Ülkər DƏNİZ (Piriyeva Ülkər Söhbət qızı) 1987-ci ildə Masallı rayonunda anadan olub.Azərbaycan Dillər Universitetinin Xarici dil (İngilis dili müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsilini davam etdirir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin Azərbaycanın Mədəniyyət Ədəbiyyat Portalının Baş redaktor müavinidir.DGTYB üzvüdür.

 

Ürəyimə yağış yağır bu gecə

 

Gözlərindən baxışların tökülür,

Od nəfəsim sənlə dara çəkilir

Varlığımda eşq sarayı tikilir,

Bir xəbərsiz eşq yaranır gizlicə,

Ürəyimə yağış yağır bu gecə..

 

Bəxtim sənə göz yaşı ol deyir,

tökülən göylər daşı ol deyir..

Bir ürəyin gəl sirdaşı ol deyir,

Arzularla ötüb gedir gün necə,

Ürəyimə yağış yağır bu gecə..

 

Baxışınla gözlərimə dolanda,

Ta qayıtmaSığın onda qal onda

Adın qəlbdə, taleyinsə alında,

Sənsiz günüm yaşana, keçə,

Ürəyimə yağış yağır bu gecə..

 

Allahım, sən alma bu gözəlliyi

 

Düşüb yer üzünə Tanrıdan gəlir,

Torpaq gözəlliyi, su gözəlliyi.

Hələ qoy yaşayaq günlər içində

Allahım, sən alma bu gözəlliyi..

 

Bir üzü qaranlıq, bir üzü işıq,

Elə başdan-başa dünya yaraşıq.

Hələ gözəllikdən heç doymamışıq,

Allahım, sən alma bu gözəlliyi..

 

Haqq ilə nahaqqı ayırır insan,

Ruhunu söz ilə doyurur insan..

Qəlbini içindən sıyırır insan,

Allahım, sən alma bu gözəlliyi..

 

Hər xeyir tapılar bir itən şərdə,

deyim sonumda gizlənən dərdə..

Gözəllik eşqiylə gəzir bəşər ,

Allahım, sən alma bu gözəlliyi..

 

Ana

 

Adın göylər boyda, baxışın dərin,

Müqəddəs adına qurbanam, ana..

Şirin layla çaldın mənə beşikdə,

Nəfəsdən oduna qurbanam, ana.

 

Əzablı gündüzdən, soyuq gecədən,

Keçib tellərinə salıb neçə dən..

Övladlar yolunda ömrün puç edən,

Sənintək qadına qurbanam, ana.

 

İl gəldi elə hey ilinin üstə,

Zaman qar ələdi telinin üstə.

Tanrı göndərdiyi dilinin üstə,

Sözünün dadına qurbanam, ana.

 

Gecə

 

Gəl bağrıma daş tək basıl,

Uyu qoynumda gecə

Uşaq nağıllardan bezib,

Böyüklər ağılardan.

Dərdlərim salxım kimi,

Asılıbdır tənəkdən,

Min bir dərdi ələrəm

Biri keçməz ələkdən.

Dünya da bir ələkdir..

Keçən heç vaxt

Diri keçməz ələkdən..

Dünyanın işinə matam doğrusu,

Canavar gözünü çıraq eləyir.

Qanun keşiyində milyon oğrusu,

Qəpik oğrusunu dustaq eləyir..

 

Olaylar.- 2016.- 26 yanvar.- S.12.