Ermənilərin azərbaycanlılara
qarşı
etnik təmizləmə
və soyqırımı siyasəti
Əvvəli
ötən sayımızda
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru,
professor
XX əsrin
sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları və hərbi təcavüzü
XX əsrin
80-ci illərinin ikinci yarısında ermənilər özlərinin
yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi
ilə "Böyük Ermənistan" ideyasını həyata
keçirmək üçün yaranmış vəziyyətdən
istifadə edərək yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə
dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi
iddiaları kənardan, məhz Ermənistanın təbliği,
təhriki və təzyiqi ilə ortaya atılırdı.
Heç şübhəsiz, ermənilərin bu ərazi
iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə
olan himayədarları tərəfindən hələ xeyli əvvəl
diqqətlə, eləcə də hərtərəfli
plan əsasında hazırlanmışdı. Sovet
dövründə mərkəzi hakimiyyət
orqanlarının himayədarlığı ilə Azərbaycan
əleyhinə məqsədyönlü şəkildə təbliğat
kampaniyası aparılmış və nəticədə,
neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni
ideoloqları və onların ilhamvericiləri Azərbaycanın
tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları
açıq-aşkar saxtalaşdıraraq bütün
İttifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qə-dər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermə-nistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi. DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziy-yətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qar-şısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azər-baycan hökuməti tərəfindən nəzarət olun-mayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. Həmin ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbay-canlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımına və təcavüzə məruz qoyub didərgin salmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.
Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıq-ları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranıl-ması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarıl-ması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nə-fərindən biri qətlə yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qal-mış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur.
Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylandı.
1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Elə həmin gün Şuşa işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.
Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər isə yaralandı, 58 nəfər itkin düşdü. Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təcavüzkar siyasət yeritdiyini bir daha təsdiq etdi. Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Er-mənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi.
Şuşa işğal edildikdən az sonra ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1835 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, "öz müqəddəratını təyin etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.
Nəticədə, monoetnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən döv-lətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Bütün bu ərazilər ermənilər tərə-findən etnik təmizlənməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhalinin öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı.
Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərə-sində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümum-milli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Ümummilli Liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbay-canlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada soyqırımı cinayə-tinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olun-muşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalmışdır. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də Azərbaycan Respublikası bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması üçün aparılan danışıqlarda da təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çək-mir. Digər tərəfdən isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən dövlətlər "ikili standartlar" prinsipindən çıxış edərək, münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bundan əlavə, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.
Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.
Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Yəni, problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884), ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.
Ona görə də böyük
dövlətlər müasir beynəlxalq münasibətlər
üçün təhlükəli olan təcavüzkarın
qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə
müvafiq surətdə qəti praktik addımlar atmalı və
Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Olaylar.- 2017.- 1-3 aprel.- S.9; 11.