Azərbaycanda məlumat

azadlığı tam təmin olunur

 

Ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir

 

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, dümokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb və hazirda da bu istiqamətdə fəaliyyət davam etməkdədir. Xüsusən, bu sahədə qəbul edilən qanunvericilik aktları ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən müsbət dəyərləndirilir.

Hüquqşünas Ariz Eyvazov bildirib ki,  bu gün Azərbaycanda söz və fikir azadlığının təminatşısı kimi çıxış edən qanunvericilik bazası mövcuddur: "Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır. Bu prosesin daha da inkişaf etdirilməsi  məqsədlə  dövlət başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. Etitaf edilməlidir ki, sözügedən Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır. Sirr deyil ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Elə bu amil nəzərə alınaraq sənəddə qeyd olunur ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir".  İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Əyub Nəsibov bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə də şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər"  dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Son 5 ildə internet trafikinin giriş-çıxış həcmi  40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə 300 yüzə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri 417-yə çatdırılmışdır. Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir. Sosioloq Natiq Mahmudov bildirib ki,  ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir: "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu ehtiva edir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir. Bu konsepsiya həm də vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas prinsiplərini, formalarını, vasitələrini və sahələrini, maliyyə vəsaitinin ayrılması şərtlərini müəyyən edir. Konsepsiya həm də kütləvi informasiya vasitələri və dövlətin informasiya siyasətini müəyyən edir. Sənədə əsasən  fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir". Onun sözlərinə görə, özünü demokratiyanın beşiyi hesab edən bir sıra Avropa ölkələrindən fəqrli olaraq Azərbaycanda sözün həqiqi mənasında müstəqil media formalaşıb. Bunun üçün dövlət siyasəti müəyyən edilib, qanunvericilik bazası möhkəmləndirilib. Üstəlik dövlət media orqanlarına lazımi diqqət və qayğını göstərir. Məhz bunun nəticəsidir ki,  bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşıb. Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. Üstəlik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində xeyli işlər görülüb. Nəzərə almaq lazımdır ki, ictimai və dövlət maraqlarının müdafiəsi baxımından bu sahədə müvafiq işlərin görülməsinə  ehtiyac var. Bütün sadalanan şərtlərin təmin olunmasında informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi vacib şərtdir ki, Azərbaycan da bu sahədə xeyli irəli gedib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 11 aprel.- S.15.