20 Yanvar-insanlıq əleyhinə cinayətdir
Bu faciəyə indiyədək beynəlxalq
hüquqi qiymət verilməyib
26 il əvvəl törədilmiş
20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir.
Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin
anım günü, həm də Azərbaycanın
ərazi bütövlüyü uğrunda mübarizə aparan
xalqımızın birlik, fəxr və
şərəf günüdür, bu qanlı hadisələr bir
daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası
naminə mübarizə aparmaq əzmindədir.
1988-ci ildən başlayaraq Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağ Muxtar
Vilayətində güclənən erməni separatizminə keçmiş sovet
dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli
mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının
tədricən respublikamızın tabeliyindən
çıxarılması, azərbaycanlıların Ermənistandakı
tarixi-etnik torpaqlarından deportasiya
edilməsi xalqımızın səbrini tükəndirmişdi.
Məhz xalqın etirazına cavab
olaraq, o vaxtkı
SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu
qırğını törətdi. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet
ordusunun zirehli
texnikası heç bir
xəbərdarlıq edilmədən Bakı və Sumqayıt
şəhərlərinə, habelə ölkəmizin bir çox digər
şəhər və rayonlarına yeridildi.
Nəticədə beynəlxalq hüquq
normalarının, keçmiş SSRİ
və Azərbaycan SSR-nin
Konstitusiyalarının müvafiq müddəalarını
kobudcasına pozaraq, öz
hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə
qalxmış çoxmillətli xalqımıza divan tutdu.
Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələr və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra da daha 21 nəfər öldürülmüşdü. O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev vermiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. 1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur. Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan etmişdir. Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.
İnsan Hüquqları üzrə Müvəkkilin 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar verdiyi Bəyanatda bildirilir ki, insanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. Beləliklə 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır. Müvəkkil göstərilənləri əsas tutaraq, dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəklərinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümidli olduğunu ifadə etmişdir. Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır. Qeyd olunmalıdır ki, ölkəmizdə hər il bu qanlı tarixlə bağlı silsilə tədbirlər təşkil edilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müvafiq Sərəncamı ilə “20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənmiş, həmin plana əsasən respublikanın şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı konfranslar, toplantı və mühazirələr təşkil olunur, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik nümayəndəliklərinin, diaspor qurumlarının və icmaların vasitəsilə müvafiq tədbirlər keçirilir.
Nurlan
Olaylar.- 2016.- 20-21 yanvar.- S.7.