"Qəlbdəki və qələmdəki Qarabağ"

 

Bir  "Qarabağ şikəstəsi"

Uçur Qarabağa tərəf...

 

Sabir Yusifoğlunun bu misraları ilə yazıya başlamaq bizimçün necə ağrılıdır; bu  ağrını ifadə etməyə söz tapammırıq... Harda Qarabağın adı keçirsə, orda bir  göynək var... Kim Qarabağ haqqında danışırsa, yazırsa, ürəyində Qarabağ boyda bir qara xal var, lalə köynəyinin naxışı kimi... Ağrıdan olan naxışlardan biridir "Qəlbdəki və qələmdəki Qarabağ" toplusu... Oxuduqca, yanğılaşdıq, oxuduqca ağrılaşdıq, Qarabağın özü boyda özləmiylə naxışlandıq...

 

"Qəlbdəki və qələmdəki Qarabağ" adlı toplu Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Qəlbdəki və qələmdəki Qarabağ" layihəsi çərçivəsində  "XAN" nəşriyyatında gün üzü görüb. Nəşrə məsul Əkbər Qoşalı, layihənin rəhbəri İntiqam Yaşar, "Ön söz"ün müəllifi Milli Məclisin deputatı dr.Cavanşir Feyziyevdir. Yarısı başqa türk ölkə və topluluğunu təmsil edən 71 yazarın qəlbindən süzülərək qələmində cücərən, çiçəkləyən Qarabağ yanğısı, Xocalı dərdi toplunun ana mövzusudur...

Dos.dr. Şəmil Sadiqin "Qarabağ savaşı Azərbaycan romanında" adlı yazısında müəllif Qarabağın qanlı-qadalı illərinin ədəbiyyatda necə boy göstərdiyini incələyir. Ustad İsa Muğannanın "Qəbristan" əsərini, Çingiz Abdullayevin "Əclafların qanunu", Nüşabə Məmmədlinin "Zəngulə" əsərlərinin də adını qeyd edərək bu qəbildən olan romanları "ədəbi-tarixi yaddaşımızı özündə əks etdirən" örnəklər adlandırır. Müşfiq Xanla birgə həmmüəllifi olduğu "Ümidlərin izi ilə" romanından söz açan araşdırmaçı-yazar, qələminin tarixi gerçəkliyə, faktlara söykəndiyini özəlliklə vurğulayır: "Əsər MTN-nin arxiv materialları və əsirlikdən azad olunan qadınların xatirələri əsasında yazılmışdır".  Bu, bir daha sübut edir ki, Qarabağ özü yaxın tariximizin ən  diləgəlməz dərdi kimi ədəbiyyatın gözlərindən yaş olub tökülməkdədir...

AMEA Ədəbiyyat İnstitutunun doktorantı, DGTYB-nin məclis üzvü Gülnar Səma isə "Müstəqillik  illərində yazılmış poemalarda Qarabağ mövzusu" adlı yazısında qeyd edir:  "Müstəqillik əldə etməyimizlə Qarabağı əldən verməyimiz ard-arda oldu. Elə bu səbəbdən də ədəbiyyatımızın başqa janrlarında olduğu kimi poemalarda da torpaqlarımızın itirilməsinin bədii əksini görmək mümkündür." Bu cümləsi ilə gənc yazar Qarabağ  adlı el dərdinin ədəbiyyatın hər bir köşəsində misra-misra, abzas-abzas "çəkildiyi"ni anladır...

DGTYB-nin Dənətim kurulunun üzvü Tural Adışirin, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Türkiyənin Kocaeli Şairlər və Yazarlar Birliyinin başqanı Alptəkin Cəvhərli, Türkiyəli köşə yazarı Nedet Sivaslı, Türkmənistandan Oraz Yağmur, "TRT-Türkməncə" bölməsinin sorumlusu Murat Toylu, Qazaxıstandan DGTYB üzvü Erkinbek  Serikbay, Özbəkistandan Mahfuza Ortiqova, Əfqanıstandan Yasir Rəşid, Ukraynadan Olqa Karastan, Quzey Qıprıs Türk Cümhuriyyətindən Hakan Yıldırım və b. yazarlar öz məqalələrində Azərbaycanın şanlı tarixi və erməni qaragüruhunun bu tarixdəki qaranlıq çizgiləri, eyni zamanda, Qarabağ ağrı-acısı haqqında elmi-poetik düşüncələrini  bu toplu üzərindən oxucularla bölüşmüşdür.

DGTYB-nin Məclis üzvü Tural Turanın "Qar abağ"  adlı yazısı bizi bir yazar, bir oxucu kimi deyil, sadə bir Azərbaycan övladı kimi içdən titrətdi. Burda unudulmaqda olan gələnəklərimizi bilməməyimizin necə utancverici olduğunu bir daha anladıq... Gənc yazar "qar abağ"ın tərəkəmə kişilərinin oğlanları evləndiyi vaxt onlara verilən çomaq olduğunu var gücüylə hayqırmağa hazırdır, təki bu anlam unudulmasın... Təki, bu iki sözün birləşməsindən yaranan Qarabağ yaddan çıxmasın...

DGTYB-nin başqa bir Məclis üzvü Taleh Mansurun "Bahadır və Sona" hekayəsində işğalçı Ermənistanın öz havadarlarının dəstəyi ilə yaratdığı haqsız Qarabağ savaşı fonunda dünyanın barış və sevgiyə olan möhtaclığı verilir. Əsərdə erməni xislətinin, nəinki, bəşəriyyətə, hətta, öz millətinə qarşı yırtıcılığı da Sonanın taleyinin təqdimatında  oxuculara çatdırılır...

DGTYB Təsisçilər Şurasının üzvü, ADPU-nun "Dünya ədəbiyyatı" kafedrasının dosenti Təranə Turan Rəhimlinin "Topxanadakı sükut" hekayəsi öz yurdundan-yuvasından didərgin salınan insanların ölümlə nəfəs-nəfəsə dayanmasından bəhs edir. Bir ananın səssizliyə riayət etmək üçün qundaqdakı körpəsinin ağzını qapayaraq ölümünə səbəb olması bizə öz taleyimizdən keçən qaçqınlıq günlərini xatırlatdı... Axı, o qaçaqaçda mən - Şəfa Vəli  üç aylıq körpə olmuşam və bələkdə donmuşam... Anam hələ də danışır ki, "mən möcüzəni onda gördüm, balam buzun altından sağ çıxanda..."

DGTYB-nın Məsləhət Kurulunun üzvü, AMEA-nın dissertantı Tural İrfanın "Qulaq" hekayəsi də Qarabağda gedən döyüşlər zamanı erməni vəhşiliyinin bədii əksidir. Ambarsum Simonyan adlı bir erməninin dilindən verilmiş monoloqlarda yazar, erməni daşnaklarının üzünü açıb göstərməyi bacarmışdır. "Hə, o gün əsir türk gədəsini  bizim uşaqlar öz qibləsinə boğazladılar, qanından içdik. Son yarım ayda üç cüt türk qulağı, iki türk başı gətirib uşaqlarımız. Gətirənlərə qapalı fonddan pul mükafatı veriblər, beş günlük evə buraxıblar".

AYB üzvü Vəfa Mürsəlqızının "Ulduzlu intihar" hekayəsi erməni əsirliyindəki bir Azər­baycan qızının başına gətirilən amansızlıqlar haqqındadır. Onun bətnindəki "erməni küçüyü" öldürərək hardasa bir düşmən öldürdüyünü fikirləşməsi yazıçı tərəfindən "qalibiyyət" adlandırılır... Ananın bətnindəki körpəsinə qıydığı bir qalibiyyət yalnız və yalnız öz gözündən insan olaraq düşən birinin təsəllisidir deyə düşünürük... Tanrı heç kimə göstərməsin!

AYB-nin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı da "Hardasa bir kənd var idi..."  hekayəsində Ana obrazı yaradıb. Lakin, bu ana öz ocağından didərgin düşüb... Qardaşlarını, ömür-gün yoldaşını itirən Suqra ananın ömrünün qürub çağında hər gün onları axtarmasını, əli üzülən yerdə oğlunu qardaşına oxşadıb boyunu sevməsini, bacısı Kəkliyi yuxuya verib kəndə "qaçmaq" istəməsini qəhərsiz oxumaq olmur. Bu qəhər ermənilərin Qarabağda və Göyçədə törətdiklərini  yaddaşımızda "sulayan", "soluxmağa qoymayan"  yağışdır...

Şair Nazilə Gültac şeirində Qarabağın qara dərdinə bir ayrı cür heyfsilənir:

Üzeyir

"Arşın mal"ı boxçasında çürüyür,

Gülçöhrə, Asya Qarabağsız qocalır...

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs Şuşanı "tərif edir". Deyir, "Özünü dağ başına qoyan şəhər"...  Sonda isə üç nöqtə ilə başlayıb elə üç nöqtə ilə də bitirir Şuşasızlığını...

...Dağın dizləri əsdi bir may səhəri

Gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin...

DGTYB-nin Türküstanda ali təhsil alan üzvü Ruslan Dostəlinin "Mənim şeirlərim Qarabağlıdır " adlı şeirini bu gün ədəbi mühitdə oxumayan riqqətə gəlməyən az olar, deyə güman edirik. Çünki, gənc yazar güzgü qabağında durub özümüzə söyləməkdən utandığımız həqiqətləri "aləmə car çəkir":

O... "iyirmi faiz"  boydadırsa,

Bu xalqın o boyda davası çatmır!

Biz dağa qaçırıq hava almağa,

Şuşada dağların havası çatmır!

 

***

 

Torpağı  işğalda olan şairin,

Gərək sözlərindən qan iyi gəlsin!

 

***

 

Ay mən yaşdakılar, bir dövrdənik,

bizimlə yaşıtdı Xocalı dərdi!

Afət Viləşsoy isə şəhid anasının göynək dolu qürurunu nəzmə çəkib:

"Anayam-qurbanı baladan olan,

Əsgərəm, şəhidəm ön cəbhələrdə!"

20 Yanvar şəhidi Ülvi Bünyadzadənin (Tanrı qatında yeri uca olsun!) "Ömür yolu" poemasından verilmiş bir parçada 21 yaşlı türk oğlunun yurdunun qan-qadasına dözə bilmədiyini oxuyuruq. Eyni zamanda, Ülvi Bünyadzadə Qarabağın Azərbaycanın musiqi xəzinəsi olduğunu da misralarla anladıb:

Aman, qardaş,

Qədirə de, oxusun,

Alışıram "Sona bülbül" dedikcə...

 

***

 

Danış görüm,

"Cıdır düzü" dururmu?

"Qarabağın bülbülləri" yenə

Arif kimi zəngulələr vururmu?

"Bayat" ədəbi birliyinin təsisçisi Qabil Ədalət  bütün türk dünyasının arzusunu şeirə çevirib:

 Ya Tanrı, özün yar ol,

 gələn bayram tonqalını Şuşamızda qalayaq!

Ağdərədən Cəbrayıla qulaq falına çıxaq!...

Təbrizli şair ÇALĞInın 2016-cı ilin aprel döyüşlərindən ilhamlanaraq yazdığı "Sərkisyana "xitab" şeiri isə bütövlükdə sabahkı  qələbəyə ümidə söykənib:

 

Dünən

Günəşin kölgəsində

Azərbaycanlılar

Quylandılar

Xocalıda, Ağdamda...

Bu gün

Bir həzin yağışdan sonra

Min kimi cücərirlər

Füzulinin həndəvərində...

Sabah...

Mən sənə demişdim,

Sərkisyan, sənə demişdim!

İraqın Ərbil şəhərindən olan soydaşımız Riyaz Dəmirçi qələbəyə səsləyən misralarıyla oxucuda mübarizə ruhu yaratmağa nail olur:

"Ya ölüm, ya qalım - bir yolu seçim!

Gedib Qarabağı bir gəzib gəlim..."

Türkiyəli tanınmış şair Osman Baş Xəzərə ünvanlanmış şeirində Xarı bülbüldən ayrı qaldığımızı, Qafqazda yeganə olan səhləbə əlimizin çatmadığını poetik dillə gözəl anlatmışdır:

Hasrete vurğun Hazarım...

Dağlar kadar, ufuklar kadar,

Har-i Bülbül kadar uzağım...

"Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneği" başqanı Güngör Yavuzaslan da öz şeirini Aprel döyüşlərində şəhid olan igid oğullarımıza ad edib. Onun şeirində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlışğında yerləşən hərbi-strateji önəm daşıyan Lələ təpə yüksəkliyi tərənnüm olunub:

Adım  Türk, vatanım AZERBAYCAN!

Ben şehid doğmuşum uğrunda, Vatan!

2 Nisanda kattık şanımıza şan!

Esir kalamaz artık bu diyar, bu Vatan!

Koşun, verin Baküye kutlu müjdeyi,

kollarını, ben geldim, LELE TEPESİ!

Qazaxıstanlı şair Sayat Kamşıger "Bakı ilə söhbət" şeirində "Bakım, sənin dərdin var -Qarabağ deyə sızlayır" yazıb. Bu isə bir daha sübut edir ki, DGTYB layihələri çərçivəsində Bakıya gələn hər bir türk aydını alnımızdakı qırışlarda Qarabağın qara dərdini ruhən duya bilir...

Qırğızıstanlı Kaliça Jakıp öz şeirini Azərbaycanın Qarabağ şəhidlərinin analarına həsr edib. "Heç bir ana ağlayıb-sızlayaraq, Oğullarından belə ayrılmasın!" deyən şairin hər misrasında Azərbaycan üçün döyünən, Qarabağ üçün göynəyən ürəyin döyüntülərini hiss etmək mümkündür.

Tatarıstanlı Lenar Şeyx "Qara bağ" şeirində "qardaşının əziz yurdu"nun dərdinə "üzüldüyünü... üzüldüyünü..." qələmə alıb. Hətta, şair poetizmin dərinliyinə enərək Qarabağla dərdləşib :

Ey Qarabağ, tarix səndə saxlanıb,

Sən tarixin, tarix sənin adındır...

Yazımızın sonunda "Qəlbdəki qələmdəki Qarabağ"  kitabının tərtibçilərinə ümumən ərsəyə gəlməsində əməyi olan hər kəsə Qarabağ özləmi ilə yaşayan Azərbaycan oxucusu adından minnətdarlığımızı bildirmək istərdik. Özbəkistanlı yazar Şahistə Artiqovanın cümləsiylə Vətənimizə xitab edirik: "Bakı küləkləri ilə yanan qəlbləri sərinlədən, Gəncəsilə elm incilərini saçan, Şəkisiylə insanların həyatlarını dadlandıran, Qarabağıyla milyonları göz yaşına boğan, sevgisiylə özünü özlədəndir Azərbaycan!"

 

Şəfa VƏLI, DGTYB üzvü

İlham ƏLƏKBƏROV

ADAU-nun müəllimi

 

Olaylar.- 2017.- 11 aprel.- S.10.