“Leyli obrazını oynamaq qəzəl
əzbərləyib
oxumaqla bitən iş deyil”
Ayşən
Mehdiyeva : "Müsabiqə vaxtı ən
böyük dəstək ustadım Gülyaz xanımdan
olub"
İlk dəfə
bu səsi 2010 - cu ildə "Xalq ulduzu" müsabiqəsində
dinləmişik. Daha sonra bu səs 4 - cü Muğam müsabiqəsində hər
kəsin, hətta sənətkarların da könlünü yenidən fəth
etdi.Ümidləri doğrultdu...
Sənətində hər zaman yeniliklər edən Ayşən Mehdiyeva bu gün də öz üzərində çalışan xanəndələr siyahısındadı.
Bu günkü müsahibimiz səhnəmizin gənc, alagöz və istedadlı xanəndəsi Ayşən Mehdiyevadı.
- Ayşən
xanım, bu gün dövlətimiz tərəfindən
muğama sonsuz qayğı göstərilir... Fikrimcə, bu
qayğı təkcə muğama deyil, həm də sizlərə
göstərilən qayğıdı.
- Muğam- Azərbaycanımızın klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Son 10 ildə muğamımıza dövlətimiz tərəfindən çox böyük diqqət göstərilir. Məhz bunun sayəsində bu janr gənclər arasında ən çox sevilən, muğam ifaçıları isə ən çox hörmətlə qarşılanan sənətçilər sırasında yer almaqdadır. Doğurdan hal-hazırda keçirilən müsabiqələrdə nə qədər gənclərimiz öz istedadlarını göstərib. Bu gün layiqli yerlərini tutublar. Sevindirici haldır ki, muğamımız Respublikanın birinci xanımı Mehriban Əliyevanın himayəsindədir və məhz onun sayəsində 2008-ci ildə Azərbaycan muğamı YUNESKO Ümumdünya İrs Siyahısına daxil edilib. Bu onu göstərir ki, Azərbaycan muğamını bütün dünya qəbul edir. Göstərilən bu qədər diqqət və qayğının qarşılığında bizə qalan üzərimizdə çalışmaq, göstərilən etimadı doğrultmaqdı.
- Ayşen
Mehdiyevanı muğama gətirən kim oldu?
- Musiqi məktəbinə gedəndə ilk olaraq direktor Nəriman Əliyevin otağında musiqi yoxlamasından keçdik. Təbii ki, valideynlərim məni xanəndə olaraq deyil, pianino sinfində dərs almağa gətirmişdilər. Lakin, yoxlanışda hər şey dəyişdi. Nəriman müəllim, "bu qız xanəndə olacaq", - dedi. Məni Məmmədbağır müəllimin sinfinə yazdı. Həmin il Məmmədbağır müəllim 6 saylı musiqi məktəbinə yeni təyin olunmuşdu. İlk dəfə idi ki, pedoqoji fəaliyyətlə məşğul olacaqdı. Dərslər başlayanda, ilk əvvəl müəllimim məni bəyənmədi. "Bu qızı kim götürüb, ritmi yoxdu". Təbii ki, uşaq olaraq bu mənə çox pis təsir etdi.
Bir müddətdən sonra isə müəllimim məni valideynlərimə tərifləməyə başladı. Sinfimizdə həm kiçik yaşlı tələbələr, həm də böyük yaşda tələbələr vardı. Onlar bir balaca səs edən kimi Məmmədbağır müəllim ""İstəmirsizsə çıxa bilərsiz",- deyirdi. Amma mənə heç vaxt belə söz deməzdi. Mənə hər zaman "Səni qızım kimi çox istəyirəm. Bu sənətdə olma, get ailə qur", - deyərdi.
Bu istiqamətə məni əsas yönləndirən atam olub. Səsim olduğunu biləndə təhsil almağıma etiraz etmədi, əksinə hər zaman mənə dəstək oldu.
- 6 - ci muğam müsabiqəsi
başlayıb. Daimi izlədiyiniz, dəstəklədiyiniz
ifaçi varmı?
- Sözün düzü, hələki izləmə imkanım olmayıb (gülür). Amma istedadlı gənclərimiz hər zaman olub, olacaqda.Çünki muğam bizim qanımızdadı. Allah hər bir iştirakçıya uğur versin, yolları açıq olsun.
-Ayşən
xanım, səhv etmirəmsə ilk
qatıldığınız müsabiqə "Xalq
ulduzu"olub?
- Bəli, ilk dəfə "Xalq ulduzu" müsabiqəsinə qatıldım. Müsabiqədə iştirak etməyim barədə valideynlərimə heç nə deməmişdim. Çünki, özümə güvənim yox idi. Düşünürdüm ki, birdən seçim turlarını keçə bilmərəm. Finala keçən iştirakçılar arasında olduğumu biləndə isə çox sevindim və yalnız bundan sonra vaildeynlərimə bildirdim.
- "Xalq
ulduzu" müsabiqəsi bəstəkar, xalq
mahnılarından ibarət müsabiqə idi. Muğam
müsabiqəsində iştirak etmək isə bir qədər
çətin və daha çox məsuliyyətlidi. Bu çətin
müsabiqədə kimlər sizə dəstək oldu?
- Bu müsabiqədə mənə əsas dəstək vaildeynlərimdən olub. Onların dəstəyi hər zaman mənimlədi. Həm xalq ulduzu yarışmasından sonra məqsədimmuğam müsabiqəsində iştirak etmək idi.Ona görə bu istiqamətdə hazırlığımı davam etdirdim. İncəsənət Universitetində təhsil aldığım dövrdə əməkdar artist Ruzə İbişovadan muğamın sirlərini öyrənirdim.
Bunlarla bərabər müsabiqə vaxtı ən böyük dəstək ustadım Gülyaz xanımdan olub. Siz özünüz də yəqin ekrandan onun bizim ifamız zamanı necə həyacan keçirdiyini müşahidə etmisiniz. Gülyaz xanım müsabiqə vaxtı mənim üzərimdə çox əziyyət çəkdi. Hətta elə vaxt olub ki, uzaq rayondan toydan gəlib, gecəsaat 12-1-də bizim müsabiqə proqramına hazırlaşdırıb.
- Çox zaman
ustadınızla eyni səhnəni, konsert salonlarını
bölüşürsünüz. Bu nece bir hissdi?
- Bu hissi
ifadə etmək doğurdan çox çətindi. Məsələn,
martın 21- də Heydər Əliyev adına
Respublika sarayında bayram konserti idi. Səhnəni Arif Babayev,
Səkinə İsmayılova, Nəzakət Teymurova kimi
böyük ustadlarla bölüşürdüm. Evə gəlib şəkillərə baxanda, istər
- istəməz qürur hissi keçirdim. 4 il bundan öncə bu insanlar münsif kimi mənə
qiymət verirdilər. Bu gün isə onlarla
eyni səhnəni bölüşürəm.
- Müsabiqə boyu bir çox
muğamları uğurla ifa etmisiniz. "Cahargah", "Mirzə
Hüseyn", "Zəminxarə" və.s Bütün bu
muğamlardan sizin ruhunuza yaxın olanı hansıdı?
-
Muğamlarımızın hər biri gözəldi. Amma hər bir insanın ruhuna yaxın olan bir
muğam var. Mənim ruhuma yaxın olanı isə "Zəminxarə"
və "Bayatı şiraz" - dı. Ümumiyyətlə
isə bu, insanın ruh halından asılıdı. Həmin anda hansı ovqatdasansa, ruhuna yaxın olan da
o olacaq.
- Müsabiqədə iştirak edən
xanəndələrin demək olar ki, hamısı orkestrlə
ifaları var.
Xanəndə üçün orkestrlə ifa nə dərəcədə
çətindi?
- Əslində çox çətindir. Amma mən
"Xalq ulduzu" yarışmasında iştirak etdiyim
müddətdə, Xalq artisti Ağa Cəbrayıl Abbasəliyev
mənə bəstəkar və xalq mahnılarını
düzgün ifa etməyin sirrlərini öyrətmişdi.
Bununla belə bəzən müəyyən
çatışmazlıqlar olur.
- Müsabiqə boyu münsiflər hər
zaman repertuar seçiminizin incəliklə, xüsusi
seçdiyinizi vurğulayırdılar. Müsabiqədən
sonra da yaradıcılığınızda bu xüsusiyyeti
qoruyursunuz. Bu işdə sizə kömək
edənlər olur?
-
Müsabiqə boyu proqramımı hər zaman ustadımla məsləhətləşib
hazırlamışıq və bir dəfə də olsun təkrar
muğam ifa etməmişəm. Hər dəfə
başqa - başqa muğamlarımıza müraciət
etmişəm. Müsabiqədən əvvəl
və sonar da tarzən Mehman Mikayılovla
çalışmışıq. Qədim
xalq mahnılarını araşdırıb tapırıq.
Onları yeni aranjimanda yeni nəfəslə
tamaşaçılara çatdırmağa
çalışırıq. Bu mahnılar, təsniflər
arasında yaşı yüzdən çox olanları var ki,
onları heç kim ifa etmir. Folklorda, dillərdə qalıb. Keçən il ərzində 10-a yaxın belə təsnifə
yeni nəfəs vermişik. Bu il də bir
çoxlarını tapmışıq və üzərində
işləyirik. İnşallah, yaxın günlərdə tamaşaçılarımıza
çatdıracağıq. Cənubi Azərbaycanda ifa olunan "Gözəl
qızı sevərlər" adlı bir qədim xalq
mahnısı var. Bu mahnını ifa etdikdən sonra
bütün dünyada yaşayan cənublu
soydaşlarımızdan çoxlu məktublar aldım. Aldığım bütün məktubların hər
birində təşəkkür, sağ ol vardı. Bu ifamla onları keçmişə qaytardıq.
Biz bu təsnifləri, mahnıları tapıb,
yenidən xalqımıza qaytarırırq. Çalışıram ki, ifamda təkrara yol verməyim.
- Bir çox xanəndələrin,
müğənnilərin repertuarlarına türk musiqiləri
geniş yer alır. Sizin ifalararınızda,
repertuarınızda türk musiqilərinə tez - tez rast gəlirik.
İfalarınızda Sezen Aksu
yaradıcılıgı da yer alır. Niyə məhz Sezenə
üstünlük verdiniz?
- Muğama
başlamazdan öncə türk musiqisinə çox
böyük marağım vardı. Xüsusilə,
Sezen Aksu yaradıcılığna. Çünki
bu insan yazdığı hər bir mahnını, ifa etdiyi hər
bir əsəri içdən yaşayır, yaradır. Türk musiqilərinə yenə də müraciət
etməyi düçünürəm. Fikrimdə
bir neçə mahnı var. Muğamla bərabər ruhumda bu
musiqi də var. Studiyada ilk yazdırdığım mahnı məhz
Sezen Aksunun "Ah İstanbul" mahnısı olub. O
zaman 17 yaşım vardı. Sonralar "Sən
ağlama" və "Səndən öyrəndim"
mahnılarını ifa etdim.
- "İstanbul"
mahnısını özünüzə məxsus ifa etmisiniz. Çoxları üçün İstanbul sevgi şəhəri,
ayrılıq şəhəridi. Bilmək olar, İstanbul
özünü Ayşənə necə sevdirdi?
- İstanbulu çox sevirəm. İnsan niyə sevdiyini bilməz
ki... İstanbul
bir tarixdi, mən də tarixi yerləri çox sevirəm.
Axırıncı dəfə 3 il bundan
öncə olmuşam orda, planımda var ki, yenidən səfər
edim. İstanbul mənim hər zaman sevdiyim şəhərdi.
- Səhnəmizin bütün xanəndələri
öz sözlərini
hər zaman "Leyli və Məcnun" - la deyiblər. Bir çox xanəndələr
üçün, Leyli və ya Məxnun obrazını ifa etmək
sənətin ən uca zirvəsinə nail olmaq
anlamındadı. Bu günə qədər səhnəmizdə
olan bütün Leylilər qaragöz olublar. Məcnun alagöz Leylisi olacaq?
- "Leyli və Məcnun" sevgisi ilahi sevgidi. O tək Leyli ilə Məcnun
arasında olan sevgi deyil. Məsələn, onlar
dua edəndə belə bir-birini Allahdan istəyirlər.
Mənə elə gəlir ki, Leylini oynayan adam
səhnədə o təbii hissləri yaşamağı
bacarmalıdı. Yəni, Leyli obrazını oynamaq qəzəl
əzbərləyib, oxumaqla bitən iş deyil. Səhnədə gözlər
yaşarmalıdır. Bunu ilk dəfə
sizə deyirəm. İnşallah, tezliklə
alagöz Leylini görəcəksiz (gülür). Onu da qeyd edim ki, səhnəmizdə həmişə
gözəl Leylilərimiz çox olub və bu gün də
var.
- Ayşən xanım, sizi
qarşısına qoyduğu məqsədə nail olan bir
insan kimi tanıyıram. Məncə,
yanılmamısam. Ailə, körpə
uşaqlar və hər ikisindən də çətin olan bir
sənət - xanəndəlik. Bunların
hamısını bir arada nece idarə edirsiniz?
- Hamı
deyir sənət və ailə çox çətindi. Amma mənə görə çətin deyil. Biri digərini tamamlayanda bir uğur düsturu
yaranır. Uğurlarıma doğru daima məni
həyat yoldaşım, valideynlərim və mənə ruh
verən uşaqlarım aparıb. Allah hər
kəsin ailəsini qorusun. Bir
qadının xoşbəxtliyi onun ailəsidi. Bundan böyük xoşbəxtlik tanımıram.
- Bu yaxınlarda yeni layihə
hazırladınız. "Gecələr"
mahnısına olan klipiniz Türkiyədə
yayımlanır. Niyə məhz Türkiyəni
seçdiniz?
-
Seçim onların oldu. Mən seçmədim,
onlar məni seçdi. Türkiyənin məşhur
"Netd muzik" youtube kanalı var. Kanalın 5 milyondan
çox abunəçisi var. Klipi Azərbaycanda
yayımladı. Onlardan təklif gəldi
ki, istəsəz mahnınızı burda da yayımlaya bilərik.
Sadəcə mahnının bütün
haqlarını bizə verməlisiz. Mən
də böyük məmuniyyətlə qəbul etdim.
- Növbəti ifalarınıza təkrar
təklif gelib? Çoxları bu kliplə sizin
Türk musiqi dünyasına qatılacağınızı
düşünür.
-Yeni bir
mahnım var, ona görə hələ təqdim etmirəm. Yazda klip düşünürəm. Çünki bu kanalda yalnız kliplər
yayımlanır. Mahnını klipi ilə
birgə təqdim etməyi düşünürəm. Mənim ora qatılmaq kimi bir fikrim olmayıb. Təklif də onlardan gəlib. Vətənimizdə
görəcəyimiz işlərimiz çoxdu.
- Sosial şəbəkələrdə
aktivliyiniz hiss olunur. İndi böyüyən
uşaqlar üçün muğam keçmiş kimi
görünmür. Onlar xanəndələrin müasir
dovrün tələblərindən və imkanlarından
istifadə etdiklərinə şahid olanda, muğamı qəbul
edirlər. Səhifələrinizi
özünüz idarə edirsiniz?
- Zənnimcə
sosial şəbəkərdən istifadə mütləqdir. Çünki buranın da öz
tamaşaçısı var. Televiziya izləməyən nə
qədər insanlarımız var ki, onlara da bu şəkildə
muğamımızı sevdirməliyik. Facebookdakı fan
səhifə mənə Cənubi Azərbaycanda yaşayan Aysu
xanımın hədiyyəsidi. Hazırda
özüm və admin tərəfindən idarə olunur.
Nigar Adil
Olaylar.- 2017.- 8-10 aprel.- S.12.