İstanbullu Kamal

 

Londonun tən ortasında,

Pikadello meydanında

İstanbullu göygöz Kamal

Əyləşibdir dükanında.

O, bir funta aldığını

Bir funt əlli pensə satır.

Tiyanında atəş açan

Qovurduğu şabalıddır.

vaxt gəldin?

Dörd sənədir.

Niyə gəldin?

Çörək... para...

Yüz "thank you" söyləyirəm

Mən şabalıd alanlara.

Evlisənmi?

Əvət, əvət,

Mən evliyəm, çoçuq, qarı.

Şabalıdla saxlayıram

Bu yad eldə mən onları.

Vətən yada düşürmü heç?

Qovruluram şabalıdtək...

Yurda vaxt qayıdarsan?

Tanrı bilər... Görək, görək...

 Türkiyədə qovurmağa

Şabalıdmı tapılmayır?

Mən ki, belə söyləmədim,

Şabalıq var... Hayır...Hayır...

Sənə yasaq etmişdilər

Orda alıb qovurmağı?

Kamal susdu. Başa düşdü

Kinayəni, bu danlağı.

Bir cinayət eləmiştək

Gözlərini yerə dikdi,

Sonra beş-on şabalıdı

Bir kağıza alıb bükdü.

Götür!.. - dedi.

Ver, "Thank you!"

İngiliscə dedim mən .

O rəng verdi, o rəng aldı

Mən bu sözü söyləyəndə.

Yox, danış öz lisanında.

Mən bu dilə tamarzıyam

Bənzəri var türk dilinə.

Mən məmnunam, mən razıyam...

Sən gedərsən bugün, sabah,

Mən qalaram burda fəqət.

O göy gözlər dumanlanır,

Anlayıram nədir qürbət...

... Londonun tən ortasında,

Pikadello meydanında

Şabalıdla bir qovrulur

Kamal

            həsrət tiyanında.

 

KƏNARDAN BAX ÖZÜNƏ

 

Saçlarını ağartmış həqiqət var cahanda:

"Sifət aydın görünməz üz-üzə dayananda."

İnsanlar öz yurdunun keçmişini ananda,

Bu günüyçün övladtək alışanda, yananda -

Kənardan bax özünə.

 

Azərbaycan ölkəsi! Dünya görmüş məmləkət,

Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət.

Müsafiri məhəbbət, andı namusla qeyrət.

Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət -

Kənardan bax özünə.

 

Vətən böyük - şəhəri, məhəlləsi, kəndi var,

Məhəlləni vətənə döndərənlər indi var.

Fikrində hər küçəyə çəkir min sədd, min divar.

Onlar desə: el üçün öldü yoxdur, döndü var -

Kənardan bax özünə.

 

Həyat yollarındadır sınıqlıq da, zəfər ,

Müsafirdir bizimlə sevinc , qəm-kədər ,

Qarşıda düz yol da var, qorxulu döngələr .

Onunçun bir uğurlu, bir uğursuz səhərdə

Kənardan bax özünə.

 

Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi,

Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi,

Haçan, harda oxunsa Sabirin "Fəxriyyə"si

Sən xəcalət çəkərək dinləməsən bu səsi -

Kənardan bax özünə.

 

Tale iki üzlüdür - biri , biri qara,

İki möhür vurur bir elli torpaqlara.

Desələr ömrünü ver, sağalacaq bu yara,

Bu vaxt sına özünü, çəkil bir az kənara,

Kənardan bax özünə.

 

AZƏRBAYCAN

 

Mən könlümü təzəcə eşqə düşənlər kimi

Pıçıldamaq istərəm - eşidilməsin səsim.

Sevgi etirafımı, bu vurulan qəlbimi

Elə açmaq istərəm bir kimsə eşitməsin.

 

Eşqimi ovuc-ovuc torpağına, daşına

Səpərəm, qız başına şabaş səpənlər kimi.

Səni öpmək istərəm - düz on səkkiz yaşına

Təzəcə qədəm qoyan qızı öpənlər kimi.

 

Uğrunda həyatımı qurban vermək istərəm,

Eşqin təntənəsiyçün can qurban edən kimi.

Səni bütün dünyaya mən göstərmək istərəm

Sevdiyim qız kimi yox - sevdiyim Vətən kimi.

 

SAVALANIN ZİRVƏSİNDƏ

QAR GÖRÜRƏM

 

Savalanın zirvəsində qar görürəm,

Yellər əsir soyuq-soyuq, sərin-sərin.

Köhnə qardan tar bağlamış o yerlərin

İlk bahara ehtiyacı var, görürəm,

Savalanın zirvəsində qar görürəm.

 

Güneyi kölgəlidir quzey kimi,

Bəli, dağ da tablamazmış həsrətlərə.

Nəfəsini xəstə kimi dərə-dərə

O inləyir, o sızlayır bir ney kimi,

Güneyi kölgəlidir quzey kimi.

 

Gah gizlənir, gah da çıxır buludlardan;

Seyr edirəm, zirvələri qardı yenə.

Camalını bir tutqunluq sardı yenə,

Görünmədi, yoxsa onu örtdü duman?

Gah gizlənir, gah da çıxır buludlardan.

 

Seyr edirəm, görmədiyim cəlalını,

Qəlb donduran soyuqdanmı küsmüş həyat!

Savalanın qarı qat-qat, dərdi qat-qat,

O gözləyir qardaşının vüsalını,

Seyr edirəm, görmədiyim cəlalını.

 

Dağ olsan da dözməyirsən bu dərdə sən,

De, Savalan, mən bu dərdə neçə dözüm?

müddətdir baxır sənə həsrət gözüm,

Saralıram qardaşımın firqətindən,

Dağ olsan da dözməyirsən bu dərdə sən.

 

Sənin başın ağarıbdır, mənim saçım,

Ayrılığın meyvəsidir bu qəm-qubar.

Deyirlər ki, dərdli olan dərdi duyar:

Gəl, Savalan, ürəyimi sənə açım,

Sənin başın ağarıbdır, mənim saçım.

 

 

 

Dağlar, düzlər sanki ovcum içindədir,

Əl uzatsam, o sahilə çatar, baxın.

Torpaq doğma, yerlər tanış, mənzil yaxın,

Bəs aranı xəncər kimi kəsən nədir?

Dağlar, düzlər sanki ovcum içindədir.

 

Öz yurduna uzaqlardan baxan oldum!

Əlim çatmır, ünüm yetmir indi sənə.

Araz boyu dolaşdıqca dönə-dönə

O sahili küləklərdən xəbər aldım,

Öz yurduna uzaqlardan baxan oldum!

 

... Savalanın zirvəsində qar görürəm,

Yellər əsir soyuq-soyuq, sərin-sərin,

Köhnə qardan tar bağlamış o yerlərin

İlk bahara ehtiyacı var, görürəm,

Savalanın zirvəsində qar görürəm.

 

1959

 

Olaylar.- 2017.- 5 aprel.- S.11.