Məktəbəqədər yaşlı
uşaqların vətənə
məhəbbət ruhunda
tərbiyəsi zəruridir
Əxlaqi və mənəvi
tərbiyənin mühüm tərkib
hisslərindən biri də vətənpərvərlikdir.
Xalqımızın Vətənə, doğma yurda məhəbbəti
və bağlılığı onun folklor nümunələrindən, böyük söz
ustadlarının əsərlərindən, dövlət
xadimləri və sərkərdələrinin, qəhrəmanlarının
nümunələrindən alır.
Söz dünyasının korifeyləri – Xaqani, Nizami, Tusi, M.Əvhədi, Ə.Təbrizi, Xətai, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, A.Səhhət, S.Vurğun və s. Vətəni, onun gözəlliyini vəsf etmiş gəncləri Vətən torpağının qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırmışlar. Ona görə ki, “insan hissləri içərisində ən müqəddəsi, bəlkə də irsi, fitri mahiyyət daşıyanı, insanı tərəqqiyə, inkişafa, yaradıcılığa təhrik edəni Vətən sevgisidir, vətənpərvərlikdir. Araşdırmaçı Məmmədəli Ağayev öz tədqiqat ərələrində qeyd edir ki, Vətən məhəbbəti, torpağa bağlı olan Azərbaycan oğlu və qızı döyüş meydanında yorulmur, odlar, alovlar içərisindən keçərək Vətən torpağının gələcəyi, xalqının şərəf və şöhrəti, namus və qeyrəti naminə mübarizə aparır. Onun sözlərinə görə, Vətən torpağı naminə mübarizə xalqımızın mənəvi varlığı və birliyi uğrunda mübarizə, qəhrəmanlıq, mərdlik məktəbidir: „Madam ki, insan ömrünün ən böyük zinəti, onu yaşadan qüvvə vətənpəvərlik hissidir, bu hiss gənclərin təlim-tərbiyəsinin əsas ruhu, çarpan ürəyi, düşünən beyni olmalıdır. Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Bu əxlaqi keyfiyyətlər bir-biri ilə sıx bağlıdır. Yaşlı nəslə hörmət etməyən düz ola bilməz. Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır. Harada düzlük var, orada doğruçuluq, sadəlik və təvazökarlıq var, yaşlı nəslə hörmət var. Əxlaq tərbiyəsinin ən zəruri tərkib hissələrindən biri də kollektivçilikdir. Bu, qarşılıqlı yardıma, yoldaşlığa və dostluğa əsaslanır. Cəmiyyət özlüyündə böyük bir kollektivdir. Onun üzvləri əmək xariqələri yaradır, çətin anlarda bir-birinə anlarınıverməyi belə əsirgəmir, bir-birinə kömək edir, bir-birinə qayğı göstərirlər. Yoldaşlıq, dostluq kimi münasibətlər kollektivdə formalaşaraq böyük tərbiyəvi qüvvəyə çevrilir. Kollektivçilik tərbiyənin başlıca prinsiplərindən biri kimi fəaliyyət göstərir, həyatımızın bütün sahələrinə kömək edir. Mənəvi münasibətlər – yoldaşlıq və qarşılıqlı yardım, məsuliyyət, borc, prinsipiallıq, etimad, səmimiyyət, hörmət və s. kollektivdə formalaşır. Məqsəd aydınlığı və ideyalılıq, sözlə işin vəhdəti, müsbət keyfiyyətlərə istinad etmək kollektivin tərbiyəvi gücünü xeyli artırır”. Mməmmədəli Ağayv qeyd edir ki, respublikamızda şəhidlərin xatirəsinə qanlı 20 yanvar gününün, 31 mart 1918, XocalI soyqırımının matəm günləri kimi keçirilməsi xalqımızın dözümlü və təmkinli xalq olduğunu bütün dünyaya nümayiş etdirdi: “Şəhidlər Xiyabanına doğru gedən insan axını bir daha təsdiq etdi ki, xalqımız özünün dərin mənəvi tarixi köklərini, milli mənliyini, milli ləyaqətini, vətəndaşlıq dözümünü dərindən-dərinə dərk etmişdir. Belə dərketmə uşaqların mənəvi dünyasına ciddi təsir etmişdir. Çünki respublikamızda mənəvi əsasların təsir dairəsi genişlənərək yeni məzmun kəsb etmiş, adamların, xüsusilə kiçik yaşlı uşaqların fəaliyyətinə, gündəlik davranışlarına təsiri güclənmiş, onların sosial və əxlaqi məsuliyyətinin artmasına şərait yaratmışdır. Əxlaqi və hüquq normalarına əməl edilməsi, Vətənin xeyrinə işləmək hər bir uşağın təbii tələbat və sarsılmaz daxili qanununa çevrilmişdir. Ilkin mənəvi təsəvvür və anlayışlar, əxlaqi-etik kateqoriyalar –milli şüur, milli ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük, ailədə qayğı, məhəbbət, şərəf, qeyrət, namus və s. kimi kateqoriyalar məhz məktəbə qədər yaş dövründə daha sürətlə formalaşmağa başlayır. Uşaqlar ailə səadəti, xeyir, şər haqqında, mütərəqqi və mürtəce qüvvələr haqqında, ədalət, ədalətsizlik, sülh, əmin-amanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruluq və. s. haqqında təsəvvür və anlayışlara məhz həmin dövrdə yiyələnirlər. Uşaqların mənəvi əqidəsi, dünyagörüşü, etiqadları, ailə həyatına baxışları, əxlaq tərbiyəsi, ailə həyatı ilə bağlı olan məsələlər ilk uşaq çağında təşəkkül tapır. Müasir dövrdə bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi kiçik yaşlı uşaqları müstəqil həyata hazırlamaq, uşaqların tərbiyəsindən, xüsusilədə vətəndaşlıq, insanpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyəsindən həlledici dərəcədə asılıdır”. Müəllif bildirir ki, uşaqların tərbiyəsinin qarşısında duran başlıca məqsəd – dərin və hərtərəfli biliyə, mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirməkdir: “Məktəbəqədər yaşlı uşaqların vətənə məhəbbət ruhunda tərbiyəsi olduqca mühüm və zəruridir. Bu, vətənə və təbiətə məhəbbət, doğma vətəninə bağlılıq tərbiyəsidir. Ana dilində, mənsub olduğu xalqa vurğunluq tərbiyəsidir. Dilini, xalqını, soydaşlarını, həmvətənlərini sevmək tərbiyəsidir. Respublika konstitusiyasına, onun bayrağına, gerbinə, himninə hüsn – rəğbət tərbiyəsidir. Eyni zamanda mənsub olduğu xalqla, onun nailiyyətləri ilə, tarixi ilə, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə fəxr etmək tərbiyəsidir. Vətən torpaqlarının azadlığı, qorunması naminə mübarizlik tərbiyəsidir. Vətənin çiçəklənməsi naminə fədakarlıq göstərmək – yaxşı oxumaq, elmlərin əsaslarına dərindən yiyələnmək, üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək tərbiyəsidir. Buna görə də kiçik yaşlı uşaqlarda insanpərvərlik və təbiətə məhəbbət keyfiyyətlərinin formalaşdırılması müasir dövrdə həmişəkindən daha çox aktuallıq kəsb edir və onun hərtərəfli tətbiqinə ehtiyac hiss olunur. Məktəbəqədər yaşlı uşaqların necə olacaqlarını həlledici dərəcədə onların uşaqlıq illərini necə keçirməsindən, bu illərdə ətraf aləmdən onların ağıl və ürəyinə nəyin daxil olmasından xeyli asılıdır. Böyük arzu ilə bağçaya gələn balaca uşaqlar dərhal təlim və tərbiyənin güclü təsirinə məruz qalır. Onlar yaxşı münasibətlər görmək istəyirlər, lakin tərbiyə baxımından ilk gündən hər addımın düzgün atılmas başlıca şərtdir. Uşaqlar bütün tapşırıqları səylə yerinə yetirməyə çalışır və ilk ictimai tapşırıqlar alırlar. Ona görə də verilmiş tapşırıqların səliqəli, təmiz və vaxtında yerinə yetirilməsinə nəzarət etmək zəruridir. Çünki kiçik yaşlı balacalar diqqətlərinin qeyri-sabitliyi, əhval- ruhiyyələrinin dəyişgənliyi, tez yorulmaları ilə fərqlənirlər. Tərbiyəçi hər an onların qayğısına qalmalı, tapşırıqları müəyyən edilmiş normada verməlidir. Yaxşı, gümrah əhval-ruhiyyə, təbəssüm, şən və sevinc bəxş edən baxış kiçik yaşlı balacaların mənəvi aləminin formalaşmasında mühüm rol oynayır. Tərbiyəçinin səmimiliyi, uşaq təfəkkürünün konkretliyi, fərdi xüsusiyyətlərini nəzərə ala bilməsi balacaların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına böyük təsir edir. Vətənə məhəbbətin, milli mənlik şüurunun, vətəndaşlıq ləyaqəti və. s. kimi müsbət əxlaqi keyfiyyətlərin ilk rüşeymləri məhz bağçada təşəkkül tapmağa başlayır. Təlim-tərbiyə prosesində tərbiyəçi-müəllimlə uşaqlar arasında çox mürəkkəb münasibətlər, qarşılıqlı əlaqələr sistemi formalaşır. Tərbiyəçi-müəllim kiçik yaşlı balacaların nəzərində müqəddəs, ülvi bir varlıq kimi canlanır. Balaca fidanlar tərbiyəçi-müəllimdə böyükləri görür, özünü, yoldaşlarını axtarırlar. Hər bir uşaq bir fərd -təkraredilməzdir, onun öz aləmi var. Ona görə də tərbiyəçi-müəllim hər bir uşağa sevinc bəxş etməyi, onun kövrək mənəvi aləminin ilk guşə daşlarını böyük ustalıqla, ehtiyatla qoymağı bacarmaladır. Kiçik yaşlı uşaqlar təbiət və cəmiyyət hadisələrinə böyük maraqla yanaşır, onların sirlərini öyrənməyə can atırlar. Yaşlı adamların əməyi, həyatı onları özünə cəlb edir. Onlar çətinlik çəkmədən ata və analarının harada, nə kimi işdə işlədiklərini bilirlər. Məktəbəqəbər yaşlı uşaqlar dünyaya tərbiyəçinin gözü ilə baxır, onun kimi hərəkət edir, onu təqlid edirlər. Onların əxlaqi keyfiyyətləri tərbiyəçi şəxsiyyətinin, tərbiyəçinin sözü ilə hərəkətinin təsiri altında formalaşır. Onlar tərbiyəçi-müəllimin təlim materiallarını necə başa salmasına, adamların necə danışmasına, özünü və yoldaşlarının cavablarının necə qiymətləndirilməsinə, əməkdə necə iştirak etməsinə xüsusi əhəmiyyət verirlər. Çünki müəllim uşaqların əqlini elm ümmanına, gözlərini mənəviyyat dünyasına açan ilk tərbiyəçidir. Elmin ilk ünsürləri, elmi, əxlaqi-etik anlayışlar haqqında ilk elmi və geniş məlumatları müəllim-tərbiyəçi verir”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 23-25 yanvar.- S.15.