Azərbaycanın artan hərbi qüdrəti

 

Gənclərin vətənpərvərlik hissini artırır

 

Ölkənin Ali Baş Komandanı və müdafiə nazirinin orduya göstərdiyi diqqət və qayğı nəticəsində gənclərin hərbi xidmətə marağı artıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə vətəndaşlarının hərbi xidmətə çağırışı davam edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən yuxarı qərargahlar tərəfindən yaradılan yoxlama qrupları hərbi hissələrdəki vəziyyəti öyrənir, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi, eləcə də xidmətə və kollektivə uyğunlaşması prosesinə nəzarət edirlər. İqlim şəraiti və digər vacib amillər nəzərə alınmaqla əsgərlərin sağlamlığı məsələsinə xüsusi diqqət yetirilir, onlar təkrar tibbi müayinədən keçirilirlər. Gənc əsgərlərin qida, geyim, əşya, əmlakla təminatına və digər sosial-məişət şəraitinə ciddi diqqət yetirilir. Yenicə hərbi hissəyə daxil olan şəxsi heyət birinci dərəcə geyim, əşya-əmlakla təmin edilərək müasir tələblərə cavab verən əsgər yataqxanalarında yerləşdirilir. Şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlığının saxlanılması və təmin edilməsi məqsədilə "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında Təlimat"ın tələblərinə uyğun olaraq hər bir gənc əsgərlə fərdi söhbət aparılır və psixoloji testlər keçirilir. Eyni zamanda, gənc əsgərlər hərbi hissələrin yaradılması tarixi, keçdiyi döyüş yolu, onun ərazisi ilə tanış olur, xidmətin xüsusiyyətləri, bölmələrin yerləşdirilməsi, daxili nizam-intizam qaydaları, şəxsi heyətin məişət şəraiti, gündəlik fəaliyyəti və asudə vaxtın təşkili barədə məlumat əldə edirlər.  Bununla kifayətlənməyən müdafiə naziri  hərbi hissələrdə olur, vəziyyətlə şəxsən tanış olur. Bu günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar. Hərbi hissə və birləşmələrin tibb xidməti rəisləri, tibbi hərbi hissə və müəssisələrin komandirləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şöbə və bölmə rəislərinin iştirak etdiyi toplantıda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. "Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir", - deyə nazir bildirib. General-polkovnik Z.Həsənov Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Silahlı Qüvvələrdə quruculuq işlərindən, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və ordumuzun döyüş qabliyyətinin yüksəldilməsi üçün görülən vacib tədbirlərdən danışıb. "Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər cənab Prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur", - deyə nazir bildirib. Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan Müdafiə naziri vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib. Müdafiə naziri bundan sonra da hərbi qulluqçularımızın Vətən qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini bildirərək Silahlı Qüvvələrin tibb heyətinə uğurlar arzulayıb. Sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb. General-mayor N.Əliyev qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyyəsi üçün ambulans helikopterin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduğunu da diqqətə çatdırıb.

Azərbaycanın artan hərbi qüdrəti həmçinin bir sıra xarici dövlətlərin diqqətini cəlb etdiyindən ölkəmizlə hərbi əməkdaşlığa üstünlük verilir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.

Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.  Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə edib, döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini xüsusi vurğulayıblar. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Həmçinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub. İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta da görüşdə iştirak edib. Bundan başqa, London şəhərində Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. Danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb. İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur. Məhz Azərbaycanın artan hərbi qüdrəti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin orduya münasibəti heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hissinin artmasında müstəsna rol oynayır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 19 yanvar.- S.15.