Azərbaycanda hər kəsin
fikir və söz azadlığ var
Ölkədə
mətbuat və informasiya azadlığı yüksək səviyyədədir
Ölkədə
azad medianın, insan hüquq və azadlıqlarının
müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas
şərtlərindən biri kimi qəbul edilir. İnsan
azadlığı bəşəriyyətin əsrlər boyu
arzuladığı, uğrunda mübarizə
apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri
- qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və
informasiyanın müntəzəm formada
yayıldığı digər vasitələr cəmiyyətin
inkişafına ciddi təsir göstərən, onun vəziyyətini
və mahiyyətini müəyyənləşdirən siyasi
sistemin tərkib hissəsidir.
Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Hüquqşünas Sevil Talıbova bildirib ki, Azərbaycanda söz, mətbuat və informasiya azadlığı yüksək səviyyədədir: "Müstəqil Azərbaycanın ilk Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olunub. Ana yasada informasiya azadlığına təminat verilib, eyni zamanda kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilib. Ardınca Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədəki qanunvericilik bazası tam təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci ildə kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə isə cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı. 2002-ci il iyunun 25-də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı. Şuranın əsas vəzifəsi televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdən ibarətdir". Onun sözlərinə görə, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış və 2005-ci ildə qəbul olunmuş "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu hər kəsin sərbəst, maneəsiz, hamı üçün bərabər şərtlərlə informasiya əldə etməsinə hüquqi təminat yaratdı. Kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sair son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir. Hazırda Azərbaycan Respublikasında 3500-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmışdır. Onun sözlərinə görə, hazırda ölkədə azad, demokratik ruhlu medianın inkişaf meyli güclüdür, digər tərəfdən, siyasi hakimiyyət media azadlığının inkişaf etdirilməsinə yönəlik proqram gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir. Əgər medianın hazırkı durumunu müqayisəli təhlil etsək, son on ildə nə qədər böyük inkişaf yolu keçdiyimizi asanca müşahidə etmək olar. Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, müstəqillik illərində Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib. Onun sözlərinə görə, həm çap, həm də elektron KİV-ləri özlərinin cəmiyyətdə yerini tutublar: "Son illərdə xüsusən elektron saytlar çap məhsullarını sıxışdırmağa başlayıb. Ölkəmizdə mətbuat azaddır, senzura mövcud deyil, jurnalist öz fəaliyyətində tamamilə sərbəstdir, ona hökm edən, "bunu yaz, onu yazma", "belə yaz, elə yazma" göstərişi verən yoxdur. Təbii ki, mətbuatda müxtəlif meyllər mövcuddur. Amma mənim fikrimcə, hansı ideoloji, siyasi baxışlar hakim olmasından asılı olmayaraq, mətbuat Azərbaycan dövlətçiliyinin keşiyində durmalı və müstəqilliyin müdafiəsi mətbuatımızın ana xətti olmalıdır". M.Qasımlı mətbuatda söz azadlığının durumuna toxunaraq bildirdi ki, Azərbaycanda söz azadlığı toxunulmazdır və jurnalistlər istədiklərini yaza bilirlər, senzura və heç bir nəzarət mövcud deyil. Millət vəkili hesab edir ki, sadəcə bəzən mətbuatda söz azadlığından sui-istifadə hallarına rast gəlinir: "Mətbuatımızda senzuranın olmamasından istifadə edərək bəzən hətta dövlət-milli maraqlarımıza zidd olan fikirlərə rast gəlinir. Ayrı-ayrı şəxslər, məmurlar təhqir edilir, yalan informasiyalar yayılır. Bu, ölkəmizdə söz, mətbuat azadlığından sui-istifadə etməyin nümunəsidir. Hesab edirəm ki, jurnalistlər öz yazılarında məsuliyyətli olmalıdırlar". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, ölkənin qanunvericiliyi, həm də ictimai-siyasi mühit mətbuatın tam azad şəkildə fəaliyyət göstərməsinə imkan yaradır: "İndiki əsas problemlər daha çox mətbuatın maddi-texniki bazası ilə və medianın peşəkarlıq problemi ilə bağlıdır. Bundan kənarda Azərbaycan mətbuatına problem yarada biləcək başqa bir maneə yoxdur". Mətbuatda söz azadlığının durumunu müsbət qiymətləndirən Elçin Mirzəbəyli bu sahədə problemi söz azadlığından sui-istifadə halların da toxunub. Bildirib ki, bu prosesin qarşısının alınması inzibati metodlarla mümkün deyil: "Qənaətimə görə bu problem getdikcə azalır. İndi daha çox problem "reket jurnalistika" ilə bağlıdır. Bəzi insanların ayrı-ayrı media qurumları formalaşdıraraq cinayət əməlləri törədilməsi ilə bağlıdır ki, burda mətbuatda söz azadlığından sui-istifadədən daha çox mətbuat və söz azadlığının altında gizlənmək istəyi və niyyəti var. Burda açıq şəkildə görünür ki, bu insan ictimai-siyasi müstəvidə informasiya siyasəti həyata keçirir və yaxud onun məqsədi cinayətkarlıqla məşğul olmaqdır. Bu baxımdan hesab edirəm ki, hər kəsi öz adı ilə çağırmaq lazımdır. Yəni "reket jurnalistika" sözünü mən bilərəkdən işlətdim. Əslində jurnalistika reketçiliklə məşğul deyil, reketçiliklə konkret şəxslər məşğul olur və onlar da jurnalistika sözünün arxasında gizlənirlər. Ona görə də belələrinə qarşı hər hansı güzəşt eləmək olmaz. Belələrinə qarşı hüququn dili ilə mübarizə aparmaq lazımdır". Sosioloq Elçin Tahir hesab edir ki, hazırda hazırda Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur: "Azərbaycanda ənənəvi media ilə yanaşı, onlayn medianın, sosial şəbəkələrin inkişaf dövrü yaşanır. Azərbaycan o ölkələrdəndir ki, burada internetə dair xüsusi qanun yoxdur. Xüsusi qanun yoxdursa, deməli məhdudiyyətlər də yoxdur. İndi Azərbaycanda internetin inkişafdan qalması yox, ifrat dərəcədə inkişaf etməsi, tam məhdudiyyətsiz olması narahatlıq doğurur. Bu faktın özü, ifadə azadlığının hansı mərhələdə olmasını aydın göstərir". Onun sözlərinə görə,inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin 24 illik müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Belə şəraitdə hakimiyyətə gələn mərhum Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi.1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Hazırda da prezident İlham Əliyev tərəfindən bi siyasət davam etdirilir. Jurnalistlərin peşəkarlığını artırmaq məqsədilə fərdi yazı müsabiqələri keçilrilir, qəzetlərə müxtəlif mövzularda qrantlar ayrılır, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmas üçün heç bir təmənna olmadan mənzillər verilir. Hesab edirəm ki, görülən bu tədbirlərin hamısı müstəqil mətbuatın inkişafına xidmət edir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 5 aprel.- S.15.