Nizami rayonunun sosial-iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər

 

Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulurbiz bu vəzifəni icra etməliyik. 2016-cı ildə biz fəal işləməliyik. Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ilibiz uğurla başa vuraq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında demişdir. O, bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara baxmayaraq, ölkəmizin iqtisadi baxımdan inkişaf etməsi ilə yanaşı, yeni yerlərinin açılmasına ehtiyac olduğunu bir daha vurğulamış, yaşadığımız 2016-cı ilin uğurla başa çatması üçün hər birimizə əlimizdən gələni əsirgəməməyi tövsiyə etmişdir.

Məlumat üçün deyə bilərik ki, Bakının Nizami rayonu da sosial-iqtisadi inkişafa, işsizliyin aradan qaldırılmasına nail olunması baxımından fəal, əzmkarlıq nümayiş etdirən rayonlardandır. Belə ki, rayonda fəaliyyət göstərən zavodlarda, ticarət və iaşə müəssisələrində, bankelm ocaqlarında onlarla, yüzlərlə işçi qüvvəsi çalışır ki, bu da neçə-neçə ailənin dolanışığının təmini deməkdir.

Nizami rayonunda bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Elektron-Hesablama Maşınları Zavodu, Peyk Zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-Beton Konstruksiyaları Zavodu, “Körpü- Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri, eləcə də “Zəngi” liseyi, Kimya-Biologiya Təmayüllü Respublika Liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, uşaq bağçaları, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti, xəstəxanalar, ambulator klinikalar, stadion, idman-sağlamlıq mərkəzləri, 13 ¹-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və digər xidmət müəssisələri fəaliyyət göstərir.

 

Ağsaqqal tövsiyəsi, ağsaqqal məsləhəti

 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayonun abadlaşdırılmasında, bu sahədə yeniliklərin əldə olunmasında zəhməti az deyil. Başçı mütəmadi olaraq sakinlərlə görüşlər keçirir, onların güzəranı ilə yaxından maraqlanır, problemlərinin qısa bir zamanda həll olunması üçün aidiyyəti idarə və müəssisələrə müvafiq tapşırıqlar verir. Arif müəllim quruculuq-abadlıq işlərinin, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasında, problemlərin həlli istiqamətində, eləcə də, nöqsanların aradan qaldırılmasında Nizami rayon Ağsaqqallar Şurası ilə həmişə sıx təmasda olur, onların tövsiyələrindən, məsləhətlərindən yararlanır. Bu isə, görüləcək işlərin daha səmərəli, keyfiyyətli və uzunömürlü olmasına, sakinlərin rifah halının daha da yaxşlaşdırılmasına təminat verir. İcra başçısı həmişə öz çıxışlarında ağsaqqallarımızın cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olmasından, Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olmalarını xüsusilə qeyd edir.

Həqiqətən də belədir: ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılması, gənc nəslin mənəvi və fiziki sağlamlığı üçün əzmlə çalışırlar.

 

Abadlığa addım-addım...

 

Qeyd edək ki, Nizami rayonunda görülən və görüləcək işlər "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə həyata keçirillir.

Nizami rayonunda yerləşən və əsaslı şəkildə yenidən qurulan 110/6 kV-luq 204 nömrəli yarımstansiya Heydər Əliyev adına Neft Emalı Zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilib.

Abadlığa, quruculuğa doğru hər zaman addım-addım yaxınlaşan Nizami rayonunda ekoloji vəziyyət də daim diqqətdə saxlanılır: bu məqsədlə vaxtilə fəaliyyət göstərmiş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boş qalan ərazilərdə yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində davamlı şəkildə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif ərazilərində təmizlik işləri aparılır, ağaclar əkilir, yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, parkbağlarda abadlıq-quruculuq işləri aparılır.

Rayonun Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılaraq artıq sürücülərin istifadəsinə verilib. Onu da qeyd edək ki, yolun təmiri Azəryolservis Açıq Səhmdar Cəmiyyəti və Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib, eni 26.5 metr olan yolda iki qat olmaqla yeni asfalt beton örtüyünün salınması işləri aparılıb. Küçəboyu hər iki istiqamət üzrə müasir işıqlandırma sistemi qurulub, piyada səkiləri inşa olunub, ətrafı abadlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol xətlərinin çəkilişi işləri aparılıb.

Rayonda aparılan quruculuq-abadlıq işləri çərçivəsində Rüstəm Rüstəmov küçəsi boyunca yaşıllaşdırma işləri, eyni zamanda Qara Qarayev prospektinin bəzi hissələrində istinad divarlarının tikintisi aparılır, bəzi küçələrdə isə rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə istirahət mərkəzi yaradılıb.

Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilib. Nizami rayonunda aparılan abadlıq-quruculuq işlərinin sayı yuxarıda qeyd olunanlarla bitmir, yəni bu yazıda görülən işlərin yalnız bir hissəsini qələmə aldıq, əslində bu siyahı daha genişdir.

Bu gün əminliklə deyə bilərik ki, paytaxtın perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər nəticəsində Nizami rayonunun siması sürətlə müsbətə doğru dəyişir, eyni zamanda abadlaşması, daha müasir üsluba malik olması üçün yeni-yeni imkanlar əldə edilir.

 

Problemlər köklü şəkildə həllini tapmalıdır

 

Qeyd olunduğu kimi, Nizami rayonunda görülən işlərin həcmi böyük olsa da, həllini gözləyən problemlər də var. Belə ki, rayonunda sovet dövründən qalma, yəni o vaxtlar inşa edilmiş beşmərtəbəli və doqquzmərtəbəli binaların bəzilərinin zirzəmiləri heç də ürəkaçan vəziyyətdə deyil; buraya dolub qalan yağış, qrunt suları, zibil yığıntıları, məişət tullantıları nəticəsində yaranan üfunət, xoşagəlməz qoxu, zirzəmidə məskən salan yiyəsiz it-pişiklər bina sakinlərinin, eləcə də ətrafdakıların haqlı narazılığına səbəb olur. Yayda isə zirzəmilərin “halı” daha dözülməz həddə çatır, oraya toplaşan milçəklər, həşəratlar müxtəlif cür sağalmaz xəstəliklərin meydana gəlməsinə şərait yaradır və faktiki olaraq əsl mikrob mənbəyinə çevrilir. Bundan əlavə, zirzəmilərin su içində qalması binanın bünövrəsinin sıradan çıxmasına, divarlarının eroziyaya uğramasına, ovulub tökülməsinə, beton özülün çürüməsinə gətirib çıxarır. Əksəriyyətinin, demək olar ki, istismar müddəti çoxdan bitdiyindən qəzalı vəziyyətə düşən bu binalar zirzəmilərində yaranan ağır, acınacağlı şərait səbəbindən, hətta baş verə biləcək cüzi yeraltı təkanlara belə, necə deyərlər, “müqavimət” göstərə bilməyəcək və nəticədə orada yaşayan insanlar təhlükə ilə üz-üzə qalacaqlar. Halbuki belə binalarda köklü şəkildə təmir-bərpa işləri aparmaqla onların ömrünü uzatmaq mümkündür.

Digər problem isə sözügedən binaların vaxtilə divarlarına birləşdirilmiş zibil boruları ilə bağlıdır. Məlumdur ki, yuxarı mərtəbələrdə yaşayan sakinlər əvvəllər bu borulardan zibili aşağıya, yəni blokun yanında inşa edilmiş kiçikhəcmli tikililərə tökmək üçün istifadə edirdilər. Lakin sonralar həmin tikililərdən xidmət obyekti (dəlləkxana, ayaqqabı təmiri, atelyes.) kimi istifadə olunmağa başlandı. Divarlara bərkidilən zibil boruları və onları divarda saxlayan kəmərlər isə artıq çoxdan çürüyüb, nəticə etibarilə acınacaqlı mənzərə yaranıb və deməliyik ki, bu problem qısa bir zamanda həll olunmasa, baş verə biləcək dəhşətli hadisənin qarşısını almaq qeyri-mümkün olacaq: belə ki, ağırçəkili, uzunluğu təxminən 50-60 metr olan borular hər an ətrafdakı insanların, uşaqların, eləcə də yoldan keçənlərin üzərinə aşa və genişmiqyaslı, dəhşətli faciələrə səbəb ola bilər.

Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, mənim üçün vətəndaşlarımızın normal yaşayışı və insanlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması əsas amillərdəndir. Yerli icra orqanları da prezidentimizin bu fikirlərini əsas götürərək üzərlərinə düşən vəzifələri layiqincə, köklü şəkildə yerinə yetirməli və insanlarımızın normal, təhlükəsiz yaşayışı istiqamətində mühüm addımlar atmalıdırlar.

 

Nahid Canbaxışlı

Vətəninfo.az İnformasiya Agentliyinin

təsisçisi və baş redaktoru

 

Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

 

Olaylar.- 2016.- 15 yanvar.- S.10.