Mənalı ömrün işığında

 

əvvəli ötən sayımızda

 

Biz həmin sudan imkanımız olan qədər gətirdik, qohumlara da payladıq. O su dadını dəyişmir. Mən bir dəfə xəstələnərkən, o sudan içdim və tez sağaldım.

Biz Ümrə ziyarətini həyata keçirirdik. Səhərisi gün Davudla Mədinəyə gedəsi olduq. Məkkədən Mədinəyə 450 km yolu getdik, müqəddəs Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın Məscidinə daxil olduq. Bu məsciddə kişilər və qadınlar ayrı-ayrılıqda namaz qılır və ziyarət edirlər. Çox böyük məsciddir. Peyğəmbərin qəbrini ziyarət etdik, burada namaz qıldıq. Qayıdanda həyat yoldaşım Gülsaranı bir anlığa itirdik.Buna görə çox həyəcan keçirdim. Sonra oğlum Vüsal anasını tapıb, bizə sevinc bəxş etdi.

Mədinədə iki qibləli məscidə gedib, orada da namaz qıldıq. Bir türk restoranında çörək yeyib yenidən həmin gün Məkkəyə qayıtdıq. Deməli o gün 900 km-dən də çox yol getdik, bir an da olsa belə yorulmadıq və özümüzü çox yaxşı hiss etdik. Bütün bunların kökündə daxili inam və Allaha olan sevgi dayanır."

Dağlıq Qarabağ hadisələrində fəal iştirakı ilə əlaqədar İmran Əbilovun xatirələri son dərəcə dramatilkdir." 1991-ci ilin may ayı idi. Mən Xankəndində idim. Orada bütün nazirliklərin nümayəndələri ilə Azərbaycan KP MK-nin keçmiş ikinci katibi V.Polyaniçko müşavirə keçirtdi. Mənə və daxili işlər nazirinin müavini Akif Rəfiyevə tapşırdı ki, biz Kəlbəcərə gedək. Orada "Sarı-yeri" yaylağında azərbaycanlı çobanlara ermənilər hücum edir və qoyunları kütləvi surətdə Ermənistana aparırlar. Biz Kəlbəcərə getmək üçün Gəncəyə, oradan da Murov yolu ilə gedib çıxmalı idik. Bu çox uzaq və qorxulu yol idi. Ağdərə yolu isə bağlı idi. Ona görə də mən (o zaman Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini işləyirdim) Bakıya zəng edib, vertolyot istədim. Biz Akif müəllimlə və 6 nəfər avtomatçı, 2 nəfər pulemyotçu ilə vertolyota minib Kəlbəcərə uçduq.

Hava yolu da o zamanlar çox qorxulu və təhlükəli idi. Buna baxmayaraq, biz Kəlbəcərin "Sarı-yeri" yaylağına çatdıq. İsti suyun "Taxta başı" deyilən yerdə bizi aşağıdan atəşə tutdular. Bizimkilər də cavab atəşi açdılar. Mən o yerləri yaxşı tanıdığım üçün pilotları "Ceyran bulağı" deyilən yerə endirdik.

Allah Təala bizi bu fəlakətdən də qorudu. Oradaca "Ceyran bulağı" üstündə rəhmətlik Xalq şairi Səməd Vurğunun bir vaxtlar oturduğu yerdə çörək yedik. Sonra "Sarı-yeri" yaylağına getdik. Cəsarətli çobanlarımız öz silahları ilə özlərini və sürünü mərdliklə qoruyurdular. Polis işçiləri də avtomatla onların keşiyini çəkirdi. Dağlara əlavə polis qüvvələri ayrıldı və biz Kəlbəcər rayonuna gəldik.

RPK-nin birinci katibi (rəhmətlik) İsmayılov Zahid bizi qonaq otağına dəvət etdi. Bir gecə orada qaldıq. Bakıdan bizə xəbər verdilər ki, biz təcili Laçın rayonu "Qara-Keşiş" yaylağına uçmalıyıq. Səbəb ondan ibarət idi ki, ermənilər İmişlinin həmin yaylaqda olan qoyunlarına, çobanlara hücum edib 6 -nəfəri öldürmüş, 1000-dən çox qoyunu aparmışdılar. Biz vertolyotla o yaylağa getmək üçün əvvəlcə Laçına gəldik. İmişli RPK-nin birinci katibi Qadir İsmayılzadə də öz adamları ilə orada bizi gözləyirdilər.

Həmin yaylağa uçduq.Vəziyyət bizim hamımızı şoka salmişdi. Çünki erməni cəlladları İmişli rayonunun Lenin adına kolxozun 6 nəfər çobanını amansızlıqla öldürmüş, bir qoca kişini və bir cavan gəlini yandırmışdılar. Atları, eşşəkləri, körpə buzovları da gedəndə güllələyib, 2000-dən çox qoyunu Ermənistana sürüb aparmışdılar.Yerdə qalan toyuqdan tutmuş dəvəyədək hamısını güllə ilə məhv etmişdilər. Çadırları yandırmışdılar. Hamı kədərdən ağlayırdı. Bu Azərbaycan xalqının başına gətirilən müsibətlərin başlanğıcı imiş. Bizimlə jurnalist də var idi (Allahverdi adında). O, hadisəni lentə çəkdi. Lakin biz Bakıya qayıdıb televiziya ilə onun verilməsini istədik. Lakin buna əməl olunmadı, nəyə görə məlum olmadı.

Dağlıq Qarabağda Tuğ kəndində- erməni ekstremistlərinin törətdikləri vəhşiliklərin ən şiddətli vaxtı idi. 1991-ci ilin aprel ayında yenə də Xankəndində DQMV üzrə Təşkilat Komitəsinin sədri V.Polyaniçkonun iştirakı ilə müşavirə keçirildi. DQMV-nin azərbaycanlılar yaşayan kəndlərində - kolxoz və sovxozlarda Dövlət Aqrar Sənaye Komitəsinin gördüyü və görəcəyi işlər haqqında mənim hesabatım qoyulmuşdu. Mən məruzə etdim. Onlara neçə baş cins mal-qara, qoyun verildiyini, yem və toxum, maliyyə vəziyyəti ilə əlaqədar nə qədər kredit, avtomaşın, kənd təsərrüfatı texnikası ayrıldığını, tikinti materialları, qüvvəli yem, yanacaq, qışlaq, yaylaq və s. verilməsi haqqında ətraflı məlumat verdim. Həmçinin bildirdim ki, o kəndlərdə əlavə 29 kolxoz və sovxoz yaratmışıq, onların ştat vahidləri təsdiq edilmiş, əlavə baytar müəssisələri yaratmışıq. Digər rayonlardan azərbaycanlılar yaşayan kəndlərə mal-qara üçün 2000 ton ot, küləş və saman, 300 ton qüvvəli yem ayırmışdıq.

Mənim məruzəmdən həmin təsərrüfatların başçıları və yeni yaradılmış rayon partiya komitələrinin rəhbərləri çox razılıq etdilər.

V.Polyaniçko, SSRİ DİN-nin müavini general mayor Ovçinnikov, DQMV-nin hərbi komendantı general mayor Safonov da işimizə yüksək qiymət verdilər.

Sonra V.Polyaniçko mənə tapşırdı ki, mən Hadrutun Tuğ kəndinə gedib orada bir sıra mübahisəli məsələləri həll edim, həm də DQMV-nin Kənd təsərrüfatı idarəsinin rəisi Lazaryanla görüşüb, onu işləməyə təhrik edim.

Bu məqsədlə mən Xocalı rayon aqrar kombinatının direktoru Rafiq Mürsəliyevlə birlikdə Tuğ kəndinə getdik. Bizimlə Hadrut RPK-nin ikinci katibi (adını unutmuşam) də gəldi. Biz Ağdama qayıtdıq və Rafiq Mürsəliyevin UAZ avtomaşını ilə Tuğa yollandıq.

Ağdamdan çıxdıq, yolda Rafiq dedi ki, yaxın pavilyonda çörək yeyək. Dedim ki, yox biz təzə yemişik. O və katib isə cəhd elədi, xahiş etdi, çox dirəndi ki, Tuğda işimiz çox olacaq, gəl çörək yeyək. Məni isə, nəsə çəkirmiş kimi etiraz edirdim.

Nəhayət onlar iki nəfər, məni bir təhər razı saldılar. Biz könülsüz oturub bir tikə çörək yedik. Cəmi 30 dəqiqə çəkdi. Sən demə bu 30 dəqiqə hər şeyi həll edirmiş və Allah bizi ölümdən qoruyurmuş.

Biz yola düzəldik. Qaradağlı kəndinə çatarkən (bu Azərbaycanın dövlət xadimlərinin vurulduğu, vertolyotun məhv olduğu kənddir) yolda tüstü gördük. Yolda bir avtobus yanmışdı, bir UAZ maşını isə aşmış və gülləbaran edilmişdi. 13 nəfər öldürülmüş və yandırılmışdı. Ermənilər qaçmışdılar, polislərimiz sonradan gəlmişdilər. Hadisə 30-40 dəqiqə əvvəl baş vermişdi. Deməli əgər biz yeməyə oturmayıb yolumuza davam etsəydik, biz də bu hadisənin qurbanı olacaqdır. Çox şükürlər olsun Ulu Tanrıya ki, bizi qorudu, bizə və balalarımıza rəhm etdi o rəhmli, Mərhəmətli Allah. Allah o ölənlərə rəhmət eləsin.

Biz nəhayət 3 saatdan sonra gəlib Tuğ kəndinə daxil olduq. Mən orada heç olmamışdım. C.Cabbarlının 1905-ci il əsərində erməni ilə müsəlmanın "döyüşünü" teatr tamaşasında görmüşdüm. Kənddə həqiqətən də ermənilər və azərbaycanlıların evləri bir-birinə çox qarışıb, burada onları heç cür ayırmaq mümkün deyildi. Biz məktəb direktorunu tapdıq və belə qərara gəldik ki, məktəbdə oturub söhbət edək.

Məqsəd kənddə ermənilərdən ayrı kolxoz təşkil etmək və bir sıra sosial problemlərin həlli idi. Biz məktəbdə müəllimləri görmədik. Məktəb demək olar ki, bağlanmışdı.

Ermənilər bizi görüb dərhal əl-ayağa düşdülər, onlar çox fəal idilər. Özü də bu təkcə Tuğda deyil, hər yerdə belə idi.

Tuğdan 25-30 nəfər kənd adamlarını toplayıb söhbət etdik. Bildirdilər ki, ermənilər azərbaycanlıları kənddən qovurlar. Bu işdə onlara erməni "boyevikləri" çox köməklik edirlər. Onların ot tayalarını yandırmışdılar. Gecələr kənddə atışma olurdu. Biz əvvəl buna inanmadıq. Sonra saat 4-5 arası olardı, birdən yaxın evlərin birindən bizə tərəf avtomatdan atəş açıldı. Xoşbəxtlikdən tələfat olmadı. Dərhal atəş açılan tərəfə getdik. Kənddə azərbaycanlı polis də var idi. Bizə dedilər ki, o evə tərəf getməyin, orada banda var. Söhbətimizi çətinliklə başa çatdırdıq. Orada guya kolxoz da yaradıb, sədr də seçdik. Biz Ağdama həmin yoldan deyil, ayrı yolla qayıtdıq.

İki gündən sonra Bakıya qayıdanda eşitdim ki, Tuğda ermənilər həmin məktəbi yandırıb və bir neçə azərbaycanlını öldürmüşlər.

Tarixi bir kənd olan Tuğdan azərbaycanlılar yavaş-yavaş qovulurdular. Bu barədə mən V.Polyaniçkoya məlumat verməyimə baxmayaraq ciddi bir dəyişiklik olmadı."

Zəngin kitabxanası olan İmran Əbilovun hələ gənc yaşlarinda məsul vəzifələrdə çalışmasına baxmayaraq ədəbiyyata, incəsənətə, mədəniyyətə, klassiklərin, şair və yazıçıların əsərlərinə, aşıq sənətinə xüsusi maraq göstərmişdir. Onun kitaba daxil etdiyi Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Nəbi Xəzri, İsmayıl Dağıstanlı, Lütvəli Abdullayev, Zülfi Adıgözəlov, Fatma xanım Mehrəliyeva, Habil Əliyev, Aşıq Pənah, Tofiq Dadaşov və bir çox şəxsiyyətlərlə birgə mənalı görüşləri barədə xatirələri mahiyyətinə görə bütün insanlar üçün tərbiyəvi əhəmiyyət kəsb edir. Ömrünün müdriklik çağında ağsaqqallıq funksiyasını əzmlə, istək və maraqla icra etməkdən zövq alan İmran Əbilovun özünəməxsus poetik düşüncələri vardır.Bu baxımdan onun "Qocalıq" şeiri dərin məna kəsb edir.

Tərk edir bu canı cavanlıq quşu,

Yerinə astadan gəlir qocalıq.

Qarşıda görəndə eniş-yoxuşu,

Yolları ikiyə bölür qocalıq.

 

...

 

Cavanlıq havası çıxmır başımdan,

Ayrıla bilmirəm o ilk bahardan.

Cavan görünsəm də mən öz yaşımdan,

Hərdən sataşmağı bilir qocalıq.

 

...

 

Cavanlıq, insaf et, getmə tez belə,

Məni xoş arzular gözləyir hələ.

Qanrılıb baxdıqca mən hər gözələ,

Astaca qımışır, gülür qocalıq.

 

...

 

Ömür təqvimindən qopur varaqlar,

Məni qış axtarıb, boran soraqlar.

Artıq zülmət gəlir, sönür çıraqlar,

Gözümün zığını silir qocalıq.

 

...

 

Gəncliyin qədrini cavanlıqda bil,

Atılan ox geri qayıtmaz bir də.

Günəş də qocalır, əbədi deyil,

Axırda özü də ölür qocalıq.

Ömür kitabda Vətənə vurğunluğunu əməli işləri ilə sübut edən İmran Əbilovun valideynlərinə olan məhəbbəti, övlad qayğısı, ailədə böyütdüyü uşaqlara göstərdiyi diqqət və onun uğurlu nəticələri örnək kimi təbliğ olunmağa layiqdir. Aparılan qısa təhlildən bir daha aydın olur ki, "Vətənə vurğun:ömürdən səhifələr" kitabı kamil bir insan həyatından azərbaycançılıq baxımından zəngin xəzinə olub milli mənəvi dəyərimizə qiymətli töhfədir.

 

Şəddat Cəfərov iqtisad elmlər üzrə fəlsəfə doktoru,ilk poliqrafçı alim.

Şahrza Ağayev pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.

 

Olaylar.- 2017.- 8-10 aprel.- S.13.