Ümumtəhsil müəssisələri gənclərin vətənpərvər

ruhda tərbiyəsində mühüm rol oynayır

 

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

Sağlam gəncliyin böyüməsi üçünsə onun sağlam ruhda tərbiyə olunması başlıca şərtdir. Gənclərin sağlam ruhda tərbiyəsi dedikdə onlarda Vətənə sevgi məhəbbətin artırılması, vətənpərvər ruhda böyüdülməsi nəzərdə tutulur. Sevindirici haldır ki, Azərbaycan gənclərində bu hisslərin aşılanması istiqamətində hər zaman  müvafiq addımlar atılıb, tədbirlər görülüb. Düzdür, tarixin müəyyən dövrlərində bu istiqamətdə aparılan bir qədər azya çox olsa da, lakin ümumulikdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hər zaman hansısa addımlar atılıb. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət artırılıb. Günümüzdə də gənclərin vətənpərvər ruhda böyüməsi, bu ruhda tərbiyə alması işinə ciddi diqqət yetirilir. Ayrı-ayrı qeyri-hökumət, gənclər təşkilatlarının müvafiq dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirdikləri layihələrin böyük əksəriyyəti məhz vətənpərvərlik mövzularına aid olur.

Bu bir danılmaz faktdır ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadan gəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir.        Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə,  öz  ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. 

Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir.  Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin  təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqill Azərbaycana da bu gün məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcə də sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Heç şübhəsiz ki, vətənpərvərlik tərbiyəsində bağçanın, məktəbin, eləcə də digər təhsil müəssisələrinin kitabxanalar da rolu danılmazdır. Xüsusilə, bu kimi təhsil ocaqlarındakı kitabxanalar gənclərin vətənpərvərliklə bağlı mövzular, materiallar, tarixi faktlarla tanış olmasında əvəzsiz vasitədir. Ancaq kitabxanalar da öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır. Kitabxanada bu mövzuda söhbət, biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə keçirmək olar. Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində ailə və məktəbin üzərinə düşən məsuliyyət, eyni   zamanda kitabxanalara da aid edilə bilər. İlk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür   yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də  yerləşdirilə bilər. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: “Tariximizin şanlı səhifələri”, “Heç kimheç nə unudulmur”,”Hərbi – vətənpərvərlik guşəsi” və s. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər.

Gənclərə  vətəndaşlıq hissinin təbliğ formalarından biridisputdur. Disputun suallarını : Vətənpərvər olmaq nə deməkdir?, Vətəndaşlıq borcu nədir?,  Vətəni nə üçün sevmək lazımdır?, Yaxşı insan kimdir?  s. kimi qoymaq olar. Hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi  məqsədlə oxucularımızla “Tarixi şəxsiyyətlərimiz” adlı söhbətlər keçirmək olar.  Bu məqsədlə hərbi komissarlıqla kitabxananın  əməkdaşlığı daha müsbət nəticələr verə bilər. Belə ki, çağırışçı gənclərlə ordudan tərxis olunmuş gənclərin görüşlərinin təşkili gənclərin orduya  hazırlığına ən gözəl nümunədir. Azərbaycan gənci anlamalıdır ki, başqa bir dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik kimi halların yox olmasına səbəb olur. Bundan başqa kitabxanalarda milli qəhrəmanlarımızla, Qarabağ müharibəsi veteranları ilə görüş təşkil etmək daha maraqlı olar. Çünki, oxucular görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Kitabxanalarımızda görkəmli tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, Qarabağ uğrunda aparılan müharibənin  iştirakçısı olmuş qəhrəman oğul və qızlarımızın döyüş yolunu əks etdirən əsərlərin kitab müzakirəsi, oxucu konfransı, dəyirmi masalar, xatirə gecələri də təşkil etmək məqsədə uyğundur. Doğma Vətənin, onun qəhrəman övladlarının, zəngin sərvətlərinin qürur hissi ilə təbliği məqsədilə kitabxanaların və kitabxanaçıların üzərinə bir sıra vəzifələr düşür. Diyarşünaslığın təbliği ölkənin hər bir guşəsinin öyrənilməsindən başlayır, çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Odur ki, gənclərin dünyagörüşünün inkişafı və formalaşması üçün onların anadan olduğu diyarın tarixi, maddi-mənəvi sərvətləri, yetişdirdiyi şəxsiyyətlər, onların ictimai fəallığı və s. haqqında məlumatlar verən diyarşünaslıq ədəbiyyatının təbliği böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə kitabxanalarımız bütün vasitələrdən istifadə etməli, təbliğatın ən müxtəlif üsulları həyata keçirilməlidir. Son dövrlərdə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq insanlar özlərinə lazım olan məlumatları əsasən İnternet vasitəsilə daha tezoperativ əldə etməyə üstünlük verirlər. Kitabxanaların materialları əsasında elektron resurslarelektron kitablar, məqalələr, fotoşəkillər, audiovideo materiallardan ibarət diyarşünaslıq xarakterli elektron məlumat bazası hazırlanıb onların saytında yerləşdirilir. Lakin unutmaq olmaz ki, məlumat bazaları mütəmadi olaraq yenilənməli, yeni məlumatlarla zənginləşməlidir. Bundan başqa kitabxananın saytında diyarşünaslığa aid yeni kitablar, keçiriləcək tədbirlər haqqında oxuculara müntəzəm şəkildə məlumat vermək (elan, anons) lazımdır. Böyüməkdə olan gənc nəslə tarix diyarşünaslıq məzmunlu əsərlərin tövsiyə edilməsi vətənpərvərlik tərbiyəsinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii-coğrafi mühiti, sərvətləri, Azərbaycan xalqının tarixi, adət-ənənələri, tarix və mədəniyyət abidələrinin yaradılması və onun tədqiqində arxeoloqlarımızın vətənpərvərlik fəaliyyətləri, vətənin müdafiəsinə qalxmış xalq qəhrəmanları, milli ordunun təşkili və s. haqqında ədəbiyyat vətənpərvərlik tərbiyəsi üçün dəyərli vasitələrdir. 

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2016.- 14 yanvar.- S.15.