Suraxanı rayonunun sosial-iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər

 

Bir zamanlar dəvə karvanlarını əhənglə, ağ neftlə yükləyib İpək Yolu ilə şərqə və qərbə yola salan Suraxanı bu gün paytaxt Bakının rayonları sırasında özünəməxsus yer tutur. Suraxanı rayonu sosial-iqtisadi inkişaf göstəricilərinə görə Bakının 12 rayonu arasında öncül yerlərdən birini tutaraq “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla icra olunduğunun bariz nümunəsi kimi çıxış edir.

Bu proqramın 2014-2016-cı illəri əhatə edən dövrünün uğurlu icrasının nəticəsi olaraq Suraxanı rayonu müsbət istiqamətdə inkişaf edir. Tarixən neft və təbii qaz istehsalı ilə tanınan Suraxanı Bakının rayonu kimi 1920-ci ildə yaradılıb və bu gün 122 kvadrat kilometr ərazini əhatə edir. Burada şəhərətrafı elektrik dəmir yolu stansiyası ərazidə istehsal edilən ağ neft məhsullarının ixracı üçün istifadə olunurdu. Çar Rusiyasında ilk neftayırma zavodu 1859-cu ildə Suraxanıda istifadəyə verilib. Bununla əlaqədar 1878-80-ci illərdə Bakı-Suraxanı dəmir yolu çəkilib. Suraxanı rayonu eyni zamanda mineral suları və müalicəvi palçıq vulkanları ilə də tanınır.

 

Atəşgah Avropa Oyunları məşəlini alovlandırdı

 

Suraxanı deyəndə hər şeydən əvvəl ağlımıza Atəşgah məbədi gəlir. Zəngin mədəniyyətə və nümunəvi tolerantlığa malik Azərbaycan xalqının qədim irsini tanıdan bu abidə beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı od məbədindən ibarətdir. Şəhər karvansaralarını xatırladan Atəşgah müqəddəs odun - təbii yanar qazın saxlandığı və oda sitayiş ayinlərinin icra edildiyi məkan idi. Abidə Midiya dövrünə aid olsa da onun üzərində hind dilində yazılan yazılar onun 1713-cü ildə Hindistanın Multan vilayətindən gələn atəşpərəst tacir və zəvvarlar tərəfindən tikildiyini göstərir.

Atəşgah məbədinə yeni can 2007-ci ildə verilib. Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə bu abidə dövlət tarix-memarlıq qoruğu elan edilib. Dövlət başçısının 2009-cu ildə verdiyi yeni Sərəncama əsasən, burada həm də arxeoloji tədqiqat işlərinin aparılması və Atəşgah tarixi muzey mərkəzinin yaradılmasının əsası qoyuldu. Məbəd çox dəyərli tarixi abidə kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə qoruğun ərazisində arxeoloji tədqiqat işlərinin aparılması və Atəşgah tarixi muzey mərkəzinin yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb.

Bu gün Atəşgah məbədini Bakı 2015 Birinci Avropa Oyunlarını izləmiş hər bir insan tanıyır. Çünki, 2015-ci ilin ən əlamətdar idman hadisəsi olan və Odlar Yurdu Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəli öz alovunu Atəşgahdan aldı və bu bir ənənəyə çecriləcək. Belə ki, bundan sonra harada keçirilməsindən asılı olmayaraq, Avropa Oyunlarının məşəli ilk alovunu Atəşgah məbədindən götürəcək.

Suraxanı rayonu Birinci Avropa Oyunlarında təkcə məşəli alovlandırmaqla yox, həm də öz idmançılarının uğurları ilə yadda qaldı. Bu oyunlarda Suraxanı idmançıları – Ayxan Mamayev qkarate üzrə qızıl, sambo üzrə Vasif Səfərbəyov gümüş, qılıncoynatma üzrə Sevil və Sevinc Bünyatova bacıları isə gümüş və bürünc medal qazandılar.

Oyunlar ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyəti rayonun sosial-iqtisadi inkişafına yönələn əməli tədbirlər, abadlıq-quruculuq işləri yerinə yetirdi. Belə ki, Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları təmir olunaraq rəngləndi, aqlay daşları ilə üzləndi, Əmircan qəsəbəsində yerləşən Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən quruldu, Bülbülə qəsəbəsində yerləşən 24 saylı poliklinikanın qarşısında yeni park salındı, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12 min kvadrat metr yaşıllıq salındı. Bundan başqa, “Bakubus" MMC-nin Birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi də Suraxanı rayonunun Zığ qəsəbəsində salınıb.

Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kvadrat metr sahə, həmçinin 3252 kvadrat metr səki asfaltlanıb, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkildi, işıq dirəkləri quraşdırılıb.

 

Ekologiya prioritetdir

 

2015-ci ildə Suraxanı rayonu ərazisində ekoloji məsələlərin həlli üçün müxtəlif tədbirlər görülüb. Paytaxtın neft sənayesi rayonlarından biri olan Suraxanı üçün ekoloji məsələrin həlli vacib əhəmiyyət kəsb etdiyindən Prezident İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama və qəbul edilmiş müvafiq dövlət proqramına əsasən, Suraxanı rayonu ərazisində yerləşən Bülbülə və Zığ gölləri təmizlənərək ətrafları abadlaşdırılıb.

Həmçinin rayon ərazisində olan neftlə çirklənmiş hektarlarla ərazi təmizlənərək rekultivasiya olunub, ekoloji cəhətdən zərərli 20-dən çox gölməçələrin əksəriyyəti qurudulub, 30 neft quyusunun ətrafları tullantılardan təmizlənib və neft kollektorları təmir olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan 1-ci "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində ağacəkmə kampaniyası Suraxanı rayonuna da öz töhfəsini verib. Keçən il rayonun müxtəlif ərazilərində 7,4 mindən artıq ağac əkilib.

 

Rəqəmlər inkişafı göstərir

 

Hazırda 212 mindən çox əhalisi olan Suraxanı rayonu Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Yeni Günəşli, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsindən ibarətdir. Suraxanı bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edir. Rayonda neft və qaz çıxaran "Bahar Enerji", "Suraxanı Oyl" şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operatinq Company" və digər müəssisələr fəaliyyət göstərir. Ümumiyyətlə, burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da istehsal etdiyi məhsulların bir hissəsi xaricə ixrac olunur.

Bu müəssisələrin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın sənaye məhsullarına olan tələbatının bir hissəsi ödənir, rayonun əhalisinin işsizlik problemi qismən aradan qalxır. Bunu statistic göstəricilər də sübut edir. 2015-ci ilin 9 ayı üçün olan statistika göstərir ki, Suraxanı rayonunda sözügedən dövrdə 198,1 milyon manat həcmində sənaye məhsulu istehsal edilib və 2355 yeni iş yeri açılıb.

Suraxanı rayonu ərazisində fəaliyyət göstərən transformator və başqa elektrotexniki avadanlıqlar istehsal edən zavodun məhsulları gələcəkdə Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, İraq, Bəhreyn kimi ölkələrə ixrac olunacaq.

Ərazisi neft qurğuları ilə zəngin olan Suraxanı bərpa oluna enerjinin istehsalı üçün də böyük potensiala malikdir. Bu potensial Suraxanı Günəş Elektrik Stansiyası vasitəsilə gerçəkləşdirilir. Stansiya Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilərək 2015-ci ilin mayından test rejimində, iyun ayından isə tam gücü ilə işləyir. 6 hektar ərazini əhatə edən stansiyada 8 min günəş paneli quraşdırılıb ki, bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Stansiyanın layihə gücü 2800 kilovat, illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işlədikdə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacağı proqnozlaşdırılır.

 

Sosial tədbirlər rifaha yönəlib

 

Suraxanı rayonunda 2015-ci ildə ictimai iaşə obyektlərinin təmiri və yenidən qurulması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib. Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli qəsəbəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları, Yeni Günəşli "V" sahəsində idman meydançası, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçası, şahmat məktəbi və Yanğından Mühafizə Bölməsinin tikintisi uğurla davam etdirilib.

2015-ci ilin 9 ayı ərzində Suraxanı Rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzində 7 mindən çox sakinə 4.57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3.04 milyon manat ünvanlı sosial yardım göstərilib. Həmçinin, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib. 58 nəfər güzəştli vətəndaş reabilitasiya mərkəzi və sanatoriyalarda istirahət edib. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət edən 592 nəfərdən 476 nəfəri işlə təmin edilib.

2015-ci ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığı Suraxanı rayonunda uğurla icra edilib. Aşkarlanan xəstəliklər üzrə 6751 nəfər sakin ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə cəlb olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.

Rayonda Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları ilə təchiz edilən kitabxana, konfrans salonu və təlim kursları artıq 7 ildir rayon əhalisinə xidmət göstərir. Mərkəzdə ötən ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, Azərbaycan tarixinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdlərinə 38 açıq dərs və digər maarifləndirmə tədbirləri keçirilib.

Rayonda 2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən, "Şikayət və təkliflər" səyyar poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba cavab verilib. Bu müddət ərzində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 759 nəfər sakin qəbul edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları Suraxanı rayonundan da yan keçməyib. Belə ki, münaqişə başlayandan öz yurd-yuvalarından didərgin düşmüş 8386 qaçqın və 21368 məcburi köçkün bu rayon ərazisində məskunlaşıb. Ona görə də rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bayram günlərində bir qayda olaraq Rayon İcra Hakimiyyəti tərəfindən onlara yardım göstərilir.

 

Problemlər həllini gözləyir

 

Suraxanı rayonunda 2015-ci ilin 9 ayında əldə olunan bu nailiyyətlərlə yanaşı, bəzi həllini gözləyən məsələlər hələ də qalmaqda davam edir. Rayonda mövcud olan ən ciddi problem Zığ qəsəbəsi ərazisində qəzalı evlərdə yaşayan sakinlərlə bağlıdır. Bunu nəzərə alan Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki evlərə texniki baxış keçirib, ərazinin relyefini nəzərə alaraq 40 evin qəzalı vəziyyətdə olmasını aşkarlayıb. 22 qəzalı evin boşaldılmasına dair məhkəmə iddiaları təmin edilib, 22 ailə kirayə evlərə köçürülüb.

Həllini gözləyən məsələlər sırasında məhəllə yollarının təmiri, təbii qaz və su verilişi problemi yaşayan yaşayış binaları və fərdi evlərin problemlərinin həlli xüsusi yer tutur. Suraxanı sakinləri ümid edir ki, yeni başlayan 2016-cı il onlar üçün bu tip problemlərin həll olunması ilə yadda qalacaq.

Hazırda qış fəslinin olmasını nəzərə alsaq deyi bilərik ki, Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında duran hazırkı prioritet məsələ rayonun qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etməkdir. Bunu nəzərə alan rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasovun sərəncamı ilə xüsusi tədbirlər planı təsdiq edilib. Bu tədbirlər planı istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, ictimai iaşə obyektlərinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması kimi həyati vacib məsələləri nəzərdə tutur.

Beləliklə, Suraxanı təkcə neft qoxulu küçələri ilə yox iqtisadiyyat, mədəniyyət, təhsil, tibb və idman sahəsinə böyük töhfələr verən müasir rayon kimi xatırlanır. Görülmüş işlər, əldə olunmuş nailiyyətlər, həmçinin qarşıda duran vəzifələr Suraxanı rayonunun perspektivli gələcəyindən xəbər verir.

 

Müəllif: Aynur Kərimova

 

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

 Olaylar.- 2016.- 13 yanvar.- S.10.