Siyasi plüralizmin
bariz nümunəsi
Azərbaycanda siyasi partiyalar, vətəndaş
cəmiyyətləri və KİV-n fəaliyyəti
üçün normal
şərait yaradılıb
Azərbaycanda siyasi plüralizmin yüksək
səviyyədə olması heç kimdə
şübhə doğurmur. Ölkədə demokratik
təsisatlar bərqərar olduğundan onlarla qarşılıq əlaqə və əmədaşlığa
üstünlük verilir.
Sirr deyil ki, demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Nəzərə almaq lazımdır ki, demokratik cəmiyyətdə dövlətin idarə olunması, onun daxili və xarici siyasətinin müəyyən olunmasında demokratik institutlar fəal iştirak edir. Həmin demokratik təsisatlar isə siyasi partiyalar, vətəndaş cəmiyyətləri və meda orqanlarından ibarətdir. Məhz bu institutların normal fəaliyyəti üçün şəraitin yaradılıb-yaradılmamsı ölkənin demokratik göstəricisinə birbaşa dəlalət edir. Etiraf edilməlidir ki, Azərbaycanda sadalanan qurumların hər birinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb. Üstəlik onların daha da inkişaf etməsi məqsədilə dövlət tərəfindən dəstık də verilir. Qeyd edək ki, güclü dövləti şərtləndirən amillərdən birinin güclü vətəndaş cəmiyyəti olduğunu nəzərə alaraq Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırıb, vətəndaş cəmiyyəti təsisatlarının, Kütləvi İnformasiya Vasitələrinin dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib.
Konkret olaraq qeyd edək ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında KİV-lərin rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Müstəqi mətbuatın daha da inkişaf etdirilməsi məqsədlə dövlət başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. Etitaf edilməlidir ki, sözügedən Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır. Hazırda da ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsi Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsip daxilində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan tədbirləri həyata keçirmək üçün 2008-ci ildə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu (KİVDF) yaradılıb. 2009-cu ildən fəaliyyətə başlayan Fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-lərin mühüm rolu nəzərə alınmaqla ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək kimi vacib vəzifələrin həllidir.
Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Azərbaycanda siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması, onların seçkilərdə iştirakının və beləliklə də çoxpartiyalı demokratik sistemin inkişafına nail olunması məqsədilə bu sahəyə dövlət dəstəyi mexanizminin yaradılması uzun müddət gündəmdə olub. Azərbaycan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrənib, bu sahədə ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilib. Nəhayət Azərbaycanda ilk dəfə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. "Siyasi partiyalar haqqında" qanuna edilmiş düzəlişlər nəticəsində 2013-cü ildən etibarən ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçirilir. Maliyyələşmə zamanı Avropa ölkələrinin təcrübəsi əsas götürüləcək, siyasi partiyaların seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən onlara maliyyə ayrılır. Qanunda edilmiş dəyişikliklərə əsasən maliyyə vəsaitin ümumi həcmindən 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanan, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitinin 40%-i MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Qalan maliyyə vəsaitinin 50%-i isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölünür. Bu, Azərbaycanın üzv olduğu Avropa Şurası və ATƏT tərəfindən də müsbət qarşılanan bölgü prinsipidir.
Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır. Belə ki, son bir neçə ilə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər öz təşəbbüslərini həyata keçirmək üçün ancaq xarici donorlardan, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə dəstəyi ala bilirdilər. Dövlətlə QHT-lər arasında tərəfdaşlıq o qədər də inkişaf etməmişdi. QHT-lərin xarici donorlardan asılı olması həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən narahatlıqlar meydana çıxarırdı. Nəhayət geniş ictimai müzakirələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən sonra Azərbaycanda da bir çox inkişaf etmiş Avropa ölkələrində olduğu kimi dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məsələsi həllini tapıb. Azərbaycanın iqtisadi qüdrətinin artması QHT-lərin təklif etdikləri layihələrin, sosial-ictimai həyatın ən müxtəlif aspektlərinə dair faydalı təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsinə də imkan yaradıb. 27 iyul 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib, bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirib. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və Şuranın Əsasnaməsi təsdiq edilib. Daha sonra QHT nümayəndələri arasında keçirilmiş şəffaf seçkilər yoluyla Şura üzvləri təyin edilib və QHT-lərə dövlət dəstəyi üçün formalaşdırılan mexanizm 2008-ci ilin aprelindən işə düşüb. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Vəsaitin həcminin ildən-ilə artırılması ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 7 aprel.- S.15.