Bədii ədəbiyyatda

vətənpərvərlik mövzuları

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən olub. Sevindirici hal ondan ibarətdir ki, bir çox şair və yazıçılarımız da öz əsərlərində vətənpərvərlik mövzularına geniş yer ayırıblar. Bunlardan biri  Azərbaycan ədəbiyyatının nəsr və dramaturgiya xadimi İlyas Əfəndiyevdir.

Filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov deyir ki, İlyas Əfəndiyevin bədii irsi əsil vətənpərvərlik tərbiyəsi örnəkləridir: Onun folklor görüşlərinin təsəccümü olan “Qarı dağı”, “Apardı sellər Saranı”, “Qəhrəman ilə Bülbülün nağılı” və s. kimi əsərlərində bu motivlər qüvvətli verilib. İlyas Əfəndiyevin vətənpərvərlik məqsədləri “Qarı dağı” hekayəsində özünü daha qabarıq göstərib. Elə folklora, doğma xalqının şifahi söz sənətinə bağlılıq müəllifin vətənpərvərliyindən xəbər verir. Ədib yazılarının birində qeyd edib ki, uşaq vaxtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca mənimlə olub. “Qarı dağı” hekayəsinin ideyası düşmənə nifrət, Ballı qarının şəxsində yurda, vətənə məhəbbət, bağlılıq hisslərini ifadə edir. Bu hekayədə folklorun ən yaxşı xüsusiyyəti- vətənpərvərlik, xalqın, vətənin mənafeyini hər şeydən üstün tutmaq aydın boyalarla öz əksini tapıb. Hekayənin məzmununda qeyd olunur ki, qəddar və zalım şahın basqını nəticəsində şəhər viranəyə çevrilir. Zalım vəzir Taygöz Yusifin əmri ilə yeddi mindən artıq şəhər əhalisi qılıncdan keçirilib məhv edilir. Gəlinlər ərsiz, analar oğulsuz qalır. Qəddar şahın yeganə oğlu Məliktacın xəstələnməsi xəbəri vətənpərvər Ballı qarını düşməndən intiqam almağa səsləyir. O, hökmdara oğlu Məliktacı sağaltmaq arzusunu bildirmək üçün onun hüzuruna getdikdə elin- “ Eh, Ballı qarı imansız oldu” qınağı ilə üzləşir. Lakin onun məqsədi başqadır. O, qaniçən düşməndən intiqam almaq üçün zəhərli otlardan şərbət hazırlayıb hökmdaraoğlu Məliktaca içirdib onları zəhərləyib öldürür. Bu cür intiqamalma yurdun müqəddəslik pirini-Qarı dağını yaradır. Müəllif düşmənin bu vəhşi hərəkətini aşağıdakı kimi təsvir edir: “Taygöz Yusifin əmri ilə qarını öz otağına qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun koması üzərinə bir at torbası torpaq tökdü. Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının koması üstündə böyük bir təpə qalxdı. Sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Təpəyə “Qarı dağı” dedilər. Hekayənin məzmunu, xüsusilə Ballı qarının üzərinə daş-torpağın atılması epizodu İlyas Əfəndiyevin folklor biliyinin dərinliyini sübut edir. Bu torpaqatma epizodu sübut edir ki, müəllif qəhrəmanlıq səlnamələrimiz olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanının mükəmməl bilicisidir. Çünki bu dastanlarla tanış olan oxucu görür ki, “Kitabi- Dədə Qorqudun “Bamsı Beyrək...” boyunda ərə getməyə hazırlaşan Banu Çiçəyin gəlinlik gəcavəsinin daşa basılması üçün yola daş yığılıb. Eyni buna oxşar epizodKoroğlu” dastanının “Durna teli”, yaxudKoroğlunun Bağdad səfəri” qolunda da diqqəti cəlb edir. Koroğlu dəliləri ilə birgə əsir alınmış Eyvazı, Dəmiçioğlunu, Bəlli Əhmədi azad etmək üçün Bağdada gedərkən yolda dəlilər dara çəkiləndən sonra onların üzərinə daş atmağa tələsən bir kişiyə rast gəlir. “Qarı dağı” hekayəsində verilən bu oxşar varislik xətti İlyas Əfəndiyevi yurdunun şifahi söz sənətinə sonsuz sevgili, məhəbbətli bir folklor bilicisi kimi ovucuya sevdirmək haqqı verir”.

Kamil Adışirinov qeyd edir ki, yazıçının “Apardı sellər Saranı” hekayəsində də vətənpərvəlik notları qüvvətlidir: “Burada da düşmənə olan nifrət hissi vətənpərvərliyin aparıcı xəttidir. El gözəli Sara, el igidi Xançobanın sevgilisidir. Lakin ona yadelli bir şahın nəzəri yetirilir. Lakin qızın atası-vətənsevər Soltan qızını yadelliyə vermək istəmir və zorla əlindən alınacaq qızını qolları üzərinə alıb iti axan çaya tullayır. Yurda olan bağlılıq hissi, doğma övlada olan məhəbbət hissinə qalib gəlir. Əsərdə müəllifin: “...O zaman ata, balasını iki qolları arasına alıb, çaya tulladı. Sular öz həmdəmini bağrına basıb, sürətlə axdı”-təsviri oxucunun qəlbində azğın düşmənə nifrət hissini alovlandıran təsvir təsiri bağışlayır. Təhlilini verdiyimiz hekayələrin hər ikisində fateh hökmdarlara xalqın nifrəti İlyas Əfəndiyevin qələmində ümumiləşdirilib. Xalqın təmsilçiləri olan Ballı qarı da, Soltan da əsərlərin məzmunundan gördüyümüz kimi, özlərini vətəninin əsil sahibi hesab edərək üzərlərinə qılıncla gəlmiş düşmənə qarşı dönməz və amansızdırlar. Biri Vətən naminə öz canını, digəri isə öz doğma balasını qurban verir. İlyas Əfəndiyevin “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”povestində də yurda bağlılıq telləri möhkəmdir. Əsər ad etibarilə müəllifin musiqi sənətinə vaqifliyini oxucuya diktə edir. Digər tərəfdən əsərdə tarzən Sadıqcan obrazı və onun dilindən süzülən vətənpərvərlik kəlmələri müəllifin məqsədlərinin təsdiqidir. Tarzən Sadıqcanın dialoqunda verilən:- “Xanım, mən subay olduğum zaman bizi İran şahının sarayına, böyük bir toyu aparmağa dəvət etmişdilər. Toy qurtardıqdan sonra əlahəzrət şah özü mənə təklif elədi ki, qalım şah sarayında çalım. Mən əlahəzrətə dərin təşəkkür edərək dedim: “Əlahəzrət, mən Qarabağsız çala bilmərəm, istəsəm də, çala bilmərəm. Mənim canım ordadır” -sözləri Sadıqcanın var-dövlət, şan-şöhrət düşkünlüyündən uzaq bir adam olduğunu, bütün canı, qanı ilə doğma yurdu Qarabağa bağlılığını, Vətənini sevdiyni təsdiqləyir. Həmçinin müəllifin qələmində qədim və dilbər Qarabağın təsviri əsərə müasir ideya təravətliliyi gətirir. Görkəmli ədib haqqında xatirələrində Əkrəm Qaflanoğlu onu Qarabağ vurğunu olan bir vətənpərvər yazıçı kimi xatırlayaraq yazır: “böyük ədibdə öz xalqının hər bir fərdinə qarşı çox böyük təəssübkeşlik hissi vardı. Qarabağ hadisələri onu rahat buraxmırdı. Qarabağın, onun görkəmli şəxsiyyətlərinin həyatından yazdığı əsərlər zaman keçdikcə Azərbaycan ədəbiyyat xəzinəsinin əsas qiymətli incisinə çevriləcək. Son yazısı da yenə Qarabağ haqqında idi. “Qarabağ şikəstəsi”. Yazıçını Azərbaycan xalqının taleyi ilə bağlı nəsrində düşündürən problemlər dramaturgiyasında da öz əksini tapmışdır. Bu baxımdan onunXurşidbanu Natəvan” və “Şeyx Xiyabani” dramları diqqətçəkicidir. Bu əsərlərin hər birində xalqımızın taleyibirliyi məsələsi bir problem kimi qoyulmuşdur. Birinci dramda əsas fonu Xurşidbanu Natəvanın həyatı təşkil etsə də, müəllif Qarabağ xanlığının XIX əsrin birinci yarısındakı süqutunun ağrılarını böyük ürək ağrısı ilə qələmə alıb. Əsərdə dramaturq uzaqgörənliklə Qrabağda yuva salmış mənfur erməni fitnəkarlığını da verməyi unutmayıb, sovet ideologiyasının təqib və təhqir xofu vətənpərvər yazıçını ermənilərin vətənimiz üçün bir təhlükə olduğunu açıq şəkildə verməkdən çəkindirib. Lakin məğrur dramaturq əsərin mənfi surətlər qalareyasına daxil etdiyi Ter-Vahan surətini erməni riyakarlığının, yataqlıq və fitnəkarlığının ümumiləşdirilmiş obrazı kimi verib. Dramaturqun əsərdəki vətənsevərlik ruhunu Natəvanın əsərin əvvəlində ifadə etdiyi bir fikirlə başa düşmək olur.O, baş qəhrəmanının monoloqunda deyir:“Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa,o da yalnız insanın öz vətəninə,öz mənliyinə,öz ləyaqətinə sanlb olmasındadır”. Deməli, yazıçıya görə hər bir insan Vətənini sevməli, onu qorumalı, mənlik və ləyaqətini hər şeydən uca tutmalıdır”. Kamil Adışirinov bildirib ki, yaradıcılığının bütün mərhələlərində yazıçını vətənimizin bütövlüyü düşündürüb, bu düşüncələrin bədii həlli onun bir sıra əsərlərində öz işartılarını göstərsə də, “Xeyx Xiyabanı” əsərində öz kəskin həllini daha qabarıq şəkildə tapıb: “Bu əsər təkcə məzmun və ideya baxımından deyil, tarixi xronoloji aspektdən də Azərbaycan xalqının tarixi birliyi probleminə həsr edilmiş ilk əsər kimiböyük önəm daşıyır. Sovet dönəmində Cənubi Azərbaycanda baş verən Şeyx Məhəmməd Xiyabani hərəkatına uzun müddət “izm”lərin təsiri ilə dini don geyindirilib, hərəkatın milli xarakteri örtbasdır edilib. Əslində bu hərəkat Azərbaycan Demokratik Cümhuriyyətin təsiri ilə azadlıq alovu kimi Cənubi Azərbaycanı bürümüşdü. Əsər vətənpərvərlik hisləri ilə doludur. Vətən, Azərbaycan sevgisi Şeyx Məhəmməd Xiyabaninin əsas idealıdır. Şeyx Məhəmməd Xiyabaninin vaxtilə ifadə etdiyi: “Azadlıq ağacı o zaman bar verir ki, bu ağac gərək gəncliyin qızıl qanı ilə suvarılsın”- sözləri 1920- ci ildə mənfur ermənilər Azərbaycan torpaqlarına soxulan zaman Azərbaycan gəncliyini düşmənə qarşı mübarizəyə səsləyən bir şüara çevrilmişdi. İlyas Əfəndiyevin Azərbaycan xalqının birliyitaleyi ilə bağlı vətənpərvərlik hisləri təkcə bu əsərində deyil, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur saraydakimi dram əsərlərində də əsas ideya kimi qoyulmuşdu. Müəllifin bütün əsərləri bu mənəvi xəttin daşıyıcısıdır. Hansı növdə yazılmasından asılı olmayaraq onun bütün əsərlərində bu motiv vardır. Ədibin müharibə illərinə qədərki dövdə yazmış olduğu hekayələrində vətənpərvərlik motivlərindən danışarkən ədəbiyyatşünas Əkbər Ağayev yazır: “1945-ci ilə qədər yazılmış hekayələri əhatə edən “Aydınlıq gecələr” İlyas Əfəndiyevin nəsr sahəsində sürətlə inkişaf etdiyini, sənətkarlıq cəhətdən irəlilədiyini göstərən bir kitabdır. Buradakı “Durna”, “Sən ey qadir məhəbbət”, “Kiçik bir poema”, Qoça tarını çaldı” hekayələrində Vətən uğrunda vuruşan sovet adamlarının böyük fədakarlığı, onların xalqımıza və doğma yurdumuza bəslədikləri sonsuz məhəbbət bütün rəngarəngliyi ilə əks edib. Bu hekayələrdə insanın Vətənə olan eşqi və şəxsi məhəbbəti birləşir, cəbhə ilə arxa arasındakı mənəvi əlaqələr bədii təhlildən keçir, onları fədakarlığa və qəhrəmanlığa sövq edən qadir məhəbbətin böyük qüdrəti tərənnüm olunur”. İlyas Əfəndiyevin cəbhə həyatına dair yazmış olduğu hekayələrində vətənsevərliyin və psixoloji halların təsviri etibarilə ən maraqlı əsərlərindən biri “Yarımçıq qalmış portret haqqında mahnı” hekayəsidir. Böyük Vətən müharibəsi cəbhələrində kor olmuş Elmarın və onun sevgilisi Güllərin həyatının böyük ictimai mənasını, onların öz xalqlarına, Vətənə bəslədikləri məhəbbəti və bu məhəbbət naminə yaşayıb yaratmaq eşqini gözəl əks etdirib. Ümumiyyətlə, İlyas Əfəndiyev vətənpərvərlik ruhlu əsərləri ilə Azərbaycan nəsrində və dramaturgiyasında elə bir gül çələngi miras qoyub gedib ki, onun ətri, rayihəsi Azərbaycan ədəbiyyatının varlığı boyunca oxucularının qəlbini və ruhunu oxşayacaq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 29 yanvar.- S.15.