Suraxanı rayonunun sosial-iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər

 

Bakı şəhərinin ümümi inkişafında 12 rayonun hər birinin ayrı-ayrılıqda xüsusi, fərqli və özünəməxsus özəlliyi ilə seçilən mühüm yeri vardır. Sözsüz ki, uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində dövlət proqramları dayanır. Məhz bu proqramların icrasının nəticəsi olaraq paytaxt rayonlarında davamlı abadlıq, quruculuq işləri aparılır, əhalinin kommunal durumusosial rifah halı yaxşılaşdırılır. Suraxanı rayonu da öz yenilikləri, özünəxas inkişaf yolu və günü-gündən artan, daha da nəzərəçarpan tərəqqisi ilə seçilən inzibati ərazi vahidlərindəndir.

 

Tarixə qısa nəzər

 

Ərazisi 122 kvadrat kilometr olan Suraxanı rayonu paytaxtımızın cənub-şərqində yerləşir. Əvvəllər bu ərazinin mərkəzi S.Orconikidzenin adını daşıyıb. Xüsusi ilə qeyd etməliyəm ki, dünyada ilk dəfə quruda neft yatağının sənaye üsulu ilə işlənməsi məhz Suraxanı rayonu ərazisində 1904-cü ildə başlanılmışdır. Rayonda 1907-ci ildə 32 quyu, 1908-ci ildə – 57 quyu, 1909-cu ildə – 85 quyu, 1910-cu ildə artıq 137 quyu qazılmışdır. Suraxanı rayonunu həm də tarixi irsimizin və mədəni abidələrimizin qorunduğu ərazi kimi də göstərmək olar. Belə ki, rayon ərazisində yerləşən XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuşUNESSO-nunDünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun xüsusu nümunələrindəndir. Sönməz alovların üzərində inşa edilmiş bu məbədin inşası və eləcə də məbəd ətrafında 26 hücrə və karvansara, yan yana tikilmiş ibadətxanaların inşası məhz XVII-XVIII əsrlərə təsadüf edir. Müasir memarlıq incəsinitinin elementləri ilə inşa edilən məbəd od səcdəgahlarının izlərini də özündə daşımaqdadır. 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilmişdir. Aparılan işlər nəticəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

 

Suraxınıda bir ilk

 

2015-ci il Suraxanı rayonu üçün mühüm əhəmiyyət kəsb edirdi, çünki məhz həmin ildə idman dünyası yeni bir tarix yazdı və paytaxtımızda ik Avropa Oyunlarının məşəli“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda alovlandırıldı. Bu tarixi hadisə ilə əlaqədər rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları yenilənmiş, Əmircan qəsəbəsinin Vladimir Balandin, NeftçiMalik Mustafayev küçələrində yenidənqurma işləri aparılmışdır. Həmçinin rayon ərazisində yaşıllaşdırma ilə bağlı iməcliklər keçirildi. İməcliklər Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Xanlar Ələkbərov küçələrində aparılmışdır. Eyni zamanda, Tofiq Bayram parkı yenilənmiş, burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

Rayonun payız-qış mövsümündəki real vəziyyəti

 

Suraxanı rayonunun payız-qış mövsümünə ciddi şəkildə hazırlaşmışdır. Belə ki, istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması kimi mühüm işlər görülmüşdür.

Rayon əhalisinin qış mövsümündə istiliklə tam təmin olunması üçün öncədən xeyli sayda tədbirlər həyata keçirilib. Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlaristilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, qazanlarda istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmişdir.Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Rayon ərazisindəki istilik məntəqələri daha müasir avadanlıqlarla təchiz edilmiş, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilmiş, müxtəlif diametrli borularla 1670,0 p.m. istilik xətləri dəyişdirilmişdir.

 Payız-qış mövsümündə əhalinin enerjiyə olan təlabatını təmin etmək məqsədi ilə bir sıra mühüm işlər görülmüşdür. Tədbirlər planının icrası çərçivəsində, yeni kompleks transformator məntəqələri tikilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Qaz, sukanalizasiya təsərrüfatları sahəsində da xeyli sayda tədbirlər həyata keçirilib. Belə ki, müxtəlif diametrli borularla qaz xətti çəkilmişdir, mexaniki sayğaclar müasir sayğaclarla əvəz edilmişdir, rayonun yeni çoxmərtəbəli binaların qazlaşdırılması aparılmışdır. Sukanalizasiya təchizatı sahəsində 353 p/m uzunluğunda 2000-2500 mm diametrli kanalizasiya kollektorları və tunellər tikilmiş, müxtəlif diametrli borularla 2250 p/m su, 2300 p/m kanalizasiya xətləri çəkilmiş və hal-hazırda işlər davam etdirilir. Leysan və yağış barmaqlıqları təmizlənmiş, onların işlək vəziyyətdə saxlanılması nəzarətə götürülmüşdür.

Rayon ərazisində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliklərin öhdəsinə düşən əsas məsələlərdən biri yaşayış binalarının təmir olunmasıdır. Belə ki, Tədbirlər planına uyğun olaraq 19,4 min kv.m dam örtüyü təmir edilmiş, pilləkən qəfəslərində ümumi istifadə olunan yerlərin 359,0 kv.m-i şüşələnmiş, 398,0 p/m tüstü bacası təmizlənmiş, 19 ədəd dəmir qapı quraşdırılmış, 441,0 p.m müxtəlif diametrli su xətləri təmir edilmiş, 1009,0 p.m müxtəlif diametrli kanalizasiya xətləri çəkilmişdir. Binaların su navalçaları təmizlənmiş, nasazlıqları aradan qaldırmaq üçün 542,0 p.m plastik boru dəyişdirilmişdir.

 

Sosial-iqtisadi layihələrin icrası

 

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 4-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir. Ümumiyyətlə bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idmanakt zalları tikilərək istifadəyə verilmiş, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində  262 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilmişdir.

Onu da qeyd edim ki, rayon ərazisndə çox mühüm iqtisadi layihələrin icrası nəzərdə tutulub. Əgər sadalasaq, Zığ qəsəbəsində toxuculuq fabrikinin tikintisi, Bülbülə qəsəbəsində “Bakı ToxuculuqASC-nin fəaliyyətinin bərpası, Suraxanı maşınqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, rayon ərazisində zeytunçuluğun, tərəvəzçiliyin və müasir istixana kompleksinin yaradılması, Hövsən qəsəbəsində müasir ət kəsimi və emalı müəssisələrinin yaradılması, Zığ qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi buna real sübut ola bilər.

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, Rayon İcra Hakimiyyəti, “Azəryolservis” ASC və digər təşkilatlar tərəfindən 2015-ci ilin 10 ayı ərzində 91,9 min kv.m asfalt örtüyü salınmışdır. Dövlət proqramı çərçivəsində Zığ-Hövsan yolunun yenidənqurulması nəzərdə tutlur. Yolun bir hissəsi təmir edilibdir, digər hissəsinin təmirinə isə cari ildə başlayacaqdır. Layihəyə əsasən, yol 4 hərəkət zolağından ibarət olacaqdır, yolda piyada keçidləri tikiləcəkdir.

 

Rayonun ekoloji durumu

 

Suraxanı rayonunda müxtəlif sayda neft quyularının və bir sıra sənaye müəssisələrinin olduğunu nəzərə alsaq, burada ekoloji vəziyyətin yaxşılaşdırılması üçün çox ciddi addımların atılmasını yəqin edə bilərik. Belə ki, rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulmuş, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan birinciÜmumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində  cari ildə də ağacəkmə kampaniyası davam etdirilmiş, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilmişdir.

Lakin bu işlər ardıcıllıqla davam etdirilir. 2014-ñü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər” haqqında sərəncam imzalayıb. Gölün bərpasını, o cümlədən gölün istehsalat və məişət tullantılarından təmizlənməsini, mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadəni təmin etmək, habelə Gölün qorunub saxlanmasının nəzarətini həyata keçirmək nəzərdə tutulub.

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Zığ qəsəbəsində, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinə yaxın ərazidə tullantıların təmizlənməsi rayonda ekoloji durumun yaxşıya doğru dəyişilməsinə səbəb olmuşdur.

P.S. Suraxanı rayonunun uğurlarını nəzərdən keçirdikdən sonra ümumiləşdirib belə bir qənaətə gəlmək olar ki, rayon günü-gündən gözəlləşir, abadlaşdırılır, təmizlənir, əhalinin yaşayış vəziyyəti yaxşılaşdırılır, yaşayış massivləri çoxaldılır və bir sözlə insanların rahat yaşaması üçün rayon hər cür şəraitlə tam təmin edilmişdir. Mən əminəm ki, çox yaxın gələcəkdə bu rayon Bakının ən inkişaf etmiş rayonları sırasına daxil olacaqdır.

 

Seymur Məmmədov

 

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.

 

Olaylar.- 2016.- 14 yanvar.- S.10.