İqtisadi inkişafın Heydər Əliyev zirvəsi

 

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"

 

Heydər Əliyev

 

Hər bir dövlətin təbii ehtiyatları, iqlim şəraiti və coğrafi mövqeyindən səmərəli istifadə edilməsi, mövcud iqtisadi potensialın dövlətin inkişafı, xalqın rifah halının yüksəlişinə yönəldilməsi üçün bacarıqlı siyasi rəhbərə ehtiyac duyulur. Bu baxımdan ölkəmizə 30 ildən  çox rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır. Danılmaz faktdır ki, ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan təkzibedilməz şəxsiyyətdir.

Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalar arasında əlaqələrin kəsilməsi həmin ölkələrdə iqtisadiyatın tənəzzülü ilə nəticələnmişdi. Düşmən təcavüzünə məruz qalmış Azərbaycana müstəqilliyin ilk illərində rəhbərlik edən şəxslərin səriştəsizliyi isə ölkəni daha ağır vəziyyətə salmışdı. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni bu ağır vəziyyətdən çıxarmağa nail oldu. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Xüsusən, gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

 

Gələcək inkişafın təməl prinsipləri

 

Sirr deyil ki, ümumilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə də (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Həmin dövrdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Təsadüfi deyil ki, o dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli irəlidə gedirdi. Qətiyyətlə demək olar ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı.O dövrlərdə Azərbaycanda hən sənaye, həm də kənd təsərrüfatı sahəsində özünəməxsus inkişaf tendensiyası müşahidə olunurdu. Azərbaycan xüsusən, pambıq yığımında, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tezyetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı idi. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsində də bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Ümumilikdə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil olmuşdur.

 

İqtisadiyyatın Azərbaycan modeli

 

Ulu öndər Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez bir zamanda aradan qaldırmaq, iqtisadiyyatı inkişaf etdirmək üçün Azərbaycanın kifayət qədər potensialının olduğunu dəfələrlə vurğulamışdı: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir". Ümumilli liderin  söylədiyi bu fikirlər qısa zaman kəsiyində öz müsbət nəticəsini göstərdi. Yenidən hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük naliyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Beləliklə 1993-cü ildən başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması kimi tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

 

Özəlləşdirmə və torpaq islahatı

 

Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, nəticədə  ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı. Respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Azərbaycanda ilk dəfə olaraq torpaq islahatı uğurla həyata keçirildi. Bu islahat torpaq sahiblərinə öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Ulu öndərin rəhbərliyi altında ölkədə kənd təsərrüfatının inkişafını təmin edəcək qanunvericilik bazası yaradıldı. Bu məqsədlə "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" mühüm qanunlar qəbul edildi. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün qəbul olunmuş "Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)" Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Bu dövlət proqramı hal-hazırda da, Azərbaycan Respublikasııının Prezidenti İlham Əliyev  tərəfindən müvəffəqiyətlə davam etdirilir. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur.

 

Uğurli neft strategiyası

 

Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistan) ən məşhur neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndərin ciddi siyasi iradəsi nəticəsində  hasil olunacaq neftin dünya bazarına çıxarılması məqsədilə 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, 2003-cü ildə kəmərin tikintisinə başlanılmışdır. Heydər Əliyev neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalmışdır. Bununla yanaşı, ölkəmizin iqtisadi həyatında Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoymuşdur.

 

Regionların inkişafı və sosial rifah

 

Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı"nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru inkişaf etməyə başladı. Azərbaycanda yoxsulluğun azaldılması və əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı (2003-2005-ci illər)"nı qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı, işsizlərin sayı nəzərəçarpaçaq dərəcədə azaldı, əmək haqqları və pensiyalar qaldırıldı. Sadlanan sahələrdə həyata keçirilən islahatlar  Heydər Əliyevin qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı. Bu gün Heydər Əliyevin əməlləri və ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Bunun bariz nümunəsi kimi  regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş  dövlət proqramlarını göstərmək olar. Belə proqramların qəbulunda əsas məqsəd regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir". Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən iqtisadi strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr sırasında öncül mövqeyə çıxarmışdır.

 

Alim Hüseynli

 

İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

Olaylar.- 2017.- 4 aprel.- S.11.