Azərbaycanda siyasi plüralizm
yüksək səviyyədədir
Demokratiya cəmiyyətdə siyasi
təşkilatlar xalqın
hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır.
Daha doğrusu demokratiya xalqa dövlət işlərində
iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli
cəmiyyətdə, demokratik sosial mühitdə isə
plüralizm yaranır. Təsadüfi deyil ki, Azərbaycanda
hakimiyyətin mənbəyi xalq hesab olunur və siyasi təşkilatlar
onun idarə olunmasında iştirak edirlər. Nəzərə
almaq lazımdır ki, demokratik cəmiyyət əsas partiyalar
və təşkilatların qarşılıqlı əlaqələrinə
əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə
dövlətin daxili və xarici siyasətinə müəyyən
mənada təsir edən təşkilatlar fəaliyyət
göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər
ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir. Etiraf edilməlidir ki, Azərbaycanda siyasi plüralizmdaha çox müstəqillik dövrünə təsadüf edir. Yeri gəlmişkən qeyd edək ki, siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.
Totalitar cəmiyyət isə bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir.
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Xatırladaq ki, siyasi plüralizminin bütün prinsipləri Azərbaycanda mövcuddur. Belə ki, Azərbaycanda hakimiyyəti xalq seçir və ölkədə hakimiyyətin üç qola bölünməsi prinsipi tətbiq edilir.
Analitiklər hesab edirlər ki, siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Xatırladaq ki, tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlib. Baxmayaraq ki, tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.
Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən biri də kütləvi informasiya vasitələrinin azadlığıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratikləşmə prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün formalaşmış hüquqi təminatlarda öz təsdiqini tapmaqdadır. Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət göstərir, insanların internetə çıxışı ən yüksək səviyyədədir. Hüquqşünas Azad Rzayev hesab edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu gedişində totalitarizm ləğv olunub siyasi plüralizm, çoxpartiyalılıq, demokratik hüquq və azadlıqlar bərqərar olub, dövlət idarəçilik sistemində ciddi dəyişikliklər baş verib. Paralel olaraq mənəviyyatda vətəndaş əxlaqının formalaşması baş vermişdir. Lakin vətəndaş cəmiyyətinin başlıca elementi olan fərdlərin əksəriyyəti psixoloji və mədəni cəhətdən yeni əxlaqi-mənəvi proseslərə, qlobal həyat tərzinə hazır deyil. Həqiqi vətəndaş cəmiyyəti dəyərlərinin kütləvi şəkildə ənənəvi-etik normalarla əvəzlənməsi və bazar iqtisadiyyatı haqqında primitiv təsəvvürlər özünü göstərməkdədir. Bu baxımdan hazırda cəmiyyət, dövlət və fərdlərin qarşılıqlı münasibətlərini öyrənən etik nəzəriyyələr elm və ideologiyanın məcmusu şəklində çıxış edir. Vaxtilə sosialist ideologiyası sovet cəmiyyətində dövlət ideologiyası hesab olunurdu. Müasir dövrdə cəmiyyətin müxtəlif sosial qrup və təbəqələrinin müxtəlif siyasi partiya, hərəkat, cəbhələrin spesifik maraqlarını əks etdirən proqram və modellər kimi irəli sürülən etik nəzəriyyələrə də təsadüf olunur. Buradan da cəmiyyət və onun həyatı haqqında müxtəlif qrup və təbəqələrin təsəvvürünü əks etdirən ideoloji, nəzəri plüralizm meydana gəlir.
Qeyd edək ki, tədqiqatçılar vətəndaş cəmiyyətini demokratiya forması kimi təqdim edirlər. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Bəzən fəlsəfi ədəbiyyatda vətəndaş cəmiyyətini qeyri-siyasi münasibətlər sahəsinə aid edirlər. Vətəndaş cəmiyyətini "xüsusi həyat", xüsusi həyat sahəsi və insanların maraqları sahəsi, insanların müstəqil olduqları sahə kimi təqdim ediblər. Professor İlham Məmmədzadə vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikasının dövlət və fərdin maraqları ilə qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq yazır: "Fikrimizcə, vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikası elə bir sahə ilə əlaqədardır ki, orada fərdlər ənənələrə və hüquqa hörmət əsasında, zorakılığa yol verilmədən öz münasibətlərini tənzimləyirlər. Buna görə də vətəndaş cəmiyyəti - tarixən qeyri-məhdud, zamandan kənar müəyyən mənada öz formalarını dəyişən, bəzən öz yayılma arealını genişləndirən, bəzən isə məhdudlaşdıran müəyyən mənada fenomendir. Buna görə də vətəndaş cəmiyyəti üçün (fərdlərlə qarşılıqlı münasibətlərin özünütənzimləmə sahələri) siyasət və hakimiyyətlə öz qarşılıqlı münasibətlərini qaydaya salmaq çox mühümdür. Vətəndaş cəmiyyətinin fəlsəfəsi və etikasının meydana gəlməsilə bu qarşılıqlı münasibətlər nəzəri tədqiqatların diqqət mərkəzində durdu. Onların aktuallığı bu gün də saxlanmaqdadır". Sosioloq Mehdi Mehdiyev qeyd edir ki, vətəndaş cəmiyyəti insanların mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir: "XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlayıb. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranıb. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçib. XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada "mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir". Xatırladaq ki, Azərbaycan Respublikasının gələcək inkişafının təməllərindən biri onun çoxkonfessiyalı, çoxmillətli və çoxdilli olmasıdır. Qərb ilə Şərqin qovuşuğunda, müxtəlif sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən Azərbaycanda qədim dövrlərdən etibarən multikulturalizm və tolerantlığın tarixi ənənələri formalaşmışdır. Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməli, mədəni özgürlüyünü və milli özəlliyini qorumalı olan vahid bir ailənin üzvüdür. Bu gün də ölkəmiz heç bir ayrı-seçkiliyə yol vermədən, hər kəsin hüquqlarının qorunmasına təminat verir və insanların ictimai həyatda fəal iştirak etməsi üçün şərait yaradır. Buna misal olaraq, ölkədə fəaliyyət göstərən 300-dən artıq dini təşkilatı göstərmək olar. Bu isə ölkədə plüralizmin yüksək səviyyədə olduğunun göstəricisidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 1-3 aprel.- S.15.