Azərbaycan tarixinin Atabəy
romanı
Azərbaycanda Atabəylər
dövrünə maraq həmişə mövcud olmuş, bir
sıra dəyərli elmi, eləcə də bədii əsərlər
yaradılmışdır ki, onlardan ikisini - akademik Ziya
Bünyadovun "Azərbaycan Atabəylər dövləti
(1136- 1225)" monoqrafiyası ilə xalq şairi Nəriman Həsənzadənin
"Atabəylər" mənzum dramını ayrıca qeyd
etmək lazım gəlir. Və mən
heç şübhə etmirəm ki, Yunus Oğuzun "Atabəy
və xaşxaşilər" romanı da həmin mövzuda
qələmə alınmış dəyərli əsərlər
sırasına daxil olacaq.
Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu
Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında
satılaraq Bağdada aparılması hadisəsilə
başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai
panoramı ilə yanaşı, minlərlə qıpçaq
kölələrindən birinin gələcəyə yönəlik
arzuları barədə də müfəssəl təsəvvür
yaradır...
"O,
Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə
fikir verir, olanları və söylənənləri
yaddaşına həkk etməklə o biri
yaşıdlarından fərqlənirdi. Amma
atasının uduzduğu döyüşlərdən birində
qənimət kimi bacılarını, anasını və onu
əsir götürdülər. Sonradan onu
anasından, bacılarından ayırıb qul kimi Dərbəndə
apardılar. Tale onun ömrünə nə
yazıb o bunu bilmirdi. Bildiyi o idi ki, hara
getməyindən asılı olmayaraq çox
çalışmalı, ağlı və zirəkliyi sayəsində
özünü göstərməlidir".
Romanın
bir ideya- estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi,
mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara
əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən,
təhrif eləmədən Atabəylər dövrü
tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini
ortaya çıxarmaq, həmin münaqişələrin
xalqların taleyinə, eləcə də ayrı- ayrı
tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir
etdiyini göstərmək cəhdidir.
Bədəncə
zəif, çəlimsiz, özündən asılı
olmayaraq yol boyu yuxulayıb arabadan yıxılan, hətta
oyanmayıb düşdüyü yerdə də yatan Şəmsəddin
gendən, kökdən gələn mənəvi gücü,
istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda
böyük nüfuz qazanır, sonra isə qüdrətli Azərbaycan
Atabəylər dövlətini yaradır.
Doğrudur,
romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir
və onun həyatı, mübarizələri, siyasi
uğurları əvvəldən axıra qədər
maraqlı detallar, təfərrüatlarla izlənilir; bununla
belə yazıçı süjetin həm məkanını,
həm də zamanını tez- tez dəyişdirməklə
ümumən dövrün möhtəşəm (və
mükəmməl) obrazını da canlandırmağa nail
olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz
formal hakimiyyətini bərpa etmək üçün hər
cür təxribatlara getməyə hazır olan xəlifəlik,
ikinci tərəfdə dünyanı islam qanunları ilə
yanaşı türk törəsilə idarə imkanları
nümayiş etdirən səlcuqlar, üçüncü tərəfdə
çaşbaş qalmış, hər cür xəyanətə
əl atıb çıxış yolu axtaran xristian dövlətləri...
Digər tərəfdə isə hakimləri ölümlə,
qətllə qorxudub xərac alan, hər
yerə sızaraq sarayları hörümçək toru kimi əhatə
edib nəzarətdə saxlayan xaşxaşilər...
"Bir qədər keçdikdən sonra qapı
açıldı və Nüsrət otağa dəvət
olundu. Elə
qapının önündəcə otağa fikir verdi. İyirmi- iyirmi beş metr uzunluğunda
olan bu otağın yeddi pəncərəsi vardı, altı pəncərədə
altı peyğəmbərin - Adəm, Nuh, İbrahim, Musa,
İsa, Məhəmmədin, yeddinci pəncərədə isə
İsmayıl İbn Cəfər Sadiqin adı
yazılmışdı. Həmədan rəisinin
yadına düşdü ki, bu yeddiləri batinlər Nutəkəyi
Səba adlandırırlar və bu yeddilərdən başqa
batinlər heç bir peyğəmbəri və imamı qəbul
etmirlər.
Divarlar yaşıl pərdə ilə
örtülmüşdü. Şamlar və qəndillər
zəif yandırılmış, bu səbəbdən otaq
alaqaranlığa bürünmüşdü. Otaqdan ona tanış qoxu gəlirdi. Bu
xaşxaşilərin həmişə çəkdikləri
xaşxaşın qoxusu idi. Otağın o
biri başında taxtda Sahibiəzəm oturmuşdu".
Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin
taleyi həll olunur. İstər müsəlman olsun, istər xristian, kim Ələmuta tələb edilən qədər
bac- xərac vermirsə, o dövlət dağılmalı, o
hökmdar aradan götürülməlidir. Və bu yerin ən
böyük rəqibi, düşməni ağıllı,
öz mənliyini qoruyan, xalqının iradəsini ifadə edən
şəxsiyyətlərdir...
"Sahibiəzəm
onu çox intizarda qoymadı:
- Bizim
işimiz sultanın zövcəsi, xanımı Möminə
xatunladır. Aldığım məlumata
görə o, ağıllı və tədbirlidir. Yanında da yalnız ağıllı adamlar
dolaşır. Sultan Toğrulu öz
ağıllı məsləhətləri ilə neçə
dəfə ağır vəziyyətdən
çıxardıb, hakimiyyət taxtında oturdub. Bax, o qadını aradan götürsək, sultandan xərac
ala biləcəyik.
Batinlərin Həmədan rəisi indiyə qədər
nə qadın öldürmüş, nə də
öldürtmüşdü. Amma Baş İmamın verdiyi əmrdən
çıxa bilməzdi:
- Əmr edin, ya Sahibiəzəm!"
Mömünə xatunu ölümdən yalnız Şəmsəddin
Eldənizin ağlı, tədbirli hərəkətləri
xilas edir. Və o, bu xidmətinə görə Sultan
Toğrulla Möminə xatunun oğlu Arslanşahın Atabəyi
təyin olunur.
Görünür, ağıllı, tədbirli
adamların üzünə tale də gülür. Sultan Toğrulun qəfil
ölümü hadisələrə yeni miqyas verir: Möminə
xatınla evlənən Atabəyin hakimiyyət illəri
başlayır. Əvvəl Bərdədə, sonra isə
Naxçıvanda...
Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür
ki, haqq- ədalət, əmin- amanlıq uğrunda mübarizənin
hər addımında qarşıya min xəyanət, yüz
ölüm təhlükəsi çıxır.
Bir də
ki, Ələmut qalası...
"Dünyanın
bütün güclü padşah və sultanlarını,
ağıllı insanlarını, vəzirlərini, vəkillərini,
üləmalarını qətlə yetirən, qorxudan
"ölüm çarxı"nı yaradan xaşxaşilərin
banisi Həsən Sabbah, deyilənlərə görə
Ömər Xəyyam və Səlcuq
sultanlığının vəziri Nizamülmülklə dost
olur. Çox yaxın olduqları
üçün vəzir onu sarayda maliyyə məsələləri
üzrə məmur təyin edir, lakin o, sarayda rüşvət
almaqla məşhurlaşır. Günlərin
birində məsələ ortalığa
çıxdıqda, Həsən Sabbah canını qurtarmaq
üçün o biri dostunun, Ömər Xəyyamın
yanına xahişə gedir. Vəzir
şairin xahişini yerə salmır, amma deyir ki, qoy cəhənnəm
olub hara istəyir getsin, təki gözümə görünməsin,
harada gözümə görünsə, mütləq cəzalandıracam.
Həsən
Ömərdən bu sözləri eşitdikdə deyir:
"Ömər, mən gedirəm. Elə bir yerə
gedirəm ki, çoxları mənim əmrimlə qətlə
yetiriləcəklər, hətta baş vəzir də, ancaq
siz məni bir daha görməyəcəksiniz". Aradan
bir qədər keçdikdən sonra Həsən Sabbah hiylə
ilə Əlamut qalasını ələ keçirir,
İsmaililər adı altında, xaşxaşilər kimi məşhurlaşır
"ölüm çarxı"nın əsasını
qoyur. Çox keçmir ki, xaşxaşilər
səlcuqların sultanı Alp Arslanı, onun oğlu Məlikşahı,
hər ikisinin vaxtında vəzir işləmiş
Nizamülmülkü qətlə yetirirlər".
Roman müəllifi bu şeytan məsləkinin
qarşısına Gəncədə Baş Dədənin
müqəddəs missiyasını çıxarır. Hər ikisinin elmi
"batini"dir... Lakin birincisi şərə, ikincisi isə
xeyrə xidmət etməyilə bir- birinin ziddinədir...
Və
Atabəylə Möminə xatun Baş Dədənin
görüşünə gəlirlər... Bu
görüş nə qədər mistikdirsə, romanın
ruhu baxımından o qədər də real; nə qədər
realdırsa, o qədər də mistikdir.
Mənə elə gəlir ki, xüsusilə həmin
epizodda Yunus Oğuza "məhşər" müəllifinin
müsbət mənada əhəmiyyətli təsirini hiss etməmək
mümkün deyil. ancaq o da aydın görünür
ki, İsa Hüseynov (Muğanna) fəlsəfəyə,
"Atabəy və xaşxaşilər" müəllifi isə
siyasətə, diplomatiyaya çəkir...
"Dədə göründü. Özü
onlara yaxınlaşdı. Birinci şahzadəyə salam verdi:
- İraq sultanlığının sultanı Gəncəyə
xoş gəlib. Bu sultan həzrətlərinin Gəncəyə
birinci və axırıncı dəfə gəlişidir.
Eldəniz
etiraz edib, düzəliş vermək istədi:
- Baş Dədə üzr istəyirəm. İraq
sultanlığının sultanı Məsuddur. Bu isə şahzadə Arslanşahdır.
Baş Dədə
gülümsündü:
- Bilirəm,
ey Arranın, Azərbaycanın Atabəyi. İyirmi beş il keçməyəcək ki, atabəyliyini
etdiyin bu oğlan, - baş barmağı ilə
Arslanşahı göstərdi, - İraq
sultanlığının sultanı olacaq. Siz isə, heç
on il keçməyəcək ki, Sultan Məsud
Azərbaycanı da sizin idarə etmənizə verəcək.
- Sonra xanıma tərəf döndü. - Siz də xoş gəlmisiniz,
ey qadınların ən ağıllısı Möminə
xatun. Təəssüf ki, qadınsınız,
yoxsa dünya ayaqlarınız altında olar,
ağlınızla, qılıncınızla bütün
dünyanı tutardınız. Amma təəssüf
etməyə dəyməz. Sizin
üçünüz bir yerdə olanda hökmünüz Hind
okeanından Bizans torpaqlarına qədər çatacaq.
Bütün rəqibləriniz ayaqlarınız
altında olacaq, birindən savayı".
Baş Dədə Atabəyə və onun ailəsinə
ən qəddar düşmənlərini də tanıtmaqla
onları xəbərdar edir. Və bu, sadəcə
xəbərdarlıq deyil, həm də əcdad ruhunun himayəsinə
təminatdır. Yəni dədə- babaların Oğuz
xandan gələn törəsinə riayət edəcəksənsə,
heç bir maneə sənin qarşında dayana bilməz,
aşıb keçəcəksən...
"Atabəy
bayaqdan beynində ilişib qalan sualı, nəhayət ki,
verdi:
- Dədə,
bayaq, həyətdə dedin ki, bütün düşmənlərimi
yenəcəm, təkcə birindən savayı. Bilmək istəyirəm
ki, o kimdir, - açıq düşməndi, ya gizlin?..
-
Düşməniniz gizlidir, onlar sizi qarabaqara izləyir, hətta
bir dəfə sən və Möminə xatun onların qəsdinə
tuş gəlmisiniz. Ağlınız və tədbirləriniz
sayəsində bu qəsddən qurtulmusunuz. Onlar özlərini "batinlər"
adlandırırlar. Xalq arasında isə
onlara xaşxaşilər deyirlər.
Eldəniz
ona daha bir sual ünvanladı:
- Dədə,
səhv etmirəmsə, sizə də "batinlər"
deyirlər. Ortada "iki batin" olur.
Sizin batinlə onların "batin"i arasındakı fərq
nədir?
Baş Dədə
onun sözlərinə düzəliş etdi:
- Biz
"batinlər" deyilik. Biz batin elmi ilə
mşğul olan insanlarıq. Xaşxaşilər ona
görə özlərini "batin" adlandırırlar ki,
guya xəlvəti iş görürlər, xəlvəti qərar
verirlər, xəlvəti xərac istəyirlər,
alınmayanda xəlvəti qətlə yetirirlər"...
Çox keçmir ki, Atabəyin hakimiyyətinin
Naxçıvan dövrü başlayır. Xaşxaşilərin
bütün cəhdlərinə baxmayaraq onların xəyanətlərinin
üstü açılır... Naxçıvan
Azərbaycan dövlətinə xəyanət edənlərin
qarşısında alınmaz qalaya çevrilir.
Və
romanın dramatik əsasını təşkil edən Atabəy
- xaşxaşilər qarşıdurması başlayır...
"Sahibiəzəm
əvvəl istədi desin ki, get, amma yadına verəcəyi
o biri tapşırıqlar düşdü.
"necə olub ki, əsas tapşırığı
yadımdan çıxarmışam". Bu sualı
özü- özünə verdi:
- Hə, əsas
məsələ, Arranda, Azərbaycanda, əsas da
Naxçıvanda şəhid olan fədailərimizin yerlərini
doldurmaq lazımdır. Bu boşluğu uzun
müddət saxlamaq olmaz. Bizim zəif
olmağımızı heç kim
görməməli, heç kim hiss etməməlidir. Bu, bizim
hakimiyyətimizin rəhnidir, - dedi, sonra da əlavə etdi: -
O, kölənin və ləçərin qətlindən hələ
vaz keçməmişəm".
Yazıçının
sənətkarlığıdır ki, romanda əsas konflikti
daim nəzərdə saxlamaqla yanaşı, dövrün
müxtəlif xarakterli, xüsusilə etnik ziddiyyətlərini
də nəinki unutmur, əksinə, onlara elə bir miqyas verir
ki, bu, əsərin əsas konflikdinin ideya- estetik
interpretasiyası üçün strateji kontekstə,
bütövlükdə isə, müəllif məramını
anlamaq baxımından metadoloji prinsipə çevrilir...
"Xəlifə vəzirinə baxdı. Bu ona
maraqlı gəldi. indiyə qədər
türkman məhəlləsindən şikayət
olmamışdı. Türkmanlar həmişə
sözünə sadiq, ədalətli idilər, heç kimi
incitməzdilər. Hətta ərəblər
sözün bütövlüyünü onlardan öyrənirdilər.
Buna görə də soruşdu:
- Neyləyib
sənə türkmanlar?
- Mənə
heç nə, ya əmirəlmömin, amma onlar müsəlman
qaydalarını pozurlar, bu da islam hümmətinə
pis təsir edir.
Dinin
qoruyucusuna bu sözləri deməkmi olardı?
- Ay
kişi, muss- muss deyincə, bir dəfəlik Mustafa de,
ağzındakı loxmanı çıxart, bir
ağıllı- başlı de görək, müsəlman
qaydalarını neyləyib pozurlar: namaz qılmırlar, şəraba
qurşanıblar? - Bu dəfə Xəlifə Qadirin
üstünə çımxırdı.
Qadir ibn Kərim
özünü itirmədi, dərhal xəlifəyə cavab verdi:
-Yox, ya əmirəlmömin!
Siz sadaladığınız şeylərin
hamısına əməl edirlər, şərab da
içmirlər, amma bu türkman məhəlləsinin əhalisi
öz törələri, öz qayda- qanunları ilə
yaşayırlar.
- Yəni
sünnəni pozurlar? - Bu dəfə vəzir ibn Xubayr sual verdi.
- Hə,
belə bir şeydir. Məsələ bundadır ki... - Qadir
bilmirdi hardan başlasın, bir qədər sonra özündə
cəsarət tapıb dilləndi, - bu türkman məhəlləsinin
qız- gəlini küçəyə- bacaya çıxanda
həmişə üzləri açıq olur,
çarşab geyinmirlər, pərəncə örtmürlər.
Bu da bizim qız- gəlinlərə pis təsir
edir. Hərdən evdə qızlarım məndən
soruşurlar ki, validim, türkmanlar niyə belə geyinirlər?
Xəlifə bu sözlərdən sonra gülməyə
başladı".
Bu cür
zərif (və təsirli) eyhamlar, türklərin islama sədaqətini,
bununla belə heç bir əxlaq qaydalarına zidd olmayan adi həyat-
məişət tərzlərini (milli özünəməxsusluqlarını)
qoruyub saxlamaları barədəki təfərrüatlar, elə
bilirəm ki, romanın ideya- estetik enerjisini təbii bir şəkildə
göcləndirir. Və əsas da odur ki, bu təbii
enerji yazıçının buna qədərki
yaradıcılığında - poeziyasında, nəsrində,
dramaturgiyasında, elmində, publisistikasında da təzahür
edən Yaradıcı Təbiətindən irəli gəlir.
...Xalqı Atabəy hakimiyyətindən narazı salmaq
üçün hər cür nalayiq hərəkətlər
edən Gəncə hakiminin cəzalandırılması barədəki
epizodlar, elə bilirəm ki, romanın ən maraqlı, ən
təsirli səhifələrini təşkil edir. Və bu səhifələrdə
gənc Cahan Pəhlivanın xarakteri də
açılır...
"Silahlıları görüb özünü itirmədi,
heç cariyəni də qucağından düşürmədi. Bu insanlar onun əsgərlərinə
oxşamırdı. Düşündü
ki, bu yüzdə yüz basqındır. Bununla belə həyasızlığından,
təkəbbüründən qalmadı,
qışqırdı:
- Nə cəsarətlə
mənim sarayıma, müqəddəs olan yatağa
soxulmusunuz, basqın etmisiniz. Bilmirsiniz bunun bədəli
ağır olacaq?
Atabəyin iyirmi yaşlı oğlu onun təhdidedici
sözlərindən zərrə qədər də olsa səksənmədi,
çaşmadı. Əlində qılınc düz gəlib
yarıçılpaq Gəncə hakiminin və onun
qucağında oturmuş cariyənin qarşısında
dayandı, hirslə dedi:
- Yataq
otağını müqəddəs hesab edən adamın
şərəfi də, qüruru da, ləyaqəti də
müqəddəs olmalıdır. Səndə isə
bunların heç biri yoxdur, şərəfsiz! Əgər bunlardan biri səndə olsaydı,
qudurğanlıq edib, Gəncə camaatını bu qədər
incitməz, ləkələməz, alçaltmazdın. İnsanlara şər atıb tutdurmazdın, əmlaklarını
əllərindən almazdın. Az
qalıb ki, sayəndə bütün Gəncə yaltağa,
satqına çevrilsin. Atabəy Eldənizin təbəəsini
beləmi qoruyursan? Onun ən önəm
verdiyi Gəncəni beləmi idarə edirsən? Qorxmursanmı yerin yiyəsi bir gün gəlib səndən
haqq- hesab soruşacaq, şərəfsiz?"
...Arslanşahın
varis kimi Həmədanda sultan taxtına oturması ilə Atabəyin
hakimiyyət hüdudları daha da genişlənir. Və o, bu
səlahiyyətdən istifadə edib öz dövlətçilik
arzularını daha inamla həyata keçirməyə
başlayır... Roman belə bir əbədi
ideyanı növbəti dəfə təsdiq edir ki, əsilzadə
təsadüfən köləyə çevrilsə də
ömrü boyu belə qala bilməz. Damarlarında
qaynayan ehtiraslı qan onu əvvəl- axır hakimiyyətə,
layiq olduğu məqama gətirib çıxaracaqdır.
Hakimiyyəti şərəfsizliklə əldə edənlər
isə onu həmin şərəfsizliklə də itirəcəklər...
Nə xəlifə,
nə də onun təhriki ilə Atabəyə qarşı
çıxanlar heç nəyə nail ola
bilmirlər...
"Beləliklə, Böyük Atabəy çox
qısa müddətdə geniş bir ərazini - Qafqaz
dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə
qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı,
Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri,
Cibalı, Həmədanı, Gilanı, Mazandaranı,
İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri,
atabəyləri təyin edirdi. Xəzinə xərclərinə
o, nəzarət edir, orduya çağırış da
yalnız onun icazəsi ilə həyata keçirilirdi.
Sultan və
xəlifədən sonra sultanlıqda onun adına
xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər- Rum,
Marağa atabəyləri və Şirvan hakimi onun vassalı
sayılırdı".
Lakin Atabəyin
heç zaman sonacan qalib gələ bilməyəcəyi,
Baş Dədə demişkən, bir düşməni
qalırdı...
"Baş
imam:
- Yəni
o qədər bərbaddır? - deyə,
onun sözlərinə tam aydınlıq gətirmək
üçün soruşdu.
Əlamut
xəlifəsi cavab verdi:
- Bəli,
həzrət, bərbaddan bərbaddır. Belə
ki, özünə Böyük Atabəy adı verdikdən
sonra nəinki bütün atabəyləri ovcunun içinə
yığa bilib, hətta Şirvanşahı da əlinin
altında saxlayır. Odur ki, Eldəniz hökmü
keçən bütün atabəylərə, hakimlərə,
şirvanşah Axıstana da əmr verib ki, heç kim Əlamuta xərac göndərməsin. İndi bizə Şərqdən heç nə gəlmir,
gəlməsi də gözlənilmir.
Təmimi indi başa düşdü ki, ustadı onun və
zövcəsinin qətl edilməsini həmişə niyə
vurğulayırdı, niyə onu tələsdirirdi. İndi isə
yüyəni əldən verib. İt izi at
izinə çevrilib. Gərək
vaxtında bütün gücümüzü qoyub ya Atabəyi,
ya da onun zövcəsini aradan götürəydik. Hələ gec deyil, tədbir görmək
lazımdır. Belə getsə, bir azdan
görəcəyik ki, Eldəniz Əlamut qalasının ətəyindədir".
Lakin Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin gücü çatmır... Əgər çatsaydı bu dünyaya gəlməyin (və bu dünyada yaşamağın!) bir mənası olardımı?..
1175- ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin Eldəniz haq dünyasına qovuşdular... "Cahan Pəhləvan 1187- ci ildə, Qızıl Arslan isə 1191- ci ildə xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226- cı ilə qədər Azərbaycan və İraq Sultanlığını idarə etdi...
Yalnız 1258- ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da Bağdad xəlifəliyi ləğv olundu"...
Yunus Oğuzun yeni romanı ilk növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də... Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin (və taleyimizin!) romanıdır... Xeyiri ilə, Şəri ilə!..
Nizami Cəfərov
Olaylar.- 2017.- 6 aprel.- S.9-10.