Heydər Əliyev və iqtisadi islahatlar

 

Hər bir sahənin inkişafı kimi iqtisadi sahədə də ölkəmizin uğurlar əldə etməsi, iqtisadi nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri müstəsnadır. İstər ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü, istərsə də müstəqillik illərində ölkə iqtisadiyyatında müşahidə edilən inkişaf, tərəqqi bunun əyani sübutudur.

 

Sosial-iqtisadi göstəricilərə görə

müttəfiqlərindən geri qalan ölkə

 

Məlumdur ki, 60-cı illərin sonuna qədər Azərbaycan keçmiş SSRİ-nin müvafiq respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkə kimi tanınırdı. Lakin ümummilli liderin 60-cı illərin sonlarında Azərbaycan Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin edilməsi ilə bu mənfi tendensiya tədricən aradan qalxmağa başladı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə respublikada sosial-iqtisadi sahədə çox böyük işlər görüldü və yüksək nailiyyətlər əldə olundu. Həmin dövrdə respublikanın sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyuldu, 250-dən çox zavod, fabrik, istehsal sexisosial müəssisələri tikilib istifadəyə verildi. Xüsusilı, çox gəlirli sahə olan üzümçülük sürətlə inkişaf etdirilməyə başladı və istehsalatda yeni texnologiyalar tətbiq olundu. Nəticə etibarilə, respublikada milli gəlir 2,5 dəfə artaraq adambaşına ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox oldu. Həmçinin sənaye məhsullarının istehsalı 2,5 dəfə artdı ki, , bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox idi. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,7 dəfədən çox oldu. Həmin dövrdə respublikada 18,5 milyon kvadrat metrlik mənzil tikilib istifadəyə verildi ki, nəticədə 2 milyon 200 min adam yeni mənzilə köçdü, yaxud öz mənzil şəraitini yaxşılaşdırdı.

 

İqtisadi sahədə böhran dövrü

 

1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində başqa sahələrdə olduğu kimi ölkənin sosial-iqtisadi sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına on illər ərzində yaradılmış zavod və fabriklər demək olar ki, öz fəaliyyətlərini dayandırmış, təhsil və səhiyyə müəssisələrində işlərin ahəngi pozulmuşdu. Bu dövrdə kənd təsərrüfatına yararlı torpaq sahələri demək olar ki, əkilib becərilmirdi. Lakin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı Azərbaycanın sosial-iqtisadi sahəsini məhv olmaqdan xilas etdi, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu. Həmçinin ölkənin iqtisadi potensialından səmərəli istifadənin yolları və bu ahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin sosial-iqtisadi inkişafına dövlət vəsaiti ilə yanaşı, xarici sərmayələr də cəlb edildi. Respublikada iqtisadiyyatın idarə olunması ilə bağlı 20-dən artıq nazirlik, komitə, şirkət, konsern və digər dövlət qurumları ləğv edildi, bəzi icra hakimiyyətləri orqanlarının səlahiyyətləri və funksiyaları yeni şəraitə uyğunlaşdırıldı. Eyni zamanda bazar iqtisadiyatının tələblərinə uyğun yeni qurumlar yaradıldı. İqtisadi islahatları dərinləşdirmək və respublikanın iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə dövlət idarəçilik sistemində islahatlar aparıldı. İlk növbədə Nazirlər Kabinetinin səlahiyyəti və funksiyaları bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırıldı. Ölkə iqtisadiyyatı yüksək sürətlə, dinamik inkişaf etdirilərək dünya bazar inqtisadiyyatına inteqrasiya edildi.

 

Azərbaycanın yeni neft erası

 

Ümummilli lider Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud olan problemlərin həlli yollarının nəzərət və praktik əsaslarını göstərdi. Qısa zaman ərzində Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün onun yeraltı və yerüstü sərvətlərimizdən xalqın mənafeyi naminə səmərəli istifadə edilməyə başlanıldı. Heydər Əliyev ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından düzgün yararlanmağı son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsinə əzmlə çalışdı. 1993-cü ilin əvvəllərində AXC-Müsavat iqtidarının hazırladığı layihə iqtisadisiyasi baxımdan Azərbaycanın deyil, Qərb şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, böyük öndər bu istiqamətdə aparılan işlərin məcrasını dəyişdirmiş oldu. Milli mənafeləri siyasi fəaliyyətində hər zaman öndə tutan Heydər Əliyev qısa zamanda Qərb şirkətləri ilə danışıqların yeni şərtlər çərçivəsində aparılmasını təmin etdi. Diplomatiya sahəsində dərin bilikləri olan, biznes mühitinin incəliklərini mənimsəyən İlham Əliyevin 1994-cü ilin aprel ayında ARDNŞ-in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin olunması bu istiqamətdə çox önəmli addım oldu. Cəbhə bölgəsində atəşkəsin kövrək olduğu, müntəzəm olaraq ölkədəki siyasi sabitliyi pozmağa cəhdlərin edildiyi çətin bir siyasi şəraitdə Qərbin transmilli şirkətləri ilə danışıqlar aparan İlham Əliyev onların ölkəmizə olan inam və etimadını formalaşdıra bildi. Aparılan uğurlu neft siyasəti ilə Azərbaycan dünyanın aparıcı dövlətləri- Amerika, Fransa, Almaniya, İngiltərə, Türkiyə, Yaponiya, Çin, Rusiya və digər ölkələrlə iqtisadisiyasi cəhətdən möhkəm əlaqələr yaratdı. Beləliklə, 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə qurulmuş müştərək işlər nəticəsində "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanda yeni neft erası başladı. Sözügedən mühüm kontrakt çərçivəsində bağlanmış müqavilələr Azərbaycanın yeraltı sərvətlərinin dünya bazarlarına çıxarılmasına, Qərbə inteqrasiyaya imkan yaratdı. Beləliklə, mərhələli şəkildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri tikilib istifadəyə verildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycana xarici sərmayə axını başladı və ölkəyə on milyardlarla dollar həcmində xarici investisiya yatırıldı. Azərbaycan neftinin ölkənin inkişafı və xalqa xidmət edəcəyinə əmin olan Heydər Əliyev deyirdi: "Neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitədir, ən əlverişli mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik".

Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtdığı ilk vaxtlar dövlətin iqtisadi siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların mülkiyyət hüquqları əleyhinə cinayətlər, maliyyə-kredit fırıldaqları və iqtisadi xarakterli başqa cinayətlər çoxalaraq, cəmiyyət üçün təhlükəli bir həddə gəlib çatmışdı. Sahibkarların əsassız yoxlamalara məruz qalması, adamlarının təzyiqlərlə üzləşməsi ölkədəki sərmayə mühitinə mənfi təsir göstərirdi. Artıq adamlarının haqlı narazılığı prezidentə də məlum idi və dövlət başçısı qısa zamanda bu kimi mənfi halların aradan qaldırılması istiqamətində məqsədyönlü addım atdı. Bu mənada Heydər Əliyevin "İstehsal, xidmət, maliyyə kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il, 17 iyun tarixli fərmanı və "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il, 27 yanvar tarixli sərəncamı xüsusi qeyd olunmalıdır.

 

Azərbaycan iqtisadiyyatı

yeni inkişaf mərhələsində

 

Heydər Əliyevin neftin iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün güclü vasitə olduğu fikirlərinə əsaslanan ümummilli liderin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra bu vaxta qədər neftdən gələn gəlirlərin bundan sonra qeyri-neft sektoruna yönəldilməsinə əsas diqqət yetirdi. Cənab İlham Əliyev yaxşı bilirdi ki, ölkənin sosial-iqtisadi yüksəlişinin davamlılığı, əslində regionların sürətlə inkişaf etdirilməsindən keçir. Məhz bu səbəbdən Prezident İlham Əliyev bu ali kürsüyə əyləşdiyi ilk gündən regionların inkişafını başlıca amil elan etmişdi. Bunun nəticəsi kimi Prezident İlham Əliyev 2004-cü ilin fevral ayında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Beləliklə, neftdən gələn gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi və bu gəlirlərdən səmərəli istifadə Azərbaycanın regionlarının inkişafına imkan yaratdı. Beləliklə, dövlət başçısının prezident kimi fəaliyyət göstərdiyi ilk 5 il neft strategiyasının uğurla reallaşdırıldığı, milli iqtisadiyyatın modernləşdirildiyi, ölkənin maliyyə potensialının gücləndirildiyi, respublikamızda keyfiyyətcə yeni iqtisadi mühitin formalaşdığı illər oldu. Yüksək inkişaf tempi əhalinin məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, yoxsulluq həddində yaşayanların 49 faizdən 16 faizə enməsinə, xalqın həyat səviyyəsinin yüksək sosial standartlara yaxınlaşmasına doğru ciddi addımlar atıldı. Beləliklə, Regional Proqramın uğurlu icrası nəticəsində Ümumi Daxili Məhsul 25 faiz artdı, qeyri-neft sektorunda artım tempi 11 faiz təşkil etdi. Dinamik iqtisadi artım və yüksək investisiya fəallığı 640 min yerinin yaranmasına gətirib çıxardı. Ölkənin strateji valyuta ehtiyatları 2,3 dəfə artaraq 7 milyard dolları keçdi.

Sevindirici hal ondan ibarətdir ki, bu inkişaf tempi günümüzdə də davam edir. 2015-ci ilin sonlarından dünyanı ciddi şəkildə təhdid edən iqtisadi və maliyyə böhranına nisbətən hazırda Azərbaycan iqtisadiyyatının öz inkişaf yolunu davam etdirməsi də məhz zamanında bu sahədə atılmış addımlar, ən əsası iqtisadiyyatın düzgün istiqamətdə inkişaf etdirilməsinin nəticəsidir. Elə statistik göstəricilər də bunu təsdiqləyir. Cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin ilk iki ayında ölkədə ümumi daxili məhsul istehsalı 0,4 faiz artıb. İqtisadiyyatımızda baş verən bu artım əslində ölkədə iqtisadi inkişafın yeni mərhələsi kimi qiymətləndirilməlidir. Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində pozitiv nəticələr əldə olunub. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda artım 2,3 faiz olub. Ötən ilin ilk iki ayı ərzində isə bu göstərici üzrə 5,5 faiz geriləmə qeydə alınmışdı. Ümumiyyətlə, hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5 faiz, əsaslı kapital qoyluşu 5,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz, yükdaşımaların həcmi 4,4 faiz artıb. Xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6 faizə qədər azalıb, həmin dövrdə qeyri-neft sektorunda ixracın həcmi 49,5 faiz artıb. Bütövlükdə əldə olunan nəticələri göstərir ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir.

 

Süleyman İsmayılbəyli

 

İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Olaylar.- 2017.- 11 aprel.- S.6.