Gənclərin orduya
inamı artıb
Prezident İlham
Əliyev: “Azərbaycanın hərbi potensialı 2015-ci ildə
böyük dərəcədə
möhkəmlənmişdir”
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən
ölkə vətəndaşlarının hərbi xidmətə
çağırışı davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
tapşırığına əsasən yuxarı qərargahlar
tərəfindən yaradılan yoxlama
qrupları hərbi hissələrdəki vəziyyəti
öyrənir, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi,
eləcə də xidmətə və kollektivə
uyğunlaşması prosesinə nəzarət edirlər.
İqlim şəraiti və digər vacib amillər nəzərə alınmaqla əsgərlərin sağlamlığı məsələsinə xüsusi diqqət yetirilir, onlar təkrar tibbi müayinədən keçirilirlər. Gənc əsgərlərin qida, geyim, əşya, əmlakla təminatına və digər sosial-məişət şəraitinə ciddi diqqət yetirilir. Yenicə hərbi hissəyə daxil olan şəxsi heyət birinci dərəcə geyim, əşya-əmlakla təmin edilərək müasir tələblərə cavab verən əsgər yataqxanalarında yerləşdirilir. Şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlığının saxlanılması və təmin edilməsi məqsədilə "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında Təlimat"ın tələblərinə uyğun olaraq hər bir gənc əsgərlə fərdi söhbət aparılır və psixoloji testlər keçirilir. Eyni zamanda, gənc əsgərlər hərbi hissələrin yaradılması tarixi, keçdiyi döyüş yolu, onun ərazisi ilə tanış olur, xidmətin xüsusiyyətləri, bölmələrin yerləşdirilməsi, daxili nizam-intizam qaydaları, şəxsi heyətin məişət şəraiti, gündəlik fəaliyyəti və asudə vaxtın təşkili barədə məlumat əldə edirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 21.01.2016-cı il tarixdə saat 10:00-da Şəmkir rayon şöbəsinin inzibati binasında Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. Görüş zamanı hərbi çağırışla bağlı məsələyə toxunulacağı istisna edilmir. Onu da qeyd edək ki, hazırda gənclər böyük həvəslə ordu sıralarında xidmətə yollanırlar. Bəs, gənclərin çağırışaqədərki hazırlığı necə aparılmalıdır? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, çağırışaqədərki hazırlıq - Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması - 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verirlər.Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı - ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetini həyata keçirir.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir: “. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir”. Onlarla işğalçının məhv edildiyini vurğulayan Azərbaycan Prezidenti deyib: "Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər". Ötən ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyişin olmadığını deyən dövlətimizin başçısı bildirib ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Bu görüş də formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq", - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq. Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq:"Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 15 yanvar.- S.15.