanını görən kimi bizi unudub. Arı kimi güldən-gülə qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa yuvasına yönəldib səbrlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə düşüb getməyimiz də gözündən yayına bilməzdi və yəqin ki, zəngin videogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geridönməyəkcəsinə sərhəddə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş zarafatları də əksini tapıb...
Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə ” Yaxşı ki sazını götürmüsən!” dedim.
Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki, sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu qayalara yığıblar və aşağıdan baxanda onların qayalara enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş qap-qara, vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin “qurutduğu” El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin çiynimizə yüklədiyi bütün ağrıları “Yanıq Kərəmi”ylə dilə gətirəndə anladım ki, yaylaqlarımızın əsl görünüşü o güllü-çiçəkli çəmənlər deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti azalmayan Yanıq Palıd ağacıdır... Bu ağac həm də Kərəmin heykəlidir. Zəlimxanın çalğısında Borçalının, itiriyimiz İrəvan-Göyçə torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə yüklənmişdi...
İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar ehtiraslariyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.
Yanan da var, köhnə
bayatıları təkrarlayanlar
da... Bunlar Zəlimxanın nə
özünün, nə
sözünü dəyərinə
təsir göstərməz.
Zatən
başqalarına qiymət
verməyə, özünü
hakim yerinə qoymağa
qalxan hər kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir. Millətimizin xroniki xəstəliklərindən
biri də qeybətdir və bu xəstəliyə tutulanlar anlamadan öz ömürlərini
baltalayırlar. Şairin sözü
özünü qoruya
bilməsə başqa
kimsə onu qoruya bilməz. Və tərsinə, sözüylə
özünə ölməzlik
qazananları da heç bir dedi-qodu şəbəkəsiylə
unutdurmaq olmaz. Bu barədə geniş
danışmağa ehtiyac
yoxdur. Bir həqiqət inkarolunmazdır:
İqtidarda da, müxalifətdə də
istedadsız və xırda adamlar kimsəni maraqlandırmır,
sevilən və ya inkar olunanlar
da böyüklər və xalq arasında
sözünün təsiri
olan adamlardır... Xalq umduğundan küsür, vecsiz adamlardan yox!
Mən Zəlimxanı
gənclik vaxtından,
Bakıda kitab ticarəti sahəsində
işlədiyi illərdən
tanıyırdim. Sonra “Yazıçı” nəşriyyatına gəldi,
bir yerdə çalışdıq, yuxarıda
yazdığım Yardımlı
səfərinə bənzər
səfərlərimiz, oxucu
görüşlərində, kitab müzakirələrində
çoxlu birgə çıxışlarımız oldu. O, Əli Kərim demiş, “məhəbbətdən qaşığacan”,
hər şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının
qüdrətli səsiydi.
O mühitdən çıxmış
bir sıra tanınmış qələm
sahibiylə birgə Borçalının mənəvi
və ədəbi dünyasının Azərbaycandan
ayrılmaz olduğunu
sübut eləmişdi.
Bəziləri onu aşağılamaq
məqsədiylə “aşıqdır”
deyirlər. Türk
əxlaqı və ruhunun beşiyi və yanar kürəsi
olmuş böyük irfan ədəbiyyatının,Yunis
Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər,
Aşıq Veysəl yolunun davamçısı
olmaq zınqırovlu-mınqırovlu
ərəb-fars ibarələriylə
dolu və bizi başqalarının süfrəsinə çəkən
yazılı şeirbazlıqdan
min qat artıqdır.
Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək
klassik ədəbiyyatımızın
bilicisiydi və ona bağlıydı.
Saz Zəlimxanın
gücsüzlüyü yox,
gücüydü, böyüklüyüydü. Çağdaş ədəbiyyatımızda sazla
sözün vəhdətini
saxlamaq baxımından
Zəlimxana bənzər
qələm sahiblərimiz,
təəssüf ki, yoxdur.
Xəstə olsa da diqqətliydi. Zəng vurub
mənim mətbuatdakı
yazılarım və
ya başqa dostlarımızın yazıları
barədə fikirlərini
bölüşərdi. Ancaq son vaxtlar zənglərimə
cavab vermirdi. Yəqin nömrəsini dəyişib,
deyirdim. Sonra öyrəndim
ki, başqalarına da cavab vermir.
Zəngim çatsa deyəcəkdim
ki. darıxma,
özün xəstə
olsan da sözün Məmməd Arazın sözü kimi sapsağlamdır...
Bu dünyanın dərdlərinə
vida etdiyini, sevdiyi böyüklərin
dünyasına qovuşduğunu
Azərbaycandan kənarda
eşıtdim... İldırım vurmuş palıd ağacını
xatırladım və qulağımda Zəlimxanın
Yanıq Kərəmisi səsləndi...
Sabir Rüstəmxanlı
Olaylar.- 2016.- 12 yanvar.- S.8.