Muğamda hər şey var

–qəm, kədər, sevinc

 

Mütəllim Dəmirov: "Avropalı dinləyicilər bizim dilimizi bilməsələr də muğamımızı hiss edirlər"

 

Efirlərdə, mətbuatda çox az görünməsinə baxmayaraq, dinləyicilərin yaddaşında hər zaman gözəl ifaları ilə xatırlanan, muğamı ustadı Alim Qasımov kimi içdən yaşayan və yaşadan bir xanəndənin Azərbaycan muğam tarixində var olması böyük xoşbəxtlikdi.  Bu sehirli səs öz dinləyicisini tərki - dünya edir.

Bu günkü müsahibimiz dəyərli muğam ifaçısı, xanəndə Mütəllim Dəmirovdu.

- Bir neçə həftədi VI muğam müsabiqəsi başlanıb. İzləyirsiniz?

- Muğam müsabiqəsinin keçirilməsi, təşkil olunması çox gözəl təşəbbüsdü. Bu müsabiqə vaistəsilə həm xalqımız maariflənir, həm də  muğamımız təbliğ olunur. Gənclərin muğama olan sevgisi, marağı artır. Təşkilatçılara -  Heydər Əliyev Fonduna, Azərbaycan Televiziyasına bu gözəl müsabiqəni təşkil etdyi üçün təşəkkür edirəm. Müsabiqə başladığı gündən izləyirəm. Maraqlı ifalar, gözəl səslər var.

- Tələbələrinizdən müsabiqədə iştirak edənləri var?

- Mən balaca uşaqlara  dərs deyirəm. Onların yaşları hələki heç bir müsabiqəyə düşmür. İnşallah böyüyəndə, yaşları düşəndə onlar da iştirak edərlər. Əgər, Asəf Zeynallıda, Konservatoriyada dərs desəm və yaxşı səslər olarsa, əlbəttdə ki, onları müsabiqəyə hazırlayaram.

- Sizcə muğamı müsabiqədəki gənclərə etibar edə bilərikmi?

- Bu dəfə keçirilən müsabiqə 6 - cıdı.  Müsabiqədə iştirak edən gənclərin hamısı istedadlı gənclərdi. Ustadların seçimləri ilə səhnəyə gəliblərsə, təbii ki, onların istedadlarına şübhə edə bilmərik. Amma bu o demək deyil ki, müsabiqədə iştirak edən hər bir gənc gələcəkdə muğamı yaşadacaq və biz bu sənəti onlara etibar edə bilərik. Fikrimcə, hər müsabiqədə iştirak edən  ifaçılardan, gənclərdən  2-3 nəfərə bu sənəti  etibar edə bilərik.

- Bildiyimiz kimi, Alim Qasımovun tələbəsi olmusunuz. Çoxları bu addan istifadə edərkən, siz sanki bir kənarda qalmısınız.

- Həmişə imkan düşəndə hər yerdə deyirəm ki, mən Alim Qasımovun tələbəsi olmuşam. Uşaqlıq illərindən Alim Qasımov sənətinin vurğunu olmuşam. Onun sənətinə, səsinə olan aşiqlik məni bu sənətə gətirib çıxardıb.

1984 - ildə atam məni Alim Qasımovla tanış etdi. Daha yaxından tanışlığımız isə ustadın əmisi oğlunun toyunda baş tutdu. Mən o vaxt Alim Qasımovun kasetlərinə, ifalarına o qədər qulaq asmışdım ki, müəyyən qədər ifa edə bilirdim. Həmin toyda ifa etdikdən sonra ustad ifama vuruldu. O vaxtdan bu zamana qədər də dostluğumuz davam edir. Muğamatımızın təbliğatında Alim Qasımovun böyük rolu var. Təbii ki, digər xalq artisti adını almış xanəndələrimizin də öz gücləri çatdığı qədər  muğamatımızın təbliğatında, yaşamasında göstərdikləri əməklər danılmazdı. Amma Qərb ölkələrndə, Avropada muğamın təbliğində Alim Qasımovun rolu böyükdü.

- Muğama yeniliyi ilk dəfə Alim Qasımov gətirdi. Bundan sonra muğamda hansısa yenilik ola bilər?

- Alim Qasımov muğama çox böyük yenilik gətirdi. Oxunmayan muğamları Bəhram Mansurovun əməyi nəticəsində öyrənib, unudulan şöbələri ifa edib, ritmik muğamları təbliğ edib. O zaman trio şəklində muğam demək olar ki, ifa olunmurdu. 1979 - 1980 - ci illərdə artıq Alim Qasımov muğamı trio şəklində ifa edirdi. Mənə elə gəlir ki, muğamda ola biləcək yeniliyin hamısını Alim Qasımov edib.

 - Tamaşaçılar çox zaman sizin şux əhvallı ifalarınızı dinləyirlər.

- İnsan həyatı  problemlərlə mübarizədi. Çalışıram ki, ifa edərkən insanlar dincəlsinlər, problemlərini bir anlıq unutsunlar. Dinləyicilərin ifamdan zövq almalarını istəyirəm. Ona görə də efirlərdə çıxış edərkən insanları mümkün qədər onları sosial qayğılardan, problemlərdən  uzaq etməyə çalışıram.

- İfalarınızdan azad ruhlu olduğunuzu hiss edirik. Qadağalar, sərhədlər sizə, sənətinizə nə dərəcədə  mane olur?

- Çoxları efirlərdə görsənməmiyimdən şikayətlənir. Bəzi insanlar var ki, mənim hərəkətlərimə görə - səhnədə enerjili olduğuma görə, dəvət etmir( gülür)

- Bu dəfi vurmağınızdan da hiss olunur. Xanəndə qadınlar arasında bu cür dəf vuran yoxdu. Kişilər arasında da xatırlamıram.

- Kişilər arasında Alim Qasımov çox gözəl dəf vurur. Mənim bu cür dəf vurmama səbəb əvvəl nağara ilə məşğul olmağımdı. Atamda əvvəllər aşıqlarla birgə qoşa nağara çalan olub. Daha sonra bir müddət xanəndəlik edib. Asəf Zeynallı adına musiqi məktəbində Nəriman müəllimin tələbəsi olub. Bir ildən sonra bu sənəti atıb. Mən də uşaqlıqdan evdə nağara görmüşdüm. Özüm üçün nağaralar düzəldirdim, məşğul olurdum.

- Xanəndənin uğurunun yarısı onu müşayət edən musiqiçilərdədi. Çoxları davamlı olaraq eyni musiqiçilərlə çalışır. Sizdə bu mənada durum necədi, davamlı olaraq çalışdığınız musiqiçilər varmı?

- Əgər, xanəndəni müşayət edən musiqiçilərin  impravizasiyaları, musiqi duyumları güclüdürlərsə burada həm xanəndə, həm də musiqiçilər üçün birgə çalışmaq hər zaman zövq verəcək. Davamlı olaraq hələlik, çalışdığım musiqiçi yoxdu. Amma bir tarzən var ki, onunla çalışmağı düşünürəm. Malik Mansurovun tələbəsi, konservatoriyanın məzunu olmuş Nurlan adında çox gözəl, istedadlı gənclə çalışmaq istəyirik. Alınarsa, onunla birgə çalışmağı düşünürəm.

- Hər zaman eyni ifaları duyan tamaşaçılar fərqli ifalar da eşitmək istəyirlər. Efirlərdə görünməməyinizin səbəbi dəvətlərlə əlaqələndirmək olar?

- Efirlərə çağıran, dəvət edən hər kəsə minnətdaram. Çağırmayanları da qınamıram. Efirlərin əksəriyyəti pulludu. Onlarda hörmət edib məni bir dəfə, iki dəfə çağırırlar. Üçüncü dəfə mənim o qədər imkanım yoxdu ki, tələb olunan ödənişi edim. Bildiyimiz kimi bu gün xanəndələrin, ifaçıların qazancı toylardandı. Mən həmişəlikdən toylara az gedirəm. Dəvət olunan hər yerə getmək olmur. Amma etiraf edirəm ki, mənim özümdə də bir az tənbəllik var.

İfaçılar var ki, hər vaistə ilə efirə can atırlar. Şükür ki, mən o cür deyiləm. Mən heç vaxt kiminsə qapısını döyüb, məni efirlərə çıxartmasını xahiş edə bilmərəm. Onu da deyim ki, kim hansı efirə dəvət edirsə, gücüm çatan qədər canla - başla iştirak edirəm.

 - Son zamanlar toylarımızın bayağı musiqilərdən azad olduğunu deyirlər. Xanəndə kimi sizin müşahidələriniz necədi?

- Məncə, dəyişən heç bir şey yoxdu. Vəziyyət indi də elədi. Yəqin ki, onun da zamanı var. İnşallah, nə vaxtsa düzələr.

- Olduğunuz hansı ölkədə muğamın daha çox sevildiyinin şahidi olmusunuz?

- Sözün düzü, Avropa ölkələrində olmamışam. Mən ən çox İranda, Türkiyədə, Rusiyada  olmuşam. Amma Avropada olan dostların dediyinə görə, muğamımız ən çox Fransada sevilir. Fransızların Azərbaycan muğamını çox diqqətlə dinlədiklərinin dəfələrlə eşitmişəm. Avropalı dinləyicilər bizim dilimizi bilməsələr də muğamımızı hiss edirlər, sevirlər. Muğamda hər şey var - laylay, qəm, kədər, sevinc. Muğam Allahın bir möcüzəsidi. Onu hiss edib oxuyanda şövqlü olur.

 - Xarici ölkələrə səfər edən xanəndələr muğamdan bir parça tərcümə edərək ifa etsələr, avropalılara muğamda nədən bəhs edildiyini izah etsək, sizcə necə qarşılanar?

- Fikrimcə olar və yaxşı da qarşılanar. Amma ona vaxt lazımdı. Düşünürəm ki, insana təsir edən birinci növbədə musiqinin gözəlliyidi. Fikrimcə, dil o qədər də önəmli deyil. Əsas odur ki, dinləyicilər musiqidən, səndən zövq alsın.

 - Muğamı çox zaman məktəblərə bölürlər. Sizi hansı məktəbinin nümayəndəsi hesab etmək olar?

- Fikrimcə, nə torpaqlarımızı zonalara, bölgələrə, nə də musiqimizi, muğamımızı bölmək lazım deyil. İfa zamanı ləhcədən, sözlərin, qəzəllərin deyilişində müəyyən fərqlər ola bilər. Eyni muğamdı, hamımız eyni cür öyrənirik. Lakin, hər kəsin yanaşması, ləhcəsi fərqlidi. Danışıqda, ifada xanəndənin hansı bölgədən olduğunu  hiss eləmək olur.

- Bakı toylarını çox zaman məktəb adlandırılar. Bu "məktəblərdə" iştirak etmisiniz?

- O vaxt  belə şeylər var idi. Abşeron toylarında qəzəllərə, sözə, avaza önəm verilirdi. Ağsaqqallar var idi ki, bunlara diqqət yetirirdilər, bunun yaxşı mənada, xəstəsi idilər. Hər zaman xanəndənin düzgün, dəqiq ifasına önəm verilib. Hansısa sözü səhv deyəndə, gəlib deyirdilər ki, filan sözü düz demədin. O məclislərə şairlər, xanəndələr yığılırdı. O məclislərdə sözə, ifaçılığa, xanəndələrə böyük dəyər veridilər. Hətta,  xanəndəyə məsləhət də verirdilər. Bu muğamı bu cür ifa elə, bu xalı vur və.s Amma indi artıq o dərəcədə diqqət yoxdur. Ağsaqqallar rəhmət gedib, cavanlarda ya o maraq, həvəs qalmayıb, ya da başları problemlərinə qarışıb. Ona görə onları da qınamaq olmur.

- Mahnılarda, qəzəllərdə xanəndələr bəzən sözləri dəyişib ifa edirlər. Bu çox zaman tənqidlərlə qarşılanır. Siz necə, ifa etdiyiniz zaman sözlərdə dəyişikliklər etmisiniz?

- Baxır necə dəyişiklik etmək. Əgər, bu dəyişiklik şerin, qəzəlin mənasına xələl gətirməyəcəksə, qəlibi sındırmayacaqsa, əlbəttdə olar. Mənə elə gəlir ki, orada qəbahətli bir iş yoxdu.Təbii ki, təkbaşına olan dəyişiklik yaxşı deyil. Amma məsləhətli şəkildə olan dəyişiklik məncə, pis qarşılanılmamalıdı.

 - Gənc xanəndələrdən ən çox kimləri dinləyirsiniz?

- Gənc xanəndələrin hamısına qulaq asıram. Ad çəkə bilmərəm, amma hamısı, gözəl ifa edirlər. Gənc xanəndələrimiz çox inkişaf ediblər. Əvvəllər belə şeylər yox idi. İndi kompüter, texnika o qədər inkişaf edib ki... Vaxtı ilə mən toylarda Alim Qasımovun, Hacıbaba Hüseynov, Ağaxan Abdullayevin elə ifalarına şahid olmuşam ki, adam dəli olurdu. Açıq havada o cür ifa eləmək asan deyildi. O zaman bu cür ifaları saxlamaq üçün nə diktafon, nə kamera, nə telefon var idi. İndi maşallah bir balaca telefonla hər şeyi eləmək mümkündü.

- Siz də deyəsən, sosial şəbəkələrdən aktiv istifadə edənlər sırasındasınız. Tez - tez səhifələrinizdən paylaşımlar edirsiniz.

- Sosial şəbəkələr bir az vaxt aparır. Hətta, xəstəlik dərəcəsində asılılıq yaradır. Çalışıram ki, çox aludə olmayım. Təzə - təzə yarananda hamı kimi məndə də bir az maraq yaratdı. Sosial şəbəkələrdən daha çox gündəlik xəbərləri izləmək üçün istifadə edirəm.

- Gələcək planlarınıza nələr daxildi?

İnşallah, 1- 2 səfər görsənir. Hələ açıqlamaq istəmirəm. Bir neçə muğam yazdırmışam. Ömür imkan versə, səsləndirəcəm.

 

NigarNigar

 

Olaylar.- 2017.- 4 aprel.-S.12.