Azərbaycançılıq: 20 Yanvar sınağı
Bu il o müdhiş, qanlı yanvar gecəsinin 26-cı ildönümünü
anacağıq. Günlər yaxınlaşdıqca elə bil hamıda yenidən bir
gərginlik, sarsıntı, bununla
yanaşı həm də bir daxili qürur hissi canlarnır. Çox
qəribədir... Adətən böyük
itkilər, faciələr insanlar tərəfindən
hüznlə, kədərlə anılır. 20 yanvar faciəsi isə nəticə etibarı
ilə müstəqil Azərbaycanın yaranmasına aparan şanlı yolun bir hissəsi olduğuna
görə, həm də qürur günümüzdür.
Bilirik ki, həmin gün televiziya və radio efirlərində
yenə də Habil Əliyevin səsləndirdiyi
“Zabul-segah” parçası, Kamil Cəlilovun qoboyundan
çıxan “Zəminxarə” sədası, Alim
Qasımovun qəlbləri riqqətə gətirən “Humayun” muğamı bizlərə bir daha xatırladacaq ki, bu gün
şənlənmək, deyib-gülmək, nə də ağlamaq - sızlamaq günü
deyil, baş verən
hadisələri bir daha
təhlil etmək, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirmək,
hakimiyyət-xalq birliyinin
sarsılmazlığını qorumaq barədə
düşünmək günüdür.
Düz 26 il bundan əvvəl gözəl Bakımız qan çanağına döndü. Bir gecədə onilliklər boyu formalaşmış Sovet ordusuna və Kommunist partiyasına olan inam tamamilə qırıldı. Həmin gecə yalnız Bakıda 131 nəfər qoca, qadın, uşaq, alim, həkim, milis qətlə yetirildi. Bizə bir ibrət dərsi olan həmin faciəli gecənin bir xüsusiyyəti ondan ibarət idi ki, yüz illər, bəlkə də min illər boyu bu ərazidə məskunlaşmış, qardaşlaşmış müxtəlif xalqların nümayəndələri yalnız xoş gündə deyil, faciəli anlarda belə dir olmağı, dinindən, milli mənsubiyyətindən, inancından asılı olmayaraq bu Vətən yolunda şəhid olmağa hazır olduqlarını sübut etdilər.
Budur azərbaycançılıq məfkurəsi, multikulturalizmi, budur Azərbaycan gerçəkliyi.
Ümummilli Liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi ki, “Azərbaycan Respublikasının ən böyük, bəlkə də, ən birinci sərvəti yüz illər boyu bu ərazidə yaşayan dostlaşan, qardaşlaşan xalqların sarsılmaz biliyidir”.
Baş vermiş bu böyük faciənin detallarını təhlil etdikcə bir daha aydın olur ki, 1990-cı il 20 yanvar faciəsi uzun zaman çərçivəsində ona doğru gedən yolun dayanacaqlarından sadəcə biri idi. Bir tərəfdən qondarma “Dağlıq Qarabağ problemi”nin “çözülməsi”, digər tərəfdən isə imperiyanın əyalətlərdəki hegemonluğunu nümayiş etdirmək üçün belə bir qanlı cinayət törədildi. M.Qorbaçov rejimi üçün Azərbaycan xalqının milli iradəsini qırmaq yolun üzərində başlıca maneə Heydər Əliyev idi. 1987-ci ilin oktyabrında SSRİ höküməti və Sovet İttifaqı Kommunist partiyasının siyasi bürosu Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasına nail oldu. Lakin o zamankı iqtidar anlamırdı ki, Heydər Əliyevi vəzifədən çıxarmaq olar, lakin ruhunu, əzmini, doğma Azərbaycanına və xalqına bağlılığını qıra bilməz.
1988-ci ildə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyindəki havadarlarına arxayın olan Ermənistan SSR hakimiyyət qurumları tarixi azərbaycan torpaqlarında qərarlaşmış 185 Azərbaycan kəndindən 230 min azərbaycanlının zorla qovulmasına nail oldu. Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağdakı separatçılıq Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. 1990-cı ilin əvvələrində Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, hökümət böhranı başladı, bir sıra rayonlarda sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.
1990-cı ilin yanvarın 13-də Bakıda təxribat törədildi. Yanvarın 19-u üçün 300-ə qədər rus ordu generalının rəhbərliyi altında 60 min nəfərdən artıq qoşun hissələri Bakı və ətraf ərazilərdə yerləşdirildi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud sürətdə pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında Fərman imazaladı. Fərmanın elan olunmasına maneə törətmək üçün Azərbaycan televiziyasının enerji bloku partladıldı.
SSRİ-nin Krasnodar, Rostov və Stravropol vilayətlərindən toplanmış və əsasən də erməni əsilli könüllülərdən ibarət təşkil olunmuş başıpozuq orduya izah edilmişdi ki, sizə müqavimət göstərəcək insanlar islam radikalizmi ilə silahlanmış azərbaycanlılar olacaqdır. Halbu ki, həmin gün silahlı ordu qarşısında dayanan xalq nümayəndələri tərkibində yüzlərlə rus, yəhudi, talış, kürd, ləzgi, tatar və digər xalqların nümayəndələri var idi. Onlar öz bədənlərini ümumi vətənimiz olan Azərbaycan uğrunda sipər edərək azadlıq yolunda şəhid olmağa hazır olduqlarını nümayiş etdirirdilər.
Həmin gün və daha 2 gün sonra Respublika üzrə 147 nəfər vəhşicəsinə öldürüldü, 612 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, yüzlərlə bina dağıdıldı. Şəhidlər arasında azərbaycanlılar ilə yanaşı, 11 talış, 6 rus, 3 tatar, 3 yəhudi, 2 ləzgi, 2 kürd, 2 tat, 1avar, 1ukraynalı var idi.
Azərbaycanlı Cəbrayıl Xanməmmədova 23, rus Boris Yefimtsevə 21 güllə vurulmuşdu. Bu onu göstərirdi ki, silahlı Sovet ordusu Azərbaycan xalqının iradəsindən qorxurdu.
20 yanvar faciəsi bir daha sübut etdi ki, Azərbaycanda tarixən formalaşmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən deyildiyi kimi, həyat tərzinə çevrilmiş multikulturalizm bağlılığını heş bir güvvə sarsıda bilməz.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən 2016-cı ilin “Azərbaycanda multikulturalizm ili” elan etməsi, eyni zamanda 20 yanvar faciəsində dini əqidəsindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq Vətən uğrunda şəhid olan azərbaycanlıların ruhuna ən böyük hörmətdir.
Vidadi Rzayev
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin əməkdaşı
Olaylar.- 2016.- 14 yanvar.- S.11.